Məhkəmə qərarları › İş №e-2-2(119)-95/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-95/2022

04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-95/2022 04.04.2022 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı "xxxx" Şirkətinin vəkili və nümayəndəsi Vəkil1 oğlunun Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı "xxxx" Şirkətinin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Şirkəti Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Şirkəti ilə Cavabdeh MMC arasında 20.05.2019-cu il tarixdə bağlanmış texnika və avadanlıqların alqı-satqı müqaviləsi əsasında "xxxx" Şirkəti tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 8.500.000 (səkkiz milyon beş yüz min) Türkiyə lirəsi məbləğində 1 ədəd alüminium doğrama sistemi, 1 ədəd bir ayaqlı qırıcı XK2000H 2x160 KW, 1 ədəd çəkicli qırıcı Z14/1000 1x160 KW, 1 ədəd maqnitli baraban neodinium, 1 ədəd vibrasiyalı xəlbir, 1 ədəd maqnit ayırma avadanlığı 30.60, 1 ədəd vibrasiyalı konveyer, 1 ədəd kauçuk örtüklü metal konveyer, 1 ədəd boltlu konveyer, 1 ədəd kauçuk lent, 1 ədəd maqnitli kauçuk lent, 1 ədəd elektrik nəzarət paneli, 1 dəst 12 ton çəkidə hidravlik fırlanan soba və yükləmə (doldurma) mexanizmi, 9 dəst 12 ton tökmə qabiliyyətinə malik alüminium külçə tökmə masaları - 90 mm, 100 mm, 110 mm, 120 mm, 127 mm, 140 mm, 152 mm, 178 mm, 203 mm, 1 dəst 50.000 m3/h filtrasiya sistemi, 1 dəst 18 ton çəkidə alüminium külçə homogenləşdirmə sobası və soyuducu soba, 1 dəst 17 ton çəkidə stabil alüminium əritmə sobası və yükləmə mexanizmi, 1 dəst külçə kəsmə sistemi, 1 dəst alüminium külçə tökmə avadanlığının köməkçi vasitələri ixrac edilmişdir. Texnika və avadanlıqlar 20.05.2019-cu il tarixdə göndərilmiş və Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. "xxxx" Şirkəti ilə Cavabdeh MMC arasında bağlanmış 20.05.2019-cu il tarixli müqavilədə nəzərdə tutulur ki, Cavabdeh MMC tərəfindən "xxxx" Şirkətinə 20.05.2019-24.05.2019-cu il tarixləri arasında 250.000 ABŞ dolları və 27.05.2019-31.05.2019 tarixləri arasında 250.000 ABŞ dolları məbləğində ödəniş ediləcək. Həmçinin, həmin müqavilədə qeyd olunur ki, obyekt tikilib başa çatana qədər keçəcək hər ay üçün 50.000 ABŞ dolları məbləğində alıcı tərəfindən satıcıya ödəniş ediləcəkdir. Lakin "xxxx" Şirkəti ilə Cavabdeh MMC arasında bağlanmış 20.05.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh MMC-nin "xxxx" Şirkətinə hazırda 857.821 (səkkiz yüz əlli yeddi min səkkiz yüz iyirmi bir) ABŞ dolları məbləğində borcu qalır. "xxxx" Şirkəti tərəfindən 04.11.2021-ci il tarixdə Cavabdeh MMC-yə rəsmi qaydada pretenziya məktubu göndərilmiş, borc məbləğinin 10 (on) gün müddətində ödənilməsi xahiş olunsa da, sözügedən borc məbləği ödənilməmişdir. "xxxx" Şirkəti tərəfindən məsələnin həlli üçün Cavabdeh MMC-yə mediasiya təklifi göndərilmiş, 03.12.2021-ci il tarixdə, saat 19-20 radələrində ilkin mediasiya sessiyası keçirilmiş, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Göstərilənləri nəzərə alaraq, iddiaçı məhkəmədən Cavabdeh MMC-dən 857.821 (səkkiz yüz əlli yeddi min səkkiz yüzi yirmi bir) ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı "xxxx" Şirkətinin nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdehin 857.821 ABŞ dolları məbləğində borcu var. Müqavilə üzrə avans kimi 38.000 Türkiyə lirəsi ödənilib və cavabdeh konkret müddətlərdə 250.000 ABŞ dolları bir, 250.000 ABŞ dolları bir ödəməli idi. Qarşı tərəfin borcu Türkiyə lirəsi ilə ödənilməsinə dair təklifi sərfəli deyil, çünki Türkiyə lirəsinin məzənnəsinin aşağı enməsi iddiaçının ziyana düşməsinə səbəb olar. Ona görə də, borcun ABŞ dolları ilə tutulması məqsədəmüvafiqdir. Sonda iddiaçının nümayəndəsi və vəkili məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh borcu müqavilədə göstərildiyi kimi Türkiyə lirəsi ilə ödəyə bilər. Borcun dollarla tələb edilməsi əsassızdır. İddiaçı tərəfindən göndərilən pretenziya məktubunda 668.100 ABŞ dolları məbləğində ödəniş edildiyi təsdiq olunub, 857.821 ABŞ dolları məbləğində qalıq qaldığı göstərilib. Qarşı tərəf məbləği ABŞ dolları ilə göstərib. Bu isə doğru deyil. Tərəflər arasında bağlanmış müqavilədə ödənişin başqa valyuta ilə deyil, məhz Türkiyə lirəsi ilə həyata keçirilməsi nəzərdə tutlub. 15.07.2020-ci il tarixdə iki tərəf arasında üzləşmə aktı tərtib olunaraq təsdiq edilib. Həmin üzləşmə aktında da borc Türkiyə lirəsi ilə göstərilib. Tərəflər arasında bağlanan 20.05.2019-cu il tarixli müqaviləyə əsasən, Cavabdeh MMC tərəfindən "xxxx" Şirkətinə 3.935.581 Türkiyə lirəsi 5 quruş məbləğində ödəniş edilib, Cavabdeh MMC-nin "xxxx" Şirkətinə 4.564.418 Türkiyə lirəsi 5 quruş məbləğində borcu qalıb. Üzləşmə aktı bu mübahisədə yeganə mötəbər sübutdur. Ona görə də, cavabdehin nümayəndəsi və vəkili üzləşmə aktı üzrə borcu qəbul etdiklərini və həmin akt nəzərə alınmaqla qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 20.05.2019-cu il tarixdə bağlanmış texnika və avadanlıqların alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı müqavilədə nəzərdə tutulan texnikaları cavabdehə təhvil verməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh MMC isə iddiaçı "xxxx" Şirkətinə 20.05.2019-24.05.2019-cu il tarixləri arasında 250.000 ABŞ dolları və 27.05.2019-31.05.2019-cu il tarixləri arasında 250.000 ABŞ dolları məbləğində, həmçinin, obyekt tikilib başa çatana qədər keçəcək hər ay üçün 50.000 ABŞ dolları məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən ödəniş üçün nəzərdə tutulan valyuta növü Türkiyə lirəsidir və ABŞ dolları ilə edilən ödəmələrdə Türkiyə Respublikası Mərkəzi Bankının həmin gün üçün olan kursu əsas götürüləcəkdir. İş materiallarında olan 15.07.2020-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, Cavabdeh MMC ilə "xxxx" Şirkəti arasında bağlanmış 20.05.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən "xxxx" Şirkətinə 3.935.581,5 (üç milyon doqquz yüz otuz beş min beş yüz səksən bir lirə, beş quruş) Türkiyə lirəsi ödəniş edilmiş və Cavabdeh MMC-nin "xxxx" Şirkətinə 4.564.418,5 (dörd milyon beş yüz altmış dörd min dörd yüz on səkkiz lirə, beş quruş) Türkiyə lirəsi borcu qalmışdır. İş materiallarında olan Cavabdeh MMC ilə "xxxx" Şirkəti arasında 20.05.2019-cu il tarixdə bağlanmış texnika və avadanlıqların alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC tərəfindən "xxxx" Şirkətinə edilmiş ödənişlər üzrə 15.02.2022-ci il tarixli, 1 nömrəli hesabatın surətindən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" Şirkətinə 3.445,112 Türkiyə lirəsi ödəniş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin 15.11.2021-ci il tarixli, 1500-012/002-24/001189 nömrəli məktubunun surətindən görünür ki, Cavabdeh MMC ilə "xxxx" Şirkəti arasında bağlanmış 20.05.2019-cu il tarixli, 1 nömrəli müqaviləyə əsasən Cavabdeh MMC-nin ünvanına idxal olunan, son istifadə xüsusi gömrük proseduru və sərbəst dövriyyəyə buraxılış gömrük proseduru altında yerləşdirilən malların ümumi invoys dəyəri 1.525.921 ABŞ dolları təşkil edir. İş materiallarında olan 03 dekabr 2021-ci il tarixli, MŞİH-09609 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışın surətindən görünür ki, "xxxx" Şirkəti ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 410 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, "xxxx" Şirkəti tərəfindən 20.05.2019-cu il tarixdə bağlanmış texnika və avadanlıqların alqı-satqı müqaviləsinə əsasən ümumilikdə 857.821 (səkkiz yüz əlli yeddi min səkkiz yüzi yirmi bir) ABŞ dolları məbləğində pulun ödənilməsi barədə Cavabdeh MMC-yə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəyə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 439.1-ci maddəsinə görə, pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" Şirkəti ilə Cavabdeh MMC arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, tərəflər arasında alqı-satqı münasibətləri yaranmış, Cavabdeh MMC iddiaçıdan müxtəlif texnika və avadanlıqlar almış, lakin həmin texnika və avadanlıqların haqqını ödəməklə bağlı üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Bu hal iş materialları və Cavabdeh MMC-nin vəkili və nümayəndəsinin qismən etirafı ilə öz təsdiqini tapır. Belə ki, iddiaçı borc məbləğinin ABŞ dolları ilə ödənilməsini tələb etmişdir. "xxxx" Şirkəti ilə Cavabdeh MMC arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, tərəflər arasında ödəniş üçün nəzərdə tutulan valyuta növü Türkiyə lirəsidir və ABŞ dolları ilə edilən ödəmələrdə Türkiyə Respublikası Mərkəzi Bankının həmin gün üçün olan kursu əsas götürülür. Tərəflər arasında imzalanmış üzləşmə aktında da borc məbləği Türkiyə lirəsi ilə göstərilmişdir. Sadalananlara əsasən, məhkəmə hesab edir ki, borc məbləği Türkiyə lirəsi ilə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməli, Cavabdeh MMC-dən 4.564.418,5 (dörd milyon beş yüz altmış dörd min dörd yüz on səkkiz lirə əlli quruş) Türkiyə lirəsi ödəniş gününə olan məzənnə üzrə manatla tutularaq, "xxxx" Şirkətinə ödənilməlidir. Tərəflər arasında bağlanılmış müqavilədə və tərəflər arasında imzalanmış üzləşmə aktında müvafiq olaraq ödəniş vasitəsi və borc məbləği Türkiyə lirəsi ilə göstərildiyinə görə, müqavilə üzrə qalan borcun ABŞ dolları ilə tələb olunması əsassızdır. Bu səbəbdən iddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə çəkilmiş məhkəmə xərclərinin 64%-i iddiaçıya, 36%-i cavabdehə aid edilməlidir. İddiaçı tərəfindən ödənilmiş 1.518,45 (min beş yüz on səkkiz manat, qırx beş qəpik) manat məbləğində dövlət rüsumunun 64%-i iddiaçıya, 36%-i cavabdehə aid edilməlidir. Cavabdehdən 546 manat dövlət rüsumunun əvəzi tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Şirkətinin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh MMC-dən 20.05.2019-cu il tarixdə bağlanmış texnika və avadanlıqların alqı-satqı müqaviləsinə əsasən 4.564.418,5 (dörd milyon beş yüz altmış dörd min dörd yüz on səkkiz lirə əlli quruş) Türkiyə lirəsi ödəniş gününə olan məzənnə üzrə manatla tutularaq, "xxxx" Şirkətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinin 64%-i iddiaçıya, 36%-i cavabdehə aid edilsin. İddiaçı tərəfindən ödənilmiş 1.518,45 (min beş yüz on səkkiz manat qırx beş qəpik) manat məbləğində dövlət rüsumunun 64%-i iddiaçıya, 36%-i cavabdehə aid edilsin. Cavabdehdən 546 manat dövlət rüsumunun əvəzi tutularaq, iddiaçıya ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar