Məhkəmə qərarları › İş №e-2-2(119)-96/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-96/2025

19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-96/2025 19.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı 17 sentyabr 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 05 yanvar 2023cü il tarixli Xİ-05/01 nömrəli müqavilə üzrə cavabdehdən 38077 (otuz səkkiz min yetmiş yeddi) manat məbləğində əsas borc, 1923 (min doqquz yüz iyirmi üç) manat məbləğində cərimə olmaqla, cəmi 40000 (qırx min) manat məbləğində pul vəsaitinin və 210 (iki yüz on) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış 05 yanvar 2023-cü il tarixli Xİ-05/01 nömrəli müqaviləyə əsasən, satıcı qismində çıxış edən iddiaçı həmin müqavilənin predmetini təşkil edən un məhsulunu alıcı qismində iştirak edən cavabdehə satmağı, cavabdeh isə həmin məhsulu qəbul edib dəyərini müqavilə ilə razılaşdırılmış qaydada satıcıya ödəməyi öhdəsinə götürmüş, müqavilə üzrə öhdəlik iddiaçı tərəfindən icra edilsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi, yəni aldığı məhsulların dəyərini tam şəkildə ödəməmiş, nəticədə cavabdehin 38077 manat məbləğində borcu yaranmış və 1923 manat məbləğində cərimə hesablanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndinə əsasən, bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 1 %-i həcmində dəbbə pulu ödəyir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. 23 noyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, tərəflər arasında 05 yanvar 2023cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqayiləyə əsasən, satıcı malları alıcıya satmağı, alıcı isə həmin malları almağı və malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 31 may 2023-cü il tarixli üzləşmə aktı ilə cavabdeh 38077 manat məbləğində borcu olduğunu etiraf etmiş, lakin borc məbləği üzrə ödəniş həyata keçirməmişdir. Cavabdehin izahatlarından göründüyü kimi, cavabdeh un satacağı müştəriləri özü müəyyənləşdirmiş, yəni təmsil etdiyi təşkilat həmin şəxsləri tanımamışdır. Təmsil etdiyi təşkilatla cavabdeh arasında olan münasibətlər tərəflər arasında bağlanmış müqavilə əsasında tənzimlənir. Həmin müqavilə və onun əsasında tərtib edilmiş üzləşmə aktına əsasən cavabdeh 38077 manat məbləğində pul ödəməlidir. Həmçinin iş materiallarına əlavə edilmiş sənədlərdə olan imzalar cavabdehin özünə məxsusdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında bildirdi ki, cavabdeh müqavilələrdə, üzləşmə və təhvil-təslim aktında olan imzaların ona aid olmadığını iddia etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasına dair ekspert rəyinə əsasən həmin imzaların həqiqətən də Cavabdeh məxsus olması öz təsdiqini tapmışdır. Tərəflər arasında bağlanmış 05 yanvar 2023-cü il tarixli müqavilə əsasında hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Lakin cavabdeh hazırkı mübahisənin predmeti olmayan - 2021-ci il tarixdə olan hadisələrə istinad edərək iddiaya etiraz edir və həmin izahatlarını təsdiq edən sübutları məhkəməyə təqdim etmir. Cavabdehin izahatlarında ziddiyyət var. Əvvəlki məhkəmə iclasında iddiaçı təşkilata gedərək hansısa sənədi imzaladığını bildirsə də, hazırda 2023-cü ildə, ümumiyyətlə o şirkətə getmədiyini bildirir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. 23 noyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh iddia ərizəsinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı təşkilata borcu yoxdur. O, iddiaçı təşkilatdan un alaraq ayrı-ayrı dükanlara, şirniyyat mağazalarına satmışdır. 2021-ci ildə iddiaçı təşkilatla əməkdaşlığı dayandırmışdır. Razılaşmaya əsasən, unu satdıqdan sonra iddiaçı təşkilata pul ödəməli idi. İddiaçı təşkilatla əməkdaşlığı sonlandırmamışdan əvvəl un satdığı bəzi şəxslərin iddiaçı təşkilata borcu olduğunu sübut etmək üçün onlara borcun etirafı ilə bağlı sənədlər imzalatmışdır. Bəzi şəxslər borcları olduğuna görə pandemiya dövründə qaçıb gizlənmişdilər. Həmin şəxslərin borclarına görə ona məxsus 19000 manat məbləğində dəyəri olan torpaq sahəsini iddiaçı təşkilatın rəhbərinin bacısı oğlu Zülfüqarın adına keçirmişdir. Təxminən 3-4 ay əvvəl iddiaçı təşkilatda işləyən Rizvan adlı şəxs onu çağıraraq ayrı-ayrı şəxslərin iddiaçı təşkilata təxminən 35000 manat məbləğində borcu olduğunu təsdiq edən sənəd imzalamasını xahiş etmiş və o, imzalamışdır. Lakin o, 2023cü ildə hansısa sənəd imzalamamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdə müqavilədə, təhvil-təslim və üzləşmə aktlarında olan imzalar ona məxsus deyildir. Məhkəmə iclasında cavabdeh izahatında bildirdi ki, iddiaçı təşkilatdan 2020-ci ildən bəri hansısa mal almamışdır, əgər mal alsa idi, bununla bağlı faktura olardı. İddiaçı təşkilat borcu həmin təşkilata ödəməli olduqları ilə bağlı müştərilərə sənəd imzalatmışdır. Yəni bu məsələdə onun hansısa məsuliyyəti yoxdur. Sözügedən borcların sonradan tələb ediləcəyini düşünmədiyinə görə, izahatlarını təsdiq edən hansısa sübutu məhkəməyə təqdim edə bilmir. İddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdən bir-iki ay əvvəl iddiaçı təşkilata etibar etdiyinə görə, 35000 manat yazılan sənədi imzalamış, lakin həmin sənədin məzmunu ilə tanış olmamışdır. Cavabdeh göstərilənlərin nəzərə alınaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan 05 yanvar 2023-cü il tarixli Xİ-05/01 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı (İddiaçı MMC) bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrdə göstərilən tərkibdə və göstəricilərə uyğun vəziyyətdə malları alıcıya (Cavabdeh) satmağı, alıcı isə həmin malları almağı və onun dəyərini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, alıcı və satıcı arasında yaranmış borc qalıqları mütəmadi olaraq tərəflər arasında imzalanaraq bağlanan “Üzləşmə aktı” ilə müəyyən edilir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, mallar satıcı tərəfindən alıcıya və ya alıcının nümayəndələrinə “təhvil-təslim aktı” əsasında təhvil verilir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, alıcı ödənişləri malın qəbul edilməsindən dərhal sonra və ya 10 təqvim günündən gec olmayaraq bank ödənişi və ya nağd ödəniş yolu ilə həyata keçirməlidir. Həmin müqavilənin 5.1.1-ci yarımbəndinə əsasən, satıcı alıcıdan satılmış malın dəyərini bu müqavilədə müəyyən edilmiş müddətdə ödəməyi tələb etmək hüququna malikdir. Həmin müqavilənin 5.2.2-ci yarımbəndinə əsasən, alıcı malların dəyərini bu müqavilə ilə müəyyən edilmiş vaxtda ödəmək vəzifəsi daşıyır. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən, bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 1 %-i həcmində dəbbə pulu ödəyir. Gecikdirmənin müddəti 15 gündən çox olduqda satıcı öhdəliklərin məcburi qaydada tam icrası və dəbbə pulunun ödənilməsi üçün məhkəməyə müraciət edə bilər. Həmin müqavilənin 7.3-cü maddəsinə əsasən, tərəflər razılaşmışlar ki, mübahisələr ümumi məhkəməyə aid olduğu halda mübahisəyə ərazi aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsində, kommersiya məhkəmələrinə aid olduğu halda isə Sumqayıt Kommersiya Məhkəməsində baxılacaqdır. İş materiallarında olan tərəflərin iştirakları ilə tərtib edilmiş, iddiaçının nümayəndəsi və cavabdeh tərəfindən imzalanmış 05 yanvar 2023-cü il tarixli Xİ-05/01 nömrəli alqı-satqı müqaviləsinə əlavə olan 31 may 2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, ümumi dəyəri 38077 manat məbləğində olan əla növ un cavabdehə təhvil verilmişdir. İş materiallarında olan tərəflərin iştirakları ilə tərtib edilmiş, iddiaçının nümayəndəsi və cavabdeh tərəfindən imzalanmış 05 yanvar 2023-cü il tarixli Xİ-05/01 nömrəli alqı-satqı müqaviləsinə əlavə olan 31 may 2023-cü il tarixli üzləşmə aktından görünür ki, 31 may 2023-cü il tarixinə cavabdehin iddiaçıya borcunun məbləği 38077 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə məhkəmə-xətşünaslıq ekspertizası üzrə təqdim edilmiş 26 dekabr 2024-cü il tarixli 4/1941 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş işin 19-20-ci vərəqlərində olan 05 yanvar 2023-cü il tarixli Xİ- 05/01 nömrəli alqı-satqı müqaviləsində “ALİCİ” qrafasından aşağıda yerləşən “İmza:” qrafasındakı imza; 21-ci vərəqində olan 31 may 2023-cü il tarixli təhvil-təslim aktında “Təhvil alan” qrafasından aşağıda yerləşən “İmza:” qrafasındakı imza; 22-ci vərəqində olan 31 may 2023-cü il tarixli üzləşmə aktında “Cavabdeh” yazısının aşağı hissəsində yerləşən “(imza)” qrafasındakı imza-Cavabdeh tərəfindən icra olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 05 yanvar 2023-cü il tarixli Xİ-05/01 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmeti olan un məhsullarını cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək təhvil aldığı həmin malların dəyərini iddiaçıya tam ödəməmiş, nəticədə onun iddiaçıya 38077 manat məbləğində borcu yaranmışdır. Bu qeyd edilənlər yuxarıda istinad edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş təkzibedilməz sübutlarla - tərəflər arasında bağlanmış 05 yanvar 2023-cü il tarixli alqı-satqı müqaviləsi, 31 may 2023-cü il tarixli təhvil-təslim aktı, 31 may 2023-cü il tarixli üzləşmə aktı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 26 dekabr 2024-cü il tarixli 4/1941 nömrəli ekspert rəyi və s. ilə tam sübut olunmaqdadır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 05 yanvar 2023-cü il tarixli Xİ-05/01 nömrəli alqı-satqı müqaviləsi üzrə 38077 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Cavabdeh məhkəmə iclaslarında verdiyi izahatlarda iddianı qəbul etməyərək alqısatqı müqaviləsində, üzləşmə və təhvil-təslim aktlarında olan imzaların ona məxsus olmadığını, onun un satdığı müştərilərin satılan malların pulunu şirkətə ödəməli olduqlarını, iddiaçının Zülfüqar adlı əməkdaşının onunla birlikdə müştərilərlə görüşüb borcu şirkətə vermələri olduğu barədə sənədlərə imza çəkdirdiyini, həmin vaxt müştərilərdən birinin imza çəkdiyi sənədin şəklini çəkdiyini, borcunun ödənilmiş hesab edilməsi üçün özünə məxsus olan torpaq sahəsini iddiaçının Zülfüqar adlı əməkdaşına satdığını (başqa izahatında isə torpaq sahəsini satması üçün etibarnamə verdiyini) qeyd etmişdir. Cavabdehin iddianın əsasını təşkil edən sənədlərdəki - alqı-satqı müqaviləsində, üzləşmə və təhvil-təslim aktlarında olan imzaların ona məxsus olmaması barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsinə dair 23 noyabr 2024-cü il tarixli qərardadın icrası ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş 26 dekabr 2024-cü il tarixli 4/1941 nömrəli ekspert rəyində adıçəkilən sənədlərdə olan imzaların cavabdeh tərəfindən icra olunduğu qeyd edilmişdir. Məhkəmə həmin sənədlərdə olan imzaların ona məxsus olmaması barədə dəlilə münasibətdə Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinin tələbinə əsasən olaraq həmin Məcəllənin 88-ci maddəsinə uyğun qiymətləndirmə apararaq belə nəticəyə gəlir ki, istinad edilən ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir, onun əsaslılığının şübhə altına alınması üçün hər hansı əsas yoxdur, digər iş materialları ilə ziddiyyət təşkil etmir və tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində və imzalanmış üzləşmə və təhvil-təslim aktlarında olan imzalar məhz cavabdehə məxsusdur. İşin bu halı ilə bağlı o da qeyd edilməlidir ki, cavabdeh məhkəmə iclaslarında iddiaçı təşkilatla 2020-ci ildən sonra hansısa əlaqəsinin qalmadığını bildirsə də, eyni zamanda izahatında, həm də onu göstərmişdir ki, 2024-cü il ərzində iddiaçı təşkilatın yerləşdiyi ünvana gedərək məzmunu ilə tanış olmadan müəyyən sənədləri imzalamışdır. Məhkəmə qeyd edilənlərlə bağlı belə nəticəyə gəlir ki, cavabdehin bu cür ziddiyyətli izahatları onun mülki-hüquqi məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyünə dəlalət edir. Cavabdeh izahatında ifadə etdiyi digər dəlilləri ilə bağlı - onun un satdığı müştərilərin satılan malların pulunu şirkətə ödəməli olmaları, iddiaçının Zülfüqar adlı əməkdaşının onunla birlikdə müştərilərlə görüşüb borcu şirkətə vermələri olduğu barədə sənədlərə imza çəkdirməsi, həmin vaxt onun müştərilərdən birinin imza çəkdiyi sənədin şəklini çəkməsi, borcunun ödənilmiş hesab edilməsi üçün özünə məxsus olan torpaq sahəsini iddiaçının Zülfüqar adlı əməkdaşına satması (digər izahatında isə torpağı satması üçün etibarnamə verməsi) barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericiliyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir və hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbinin cavabdehdən 1923 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (alqı-satqı müqaviləsinin yuxarıda istinad edilmiş 6.2-ci bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya)qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 1923 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb edilən cərimənin məbləği azaldılaraq cavabdehdən cəmi 1904 (min doqquz yüz dörd) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan əlavə, iddia tələbinin 210 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 13 sentyabr 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 210 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 209,94 (iki yüz doqquz manat, doxsan dörd qəpik) manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2024-cü il tarixli 4/1941 nömrəli nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılan ekspertiza tədqiqatının dəyəri ümumilikdə 138 manat təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 138 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 38077 manat məbləğində əsas bоrc, 1904 manat məbləğində cərimə, 209,94 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 40190,94 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməli, həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 138 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 38077 (otuz səkkiz min yetmiş yeddi) manat məbləğində əsas bоrc, 1904 (min doqquz yüz dörd) manat məbləğində cərimə, 209,94 (iki yüz doqquz manat, doxsan dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 40190,94 (qırx min yüz doxsan manat, doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 138 (yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar