Məhkəmə qərarları › İş №e-2-2(119)-934/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-934/2025

09.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-934/2025 09.09.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Qasımova Rəvanə Əşrəf qızının katibliyi ilə İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 26 sentyabr 2024-cü il tarixli C-251-AAE-24 nömrəli alqı-satqı müqaviləsi üzrə 20745 (iyirmi min yeddi yüz qırx beş) manat məbləğində əsas borcun, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 6222 (altı min iki yüz iyirmi iki) manat məbləğində dəbbə pulunun, “Changan F70” markalı, **-YC-*** nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 675,97 (altı yüz yetmiş beş manat doxsan yeddi qəpik) manat məbləğində pulun, nəqliyyat vasitəsinin dəyərdən düşməsinə görə 6631 (altı min altı yüz otuz bir) manat məbləğində pulun, müqavilənin ləğv edildiyi 28 dekabr 2024-cü il tarixindən 16 may 2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanmış 652,61 (altı yüz əlli iki manat altmış bir qəpik) manat məbləğində pulun və 196 (yüz doxsan altı) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh (əvvəlki adı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) bağlanmış 26 sentyabr 2024-cü il tarixli, C-251-AAE-24 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı “Changan F70” markalı, **-YC-*** nömrə nişanlı avtomobili alıcının istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, alıcı isə müqavilə qiymətini həmin müqavilədə nəzərdə tutulmuş qayda və müddətdə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə nəzərdə tutulmuş annuitet ödənişləri öhdəliyin müqavilə ilə müəyyən edilmiş icra müddətləri ərzində ödəməmiş, ardıcıl bir neçə ay ödənişləri gecikdirmiş, beləliklə müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Qeyd olunan məsələ ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi qaydada məlumat verilmiş, sonuncu dəfə 16 dekabr 2024-cü il tarixli xəbərdarlıq məktubu ilə yazılı qaydada müraciət edilərək annuitet ödənişlərin edilməsi, əks halda müqavilənin iddiaçı tərəfindən birtərəfli qaydada ləğv ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, müqavilə üzrə iddiaçıya hər hansı ödəniş edilmədiyindən iddiaçı tərəfindən 28 yanvar 2025-ci il tarixindən müqavilə birtərəfli qaydada ləğv edilmiş və bu barədə cavabdehə 27 yanvar 2025-ci il tarixli məktub göndərilmişdir. “Changan F70” markalı, 90- YC-286 nömrə nişanlı avtomobil 25 dekabr 2024-cü il tarixində cavabdehdən təhvil alındıqdan sonra avtomobilin həmin günə mövcud xərclərinin müəyyənləşdirilməsi ilə əlaqədar 16 yanvar 2025-ci il tarixində baxış keçiriləcəyi və baxışda iştirak edə biləcəyi ilə bağlı cavabdehə 13 yanvar 2025-ci il tarixli məktub göndərilmişdir. Lakin cavabdeh qeyd olunan tarixdə keçirilmiş baxışda iştirak etmədiyindən, baxışın nəticəsinə dair tərtib olunmuş təmir aktı 17 yanvar 2024-cü il tarixli məktubla ünvanına göndərilmiş və razı olmadığı halda müstəqil ekspert cəlb edilə biləcəyinin mümkün olduğu nəzərinə çatdırılmış, qeyd olunan məktuba cavabdeh tərəfindən hər hansı münasibət bildirilməmişdir. İddiaçı tərəfindən “Changan F70” markalı, **-YC-*** nömrə nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılmasına çəkilmiş xərclərin ümumi dəyəri 675,97 (altı yüz yetmiş beş manat doxsan yeddi qəpik) manat məbləğində təşkil etmiş, eyni zamanda vergi qanunvericiliyinə uyğun olaraq nəqliyyat vasitəsinin dəyərdən düşməsinə görə 6631 (altı min altı yüz otuz bir) manat məbləğində zərər hesablanmışdır. Bundan başqa, C-251-AAE-24 nömrəli alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan – 26 sentyabr 2024-cü il tarixindən müqavilənin ləğv edildiyi 28 dekabr 2024-cü il tarixinədək müqavilə üzrə ödənilməmiş 20745 (iyirmi min yeddi yüz qırx beş) manat məbləğində əsas borc, həmin tarixədək borcun ödənilməsinin gecikdirildiyi günlər üçün 6222 (altı min iki yüz iyirmi iki) manat məbləğində dəbbə pulu hesablanmışdır. İddiaçı 18 iyun 2025-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə təqdim edərək Cavabdehndən 26 sentyabr 2024-cü il tarixli, C 251-AAE-24 nömrəli alqısatqı müqaviləsi üzrə 20745 (iyirmi min yeddi yüz qırx beş) manat məbləğində əsas borcun, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 6222 (altı min iki yüz iyirmi iki) manat məbləğində dəbbə pulunun, “Changan F70” markalı, **-YC-*** nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 675,97 (altı yüz yetmiş beş manat doxsan yeddi qəpik) manat məbləğində pulun, nəqliyyat vasitəsinin dəyərdən düşməsinə görə hesablanmış 6585 (altı min beş yüz səksən beş) manat məbləğində pulun, müqavilənin ləğv edildiyi 28 dekabr 2024-cü il tarixindən 16 may 2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanmış 651,73 (altı yüz əlli bir manat yetmiş üç qəpik) manat məbləğində pulun və 196 (yüz doxsan altı) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə 18 iyun 2025-ci il tarixli maliyyə arayışına əsasən Azərbaycan Respublikası Vergi Məcələsinin 114.3-cü maddəsinin tələblərinə müvafiq olaraq “Changan F70 (buraxılış ili: 2024)” markalı avtomobilin 2024-cü ilin sentyabr ayından dekabr ayınadək istifadədə olduğu müddətdə itirdiyi dəyərin 6585 (altı min beş yüz səksən beş) manat məbləğində hesablanılması ilə əsaslandırılmışdır. İddiaçı 21 iyul 2025-ci il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə təqdim edərək Cavabdehndən 26 sentyabr 2024-cü il tarixli, C 251-AAE-24 nömrəli alqı-satqı müqaviləsi üzrə 20745 (iyirmi min yeddi yüz qırx beş) manat məbləğində əsas borcun, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 6222 (altı min iki yüz iyirmi iki) manat məbləğində dəbbə pulunun, “Changan F70” markalı, **-YC-*** nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 675,97 (altı yüz yetmiş beş manat doxsan yeddi qəpik) manat məbləğində pulun, müqavilənin ləğv edildiyi 28 dekabr 2024-cü il tarixindən 16 may 2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanmış 526,35 (beş yüz iyirmi altı manat otuz beş qəpik) manat məbləğində pulun və 196 (yüz doxsan altı) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi vəkil Nümayəndə3 06 avqust 2025-ci il tarixdə məhkəməyə etiraz təqdim edərək iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 26 sentyabr 2024-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin bəndlərinə əsasən cavabdeh maşının ƏDV daxil 49852 manat məbləğindən ilkin ödəniş olaraq 8362 manat məbləğində ödəniş etmişdir. Həmin müqavilə üzrə qalıq borc 41490 manat məbləğində təşkil etmişdir. 26 oktyabr 2024-cü il, 26 noyabr 2024-cü il və 26 dekabr 2024cü il tarixlərdə cavabdeh tərəfindən ödənişlər olmamışdır. 2025-ci ilin əvvəli (yanvar) maşın cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır. Sonradan iddiaçı qeyd olunan müqavilənin 3.2.2-ci və 3.2.6-cı maddələrinə əsasən alqı-satqı müqaviləsinə birtərəfli qaydada xitam vermişdir. Bundan başqa cavabdehin ödədiyi ilkin ödəniş xərcinin qaytarılmasından imtina etmişdir. Mübahisə predmeti olan alqı-satqı müqaviləsinin bəndlərində müqavilənin birtərəfli qaydada ləğv etmək və ilkin ödənişin qaytarılmaması kimi şərtlərin olması Azərbaycan Respublikasının Mülki Məcəlləsinə ziddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. İş üzrə alqı-satqı müqaviləsinin bütövlükdə yox, yalnız 2.2-ci və 3.2.6-cı maddələri etibarsızdır. Qeyd olunanlara əsasən qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. İddiaçı ilə mübahisənin məhkəmədən kənar qaydada həl etməyə çalışılsa da, bu mümkün olmamışdır. Yəni əvvəl ödənilən ilkin ödəniş qalmaqla, kasko sığorta xərcini və aylıq ödənişlərini ödəməklə yeni maşın tələb edildikdə iddiaçı bundan imtina etmişdir. Belə ki, cavabdeh iddiaçının əvvəl ödənilmiş ilkin ödəniş məbləğini (8362 manat) heç bir əsasla qaytarmaq və ya əvəzləşdirmək istəməmişdir. Bundan başqa iddianın dəbbə pulu hissəsinə münasibətdə cavabdeh tərəfindən 3 ay müddətində ödəniş edilmədiyini bildirmişdir. Ona görə də 3 aya görə 6222 manat məbləğində dəbbə pulunun və nəqliyyat vasitəsinin dəyərdən düşməsinə görə 6585 (alt min beş yüz səksən beş) manat məbləğində hesablanması ədalətli deyil. Qeyd olunanlara əsasən İddiaçı Cavabdehnə qarşı iddiası üzrə cavabdehdən 26 sentyabr 2024-cü il tarixli, C 251-AAE-24 nömrəli alqı-satqı müqaviləsi üzrə 20745 (iyirmi min yeddi yüz qırx beş) manat məbləğində əsas borcun, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 6222 (altı min iki yüz iyirmi iki) manat məbləğində dəbbə pulunun, “Changan F70” markalı, **-YC-*** nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 675,97 (altı yüz yetmiş beş manat doxsan yeddi qəpik) manat məbləğində pulun, nəqliyyat vasitəsinin dəyərdən düşməsinə görə hesablanmış 6585 (altı min beş yüz səksən beş) manat məbləğində pulun, müqavilənin ləğv edildiyi 28 dekabr 2024-cü il tarixindən 16 may 2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanmış 651,73 (altı yüz əlli bir manat yetmiş üç qəpik) manat məbləğində pulun və 196 (yüz doxsan altı) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi vəkil Nümayəndə3 09 sentyabr 2025-ci il tarixində məhkəməyə ərizə təqdim edərək iddianın 12383 manat məbləğində olan hissədə təmin olunması, qalan hissədə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq, Cavabdehndən 26 sentyabr 2024-cü il tarixli, C 251-AAE-24 nömrəli alqı-satqı müqaviləsi üzrə 20745 (iyirmi min yeddi yüz qırx beş) manat məbləğində əsas borcun, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 6222 (altı min iki yüz iyirmi iki) manat məbləğində dəbbə pulunun, “Changan F70” markalı, **-YC-*** nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 675,97 (altı yüz yetmiş beş manat doxsan yeddi qəpik) manat məbləğində pulun, nəqliyyat vasitəsinin dəyərdən düşməsinə görə hesablanmış 6585 (altı min beş yüz səksən beş) manat məbləğində pulun, müqavilənin ləğv edildiyi 28 dekabr 2024-cü il tarixindən 16 may 2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanmış 651,73 (altı yüz əlli bir manat yetmiş üç qəpik) manat məbləğində pulun və 196 (yüz doxsan altı) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qeyd olunan müqavilə üzrə 26 oktyabr 2024-cü, 26 noyabr 2024-cü və 26 dekabr 2024-cü il tarixlərdə cavabdeh tərəfindən ödənişlər edilməmişdir. 2025-ci ilin əvvəlində - yanvar ayında maşın cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır. Yəni 3 ay ərzində cavabdeh tərəfindən ödənişlər edilməmişdir. İddiaçı iddia tələbində aylıq 6915 manat olduğu halda 3 aya (3 ay x 6915 manat ) 20745 manat tələb edə bilərdi. Həmin məbləğdən də ilkin ödəniş olaraq ödənilən 8362 manat çıxıldıqdan sonra 12383 manat məbləğində pul tələb edə bilər. 27 avqust 2025-ci il tarixli məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda o bildirmişdir ki, “Changan F70” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh tərəfindən 3 ay ərzində istifadə edildiyindən mühərrik yağının, filterlərin dəyişdirilməsi və s. işlərin görülməsi zərurəti yaranmışdır. Bununla bağlı cavabdehə 13 yanvar 2025-ci il tarixli məktub göndərilərək, 16 yanvar 2025ci il tarixdə avtomobilə texniki baxış keçiriləcəyi barədə məlumat verilmişdir. 16 yanvar 2025-ci il tarixdə avtomobilə texniki baxışın nəticəsinə dair təmir aktı tərtib olunmuş, “Changan F70” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 1005 manat məbləğində xərc hesablanmışdır. Cavabdeh tərəfindən avtomobilin təmin xərcləri ödənilmədiyi üçün iddiaçı öz hesabına avtomobili təmir etdirmiş, “Changan F70” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılmasına iddiaçı tərəfindən çəkilmiş xərclərin ümumi dəyəri 12 fevral 2025-ci il tarixli icar edilmiş xidmətlərə dair akta əsasən 675,97 manat təşkil etmişdir. İddiaçı və Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən nümayəndələri məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizələri, etirazları və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 26 sentyabr 2024-cü il tarixli C-251-AAE-24 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə satıcı müqavilənin şərtlərinə uyğun olaraq, modeli Changan F 70, buraxılış ili 2024 olan (VİN, LSCBBZ2GXRG900853, Rəng: ağ metalik) avtomobili dəyəri tam ödənilənədək texniki saz halda alıcının istifadəsinə verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra alıcının mülkiyyətinə verməyi, alıcı isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun qiymətini hazırkı müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində göstərilən avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 49852 (qırx doqquz min səkkiz yüz əlli iki) manat müəyyən edilir. Alıcı 8362 (səkkiz min üc yüz altmış iki) Azərbaycan manatı ilkin ödəniş edir. Qalıq borc sayılacaq 41490 (qırx bir min dörd yüz doxsan) manat məbləği isə alıcı xx.xx.2024-cü il tarixindən etibarən 6 (altı) av müddətində, ayda 6915 (altı min doqquz yüz on beş) manatıödəməyi satıcı qarşısında öz öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş məbləği (ilkin ödənişi), tərəflər bu müqaviləni imzaladıqdan sonra 5 (beş) iş günü ərzində alıcı satıcının hesablaşma hesabına ödəyir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən müqavilədə göstərilməyən, qanunvericilikdə nəzərdə tutulan digər xərcləri tərəflər müstəqil ödəyir və onlar müqavilənin ümumi dəyərinə daxil edilmir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən hazırkı Müqavilənin 1.1-ci bəndində göstərilmiş nəqliyyat vasitəsinin dəyəri hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə əsasən müəyyən edilir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən “alıcı” nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün alıcı satıcıya müqavilənin aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir. Həmin müqavilənin 3.2.2-ci bəndinə əsasən alıcını müqavilənin bəndləri ilə müəyyən edilmiş öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə Müqavilənin icrasından birtərəfli qaydada imtina etmək satıcının hüququdur. Həmin müqavilənin 3.2.5.-ci bəndinə əsasən alıcının bu müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi üçün üçün maliyyə qabiliyyəti olmalıdır. Bu müqavilə bağlanıldığı tarixdən etibarən alıcı bu müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud aatıcıya müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, aatıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malik olur. Bu halda avtomobil, onun ani likvid dəyəri ilə satıcı tərəfindən üçünçü şəxslərə satıldıqdan sonra, satış məbləği alıcının borcunu tam bağladıqda satıcı yerdə qalan məbləği alıcıya geri qaytarır. Bu məbləğ alıcının borcunu ödəmədiyi təqdirdə alıcı qalıq borc məbləğini satıcıya ödəməlidir. Alıcı bundan imtina etdiyi təqdirdə satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. İş materiallarında olan 28 sentyabr 2024-cü il tarixli təhvil-təslim aktına əsasən “Changan F70” markalı avtomobil qüsursuz və saz vəziyyətdə alıcıya təhvil verilmişdir. İş materiallarında olan 16 dekabr 2024-cü il tarixli xəbərdarlıq məktubu ilə İddiaçı Cavabdehnə müraciət edərək müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirmədiyinə görə 26 sentyabr 2024-cü il tarixli, C-251-AAE-24 nömrəli alqı-satqı müqaviləsinə 23 dekabr 2024-cü il tarixində birtərəfli qaydada xitam veriləcəyini bildirmiş və cərimə məbləğinin 23 dekabr 2024-cü il tarixinədək ödənilməsini tələb etmişdir. İş materiallarından olan 27 dekabr 2024-cü il tarixli xəbərdarlıq məktubu ilə İddiaçı Cavabdehnə müraciət edərək 26 sentyabr 2024-cü il tarixli, C-251-AAE-24 nömrəli alqısatqı müqaviləsi üzrə ödənişlərin həyata keçirilməsi ilə bağlı dəfələrlə edilmiş şifahi və yazılı xəbərdarlıqlar müsbət nəticə vermədiyindən 28 dekabr 2024-cü il tarixdən həmin müqaviləyə birtərəfli qaydada xitam verildiyini bildirmişdir. İş materiallarından olan 13 yanvar 2025-ci il tarixli xəbərdarlıq məktubu ilə İddiaçı Cavabdehnə müraciət edərək 16 yanvar 2025-ci il tarixində İddiaçı rəsmi servis mərkəzində Changan F 70, buraxılış ili 2024 olan avtomobilə texniki baxış keçiriləcəyini, nəqliyyat vasitəsinin geri qaytarılma tarixinə mövcud olan texniki vəziyyətinin müəyyən ediləcəyini və texniki yoxlanışın nəticəsinə uyğun olaraq müvafiq akt tərtib ediləcəyini bildirmişdir. Cavabdehin avtonəqliyyat vasitəsinə texniki baxışda iştirak edə biləcəyi, iştirak etməyəcəyi halda tərtib edilmiş aktın bir nüsxəsinin cavabdehə göndəriləcəyi və təmir aktında qeyd olunan məqamların cavabdeh tərəfindən qəbul edilmiş hesab ediləcəyi qeyd olunmuşdur. İş materiallarından olan 17 yanvar 2025-ci il tarixli xəbərdarlıq məktubu ilə İddiaçı Cavabdehnə müraciət edərək 16 yanvar 2025-ci il tarixində avtonəqliyyat vasitəsinə texniki baxışla bağlı tərtib edilmiş təmir aktına narazılıq olacağı halda 3 iş günü ərzində yazılı şəkildə bildirməsini xahiş etmiş, əks halda təmir aktının cavabdeh tərəfindən qəbul edilmiş hesab olunacağı və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi səbəbindən nəqliyyat vasitəsinin dəyərdən düşməsinə görə 6631 (altı min altı yüz otuz bir) manat məbləğində dəymiş zərərin əvəzinin cavabdehdən tələb ediləcəyi bildirilmişdir. Həmçinin təmir aktında qeyd olunanlara və nəqliyyat vasitəsinin dəyərdən düşməsinə dair hesablanmış zərər məbləği ilə cavabdehin razı olmayacağı halda tərəflərin razılığına uyğun olaraq işə müstəqil qiymətləndirici (ekspert) cəlb edilməsinin mümkünlüyü qeyd olunmuşdur. İş materiallarında olan 16 yanvar 2025-ci il tarixli təmir aktından görünür ki, “Changan F70” markalı, **-YC-*** nömrə nişanlı avtomobildə dəyişdiriləcək ehtiyat hissələrinin və görüləcək işlərin dəyəri 1005 (min beş) manat təşkil edir. İş materiallarında olan 12 fevral 2025-ci il tarixli ********** nömrəli icra edilmiş xidmətlərə dair aktdan görünür ki, “Changan F70” markalı, **-YC-*** nömrə nişanlı avtomobilə icra edilmiş işlər 675,97 (altı yüz yetmiş beş manat doxsan yeddi qəpik) manat məbləğindədir. İş materiallarından görünür ki, 12 may 2025-ci il tarixində İddiaçı tərəfindən Cavabdehnə xəbərdarlıq məktubu göndərilərək, avtomobilə dəymiş zərər, qalıq əsas borc və hesablanmış dəbbə pulu olmaqla, ümumilikdə 34273,97 manat məbləğində pul vəsaitinin 3 (üç) gün ərzində şirkətin bank hesabına köçürülməsi xahiş edilmiş, əks təqdirdə qeyd olunan vəsaitin tutulması üçün müvafiq məhkəmə orqanına müraciət ediləcəyi və məhkəməyə müraciətlə əlaqədar çəkiləcək xərclərin də cavabdehdən tutulacağı bildirmişdir. İş materiallarında olan 18 iyun 2025-ci il tarixli maliyyə arayışında göstərilir ki, Azərbaycan Avtomobil Evi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26 sentyabr 2024-cü il tarixli, C-251-AAE-24 nömrəli alqı-satqı müqaviləsi üzrə əsas borc 20745 manat, dəbbə pulu 6222 manat təşkil edir. Bundan başqa Vergi Məcəlləsinin 114.3-cü maddəsinin tələblərinə müvafiq olaraq “Changan F70” markalı avtomobilin 2024-cü ilin sentyabr ayından dekabr ayınadək istifadədə olduğu müddətdə itirdiyi dəyər məbləği avtomobilin nağd satış qiymətinə münasibətdə onun cari vəziyyəti nəzərə alınmaqla illik 15 faiz dəyərdən düşmə əmsalı əsasında 6585 manat məbləğində hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı (satıcı) İddiaçı ilə cavabdeh (alıcı) Cavabdeh arasında bağlanmış 26 sentyabr 2024-cü il tarixli, C-251-AAE- 24 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı dəyəri ƏDV daxil 49852 (qırx doqquz min səkkiz yüz əlli iki) manat müəyyən edilən Changan F 70 markalı avtomobili dəyəri tam ödənilənədək texniki saz halda alıcının istifadəsinə verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra alıcının mülkiyyətinə verməyi, alıcı isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun qiymətini hazırkı müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə cavabdeh tərəfindən alıcıya cəmi 8362 manat məbləğində ilkin ödəniş olmuş və avtomobili texniki saz vəziyyətdə alıcıya təhvil verilmişdir. Avtomobil üç ay cavabdehin istifadəsində olmuş, lakin sonuncu müqavilə üzrə öhdəliyini icra etməyərək aylıq ödənişləri ödəməmiş, bu səbəbindən iddiaçı müqaviləyə birtərəfli qaydada xitam vermiş və cavabdeh “Changan F 70” markalı avtomobili iddiaçıya qaytarmışdır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsi sadə yazılı formada bağlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının” Siyahısının 2-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən avtonəqliyyat vasitələri rəsmi reyestrdə qeydə alınan daşınar əşyalar hesab olunur, onlar dövlət qeydiyyatına alınır və həmin qeydiyyatı Daxili İşlər Nazirliyi həyata keçirir. Mülki Məcəllənin 650-ci maddəsinə görə isə rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 144.1-ci maddəsində isə təsbit olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Lakin tərəflər arasında imzalanmış alqısatqı müqaviləsi notariat qaydasında təsdiq edilməmişdir. Mülki Məcəllənin 329.1-ci maddəsində isə göstərilmişdir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Göründüyü kimi tərəflər arasında imzalanmış müqavilə Mülki Məcəllənin əqdlərin forma tələblərinə riayət etməməklə bağlandığı üçün etibarsız əqddir. Eyni zamanda, mövcud qanunvericilikdə nəqliyyat vasitələrinə dair alqı-satqı müqavilələrinin digər formada bağlanması da nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə əsasən bütün fiziki və hüquqi şəxslər mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatından keçirməlidirlər (bənd 1.2). Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar (dövlət yol polisi) nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı, həmçinin nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini həyata keçirirlər (bənd 1.6). Qeyd olunan qərarla nəqliyyat vasitələrinin dövlət yol polisi orqanında alqı-satqısı və dəyişdirilməsi müqavilələrinin forması təsdiq edilmişdir. Lakin tərəflər arasında imzalanmış müqavilə qeyd olunan Qərarın tələblərinə uyğun olaraq dövlət yol polisində rəsmiləşdirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında etibarlı alqısatqı müqaviləsi bağlanılmamışdır. Belə olan halda iddiaçının həmin müqaviləyə əsaslanmaqla 20745 (iyirmi min yeddi yüz qırx beş) manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 6222 (altı min iki yüz iyirmi iki) manat məbləğində dəbbə pulu və müqavilənin ləğv edildiyi 28 dekabr 2024-cü il tarixindən 16 may 2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanmış 526,35 (beş yüz iyirmi altı manat otuz beş qəpik) manat məbləğində pul tələbi əsassızdır. Həmçinin məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış müqavilə etibarsız əqd kimi qiymətləndirilsə də, iddianın predmeti həmin əqdin etibarsız hesab edilməsi və ya etibarsız əqd üzrə alınanların geri qaytarılması ilə bağlı olmadığına görə Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, müqavilənin etibarsız hesab edilməsi, iddiaçının həmin müqavilənin predmeti olmuş avtomobilə cavabdehin istifadəsi nəticəsində dəymiş zərəri tələb etmək hüququnu istisna etmir. Belə ki, iddiaçı zərərin ödənilməsi tələbini, zərərin yaranma əsaslarını əsaslandıraraq, 3 ay ərzində cavabdehin istifadəsində olmuş avtomobilin təmiri ilə bağlı məhkəməyə 12 fevral 2025-ci il tarixli ********** nömrəli icra edilmiş xidmətlərə dair akt təqdim etmişdir. Həmin aktla müəyyən edilir ki, “Changan F70” markalı, **-YC-*** nömrə nişanlı avtomobildə icra edilmiş təmir işlərinin və quraşdırılmış ehtiyat hissələrinin dəyəri 675,97 (altı yüz yetmiş beş manat doxsan yeddi qəpik) manat məbləğindədir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən - 675,97 (altı yüz yetmiş beş manat doxsan yeddi qəpik) manat məbləğində zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “196 (yüz doxsan altı) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanmış 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 675,97 (altı yüz yetmiş beş manat doxsan yeddi qəpik) manat məbləğində zərər və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 705,97 (yeddi yüz beş manat doxsan yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 675,97 (altı yüz yetmiş beş manat doxsan yeddi qəpik) manat məbləğində zərər və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 705,97 (yeddi yüz beş manat doxsan yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Aliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar