Məhkəmə qərarları › İş №e-2-2(119)-949/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-949/2022

07.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-949/2022 07.10.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə oğlunun, Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 17 iyun 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 17 sentyabr 2018-ci il tarixli CPC/S-034/18 nömrəli Malların alqi-satqisi haqqında müqaviləyə əsasən 15675,93 manat əsas borc, ödənişlərdə yol verdiyi gecikdirmələrə görə 21132 manat dəbbə pulu və 200 manat ödənilmiş mediasiya xərci olmaqla, cəmi 37007,93 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 235,52 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında Malların alqı-satqısına dair 17 sentyabr 2018-ci il tarixli CPC/S-034/18 nömrəli müqavilə bağlanmış və həmin Müqaviləyə 17 sentyabr 2018-ci il tarixli 1 saylı Əlavəyə əsasən malların (qlükoza məhsulunun) bir kiloqramının qiyməti ƏDV daxil 0,95 manat müəyyən edilmişdir. Həmin Müqavilə əsasında 11 yanvar 2018-ci il tarixdən 09 dekabr 2019-cu il tarixədək Cavabdeh MMC-yə satılmış məhsulun ümumi dəyəri 61929,11 manat təşkil etmişdir. Qarşılıqlı borcların üzləşməsi haqqında tərəflər arasında təsdiqlənmiş 30 iyun 2021-ci il tarixli Aktdan görünür ki, alıcı Cavabdeh MMC-nin həmin Müqavilə üzrə satıcı İddiaçı MMC-yə olan borcunun məbləği 30 iyun 2021-ci ildə 28175,93 manat təşkil etmişdir. Bundan sonra 20 sentyabr 2021-ci il tarixdən 31 mart 2022-ci il tarixədək olan dövr ərzində cavabdeh tərəfindən 12000 manat məbləğində ödəniş edilmiş və hazırda İddiaçı MMC-yə olan borcun məbləği 15675,93 manat təşkil edir. Müqavilənin şərtlərinə əsasən cavabdeh malların tam dəyərini malları təhvil aldıqdan sonra 30 (otuz) gün müddətində ödəməyi öhdəsinə götürmüş olsa da, ödənişləri vaxtında aparmamış və qalıq borcu ödəməmişdir. Malların alqı-satqısı haqqında 17 sentyabr 2018-ci il tarixli CPC/S-034/18 nömrəli Müqavilənin 9.2-ci bəndinə əsasən, alıcı malların qiymətinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə müqavilə üzrə nəzərdə tutulmuş malların ümumi dəyərinin 0,5 faizi məbləğində dəbbə pulu ödəməlidir. Odur ki, X1 tarixinin növbəti günündən, yəni 01 iyul 2021-ci il tarixdən 31 mart 2022-ci il tarixədək cavabdehə 21132 manat dəbbə pulu hesablanmışdır. Bununla da, Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan borcunun məbləği malların alqı-satqısına görə 15675,93 manat əsas, ödənişlərdə yol verdiyi gecikdirmələrə görə 21132 manat dəbbə pulu olmaqla, ümumilikdə 36807,93 manat təşkil edir. Məhkəməyə müraciət edilməmişdən əvvəl pretenziya qaydasında qalıq borcun ödənilməsi təmin olunmamışdır. Eləcə də, məhkəməyə müraciət olunmamışdan əvvəl bu mübahisə ilə əlaqədar mediasiya prosesinin təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə də mübahisənin həll edilməsi mümkün olmamışdır. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər İddiaçı tərəfindən 13 sentyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edilərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə Malların Alqı-Satqısı haqqında 17 sentyabr 2018-ci il tarixli CPC/S-034/18 nömrəli müqaviləyə əsasən 3165,68 manat əsas borc, ödənişlərdə yol verdiyi gecikdirmələrə görə 21132 manat dəbbə pulu, 200 manat ödənilmiş mediasiya xərci və iddia ərizəsi verilərkən ödənilmiş 235,52 manat dövlət rüsumu olmaqla, cəmi 24733,20 manat məbləğində borcun tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Bundan sonra, İddiaçı tərəfindən yenidən 03 oktyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edilərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə Malların Alqı-Satqısı haqqında 17 sentyabr 2018-ci il tarixli CPC/S-034/18 nömrəli müqaviləyə əsasən ödənişlərdə yol verdiyi gecikdirmələrə görə hesablanmış 21132 manat dəbbə pulu, 200 manat ödənilmiş mediasiya xərci və iddia ərizəsi verilərkən ödənilmiş 235,52 manat dövlət rüsumu olmaqla, cəmi 21567,52 manat məbləğində borcun tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin ərizə - hazırkı iddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra Cavabdeh MMC tərəfindən Alqı-satqı müqaviləsi üzrə əsas borc tam şəkildə ödənilsə də, dəbbə pulunun və digər məhkəmə xərclərinin ödənilməməsi ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə keçirilən məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin həcminin azaldılması” barədə ərizələrdə yazılanlara uyğun izahat verərək, Cavabdeh MMC-dən 17 sentyabr 2018-ci il tarixli CPC/S-034/18 nömrəli Malların alqi-satqisi haqqında müqaviləyə əsasən ödənişlərdə yol verdiyi gecikdirmələrə görə hesablanmış 21132 manat dəbbə pulu, 200 manat ödənilmiş mediasiya xərci və iddia ərizəsi verilərkən ödənilmiş 235,52 manat dövlət rüsumu olmaqla, cəmi 21567,52 manat məbləğində borcun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə iddia tələbini qəbul etmədiyini bildirib, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış Malların alqı-satqısına dair 17 sentyabr 2018-ci il tarixli CPC/S-034/18 nömrəli müqavilə əsasında alınmış, lakin pulu ödənməmiş qlükoza məhsulunun keyfiyyətinə görə alıcı Cavabdeh MMC-nin istehsalına ciddi zərər dəysə də, sonuncu hissə-hissə olaraq alınmış məhsulun dəyərini ödəyərək, borcu tam bağlamışdır. Keyfiyyətsiz və standartlara uyğun olmayan həmin qlükoza məhsulu satıcı İddiaçı MMCnin köhnə rəhbərliyi dövründə alınmış və bu barədə satıcı tərəfə məlumat verilmişdir. Lakin, satıcı İddiaçı MMC-nin rəhbərliyi dəyişdikdən sonra yeni rəhbərliklə həmin keyfiyyətsiz məhsulun dəyərinin hissə-hissə ödənməsi barədə razılığa gəlinmiş və buna görə də o, tərəflər arasında imzalanmış Üzləşmə Aktında nəzərdə tutulan borcu tam ödəyib yekunlaşdırmışdır. Ona görə də, həmin borca görə hesablanmış dəbbə pulunun Cavabdeh MMC-dən tələb edilməsi tamamilə əsassız və qanunsuzdur. Çünki, pandemiyaya görə tətbiq olunan qapalı dövrlərdə istehsal və alıcı MMC-nin fəaliyyəti dayandığı və dəyərinin ödənilməsinin gecikdirildiyi qlükoza keyfiyyətsiz olduğu üçün alıcı Cavabdeh MMC-nin istehsalına zərər dəymiş və eyni zamanda, borcun hissə-hissə ödənilməsi satıcı İddiaçı MMC-nin yeni rəhbərliyi ilə razılaşdırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin azaldılması” barədə ərizələri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 17 sentyabr 2018-ci il tarixli CPC/S-034/18 nömrəli Alqı-satqı Müqaviləsinin şərtlərinə görə, Satıcı Müqavilənin əlavəsi hesab edilən X2 (bundan sonra “Əlavə 1”) göstərilən malları (bundan sonra - Mallar) razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda Alıcıya satmağı, Alıcı isə həmin Malları təhvil alıb qiymətini müvafiq Əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə Satıcıya ödəməyi öhdəsinə götürür (2.1-ci bənd). Həmin Müqavilənin 9.2-ci bəndinə əsasən, Alıcı Malların qiymətinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə bu Müqavilə üzrə nəzərdə tutulan Malların ümumi dəyərinin 0,5% (sıfır tam onda beş faizi) məbləğində dəbbə pulu ödəyəcək. Həmin Müqavilənin 9.3-cü bəndinə əsasən, bu Müqavilə üzrə ödəniləcək cərimələrin ümumi məbləği Malların qiymətinin 10%-dən artıq olmamalıdır. İş materiallarında olan, 17 sentyabr 2018-ci il tarixli CPC/S-034/18 nömrəli Müqavilənin icrası ilə əlaqədar tərtib edilərək təsdiq olunmuş "Qiymətlərin razılaşdırma” Protokolundan (Əlavə 1) görünür ki, həmin Protokola əsasən 17 sentyabr 2018-ci il tarixli Müqavilə üzrə satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə 1 kq-sı 0,95 (95 qəpik) olmaqla "qarğıdalı qlükozasının" satılması barədə razılığa gəlinmişdir. İş materiallarında olan 17 sentyabr 2018-ci il tarixli CPC/S-034/18 nömrəli Alqı-satqı müqaviləsinin icrası ilə əlaqədar satıcı İddiaçı MMC və alıcı Cavabdeh MMC tərəfindən tərtib edilərək imzalanmış 30 iyun 2021-ci il tarixli "X1" barədə Aktdan görünür ki, alıcı Cavabdeh 30 iyun 2021-ci il tarixinə satıcı İddiaçınə ƏDV daxil cəmi 28175,96 (iyirmi səkkiz min yüz yetmiş beş manat 96 qəpik) manat məbləğində qalıq borcu olmuşdur. İş materiallarında olan Maliyyə Arayışlarından görünür ki, 17 sentyabr 2018-ci il tarixli CPC/S-034/18 nömrəli Alqı-satqı Müqaviləsi üzrə alıcı Cavabdeh MMC-nin 31 mart 2022ci il tarixinə satıcı İddiaçı MMC-yə 15675,93 manat məbləğində, 09 sentyabr 2022-ci il tarixinə isə 3165,68 manat məbləğində əsas borcu olmuşdur. Lakin, iş materialları ilə müəyyən olunur ki, 03 oktyabr 2022-ci ildə İddiaçı məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə ilə müraciət edərək, ödənmiş olduğundan “əsas borcun tutulması” tələbindən tamamilə imtina etmiş və Cavabdeh MMC-dən yalnız “ödənişlərdə yol verdiyi gecikdirmələrə görə hesablanmış 21132 manat dəbbə pulu, 200 manat ödənilmiş mediasiya xərci və iddia ərizəsi verilərkən ödənilmiş 235,52 manat dövlət rüsumu olmaqla, cəmi 21567,52 manat məbləğində borcun tutulması” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, 17 iyun 2022-ci ildə "Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 17 sentyabr 2018-ci il tarixli CPC/S-034/18 nömrəli müqaviləyə əsasən 31 mart 2022-ci il tarixinə 15675,93 manat əsas borcun və ödənişlərdə yol verdiyi gecikdirmələrə görə hesablanmış 21132 manat dəbbə pulunun tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olunduqdan sonra Cavabdeh MMC tərəfindən iddia tələbində qeyd olunan 15675,93 manat məbləğində əsas borc tam ödənilmiş olsa da, “ödənişlərdə yol verdiyi gecikdirmələrə görə hesablanmış 21132 manat dəbbə pulu” ödənilməmişdir. Buna görə də, iddiaçı tərəfindən 03 oktyabr 2022-ci ildə məhkəməyə təqdim edilmiş sonuncu “iddia tələbinin həcminin azaldılması” barədə ərizədə iddia tələbi azaldılaraq, ödənmiş olduğundan əsas borcun ödənilməsi ilə əlaqədar tələb tamamilə çıxarılmış və İddiaçı MMC-nin xeyrinə Cavabdeh MMC-dən 17 sentyabr 2018-ci il tarixli CPC/S-034/18 nömrəli Müqaviləyə əsasən ödənişlərdə yol verdiyi gecikdirmələrə görə 21132 manat dəbbə pulu, 200 manat mediasiya xərci və ödənilmiş 235,52 manat dövlət rüsumu olmaqla, cəmi 21567,52 manat borcun tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh MMC ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı və eləcə də, iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən 236,23 (iki yüz otuz altı manat 23 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın cavabdehdən 17 sentyabr 2018-ci il tarixli CPC/S-034/18 nömrəli müqavilə üzrə hesablanmış “21132 manat məbləğində dəbbə pulunun tutulması” tələbinə aid hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla dəbbə pulunun məbləği azaldılaraq, Cavabdehndən cəmi 300 (üç yüz) manat məbləğində dəbbə pulu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Eyni zamanda, qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu məbləği azaldılarkən digər hallarla yanaşı, tərəflər arasında bağlanmış Müqavilə üzrə satılmış malların dəyərinin ödənilmə müddətinin və qaydasının dəqiq müəyyən edilməsinə baxmayaraq, iddiaçı tərəfindən həmin Müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər vaxtında görülməyərək, uzun müddət sonra məhkəməyə müraciət edilməsi və bununla əlaqədar hesablanan dəbbə pulu məbləğinin də artması və dəbbə pullu məbləğinin artmasına iddiaçı tərəfin də hərəkətsizliyinin səbəb olması nəzərə alınmalıdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmçinin, dəbbə pulu məbləği azaldılarkən – digər hallarla yanaşı, ölkədə COVİD-19 virusu ilə əlaqədar yaranmış pandemiya vəziyyətinin sahibkarlıq fəaliyyətinə etdiyi təsiri və kommersiya hüquqi şəxslərinə də pandemiyanın təsirsiz ötüşmədiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı xeyrinə Cavabdehndən 300 məbləğində dəbbə pulu tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Dövlət Büdcəsinə ödəmiş olduğu dövlət rüsumunun əvəzi olaraq 235,52 (iki yüz otuz beş manat 52 qəpik) manat məbləğində pul vəsaiti və mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 300 (üç yüz) manat məbləğində dəbbə pulu, mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı və 235,52 (iki yüz otuz beş manat 52 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 735,52 (yeddi yüz otuz beş manat 52 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar