Məhkəmə qərarları › İş №e-2-2(119)-949/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-949/2023

06.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-949/2023 06.10.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx.xx.2022-ci il tarixli İF/06041 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə 6356,84 manat zərərin əvəzinin və mediasiya ilə əlaqədar ödənilmiş 100 manat mediasiya xərcinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 13 sentyabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə “iddia tələbinin həcminin artırılmasına dair” ərizə təqdim olunaraq cavabdehlərdən xx.xx.2022-ci il tarixli İF/06041 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə 9779,09 manat zərərin əvəzinin və mediasiya ilə əlaqədar ödənilmiş 100 manat mediasiya xərcinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş olunmuşdur. 06 oktyabr 2023-cü il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclasına tərəflər gəlməmişlər. Məhkəmənin əvvəlki hazırlıq iclaslarında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda o, xx.xx.2022-ci il tarixli İF/06041 saylı daxili maliyyə lizinq müqaviləsinə əsasən “Kia Optima” markalı minik avtomobilinin şəxsi istifadə üçün Cavabdeh3 istifadəsinə verildiyini bildirmişdir. Lakin cavabdehin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi olduğu üçün onunla daxili maliyyə lizinq müqaviləsi bağlandığını, buna görə işə kommersiya məhkəməsində baxılmalı olduğunu qeyd etmişdir. Məhkəmənin 03 avqust 2023-cü il tarixdə keçirilmiş hazırlıq iclasında iştirak edən Cavabdeh3 izahatında iddianı qəbul etmədiyini, eyni zamanda avtomobili şəxsi istifadə üçün götürdüyünü bildirmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair iş aşağıda göstərilənlərə əsasən baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə işlərin kommersiya məhkəmələrində baxılması üçün tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi, yəni tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirmələri ilə əlaqədar yaranan mübahisələr olmalıdır. Lakin iddiaçının nümayəndəsi və Cavabdeh3 izahatında xx.xx.2022-ci il tarixli İF/06041 saylı daxili maliyyə lizinq müqaviləsinə əsasən “Kia Optima” markalı minik avtomobilinin şəxsi istifadə üçün əldə edildiyini qeyd etmişlər. Eyni zamanda tərəflər arasında bağlanmış məlum daxili maliyyə lizinq müqaviləsindən, xx.xx.2022-ci il tarixli lizinq krediti üzrə sifariş blankından, xx.xx.2022-ci il tarixli kredit komitəsinin protokolundan avtomobilin sahibkarlıq fəaliyyətində istifadə edilməsi üçün verilməsi müəyyən olunmur. Göründüyü kimi, hazırkı iddia ərizəsi ilə cavabdehlərdən xx.xx.2022-ci il tarixli İF/06041 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə tələb edilən zərərin məbləği Cavabdeh3 (lizinq alana) sahibkarlıq fəaliyyəti ilə əlaqədar sahiblik və istifadəyə verilmiş avtomobilə dəymiş zərərlə əlaqədar deyil, şəxsi istifadə üçün verilmiş nəqliyyat vasitəsinə dəymiş ziyanla bağlıdır. Yəni, cavabdehlərdən hazırkı iddia ərizəsi ilə tələb olunan zərər – “fərdi sahibkar statusuna malik olan fiziki şəxs” olsa belə, lizinq alan Cavabdeh3 sahibkarlıq fəaliyyəti ilə əlaqədar deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 1-ci maddəsinin “qeyd” hissəsində göstərilmişdir ki, həmin Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. - 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 saylı Qərarının 11-ci bəndində məhkəmələrə izah edilir ki, Mülki-Prosessual Məcəllənin 1-ci maddəsinin Qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən - işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarın 22-ci bəndində qeyd olunmuşdur ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir. “AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatlarla və iş materialları ilə müəyyən olunur ki, cavabdehlər Sumqayıt şəhərində qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. - 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. - 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. - 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. - 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasən qiymətəndirərək hesab edir ki, tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi hesab olunmadığından və cavabdehlərin hər üçünün ünvanı Sumqayıt şəhəri ərazisində yerləşdiyindən, hazırkı işə mülki məhkəmə icraatı qaydasında Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır. Eyni zamanda məhkəmə qeyd etməyi lazım bilir ki, tərəflər hazırkı qərardaddan şikayət verəcəyi təqdirdə, aşağıda təsvir olunan hüquq normalarının tələblərini də nəzərə almalıdırlar: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 - 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. - 407.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; şikayətə əlavə edilən sənədlərin siyahısı. - 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. - 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Tərəflərə izah olunsun ki, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət Mülki Prosessual Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar