Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-956/2025 25.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 19 may 2025-ci il tarixdə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehdən 5342,25 manat məbləğində əsas borc, 1949,1 manat məbləğində faiz borcu olmaqla, cəmi 7291,35 (yeddi min iki yüz doxsan bir manat, otuz beş qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş 94 (doxsan dörd) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında “bitki mühafizə vasitələrinin, gübrələrin, toxumların satışı” ilə bağlı 24 iyun 2020-ci il tarixli 157 nömrəli müqavilə bağlanmışdır. Bağlanmış müqavilənin şərtlərinə əsasən iddiaçı tərəfindən cavabdehə bitki mühafizə vasitələri verilmişdir. Verilmiş mallar əsasında cavabdeh iddiaçıya 5342,25 manat (3142,5 ABŞ dolları) qalıq borcun ödənişini həyata keçirməli idi. "xxxx" MMC malları xarici ölkələrdən ABŞ dolları ilə aldığı üçün qiymətlər Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ dollarının rəsmi məzənnəsinə uyğun olaraq hesablanır. Tərəflər arasında bağlanmış 1, 2, 3 saylı əlavə razılaşmalara əsasən ödəmə zamanı məzənnədə dəyişiklik olarsa, qiymətlər ödəniş günü ABŞ dollarının məzənnəsinə uyğun olaraq aparılır. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı 22 iyul 2025-ci il tarixdə iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehdən 5342,25 manat məbləğində əsas borc, 1949,1 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 7291,35 (yeddi min iki yüz doxsan bir manat, otuz beş qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş 94 (doxsan dörd) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, məhkəməyə təqdim edilmiş satış qaiməsində malları təhvil alan şəxs kimi qeyd edilmiş Azad Məmmədov cavabdehin sürücüsüdür. Müvafiq şəxsi cavabdeh müqavilə üzrə aldığı malları təhvil almaq üçün göndərmişdir. Eyni zamanda məhkəməyə təqdim edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məktubuna əsasən, cavabdeh tərəfindən hər hansı ödəniş həyata keçirilmədiyi öz təsdiqini tapır. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan tərəflər arasında bağlanmış 24 iyun 2020-ci il tarixli 157 nömrəli “Bitki mühafizə vasitələrinin (toxum,gübrə) satışına dair müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı (iddiaçı "xxxx" MMC) alıcıya (Cavabdeh) müqaviləyə əlavə razılaşmada göstərilən bitki mühafizə vasitələrini (malı) satır, alıcı isə həmin malı qəbul edir və razılaşdırılmış müddətlərdə malın haqqını ödəyir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, malın adı, miqdarı, dəyəri, təhvil verilmə və ödəmə müddəti Əlavə razılaşma ilə müəyyən olunur. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, bu Müqaviləyə edilmiş əlavə razılaşma müqavilənin ayrılmaz hissəsidir, alıcı və satıcı tərəfindən imzalanaraq möhürlənir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, malın qiyməti, miqdarı və ödəmə müddəti müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşma ilə müəyyənləşdirilir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, ödəniş alıcı tərəfindən köçürmə yolu ilə satıcının müqavilədə göstərilən ("xxxx" ASC-də olan) hesabına ödənilməlidir. Həmin müqavilənin 3.1.1-ci yarımbəndinə əsasən, satıcı müqavilə imzalandıqdan sonra malları alıcıya əlavə razılaşma əsasında müəyyən edilmiş müddətdə təhvil verir. Həmin müqavilənin 3.1.2-ci yarımbəndinə əsasən, alıcı alınmış malların dəyərini əlavə razılaşmada göstərilən müddətdə ödəməlidir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, alıcı hazırki müqavilənin əlavə razılaşmasında göstərilən qiymətlər əsasında malın dəyərini tam şəkildə müəyyən olunmuş müddətdə ödəməyi öhdəsinə götürür. Həmin müqaviləyə 01 nömrəli Əlavə razılaşma üzrə 30 ədəd “Taspa” adlanan malın dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 3142,5 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Həmin razılaşmanın 3.1-ci bəndinə əsasən, malın dəyəri 30 gün müddətinə ödənilməlidir. Ödəmə zamanı məzənnə Mərkəzi Bankın ödəniş gününə ABŞ dollarının məzənnəsinə uyğun olaraq hesablanıb, manatla aparılır. Ödəmə vaxtında aparılmadığında gecikdirilən hər gün üçün ödənilməyən məbləğin 0,1% dəbbə hesablanacaqdır. Həmin razılaşmanın 3.2-ci bəndinə əsasən, hazırki Əlavə müqavilənin ayrılmaz tərkib hissəsi olub, eyni hüquqi qüvvəyə malikdir və imzalandığı andan qüvvəyə minir. İş materiallarında olan 24 iyun 2020-ci il tarixli 022885 nömrəli satış qaiməsindən görünür ki, iddiaçı tərəfindən cavabdehin nümayəndəsi Azad Məmmədova 3142,5 ABŞ dolları məbləğində mal təhvil verilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya ünvanlanmış 17 iyun 2025-ci il tarixli 2626 nömrəli məktubun məzmununda ““Aqrokimya’' MMC-nin "xxxx" ASC-də olan cari hesabına fiziki şəxs kimi Cavabdeh adından xx.xx.2020ci il tarixindən xx.xx.2025-ci il tarixinə kimi olan dövr ərzində pul vəsaiti daxil olmayıb.” qeyd edilmişdir. İş materiallarında olan 18 iyun 2025-ci il tarixli 488 nömrəli arayışın məzmununda “.....Aldığı mala görə Cavabdeh borcu 5342,25 (3142,5 ABŞ dolları) manat təşkil edir. Bu borcla bağlı hər-hansı bir ödəniş həyata keçirilməyib. Bank məlumatları da bunu təsdiq edir.” qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 24 iyun 2020-ci il tarixli 157 nömrəli “Bitki mühafizə vasitələrinin (toxum,gübrə) satışına dair müqavilə bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmeti olan məhsulları cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya tam ödəməmiş, nəticədə onun iddiaçıya 3142,5 ABŞ dolları, yəni 5342,25 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 24 iyun 2020-ci il tarixli 157 nömrəli müqavilə üzrə 5342,25 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehdən 1949,1 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqaviləyə 01 nömrəli Əlavə razılaşmanın 3.1-ci bəndində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya)qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 1949,1 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb edilən cərimənin məbləği azaldılaraq cavabdehdən cəmi 268 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan əlavə, iddia tələbinin 94 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 19 may 2025-ci il tarixli **********14 nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 94 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 76,1 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 5342,25 manat məbləğində əsas borc, 268 manat məbləğində cərimə, 76,1 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5686,35 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 5342,25 (beş min üç yüz qırx iki manat, iyirmi beş qəpik) manat məbləğində əsas borc, 268 (iki yüz altmış səkkiz) manat məbləğində cərimə, 76,1 (yetmiş altı manat, on qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5686,35 (beş min altı yüz səksən altı manat, otuz beş qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-956/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-956/2025
25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver