Məhkəmə qərarları › İş №e-2-2(119)-954/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-954/2024

26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-954/2024 26.09.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı Firmasının nümayəndəsi Nümayəndə3 və nümayəndəsi vəkil Nümayəndə1, Cavabdeh nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı Firmasının Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Firması “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən ƏDV daxil olmaqla 74561 (yetmiş dörd min beş yüz altmış bir) manat məbləğində borcun tutularaq İddiaçı Firmasına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Firması buğda unları və digər məhsullarının satılması ilə bağlı bir neçə qurumlarla əməkdaşlıq edir. İddiaçı Firması və Cavabdeh arasında 25 sentyabr 2023-cü il tarixində 13/23 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilə münasibətləri çərçivəsində icraçı müqavilələrə dair təqdim olunmuş hesablara əsasən sifarişçiyə malları təhvil vermiş, sifarişçi isə malları qəbul etmiş və əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 1-ci bəndinə əsasən firma hər dəfə sənədli şəkildə rəsmiləşdirməklə alıcıya buğda kəpəyini satmağı öhdəsinə götürmüşdür. Mövcud müqavilənin 9-cu bəndinə əsasən alıcı malın dəyərinin ödəmə müddəti 10 gün tamam olduqda, alıcı malın dəyərinin ödənilməsini öz üzərinə götürmüşdür. Lakin qeyd olunan müqaviləyə əsasən iddiaçının hüquqları pozulur. Müqavilənin 9-cu bəndinə əsasən Cavabdeh tərəfindən ödənilməmiş və yaranan ƏDV daxil 74561 (yetmiş dörd min beş yüz altmış bir) manat borc mövcuddur. Borcun ödənilməsilə bağlı Cavabdeh məsul şəxslərinə dəfələrlə şifahi müraciət edilməsinə baxmayaraq hər dəfə bir bahanə gətirilərək yaxın vaxtda ödənişlərin həyata keçiriləcəyi bildirilsə də, bu günədək heç bir real ödəniş və nəticə olmamışdır. Yuxarıda qeyd olunan 25 sentyabr 2023-cü il tarixili, 13/23 saylı alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən firma olaraq həmin müqavilənin şərtlərinə əsasən üzərinə düşən bütün öhdəlik və vəzifələr vaxtında və dürüst şəkildə icra edilmişdir. Buna baxmayaraq Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və yetirməkdən də imtina etməkdədir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün qarşı tərəfə pretenziya məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən pretenziya məktubuna hər hansı cavab verilməmişdir. Məhkəmə baxış iclaslarında iştirak edən İddiaçı Firmasının nümayəndəsi vəkil Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. O, satılmış buğda kəpəyinin dəyərindən cavabdeh tərəfindən hər hansı məbləğdə ödəniş olunmadığını bildirmişdir. Məhkəmə baxış iclaslarında iştirak edən İddiaçı Firmasının nümayəndəsi Nümayəndə3 izahatında bildirmişdir ki, o, İddiaçı Firmasında satış üzrə müdir vəzifəsində işləyir. Tərəflər arasında müqavilə bağlanıb buğda kəpəyi təhvil verildikdən sonra Cavabdeh tərəfindən ödənişlər həyata keçirilməmiş, borcun ödənilməsi tələb edildikdə isə cavabdehin səlahiyyətli şəxsləri müxtəlif bəhanələr gətirmişdir. O, borcun ödənilməsi ilə bağlı dəfələrlə Cavabdeh baş ofisində olmuş, lakin borc ödənilmədiyi üçün cavabdehin ofisinin faktiki olduğu yer üzrə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə şikayət etmişdir. Məhkəmə baxış iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil2 izahatında bildirmişdir ki, iş materiallarına əlavə edilmiş 25 sentyabr 2023-cü il tarixli, 13/23 nömrəli alqı-satqı müqaviləsindəki imza Cavabdeh həmin vaxtkı qanuni təmsilçisi Şahid8 məxsus deyil. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə nəqliyyat vasitələri, onların sürücülərinin şəxsiyyət vəsiqələri, sürücülük vəsiqələri və əlaqə məlumatları təqdim edilsə də, həmin sürücülərin Cavabdeh ilə əlaqəsini, eyni zamanda malların Cavabdeh MMC-yə daşınması ilə bağlı heç bir sənəd təqdim edilməmişdir. İddiaçı Firması tərəfindən Cavabdehnə elektron qaimələrin göndərildiyi dövrdə cavabdehə məxsus Qusardakı yem zavodunun qapısı bağlı olmuş və həmin elektron qaimələr sistem tərəfindən avtomatik təsdiq edilmişdir. O, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi sənədlərlə, verilən izahatlarla iddia ərizəsində istinad edilən halların sübuta yetirilmədiyini bildirərək məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, iddia ərizəsini və işin faktiki halların araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında satıcı İddiaçı Firması ilə alıcı Cavabdeh arasında bağlanmış 25 sentyabr 2023-cü il tarixli, 13/23 nömrəli müqaviləyə əsasən satıcı firma hər dəfə sənədli şəkildə rəsmiləşdirilməklə alıcıya buğda kəpəyini satır, alıcı malları rəsmi qəbul etdiyi andan onların saxlanılması və mühafizəsi üçün maddi-məsuliyyət daşıyır. Həmin müqavilənin: -3-cü bəndinə görə alıcı satıcının razılığı olmadan ona verilmiş malları dəyəri ödənilmədən başqasına verə bilməz. - 6-cı bəndinə görə satış üçün verilmiş malların qiyməti qarşılıqlı razılaşma yolu ilə hər dəfə yazılmış qiymət razılaşma protokolu ilə və ya elektron qaimə əsasında müəyyən edilir. - 7-ci bəndinə görə alınmış malların nəqliyyat xərcləri alıcıya aiddir. - 8-ci bəndinə əsasən ödəmə alıcı tərəfindən malların dəyərini satıcıya məxsus hissəsini satıcının bank hesabına köçürməklə və ya nəğd şəkildə firmanın kassasına ödəməklə aparılmalıdır, eyni zamanda götürülmüş malların dəyəri öncədən də ödənilə bilər. - 9-cu bəndinə görə malın dəyərinin ödəmə müddəti 10 gün tamam olduqda, alıcı malın dəyərinin ödənilməsini öz üzərinə götürür. İş materiallarından görünür ki, İddiaçı Firması tərəfindən Cavabdehnə 2825 manat dəyərində mal satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDP seriyalı 014890 nömrəli, 2800 manat dəyərində mal satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDP seriyalı 097364 nömrəli, 3000 manat dəyərində mal satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDP seriyalı 158055 nömrəli, 3050 manat dəyərində mal satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDP seriyalı 241728 nömrəli, 2780 manat dəyərində mal satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDP seriyalı 252846 nömrəli, 2735 manat dəyərində mal satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDP seriyalı 316679 nömrəli, 2950 manat dəyərində mal satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDP seriyalı 346837 nömrəli, 2575 manat dəyərində mal satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDP seriyalı 466353 nömrəli, 2805 manat dəyərində mal satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDP seriyalı 445404 nömrəli, 2800 manat dəyərində mal satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDP seriyalı 349332 nömrəli, 20000 manat dəyərində mal satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDP seriyalı 408731 nömrəli, 2377,05 manat dəyərində mal satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDQ seriyalı 371556 nömrəli, 3975 manat dəyərində mal satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDQ seriyalı 375933 nömrəli, 3975 manat dəyərində mal satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDQ seriyalı 402025 nömrəli, 3975 manat dəyərində mal satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDQ seriyalı 442674 nömrəli, 4237,35 manat dəyərində mal satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDQ seriyalı 453160 nömrəli, 3776,25 manat dəyərində mal satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDQ seriyalı 478550 nömrəli, 3925,71 manat dəyərində mal satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDQ seriyalı 480083 nömrəli elektron qaimə-faktura təqdim olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 22 mart 2024cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Nümayəndə3 74561 manat dəyərində satılmış buğda kəpəyinin borcunun Cavabdeh tərəfindən ödənilməməsi ilə bağlı şikayəti araşdırılmış, şikayət əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və pul tələbi mülki xarakterli olduğundan Nümayəndə3 mülki qaydada məhkəməyə müraciət etməsi izah edilmişdir. Həmin araşdırma zamanı Şahid8 izahatında bildirmişdir ki, 29 sentyabr 2023-cü il tarixə qədər Cavabdehndə direktoru vəzifəsində işləmişdir. İddiaçı Firması tərəfindən 74000 manat dəyərində kəpək Cavabdehnə verilmiş və həmin kəpək cavabdeh tərəfindən yem istehsalında istifadə edilmişdir. Cavabdeh MMC-nin hazırkı təsisçisinin və direktorunun bu borcdan xəbəri vardır. Hətta eşitdiyinə görə 29 dekabrdan sonra 10000 manat ödənilmişdir. İş materiallarında olan əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, Şahid8 xx.xx.2022-ci il tarixdə Cavabdeh direktoru təyin edilmiş, xx.xx.2023-cü il tarixdə onun əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh əvvəlki qanuni təmsilçisi Şahid8 olmuşdur. Cavabdeh nümayəndəsi Vəkil2 vəsatəti əsasında məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, Cavabdeh təsis edildiyi vaxtdan 29 sentyabr 2023-cü il tarixədək həmin qurumun direktoru olmuşdur. O, direktor olmağına baxmayaq yalnız istehsalla məşğul olmuş, digər məsələlərlə Cavabdeh Bakı şəhərində yerləşən ofisi məşğul olmuş və müəssisənin möhürü də həmin ofisdə olmuşdur. Təxminən 2023-cü ilin iyul, avqust aylarında Cavabdehnə məxsus Qusar yem zavodu işləməmiş və onda olan məlumata əsasən ofis başqa zavodlarla danışıb yem hazırlanmasını həmin zavodlarda həyata keçirmişdir. O, istehsalla məşğul olduğu üçün haradan-hara mal göndərildiyini, xammalın haradan alındığını bilməmiş, bu məsələlərlə Bakı şəhərində yerləşən ofis məşğul olmuşdur. Cavabdeh İddiaçı Firmasına borcu olması barədə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə izahat vermək üçün getdikdə məlumatı olmuşdur. O, İddiaçı Firması ilə Cavabdeh arasında bağlanmış 25 sentyabr 2023-cü il tarixli, 13/23 nömrəli müqaviləni imzalamadığını, müqavilənin bağlandığı tarixdə Qusar rayonunda olduğunu, həmin müqavilədəki möhürün Cavabdehnə məxsus olduğunu bildirmişdir. İddiaçı Firmasının nümayəndəsi vəkil Nümayəndə1 vəsatəti əsasında məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, 01 sentyabr 2023-cü il tarixdən 06 dekabr 2023-cü il tarixədək Cavabdehndə satış meneceri vəzifəsində işləmiş və yemlərin paylanması işi ilə məşğul olmuşdur. İddiaçı Firması tərəfindən Cavabdehnə buğda kəpəyi verilmişdir. Lakin həmin vaxt Cavabdehnə məxsus Qusar yem zavodu tam fəaliyyət göstərmədiyindən cavabdeh yem hazırlanmasını Bərdədə yem zavodunda həyata keçirmiş, buna görə İddiaçı Firması tərəfindən buğda kəpəyi Cavabdehnə istehsal olunması üçün Bərdədəki yem zavoduna göndərilmişdir. 2023-cü ilin sentyabr-oktyabr aylarında Cavabdeh fəaliyyət göstərmiş, hətta "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satılan ******* kq yemin 180000 kq hissəsi Cavabdeh tərəfindən verilmişdir. O, Cavabdeh İddiaçı Firmasına borcu olduğunu, lakin borcun məbləği barədə məlumatı olmadığını bildirmişdir. İddiaçı Firmasının nümayəndəsi vəkil Nümayəndə1 vəsatəti əsasında məhkəmə iclasında şahid kimi dindirilmiş sürücü işləyən Şahid1 ifadəsində bildirmişdir ki, Məlik adlı sürücü tanışı ona İddiaçı Firmasından Cavabdehnə kəpək daşınmalı olduğunu demiş və o, təxminən 2023-cü ilin sentyabr ayında 4-5 dəfə İddiaçı Firmasından Cavabdeh MMC-yə kəpək daşımışdır. O, İddiaçı Firmasından kəpəyi Bərdə rayonu, Mehdili kəndində yerləşən zavoda aparmış və orada yem hazırlandıqdan sonra həmin yemi müxtəlif rayonlara daşımışdır. Daşıdığı yem kisələrinin üzərində Cavabdeh yazılmışdır. İddiaçı Firmasının nümayəndəsi vəkil Nümayəndə1 vəsatəti əsasında məhkəmə iclasında şahid kimi dindirilmiş sürücü işləyən Şahid4 ifadəsində bildirmişdir ki, Məlik adlı sürücü tanışı ona İddiaçı Firmasından Cavabdehnə kəpək daşınmalı olduğunu bildirmişdir. O, İddiaçı Firmasından kəpəyi Bərdə rayonu, Mehdili kəndində yerləşən zavoda daşımış və oradan kisələrin üzərində Cavabdeh yazılan yemi götürərək ayrı-ayrı rayonlara çatdırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında 25 sentyabr 2023-cü il tarixli, 13/23 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş buğda kəpəyi cavabdehə təhvil verilərək bununla bağlı elektron qaiməfakturalar göndərilmiş, lakin Cavabdeh tərəfindən malların dəyəri ödənilməmişdir. Buna görə İddiaçı Firması Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil2 və Cəmiyyətin əvvəlki qanuni təmsilçisi Şahid8 tərəflər arasında bağlanmış müqavilənin sonuncu tərəfindən imzalanmadığını bildirmişlər. Bununla bağlı məhkəmə qeyd edir ki, qanunvericilikdə imperativ tələb kimi nəzərdə tutulmamasına baxmayaraq, işgüzar dövriyyədə uzun illərdir formalaşmış təcrübəyə əsasən, hüquqi şəxslərin blank olmayan xarici sənədlərində, o cümlədən tərəfdaşlarla qarşılıqlı tərtib olunan çoxtərəfli sənədlərin (müqavilələr, aktlar və s.) üzərində, bir qayda olaraq, bu sənədə daha da rəsmi və mötəbər xarakter verilməsi, sənədi imzalayan şəxsin imzasının həqiqiliyinin təsdiqi üçün müvafiq vəzifəli şəxslərin, əməkdaşların imzaları ilə yanaşı, hüquqi şəxslərin möhürləri də vurulur. Bu, həm də ondan irəli gəlir ki, fiziki şəxslərdən fərqli olaraq hər bir hüquqi şəxsin öz möhürü vardır. Hüquqi şəxsin möhürü bu şəxsi digər hüquq şəxslərdən fərqləndirən əsas əlamətlərdən biridir. Buna görə sənədin (müqavilənin) möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki möhür adətən hüquqi şəxslərin konkret rəhbər vəzifəli şəxslərinə, yaxud maddi məsul şəxslərinə təhkim olunmaqla kənar (səlahiyyəti olmayan) şəxslərin girişi qadağan olunan qapalı yerlərdə (xüsusi möhürlənən şkaf, seyf və s.) saxlanılır və yalnız səlahiyyətli şəxslər tərəfindən bilavasitə və ya onların etibar etdikləri şəxslər tərəfindən istifadə olunur. Bundan başqa müqavilə imzalanan dövrdə cavabdehin möhürün oğurlandığı, itirildiyi, aidiyyəti dövlət orqanları tərəfindən götürüldüyü və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi işin materialları ilə müəyyən olunmur. Göstərilənlərə əsasən məhkəmənin qənaəti belədir ki, hazırkı işdə 25 sentyabr 2023-cü il tarixli, 13/23 nömrəli alqı-satqı müqaviləsində müvafiq şəxsin imzası ilə yanaşı Cavabdeh möhürünün vurulması Cavabdeh MMC-nin rəhbərliyinin həmin müqavilədən məlumatlı olmasının, yaxud müqaviləni bəyənməsinin, orada göstərilənlərə etirazının olmadığının, habelə Cavabdeh MMC-nin adından müqaviləni imzalamış şəxsin səlahiyyətini təsdiq etdiyinin göstəricisi kimi qəbul olunmalıdır. İş materiallarından göründüyü kimi, İddiaçı Firması tərəfindən Cavabdehnə ümumilikdə 74561,36 manat dəyərində buğda kəpəyi satılması ilə əlaqədar xx.xx.2023xx.xx.2023-cü il tarixlərdə 18 ədəd elektron qaimə-faktura göndərilmişdir. Məhkəmə qeyd edir ki, mal təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimə-fakturaları təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı həmin qaimələrə etirazını bildirə, yaxud hər hansı dəqiqləşdirilmə apara bilərdi. Lakin hazırkı işdə bu hal mövcud deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Bundan başqa İddiaçı Firması tərəfindən Cavabdehnə 2023-cü ilin sentyabr-oktyabr aylarında kəpək satılması və həmin malların Cavabdeh həmin vaxt fəaliyyət göstərdiyi yem zavoduna daşınması məhkəmə baxış iclasında dindirilmiş şahidlərin ifadələri ilə də öz təsdiqini tapmışdır. Eyni zamanda iş materiallarında olan 22 mart 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, həmin araşdırma zamanı Cavabdeh əvvəlki qanuni təmsilçisi Şahid8 izahatında İddiaçı Firması tərəfindən Cavabdehnə 74000 manat dəyərində buğda kəpəyinin satıldığını və həmin kəpəyin cavabdeh tərəfindən yem istehsalında istifadə edildiyini, cavabdehin iddiaçıya borcu olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, tərəflər arasında alqı-satqıdan irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, Cavabdehndən ƏDV daxil olmaqla 74561 (yetmiş dörd min beş yüz altmış bir) manat məbləğində borcun tutularaq İddiaçı Firmasına ödənilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən ƏDV daxil olmaqla 74561 (yetmiş dörd min beş yüz altmış bir) manat məbləğində borc tutularaq İddiaçı Firmasına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehndən ƏDV daxil olmaqla 74561 (yetmiş dörd min beş yüz altmış bir) manat məbləğində borc tutularaq İddiaçı Firmasına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar