Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-97/2025 06.01.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı verdiyi “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı "borcun tutulması" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 13208,70 (on üç min iki yüz səkkiz manat, yetmiş qəpik) manat məbləğində borc, 2000 (iki min) manat məbləğində dəymiş zərərin əvəzi, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 540 (beş yüz qırx) manat məbləğində pul vəsaitinin əvəzi olmaqla, cəmi 15748,70 (on beş min yeddi yüz qırx səkkiz manat, yetmiş qəpik) manat məbləğində pul vəsaitinin və 138 (yüz otuz səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1996-cı il tarixdən etibarən kənd təsərrüfatı sahəsində istifadə olunan dərman preparatlarını müxtəlif xarici ölkələrdən Azərbaycan Respublikasına ixrac edərək satışı ilə məşğul olur. İddiaçı ilə cavabdeh arasında 26 noyabr 2021-ci il tarixli 1/21-196AZ nömrəli bitki mühafizə vasitələrinin satışına dair müqavilə bağlanılmış, cavabdehə, ümumilikdə 38551,71 manat dəyərində mal verilmiş, cavabdeh həmin məbləğdən iddiaçıya 25343,01 manat məbləğində pul ödəmiş və 13208,70 manat məbləğində borcu qalmışdır. Qalan məbləğin ödənilməsi cavabdehdən dəfələrlə tələb edilsə də, bu yerinə yetirilmədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı tərəfindən 04 dekabr 2024-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək 13208,70 (on üç min iki yüz səkkiz manat, yetmiş qəpik) manat məbləğində borc, 2000 (iki min) manat məbləğində dəymiş zərərin əvəzi, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 360 (üç yüz altmış) manat məbləğində pul vəsaitinin əvəzi olmaqla, cəmi 15568,70 (on beş min beş yüz altmış səkkiz manat, yetmiş qəpik) manat məbləğində pul vəsaitinin və 138 (yüz otuz səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin nümayəndəsi 06 yanvar 2025-ci il tarixində məhkəməyə ərizə təqdim edərək tərəflər arasında bağlanmış 03 sentyabr 2020-ci il tarixli müqavilə üzrə 3 illik iddia müddəti ötürüldükdən sonra məhkəməyə müraciət edildiyi üçün iddia müddəti tətbiq edilməklə iddianın həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, təqdim edilmiş sənədlərdən göründüyü kimi, tərəflər arasında 03 sentyabr 2020-ci il tarixdən başlayaraq işgüzar münasibətlər mövcud olmuşdur. Qanunvericiliyin tələbinə uyğun olaraq, satılan məhsulların və göstərilən xidmətlərin dəyərini əks etdirən elektron qaimə-fakturalar cavabdehə göndərilmişdir. Lakin cavabdeh təşkilat müəyyən məbləğdə ödənişlər həyata keçirsə də, müqavilə üzrə öhdəliklərini tam şəkildə yerinə yetirməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 05 avqust 2022-ci il tarixli elektron qaimə-fakturaya cavabdeh tərəfindən hər hansı etiraz irəli sürülmədiyi üçün qaimədə qeyd edilən xidmətin göstərildiyi təsdiq edilmişdir. Həmin qaimə-fakturanın məzmununda qaimənin 26 noyabr 2021-ci il tarixli müqaviləyə əsasən göndərildiyi qeyd edilmişdir. Çünki “Aqronom məsləhəti” xidməti, məhz həmin müqavilənin predmeti olan dərman preparatlarının istifadə qaydası ilə bağlı göstərilmişdir. Təmsil etdiyi təşkilat uzun illərdir ki, aqronom məsləhəti xidmətinin göstərilməsi fəaliyyəti ilə məşğul olur. Həmin xidmətin göstərilməsi ilə bağlı müştərilərlə bağlanmış müqavilədə ayrıca qeyd olmur. Analoji hal hazırkı işə də tətbiq edilmişdir. Tərəflər aqronom məsləhəti xidmətinin göstərilməsi ilə bağlı şifahi razılığa gəlmiş və göndərilmiş 05 avqust 2022-ci il tarixli qaiməfaktura cavabdeh təşkilat tərəfindən qəbul edilmiş və məhkəmə prosesləri başlananadək bu barədə hansısa etiraz irəli sürülməmişdir. İddiaçının nümayəndəsi tərəflər arasındakı münasibətlərın davamlı xarakter daşıdığının nəzərə alınaraq 03 sentyabr 2020-ci il tarixli müqavilə üzrə iddia müddəti tətbiq edilməməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, iddiaçı ilə cavabdeh arasında “Aqronom məsləhəti” xidmətinin göstərilməsi ilə bağlı nə şifahi, nə də ki, yazılı müqavilə bağlanmışdır. Həmin xidmətin göstərilməsi ilə bağlı iddiaçının nümayəndəsi tərəfindən hansısa sübut təqdim edilməmişdir. Həmçinin 08 sentyabr 2020-ci il tarixli elektron qaimə-faktura göndərilənə qədər, başqa qaimələr də göndərilmişdir. Həmin qaimələr üzrə mallar təhvil verildiyinə görə, ödəniş həyata keçirilmişdir. Lakin mübahisəli qaimə üzrə mallar təhvil verilmədiyinə görə cavabdeh tərəfindən ödəniş həyata keçirilməmişdir. 03 sentyabr 2020-ci il tarixli müqaviləyə münasibətdə iddia müddəti tətbiq edilməlidir. Çünki 03 sentyabr 2020-ci il tarixli müqavilədən sonra başqa müqavilənin bağlanması ilkin müqaviləyə münasibətdə münasibətlərin davam etməsi mənasına gəlmir. Mühasibin diqqətsizliyinə görə isə 05 avqust 2022-ci il tarixli elektron qaimə-fakturaya hansısa etiraz edilməmişdir. Bundan başqa, həmin qaimənin əsası olmadığı və etibarsız sənəd kimi qiymətləndirildiyi üçün ödəniş həyata keçirilməmiş, etiraz edilməmişdir. Digər qaimələr üzrə mallar təhvil verildiyi üçün ödəniş həyata keçirilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizəni, iddia müddətinin tətbiq edilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan iddiaçı və cavabdeh arasında bağlanmış bitki mühafizə vasitələrinin satışına dair 03 sentyabr 2020-ci il tarixli 1/21-196AZ nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı (İddiaçı QSC) alıcıya (Cavabdeh MMC-yə) müqaviləyə Əlavə razılaşmada göstərilən bitki mühafizə vasitələrini satır, alıcı isə həmin malları təhvil alır və razılaşdırılmış müddətlərdə malın haqqını ödəyir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən malın adı, miqdarı, dəyəri, təhvil verilmə və ödəmə müddətləri bu müqaviləyə Əlavə razılaşma ilə müəyyən olunur. İş materiallarında olan iddiaçı və cavabdeh arasında bağlanmış bitki mühafizə vasitələrinin satışına dair 26 noyabr 2021-ci il tarixli 1/21-196AZ nömrəli müqavilənin 2.1-ci bəndinə əsasən, satıcı (İddiaçı QSC) müqavilənin əlavəsi hesab edilən və alıcı (Cavabdeh MMC) tərəfindən rəsmiləşdirilən müvafiq Əlavədə göstərilən malları razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı, alıcı isə həmin malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini müvafiq Əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, malların təhvil verilməsi alıcının müqavilənin müvafiq əlavələrində göstərilən ünvanda həyata keçiriləcək. Alıcının həmin mallara mülkiyyət hüququ o vaxt yaranacaq ki, onlar alıcının və ya onun səlahiyyətli nümayəndəsinin ixtiyarına qənaətbəxş səviyyədə bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtərlə tam təhvil verilmiş olsun. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, satıcı malların çatdırılması zamanınadək aşkar edilmiş qüsurlar hər iki tərəfin birgə tərtib edəcəyi və imzalayacağı qüsur aktında əks olunacaq. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, satıcı malların alıcıya təhvil verilməsini tərəflər arasında müvafiq qaydada imzalanacaq təhvil-təslim aktı (Qaimə-Faktura) əsasında həyata keçirəcək. Tərəflər razılaşırlar ki, malların çatdırılması zamanı hər-hansı bu kimi qüsur aşkar olunduqda onların satıcı tərəfindən aradan qaldırılması yuxarıdakı 3.3-cü bənddə istinad olunan qüsur aktında müəyyən olunmuş müddətdə təmin edilmiş olsun. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 3685,53 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2020-ci il tarixli EBAP seriyalı 661680 nömrəli, 1381,55 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBBN seriyalı 174335 nömrəli, 20913,96 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBBN seriyalı 174328 nömrəli, 833 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBBN seriyalı 174321 nömrəli, 5488,2 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBCB seriyalı 381972 nömrəli elektron qaimə-fakturalar təqdim edilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 9935 manat dəyərində aqronom məsləhəti xidməti göstərilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBCB seriyalı 380910 nömrəli elektron qaimə-faktura təqdim edilmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli EBBN seriyalı 174335 nömrəli elektron qaimə-faktura üzrə xx.xx.2021-ci il tarixdə 1381,55 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBN seriyalı 174328 nömrəli elektron qaimə-faktura üzrə xx.xx.2021-ci il tarixdə 20913,96 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBN seriyalı 174321 nömrəli elektron qaimə-faktura üzrə 833 (127,07+705,93) manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCB seriyalı 381972 nömrəli elektron qaimə-faktura üzrə xx.xx.2022-ci il tarixdə 2900 manat məbləğində və xx.xx.2022-ci il tarixdə 3000 manat məbləğində ödənişlər edilmişdir. İş materiallarında olan maliyyə arayışına əsasən, iddiaçı və cavabdeh arasında bağlanmış 26 noyabr 2021 ci il 1/21-196 AZ saylı müqaviləyə və elektron qaiməfakturalara əsasən dərman preparatlarının satışı həyata keçirilmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli EBAP seriyalı 661680 nömrəli qaimə üzrə 3685,53 manat, xx.xx.2021-ci il tarixli EBBN seriyalı 174335 nömrəli qaimə üzrə 1381,55 manat, xx.xx.2021-ci il tarixli EBBN seriyalı 174328 nömrəli qaimə üzrə 20913,96 manat, xx.xx.2021-ci il tarixli EBBN seriyalı 174321 nömrəli qaimə üzrə 833 manat, xx.xx.2022-ci il tarixli EBCB seriyalı 381972 nömrəli qaimə üzrə 5488,2 manat, xx.xx.2022-ci il tarixli EBCB seriyalı 380910 nömrəli qaimə üzrə 9935 manat məbləğində borcu yaranmış, həmin borclardan ümumilikdə 29028,51 manat məbləğində ödəniş edilmiş, cavabdehin ödənilməmiş borcu 13208,73 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilibedilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.2-ci, 427.3-cü və 427.4-cü maddələrinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən, elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. Həmin Qaydaların 2.2.1-ci yarımbəndinə əsasən, malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə tərtib edilmiş elektron qaimə-faktura həmin Qaydaların 2.2-ci bəndində nəzərdə tutulmuş elektron qaimə-fakturaların növlərindən biridir. Məhkəmənin mövqeyi: Təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 03 sentyabr 2020ci il tarixli 1/20-139AZ nömrəli və 26 noyabr 2021-ci il tarixli 1/21-196AZ nömrəli alqı-satqı müqavilələri bağlanılmış, həmin müqavilələr üzrə satıcı qismində çıxış edən iddiaçı bitki mühafizə vasitələrini alıcı qismində çıxış edən cavabdehə satmağı, cavabdeh isə həmin malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış alqısatqı müqavilələri üzrə malların verilməsi və onlara görə ödənişlərin məbləği elektron qaimə-fakturalar vasitəsilə rəsmiləşdirilmişdir. Belə ki, ilk olaraq, tərəflər arasında bağlanılmış 03 sentyabr 2020-ci il tarixli 1/20- 139AZ nömrəli müqavilə üzrə cavabdehə 3685,53 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2020-ci il tarixli EBAP seriyalı 661680 nömrəli elektron qaimə-faktura təqdim edilmiş, lakin həmin qaimə-faktura üzrə cavabdeh tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. Cavabdehin nümayəndəsi, eyni zamanda məhkəməyə ərizə təqdim edərək 03 sentyabr 2020-ci il tarixli 1/21-196AZ nömrəli müqavilə üzrə iddia müddətinin ötürülməsi səbəbindən həmin müqavilə üzrə tələb edilən məbləğlə əlaqədar iddianın həmin hissədə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia ərizəsi 03 sentyabr 2020-ci il tarixli 1/21-196AZ nömrəli müqavilə üzrə borcun tutulması hissəsində iddia müddəti ötürüldükdən sonra məhkəməyə verilmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən 03 sentyabr 2020-ci il tarixli 1/21-196AZ nömrəli müqavilə üzrə cavabdehə 3685,53 manat dəyərində malların satılması ilə əlaqədar 08 sentyabr 2020-ci il tarixli EBAP seriyalı 661680 nömrəli elektron qaimə təqdim edilmişdir. İddiaçı isə məhkəməyə hazırkı iddia ərizəsi ilə 03 sentyabr 2020-ci il tarixli 1/21-196AZ nömrəli müqaviləyə əsasən borcun tutulması hissəsində müqavilə tələbləri üzrə qanunla müəyyənləşdirilmiş üç illik iddia müddəti keçdikdən sonra - 18 sentyabr 2024-cü il tarixdə müraciət etmişdir. Başqa sözlə, iddiaçının həmin elektron qaimə-fakturanın göndərildiyi 08 sentyabr 2020-ci il tarixdən başlayaraq 3 il müddətində ödənişləri tələb etmək hüququ olmasına baxmayaraq, bu hüququndan istifadə etməmiş, yəni hüququnun müdafiəsi üçün müəyyən edilmiş müddəti ötürmüşdür. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və istinad olunan mülki qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, hazırkı iddia ərizəsi 03 sentyabr 2020-ci il tarixli 1/21-196AZ nömrəli müqavilə üzrə borcun tutulması hissəsində mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətdə verilmədiyindən, yəni həmin müddət ötürülmüş olduğundan iddia tələbi həmin müqavilə üzrə 3685,53 manat məbləğində borcun tutulması hissəsində təmin edilməməlidir. Tərəflər arasında bağlanmış 26 noyabr 2021-ci il tarixli 1/21-196AZ nömrəli müqavilə üzrə isə iddiaçı tərəfindən cavabdehə 5 ədəd elektron qaimə-faktura təqdim edilmiş, həmin elektron qaimə-fakturaların 4 ədədi üzrə ödənişlər tam (xx.xx.2022-ci il tarixli EBCB seriyalı 381972 nömrəli qaimə üzrə qaimədə göstəriləndən bir qədər artıq məbləğdə) ödənilsə də, 9935 manat dəyərində aqronom məsləhəti xidmətinin göstərilməsi ilə əlaqədar təqdim edilmiş xx.xx.2022-ci il tarixli EBCB seriyalı 380910 nömrəli elektron qaimə-faktura cavabdeh tərəfindən ödəniş edilməmişdir. Cavabdehin nümayəndəsi aqronom məsləhəti xidmətinin dəyərini nəzərdə tutan elektron qaimə-faktura üzrə ödəniş edilməməsinin səbəbini həmin xidmətin göstərilməsini təsdiq edən hər hansı təsdiqedici sənədin təqdim edilməməsi ilə izah etmiş, bununla bağlı cavabdehə göndərilmiş xx.xx.2022-ci il tarixli elektron qaimə-fakturanın geri qaytarılmamasını isə mühasibin səhvi ilə izah etmişdir. İddiaçının nümayəndəsi isə izahatında aqronom məsləhəti adlanan xidmətin aralarında bağlanmış 26 noyabr 2021-ci il tarixli müqavilənin predmeti olan dərman preparatlarının istifadə qaydası ilə bağlı göstərildiyini, təmsil etdiyi təşkilatın uzun illərdir ki, aqronom məsləhəti xidmətinin göstərilməsi fəaliyyəti ilə məşğul olduğunu, həmin xidmətin göstərilməsi ilə bağlı müştərilərlə bağlanmış müqavilədə ayrıca qeyd olmadığını, tərəflərin aqronom məsləhəti xidmətinin göstərilməsi ilə bağlı şifahi razılığa gəldiyini və göndərilmiş 05 avqust 2022-ci il tarixli elektron qaimə-fakturanın cavabdeh təşkilat tərəfindən qəbul edildiyini və məhkəmə prosesləri başlananadək bu barədə hansısa etiraz irəli sürülmədiyini qeyd etmişdir. Məhkəmə işin faktiki hallarını, tərəflərin qarşılıqlı münasibətlərinin xarakterini, onların arasında formalaşmış işgüzar adətləri nəzərə alaraq hesab edir ki, cavabdeh 9935 manat dəyərində aqronom məsləhəti xidmətinin göstərilməsi ilə əlaqədar ona təqdim edilmiş xx.xx.2022-ci il tarixli EBCB seriyalı 380910 nömrəli elektron qaimə-faktura üzrə müvafiq ödəniş ödəməli olsa da, bu öhdəliyini yerinə yetirməmiş və bununla əlaqədar onun irəli sürdüyü yuxarıda göstərilən dəlillər mülki-hüquqi məsuliyyətdən yayınmaq məqsədi daşıyır. İlk növbədə, nəzərə alınmalıdır ki, xx.xx.2022-ci il tarixli EBCB seriyalı 380910 nömrəli elektron qaimə-faktura Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın tələblərinə uyğun olaraq elektron formada hazırlanaraq vergi orqanında uçotda olan cavabdehə göndərilmişdir və bu mənada hazırkı iş üzrə mötəbərliyi şübhə doğurmayan sübut növüdür. Cavabdeh həmin elektron qaimə-fakturanın məzmununda nəzərdə tutulan xidmətin göstərilmədiyi halda həmin elektron qaimə-fakturanı qəbul etməyərək onun geri qaytarılmasını təmin etmək hüququna və imkanına malik olsa da, bunu etməmişdir. Cavabdehin nümayəndəsi bu halı “mühasibin səhvi” ilə izah etsə də, bu dəlil əsaslı və ağlabatan hesab edilə bilməz. Bununla əlaqədar o da qeyd edilməlidir ki, sözügedən xx.xx.2022-ci il tarixli EBCB seriyalı 380910 nömrəli elektron qaimə-faktura ilə eyni tarixdə iddiaçı tərəfindən cavabdehə 5488,2 manat dəyərində malların satılması ilə əlaqədar EBCB seriyalı 381972 nömrəli elektron qaimə-faktura da göndərilmiş və həmin elektron qaimə-faktura üzrə ödənişlər həyata keçirilmişdir. Başqa sözlə, eyni tarixdə təqdim edilmiş elektron qaimə-fakturaların biri cavabdeh tərəfindən icra edilmiş, digəri üzrə hər hansı ödəniş edilməmiş, eyni zamanda həmin qaimə qəbuledən (cavabdeh) tərəfindən qaytarılmamış və ya onunla bağlı hər hansı etiraz irəli sürülməmişdir. Bunlardan əlavə, iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış həm 03 sentyabr 2020-ci il tarixli 1/20-139AZ nömrəli, həm 26 noyabr 2021-ci il tarixli 1/21-196AZ nömrəli müqavilələr üzrə malların təhvil-qəbulu və bununla əlaqədar ödənişlər iddiaçının cavabdehə göndərdiyi elektron qaimə-fakturalar əsasında həyata keçirilmişdir. Yəni tərəflər arasında işgüzar praktika və ya işgüzar adətlər belə formalaşmışdır ki, əməkdaşlıqları dövründə hər iki tərəf müqavilə üzrə elektron qaimə-fakturanın göndərilməsini müqavilənin realizəsi baxımından kifayət hesab etmişlər və bununla razılaşmışlar. Burada bu da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 404.1-ci və 404.2-ci maddələrində qeyd edilir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə digər hallarla yanaşı, həm də tərəflərin tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı, işgüzar adətləri, tərəflərin sonrakı hərəkətlərini nəzərə almalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehdən 13208,7 manat məbləğində borcun tutulması hissəsi qismən təmin edilərək 9935 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, iddia tələbinin 2000 manat məbləğində zərərin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, iş materialları ilə iddianın həmin hissədə əsaslılığı sübut edilmir. Belə ki, bu halla bağlı iddia ərizəsində ümumi olaraq Mülki Məcəllənin 448.1-ci, 448.2-ci və 449.1-ci maddələrinə istinad edilərək 2000 manat məbləğində olan dəymiş zərərin əvəzinin cavabdehdən tutulması tələb edilsə də, bu məbləğin hansı qaydada və hansı müddətlər daxilində hesablanması barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sənəd (maliyyə arayışı və s.) təqdim edilməmişdir. Digər tərəfdən, iş materiallarından görünür ki, iddiaçı sonuncu elektron qaimə-fakturanı xx.xx.2022-ci il tarixdə cavabdehə göndərmişdir. xx.xx.2022-ci il tarixdən başlayaraq iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü il tarixədək keçən 2 ildən artıq müddət ərzində cavabdehdən qalıq ödənişin tələb edilibedilməməsi, müsbət halda, bunu təsdiq edən sənədlər iddiaçı tərəfindən iş materiallarına əlavə edilməmişdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, hazırkı müqavilə üzrə iddiaçının dəymiş ziyanın tələb edilməsi hüququ, həm də o zaman yarana bilərdi ki, o özü müqavilənin tərəfi kimi borcun ödənilməsinin gecikdirilməsinin qarşısını almaq üçün qaimədə nəzərdə tutulan məbləği cavabdehdən tələb etdiyini sübuta yetirsin. Bundan başqa, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 360 manat məbləğində pul vəsaitinin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, məhkəmə hesab edir ki, iş materialları ilə iddianın həmin hissədə də əsaslılığı sübut edilmir. Belə ki, iddiaçı tərəfindən bununla əlaqədar müvafiq müqavilə və (və ya) məhz 360 manat məbləğində pulun ödənildiyini təsdiq edən hər hansı təsdiqedici sənəd iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə, iddia tələbinin 138 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 17 sentyabr 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 138 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia tələbi üzrə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 119,35 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, 9935 manat məbləğində borc və 119,35 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 10054,35 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 9935 (doqquz min doqquz yüz otuz beş) manat məbləğində borc və 119,35 (yüz on doqquz manat, otuz beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 10054,35 (on min əlli dörd manat, otuz beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-97/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-97/2025
06.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver