Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-931/2024 20.06.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1979,03 (bir min doqquz yüz yetmiş doqquz manat üç qəpik) manat məbləğində əsas borcun və ödənilmiş 39,8 (otuz doqquz manat səksən qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışıdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında uzun müddət yataq, qonaq, uşaq, yumşaq və digər mebellərin satışı ilə əlaqədar 01 yanvar 2024-cü il tarixli TSŞB-27 nömrəli nisyə alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əlavə olaraq sifarişçi Cavabdeh adından X2 zaminlik müqaviləsi bağlayaraq istənilən üsulla sifariş edilmiş mebelləri müqavilə şərtləri ilə son istehlakçılara satmaq məqsədi ilə sifarişçinin mülkiyyətinə verməyi, sifarişçi isə bu müqavilə ilə razılaşdırılmış şərtlərlə qiymətləri ona ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh "xxxx" MMC-dən götürdüyü malların dəyərini tam ödəməmiş və nəticədə "xxxx" MMC-yə 1127,62 (min yüz iyirmi yeddi manat altımış iki qəpik) manat əsas borc, müqavilənin 6.2-ci bəndinə əsasən hesablanmış 851,41 (səkkiz yüz əlli bir manat qırx bir qəpik) faiz borcu əmələ gəlmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 20 iyun 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edilərək məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi, Cavabdeh 1127,62 (min yüz iyirmi yeddi manat altımış iki qəpik) manat məbləğində əsas borcun, müqavilənin 6.2-ci bəndinə əsasən hesablanmış 851,41 (səkkiz yüz əlli bir manat qırx bir qəpik) manat məbləğində faiz borcunun və ödənilmiş 39,8 (otuz doqquz manat səksən qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi, ərizədə zamin kimi qeyd olunmuş X1 nəzərə alınmaması xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, o, müxtəlif növ mebellərin alışı və satışı ilə məşğul olur və uzun illərdir əməkdaşlıq etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən nisyə olaraq yataq, qonaq, uşaq, yumşaq və digər mebellər almışdır. Lakin alınan malları satdığı müştəri ödənişi həyata keçirmədiyi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə borcu yaranmışdır. O, iddia ərizəsində qeyd edilən əsas borc məbləğini qəbul etdiyini, həmin borcu ödəyəcəyini, lakin faiz məbləği ilə razı olmadığını qeyd etmişdir. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmədə iştirak etməmə səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı Cavabdeh arasında bağlanmış 01 yanvar 2024-cü il tarixli TSŞB-27 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı istənilən üsulla sifariş edilmiş yataq, qonaq, uşaq, yumşaq və digər mebelləri müqavilə şərtləri ilə son istehlakçılara satmaq məqsədi ilə alıcının mülkiyyətinə verməyi, alıcı isə bu müqavilə ilə razılaşdırılmış şərtlərlə qiymətləri ona ödəməyi öz öhdəliyinə götürmüşdür. Həmin müqavilənin: - 2.5-ci bəndinə əsasən satıcı alıcıya müqavilədə göstərilən malları qısa müddət ərzində təqdim etməlidir. - 5.1-ci bəndinə əsasən alıcı malların dəyərini qiymət razılaşma protokoluna uyğun olaraq təqdim olunmuş hesab-fakturaya əsasən satıcıya ödəməlidir. - 5.1-ci bəndinə əsasən müqaviləyə əsasən malın dəyəri satıcının təqdim etdiyi qaimə-fakturanı aldıqdan sonra 1 (bir) iş günü ərzində nağd və ya bank hesabına köçürmə yolu ilə həyata keçirilir. - 6.2-ci bəndinə görə satıcı hazırkı müqavilənin 2.5-ci bəndində göstərilən öhdəliyini müəyyən olunmuş müddətdə icra etmədikdə, alıcıya hər müddəti ötürülmüş gün üçün razılaşma protokolunda göstərilən ümumi məbləğin 0,5%-i həcmində cərimə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında 01 yanvar 2024cü il tarixli TSŞB-27 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən müxtəlif dəyərdə yataq, qonaq, uşaq, yumşaq və digər mebellər cavabdehə təhvil verilmiş, lakin Cavabdeh tərəfindən müəyyən ödənişlər həyata keçirilsə də, öhdəlik tam icra edilməyərək malların hamısının dəyəri ödənilməmişdir. Buna görə də, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin müqavilə üzrə ödənilməmiş 1127,62 (min yüz iyirmi yeddi manat altmış iki qəpik) manat məbləğində əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində müqavilənin 6.2-ci bəndinə istinad edilərək 851,41 (səkkiz yüz əlli bir manat qırx bir qəpik) manat məbləğində faiz borcunun Cavabdeh iddiaçının xeyrinə tutulması xahiş olunsa da, müqavilənin 6.2-ci bəndində satıcının hazırkı müqavilənin 2.5-ci bəndində göstərilən öhdəliyini müəyyən olunmuş müddətdə icra etmədikdə, alıcıya hər müddəti ötürülmüş gün üçün razılaşma protokolunda göstərilən ümumi məbləğin 0,5%-i həcmində cərimə ödəməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, müqavilənin 6.2-ci bəndində alıcının, yəni Cavabdeh faiz və ya cərimə ödəməsi ilə bağlı hər hansı qeyd nəzərdə tutulmamış, eyni zamanda iddiaçı bu barədə yazılı razılaşmanın mövcudluğunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmiş, habelə həmin məbləğin tutulması üçün əsas verən hər hansı qanunvericilik normasına istinad etməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia “851,41 (səkkiz yüz əlli bir manat qırx bir qəpik) manat məbləğində faizin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd edir ki, iddianın “ödənilmiş 39,8 (otuz doqquz manat səksən qəpik) manat dövlət rüsumunun tutulması” hissəsi qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 31,28 (otuz bir manat iyirmi səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1127,62 (min yüz iyirmi yeddi manat altmış iki qəpik) manat məbləğində borc və ödənilmiş 31,28 (otuz bir manat iyirmi səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1158,9 (min yüz əlli səkkiz manat doxsan qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1127,62 (min yüz iyirmi yeddi manat altmış iki qəpik) manat məbləğində borc və ödənilmiş 31,28 (otuz bir manat iyirmi səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1158,9 (min yüz əlli səkkiz manat doxsan qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-931/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-931/2024
20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver