Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-96/2024 25.01.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 30 noyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (VÖEN **********) 14 aprel 2022-ci il tarixli 191-A/22 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış 645,9 (altı yüz qırx beş manat 90 qəpik) manat əsas borc, 97 (doxsan yeddi) manat cərimə və mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat xidmət haqqı olmaqla, cəmi 792,9 (yeddi yüz doxsan iki manat 90 qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı Cavabdeh arasında alkoqollu və alkoqolsuz içki məhsullarının alqı satqısına dair 14 aprel 2022-ci il tarixli 191-A/22 nömrəli müqavilə bağlanmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə borcu yaranmışdır. Belə ki, Müqavilənin 4.2-ci bəndinə görə “Alıcı"ya faktura təqdim olunan gündən hesablanmaqla 30 təqvim günü müddətində faktura üzrə göstərilən ümumi məbləğ nağdsız qaydada və tam şəkildə “Satıcı”nın xeyrinə ödənilməlidir. Müqavilənin 4.2-ci bəndinin tələbləri pozulduqda isə 4.2.4-cü bəndə əsasən ödənişlərin hər gecikdirilmiş günü üçün dəyərinin ödənilməmiş qalığının 0,2 % faiz həcmində peniya ödəyir. Satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş 208340 nömrəli elektron qaimədən və 26 aprel 2022-ci il tarixli 0105-6828 saylı əl qaiməsindən görünür ki, cavabdeh müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə onun 645,9 (altı yüz qırx beş manat 90 qəpik) manat borcu yaranmış və həmin borcun 10 gün müddətində ödənilməsi ilə bağlı 15 dekabr 2022-ci il tarixdə cavabdehə pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh həmin məktubu elektron kabinet vasitəsi ilə alsa da, borcu ödəməkdən imtina etmişdir. Hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş üzrə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və Cavabdeh məhkəmə baxış iclasına gəlməmişlər. Lakin, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilən ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəblərə görə gələ bilmədiyi üçün məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) ilə Alıcı – hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) arasında bağlanmış 14 aprel 2022-ci il tarixli 191-A/22 nömrəli Alqı-satqı Müqaviləsinin şərtlərinə görə, tərəflərin müqaviləni imzaladığı və təsdiq etdiyi andan etibarən "Satıcı” rəsmi distribütoru olduğu və özünün idxal etdiyi suları, şirələri, spirtli, spirtsiz içkilər və s. məhsulları, bundan sonra “mal (larını)” “Alıcı”nın sifarişi nəzərə alınaraq, qaimə-faktııra əsasında “Alıcı”ya satmağı öz öhdəsinə götürmüşdür (1.1-ci bənd). Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, bu Müqaviləyə əsasən satılan mal(ların) hər birinin miqdarı faktura ilə müəyyən edilir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilənin 1.1-ci bəndinə əsaslanaraq “Satıcı” öz anbarından realizə edilməsi üçün “Alıcı”ya verdiyi mal(ların) bir vahidinin qiymətini, ümumi dəyərini və həmçinin qanunvericiliyə müvafiq olaraq hesablanmış ƏDV-ni, faktura ilə müəyyən edir. “Alıcı”ya faktura təqdim olunan gündən etibarən nağdsız qaydada 30 təqvim günü müddətinə faktura üzrə göstərilən məbləğ “Alıcı” tərəfindən ödənilməlidir. Həmin Müqavilənin 4.2-ci bəndinin tələblərinə əsasən, “Satıcı” tərəfindən “Alıcı”ya realizə edilməsi üçün təhvil verilmiş mal(ların) tam dəyəri köçürülmə üsulu ilə “Alıcı” tərəfindən 30 (otuz) təqvim günü müddətində ödənilməlidir. Həmin Müqavilənin 4.2.4-cü bəndinə əsasən, Alıcı tərəfindən təhvil alınan mal (ların) dəyərini bu müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş müddətdə ödənilmədikdə, Alıcı hər gecikdirilmiş gün üçün mal(ların) dəyərinin ödənilməmiş qalığının 0,2% həcmində peniya ödəyir. Həmin Müqavilənin 4.4.1-ci bəndinə əsasən, “Satıcı” qaimə-faktura əsasında təhvil verilmiş mal(ların) pulunun tam və vaxtında ödənilməsini “Alıcı"dan tələb edə bilər. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən, bu müqavilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandığı və təsdiqləndiyi gündən etibarən qüvvəyə minir və həmin tarixdən etibarən 3 (üç) il müddətinə qüvvədədir. İş materiallarında olan 26 aprel 2022-ci il tarixli 0105-6828 nömrəli Satış Fakturası ilə müəyyən olunur ki, 14 aprel 2022-ci il tarixli 191-A/22 nömrəli Müqavilə üzrə satıcı "xxxx" MMC tərəfindən ƏDV daxil cəmi 645,9 (altı yüz qırx beş manat 90 qəpik) manat dəyərində təqdim olunmuş müxtəlif mallar (su və s.) alıcı Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan 26 aprel 2022-ci il tarixli EBBV 208340 nömrəli Elektron Qaimə ilə müəyyən olunur ki, 14 aprel 2022-ci il tarixli 191-A/22 nömrəli Müqavilə üzrə satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən alıcı Cavabdeh ƏDV daxil cəmi 645,9 (altı yüz qırx beş manat 90 qəpik) manat (547,37 manat malın dəyəri + 98,53 manat ƏDV) dəyərində müxtəlif malların satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İddiaçı tərəfin təqdim etdiyi 28 dekabr 2023-cü il tarixli 129-T/23 nömrəli Maliyyə Arayışında göstərilir ki, 14 aprel 2022-ci il tarixli 191-A/22 nömrəli Alqı-Satqı Müqaviləsinə əsasən almış olduğu mallara görə Cavabdeh 28 dekabr 2023-cü il tarixə iddiaçı "Azəriş LTD” MMC-yə 645,9 (altı yüz qırx beş manat 90 qəpik) manat məbləğində əsas borcu və 97 (doxsan yeddi) manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin konkret halları ilə müəyyən olunur ki, 14 aprel 2022-ci il tarixli 191-A/22 nömrəli alqı-satqı Müqaviləsi üzrə almış olduğu mallara görə cəmi 645,9 (altı yüz qırx beş manat 90 qəpik) manat məbləğində əsas borc alıcı Cavabdeh tərəfindən satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində 14 aprel 2022-ci il tarixli 191-A/22 nömrəli Alqı-satqı Müqaviləsi üzrə 645,9 manat məbləğində əsas borcun, 97 manat cərimə borcunun və 50 manat məbləğində ödənilmiş mediasiya xərcinin əvəzinin Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı "xxxx" MMC tərəfindən mediatora 50 (əlli) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə bağlanmış 14 aprel 2022-ci il tarixli 191-A/22 nömrəli Alqı-satqı Müqavilə üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Müqavilə üzrə hazırkı iddia ərizəsində tələb olunan ödənilməmiş 645,9 (altı yüz qırx beş manat 90 qəpik) manat məbləğində əsas borcun və 97 (doxsan yeddi) manat məbləğində cərimənin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdeh (VÖEN **********) 645,9 manat məbləğində əsas borc və 97 manat məbləğində cərimə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Eləcə də, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə uyğun olaraq mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 50 (əlli) manat məbləğində xidmət haqqının əvəzi də Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Həmçinin, Cavabdeh iddia tələbi üzrə tutulan borcla əlaqədar hesablanan 30 (otuz) manat məbləğində dövlət rüsumu isə dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh (VÖEN **********) 645,9 (altı yüz qırx beş manat 90 qəpik) manat məbləğində əsas borc, 97 (doxsan yeddi) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 50 (əlli) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 792,9 (yeddi yüz doxsan iki manat 90 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-96/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-96/2024
25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver