Məhkəmə qərarları › İş №e-2-2(119)-939/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-939/2021

29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-939/2021 29.10.2021 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov X2 Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Abşeron Rayonu Fatmayı Bələdiyyəsinə qarşı pul tələbinə dair iddiası üzrə işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehdən 4125 (dörd min yüz iyirmi beş) manat məbləğində vəsaitin və ödənilmiş 30 (otuz) manat rüsumun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində göstərir ki, 2003-cü ildən Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü olmaqla ölkə daxilində müstəqil auditor fəaliyyətini həyata keçirir. Abşeron rayonu, Fatmayı Bələdiyyəsi ilə 19.01.2019-cu il tarixdə auditor xidməti göstərilməsi barədə bağlanmış müqavilənin (AB004 saylı) şərtlərinə uyğun olaraq tərəfindən bələdiyyənin 31 dekabr 2018-ci il tarixinə başa çatan maliyyə ili ərzində sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğunun auditi aparılmış, auditin nəticəsinə dair materiallar (müstəqil auditorun rəyi, hesabatı və s.) 16 fevral 2019-cu il tarixdə yəhvil-qəbul aktı ilə birlikdə həmin dövrdə bələdiyyə sədri vəzifəsini icra etmiş X1 təqdim etmişdir. Bağlanmış müqavilə üzrə auditor xidmətinin razılaşdırılmış 1500 manat məbləğində dəyəri, audit başa çatanadək ödənilməli olduğu halda hazıradək ödənilməmiş qalmışdır. Müqavilə öhdəliyi icra edilmədiyi üçün həmin müqavilənin 3.4-cü bəndinə əsasən, auditor xidmətinin vaxtında ödənilməmiş dəyərinə görə 2625 manat cərimə məbləği hesablanmışdır. Nəticədə 10 iyul 2021-ci il tarixə bələdiyyənin, yerinə yetirilmiş auditor xidmətinə görə 1500 manat, vaxtında ödənilməyən borca görə cərimə məbləği 2625 manat, cəmi 4125 manat məbləğində borc öhdəliyi yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Fatmayı Bələdiyyəsinin sədri X6 iddianı qəbul etməyərək qeyd edilən borcun ondan əvvəlki bələdiyyə sədrinin fəaliyyət dövrünə aid olduğunu, hər il auditorlarla 700-800 manat dəyərində oxşar müqavilələrin bağlandığını, hazırda bələdiyyənin tələb edilən borcu ödəmək imkanının olmadığını, iddiaçıya mübahisənin məhkəmədən kənar həlli məqsədi ilə 1000 manat təklif edilsə də, həmin məbləğlə razılaşmadığını bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən verilmiş 12 mart 2018-ci il tarixli, SA/212 nömrəli İcazədən görünür ki, həmin tarixdən 12 mart 2023-cü il tarixədək İddiaçı auditor fəaliyyəti həyata keçirməsinə icazə verilmişdir. iddiaçı tərəfindən təqdim edilmiş “sifarişçi” Abşeron rayonu Fatmayı Bələdiyyəsinin sədri X3 ilə “icraçı” "İddiaçı arasında bağlanmış 19 yanvar 2019-cu il tarixli, AB004 saylı “audit xidməti göstərilməsi” barədə Müqavilənin 2-ci maddəsinə görə, sifarişçi Müqavilənin 1.1-ci bəndində göstərilmiş auditin başlanmasına kimi hesabat ilinin sonuna balans maddələrinin inventarizasiyasının aparılması, bank idarələri və digər təşkilatlar ilə qarşılıqlı hesablaşmalar üzrə üzləşmələrin edilməsi daxil olmaqla, illik mühasibat hesabatının tərtib edilməsi işlərinə hazırlıq üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün tələbləri yerinə yetirmək və bu haqda "icraçı”ya nəzərdə tutulmuş qaydada və müddətdə bildiriş göndərməyi, icraçının təqdim etdiyi hesab-fakturanı tam həcmdə və vaxtı-vaxtında ödəməyi, icraçı isə “sifarişçi”nin təqdim etdiyi sənədlər və məlumatlar əsasında BAS-na müvafiq keyfiyyətli və səriştəli audit aparmağı öhdəsinə götürür. Müqavilənin 3-cü bəndində qeyd edilmişdir ki, tərəflərin razılığına əsasən, bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan dövrün auditor xidmətinin dəyəri 1500 manat məbləğində müəyyən edilir. Razılaşdırılmış xidmət haqqının 50% məbləği avans şəklində ödənilir, qalan vəsait isə yerinə yetirilmiş işlərin təhvil-qəbul aktı ilə birlikdə təqdim edilir. Sifarişçi tərəfindən əsassız olaraq müqavilə və yaxud müqavilənin şərtləri pozularsa, ödənilmiş məbləğ geri qaytarılmır. Sifarişçi göstərilən xidmətin vaxtında ödənilməmiş dəyərinin gecikdirilmiş hər günü üçün 0,2% həcmində penya ödəyir. Müqavilənin 11.1-ci bəndində qeyd edilmişdir ki, bu müqavilədə nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi müddəti 2019-cu il 30 iyul tarixinə qədər müəyyən edilir. 16 fevral 2019-cu il tarixli, icraçı və sifarişçi tərəfindən imzalanmış Təhvil-qəbul aktına əsasən, bələdiyyənin 01 yanvar 2018-ci il tarixdən 31 dekabr 2018-ci il tarixədək olan dövrünün yerli büdcəsinin icrasının auditi üzrə yekun sənədlər sifarişçiyə icraçı tərəfindən təhvil verilmişdir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə əsasən auditor xidməti bir tərəfdən sərbəst auditor və ya auditor təşkilatı, digər tərəfdən isə sifarişçi arasında bağlanmış və yoxlamanın məzmununu, aparılması müddətlərini, məsləhət xidmətlərinin həcmini, ödəniş məbləğini və qaydasını, eləcə də tərəflərin məsuliyyətini nəzərdə tutan müqavilə əsasında göstərilir. Auditor və ya auditor təşkilatı tərəfindən müqavilə şərtlərinin yerinə yetirilməsi auditor rəyinin təhvil-qəbul aktı ilə müəyyən olunur. Auditor rəyi müəyyən olunmuş forma əsasında tərtib edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir (maddə 777.1 və 777.2). Həmin məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (21.3). Mülki Məcəllənin 467-ci madəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı 19.01.2019-cu il tarixli, AB004 saylı “audit xidməti göstərilməsi” barədə Müqavilə üzrə öhdəliklərini icra etməklə cavabdehin 01 yanvar 2018-ci il tarixdən 31 dekabr 2018-ci il tarixədək olan dövrünün yerli büdcəsinin icrasının auditi üzrə yekun hesabatı tərtib edib təqdim etsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək auditor xidmətinin dəyəri olan 1500 manat məbləğində vəsaiti ödəməmişdir. Buna görə də iddia tələbi cavabdeh Abşeron rayonu Fatmayı Bələdiyyəsindən 1500 manat məbləğində əsas borcun tutulması hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməlidır. Bununla yanaşı məhkəmə iddiaçı tərəfindən 1500 manat əsas borc məbləğinə 2625 manat məbləğində cərimə borcunun hesablanmasının mütənasib olmadığını qeyd edir. Belə ki, tərəflər arasında imzalanmış, hazırki iddia tələbinin yaranmasına əsas olan 19.01.2019-cu il tarixli müqavilənin 3.2-ci bəndinə görə, razılaşdırılmış xidmət haqqının 50% məbləği avans şəklində ödənilir, qalan vəsait isə yerinə yetirilmiş işlərin təhvil-qəbul aktı ilə birlikdə təqdim edilir. Həmin müqavilənin 3.3-cü bəndində isə, sifarişçinin göstərilən xidmətin vaxtında ödənilməmiş dəyərinin gecikdirilmiş hər günü üçün 0,2% həcmində penya ödəməli olduğu qeyd edilmişdir. İddiaçı tərəfindən iddia ərizəsi 12.07.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş və gecikdirilmə müddəti 875 gün olaraq hesablanmışdır. Lakin, məhkəmə Mülki Məcəllənin 21.3-cü maddəsinə istinad edərək qeyd edir ki, iddiaçı təhvil-qəbul aktı 16 fevral 2019-cu il tarixdə imzalanan görülmüş işlərin dəyərinin ödənilməsi üçün yalnız 12.07.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə dəymiş zərərin artmasına şərait yaratmışdır. Məhkəmə işin qeyd edilən hallarını və Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini nəzərə alaraq 1500 manat əsas borc məbləğinə 200 manat dəbbə pulunun hesablanmasını məqsədəmüvafiq hesab edir. Bundan əlavə, MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da cavabdeh Abşeron Rayonu Fatmayı Bələdiyyəsindən tutulmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 241, 242, 244, 252, 253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh Abşeron Rayonu Fatmayı Bələdiyyəsindən 1500 (min beş yüz) manat borc məbləği, borcun gecikdirilməsinə görə 200 (iki yüz) manat dəbbə pulu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 1730 (min yeddi yüz otuz) manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar