Məhkəmə qərarları › İş №e-2-2(119)-94/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-94/2023

07.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-94/2023 07.04.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh arasında bağlanmış 26 sentyabr 2022-ci il tarixli 1673 nömrəli müqavilə üzrə 711,86 (yeddi yüz on bir manat 86 qəpik) manat qalıq borc, 50 (əlli) manat məbləğində mediasiya xərci və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 791,86 (yeddi yüz doxsan bir manat 86 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdehndən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 26 sentyabr 2022-ci il tarixli 1673 nömrəli müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilə üzrə satış obyektləri olan avtoklav 18l, su distillə cihazı K10 və paketləmə cihazı S3 26 sentyabr 2022-ci il tarixli təhvil-təslim aktına əsasən cavabdehə təhvil verilmişdir. Sözügedən akta əsasən təhvil alınmış predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiyi və qeyd olunmuş bütün predmetlərin arzu edildiyi keyfiyyətə sahib olduğu təsdiq edilmişdir. Tərəflər arasında bağlanmış 26 sentyabr 2022-ci il tarixli 1673 nömrəli müqavilənin 2.2-ci bəndinə əsasən satış obyektlərinin toplam satış qiymətinin ƏDV daxil 3200 (üç min iki yüz) manat olmasına dair razılıq əldə edilmişdir. Müqavilənin 2.3-ci bəndinə həmin məbləğ Cavabdeh tərəfindən 26 sentyab 2022-ci il tarixdə tam şəkildə icra edilməli idi. Lakin qeyd edilən ödəniş öhdəliyi Cavabdeh tərəfindən natamam icra edilmiş, 711,86 (yeddi yüz on bir manat 86 qəpik) manat qalıq borc ödənilməmişdir. İddiaçı tərəfindən bir neçə dəfə Cavabdehndən qalıq ödəniş öhdəliyinin icra edilməsi tələb edilsə də, cavabdeh qərəzli şəkildə bu günə kimi öhdəliyini icra etməmişdir. Qanunvericiliyin tələbi nəzərə alınmaqla İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh tərəfindən heç bir nümayəndə ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bununla əlaqədar olaraq Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən MŞB/8-00168 nömrəli, 10 noyabr 2022-ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış tərtib edilmiş və İddiaçı tərəfindən 50 (əlli) manat məbləğində ödəniş edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli e-2-2(119)- 94/2023 nömrəli qərardadı ilə İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. 01 fevral 2023-cü il tarixdə İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək 26 sentyabr 2022-ci il tarixli, 1673 nömrəli müqavilə üzrə 711,86 (yeddi yüz on bir manat 86 qəpik) manat qalıq borc, 910,08 manat məbləğində cərimə, 50 (əlli) manat məbləğində mediasiyaya xərci və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1701,94 (min yeddi yüz bir manat 94 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdehndən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 16 mart 2023-cü il tarixli məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, 26 sentyabr 2022-ci il tarixli 1673 nömrəli müqavilədə Cavabdeh borcunun qalmadığı qeyd olunsa da, əslində müqavilə üzrə borc tam şəkildə ödənilməmişdir. Belə ki, müqavilə bağlanan gün cavabdeh borcun ödənilməsi ilə bağlı İddiaçınə ödəniş tapşırığı təqdim etmiş, lakin sonradan cavabdehin bank hesabları üzərinə həbs qoyulduğu məlum olmuş və bu səbəbdən həmin ödəniş tapşırığının icrası mümkün olmamışdır. Cavabdehin bank hesabları üzərinə həbs qoyularkən məcburi dövlət ödənişlərinin ödənilməsinə məhdudiyyət qoyulmadığı üçün yalnız 488,14 manat ƏDV ödənilmiş, 2711,86 manat borcun ödənilməsi isə mümkün olmamışdır. Həmin borc məbləğindən 2000 manat xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya nağd qaydada ödənilmişdir. Göstərilənlərə əsasən o, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Tərəflər 07 aprel 2023-cü il tarixinə təyin edilmiş məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onların nümayəndələri məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən həmin məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “icraçı” İddiaçı (VÖEN **********) ilə “sifarişçi” Cavabdeh (VÖEN **********) arasında toplam satış qiyməti 3200 manat olan avtoklav 18l, su distillə cihazı K10 və paketləmə cihazı S3-ün satılması barədə 26 sentyabr 2022-ci il tarixli, 1673 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən satış qiymətinin ödəniş mərhələləri və tarixi bir mərhələdən ibarət olmaqla satış obyekti olan cihazlar sifarişçiyə təhvil verildiyi tarixdən etibarən toplam satış qiyməti 1 (bir) ay müddətində sifarişçi tərəfindən tam şəkildə ödənilməlidir. Həmin bəndə daxil edilmiş cədvəldə isə ödəniş məbləği 3200, ödəniş tarixi xx.xx.2022-ci il, ödənişin son tarixi xx.xx.2022-ci il, ödəniş sonrası qalıq məbləğ 0 (sıfır) kimi göstərilmişdir. Həmin müqavilənin 3.5-ci bəndinə görə müqavilənin 3.4-cü bəndində qeyd edilmiş vəzifə sifarişçi tərəfindən icra olunmadığı halda icraçı tərəfindən müqavilə üzrə gecikdirilmiş hər gün üçün ödəniş məbləğinin 1%-i miqdarında dəbbə pulunun ödənilməsini tələb etmək hüququ yaranır. İş materiallarında olan 26 sentyabr 2022-ci il il tarixli təhvil-təslim aktından görünür ki, 18l, su distillə cihazı K10 və paketləmə cihazı Cavabdehnə təhvil verilmişdir. İş materiallarından görünür ki, 26 sentyabr 2022-ci il il tarixli, 1673 nömrəli müqavilə üzrə 2711,86 (iki min yeddi yüz on bir manat 86 qəpik) manat məbləğində pulun İddiaçınə ödənilməsi ilə bağlı 26 sentyabr 2022-ci il tarixdə Cavabdeh tərəfindən ödəniş tapşırığı verilmişdir. İş materiallarında olan İddiaçınə məxsus ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, Cavabdeh tərəfindən 26 sentyabr 2022-ci il tarixdə ƏDV üzrə 488,14 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 3200 manat dəyərində malın satılması ilə əlaqədar 27 sentyabr 2022-ci il tarixli EBCE seriyalı 645805 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 30 sentyabr 2022-ci il tarixli 832912 nömrəli kassa mədaxil orderindən görünür ki, 26 sentyabr 2022-ci il tarixli, 1673 nömrəli müqaviləyə əsasən Cavabdeh tərəfindən İddiaçınə 2000 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki bank hesabından çıxarışdan görünür ki, 22 sentyabr 2022-ci il tarixdən 15 mart 2023-cü il tarixədək olan dövr ərzində Cavabdeh tərəfindən İddiaçınə 26 sentyabr 2022-ci il tarixli, 1673 nömrəli müqavilə üzrə heç bir ödəniş olunmamışdır. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş 01 fevral 2023-cü il tarixli maliyyə arayışında göstərilir ki, 26 sentyabr 2022-ci il tarixli, 1673 nömrəli müqavilə üzrə Cavabdeh tərəfindən 2488,14 manat ödəniş edilmiş, 01 fevral 2023-cü il tarixinə qalıq borcu 711,86 (yeddi yüz on bir manat 86 qəpik) manat və cərimə 910,08 (doqquz yüz on manat 08 qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında 26 sentyabr 2022-ci il tarixli 1673 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdehnə müvafiq mallar təhvil verilmişdir. Cavabdeh tərəfindən həmin gün iddiaçıya 2711,86 manat borcun ödənilməsinə dair ödəniş tapşırığı verilsə də, həmin ödəniş tapşırığı icra olunmamışdır. Cavabdeh tərəfindən 27 sentyabr 2022-ci il tarixdə 488,14 manat ƏDV ödənilmiş, daha sonra 30 sentyabr 2022-ci il tarixdə isə iddiaçıya nağd qaydada 2000 (iki min) manat ödəniş edilmişdir. Müqavilənin 2.3-cü bəndinə daxil edilmiş cədvəldə ödəniş məbləği 3200, ödəniş tarixi xx.xx.2022-ci il, ödənişin son tarixi xx.xx.2022-ci il, ödəniş sonrası qalıq məbləğ 0 (sıfır) kimi göstərilsə də, işin konkret halları ilə Cavabdeh iddiaçıya qeyd olunan alqı-satqı üzrə 711,86 manat ödənilməmiş borcu qaldığı müəyyən edilmişdir. Buna görə İddiaçı məhkəməyə müraciət edərək ödənilməmiş 711,86 (yeddi yüz on bir manat 86 qəpik) manat qalıq borc, 910,08 (doqquz yüz on manat 08 qəpik) manat məbləğində cərimə, 50 (əlli) manat məbləğində mediasiyaya xərci və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1701,94 (min yeddi yüz bir manat 94 qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmişdir. İş materiallarından görünür ki, ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən 50 (əlli) manat məbləğində mediasiya xərci və iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh ilə İddiaçı arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh 26 sentyabr 2022-ci il tarixli, 1673 nömrəli müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də həmin müqavilə üzrə ödənilməmiş 711,86 (yeddi yüz on bir manat 86 qəpik) manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın “cavabdehdən 910,08 (doqquz yüz on manat 08 qəpik) manat məbləğində cərimənin tutulması” tələbinə aid hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq cavabdehdən 30 (otuz) manat məbləğində cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 711,86 (yeddi yüz on bir manat 86 qəpik) manat məbləğində əsas borc və 30 (otuz) manat məbləğində cərimə İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Bununla yanaşı, iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı İnex” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci və iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət büdcəsinə ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən (VÖEN **********) 711,86 (yeddi yüz on bir manat, 86 qəpik) manat məbləğində əsas bоrc, 30 manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 821,86 (səkkiz yüz iyirmi bir manat 86 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar