Məhkəmə qərarları › İş №e-2-2(119)-939/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-939/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-939/2025 21.05.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh X2 İdarəsinə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdeh X2 İdarəsinə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 587,23 (beş yüz səksən yeddi manat, iyirmi üç qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin kiçik mübahisələrə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddiaçının sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində göstərilən tələbini təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş 07 yanvar 2024-cü il tarixli icbari sığorta müqaviləsi və QH********** nömrəli qoşma iddiaçı və cavabdeh tərəfindən imzalanmamışdır, müqavilənin bağlanması forması (yazılı və ya elektron) barədə isə iddia ərizəsinin məzmununda hansısa qeyd yazılmamışdır. Həmçinin cavabdehdən əsas borc olaraq 587,23 manat məbləğində pul vəsaitinin tutulması xahiş edilsə də, həmin tələbi təsdiq edən sənəd, yəni borc məbləğinin məhz qeyd edilən miqdarda olduğunu təsdiq edən hər hansı sənəd (maliyyə arayışı və ya sübut qismində qiymətləndirilə biləcək digər sənəd) iş materiallarına əlavə edilməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizə icraata götürüldüyü halda, cavabdehdən iddiaya qarşı əsaslandırılmış etiraz daxil olmadığı halda, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı olduğundan, tərəflər arasında bağlanmış müqavilənin mövcudluğu və iddia ərizəsində tələb olunan əsas borc məbləğinin miqdarı iddia ərizəsinə əlavə olunan sənədlərlə dəqiqliklə təsdiq edilməlidir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 284-3-cü maddəsinin tələblərinə görə kiçik mübahisələr üzrə iddia ərizəsi məhkəməyə ümumi qaydada verilir, ərizədə iddiaçının tələbi və onun əsaslandığı və tələbin əsaslığını təsdiq edən sənədlər göstərilir. Həmin Məcəllənin 284-4.1.3-cü maddəsinin tələblərinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar verilmiş iddia ərizəsinin qəbul olunmasından imtina edilir. Bundan başqa, diqqətə çatdırılır ki, iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həll edilməsinə dair sənədin cavabdeh tərəfindən alınması haqqında poçt qəbzi iş materiallarına əlavə olunaraq məhkəməyə təqdim edilsə də, həmin sənədlərin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulan qaydada həmin cavabdehə çatdırılmasını təsdiq edən sənədlər iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilərək, məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 54.1-ci, 54.2-ci və 54.4-cü maddələrinə əsasən, hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyrikommersiya xarakterli funksiyalarının həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Hazırkı işə cavabdeh qismində cəlb edilmiş X1 İdarəsinin mülki qanunvericiliyin istinad olunan normaları baxımından öhdəlikləri üçün məsuliyyət daşıyıb-daşımamasının, yəni müstəqil subyekt kimi cavabdeh qismində çıxış etmək imkanının olub-olmamasının müəyyənləşdirilməsi bilavasitə onun əsasnaməsi ilə müəyyənləşdirilməli olsa da, həmin əsasnamə iş materiallarına əlavə edilməmiş, eyni zamanda iddia ərizəsində bu məsələ ilə bağlı hansısa əsaslandırma aparılmamışdır. Bunlardan əlavə, iddia ərizəsinin “Tərəflər” bölməsində cavabdeh qismində X2 İdarəsi qeyd edilsə də, “Xahiş etdi” hissəsində borcun Samur-Abşeron Sukanal İdarəsindən tutulması xahiş edilmişdir. Beləliklə, Mülki Prosessual Məcəllənin qeyd olunan tələbinə riayət edilməklə verilmədiyinə görə, iddiaçı tərəfindən cavabdehə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinin sadələşdirilmiş icraat qaydasında məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 284-4.2-ci maddəsinin tələblərinə görə ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 263-264 və 284-1- 284-4-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh X2 İdarəsinə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar