Məhkəmə qərarları › İş №e-2-2(119)-971/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-971/2020

22.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-971/2020 22.12.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı tərəflər arasında bağlanmış avadanlıqların alqı-satqısı ilə bağlı xx xxxxxx 2020-ci il tarixli, 002- K-2020 saylı və xx xxxxxx 2020-ci il tarixli, 014-K- 2020 saylı müqavilələr üzrə yaranmış 12,863.53 (on iki min səkkiz yüz altmış üç manat, əlli üç qəpik, 18 % ƏDV ilə) manat borc, 1286.35 manat dəbbə pulunun və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edib, hesab edir ki, aşağıdakı səbəblərdən iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. MPM-nin 150.0.3-cü maddəsinə əsasən isə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim olunmuş hazırkı iş üzrə iddia ərizəsi İddiaçı MMC-ə məxsus elektron imza ilə imzalanmışdır. Lakin iddia ərizəsinin İddiaçı MMC-nin hansı səlahiyyətli nümayəndəsi tərəfindən imzalanması iddia ərizəsinin özündə göstərilməmişdir. “Elektron məhkəmə” informasiya sistemində həmin iddia ərizəsinin baş mühasibin müavini X1 tərəfindən imzalanması müəyyən olunsa da onun iddiaçının adından iddia ərizsəini imzalamaq səlahiyyətini müəyyən edən sənəd əlavə edilməmişdir. İddia ərizəsinə .pdf sənəd şəklində, əlavə olunmuş iddia ərizəsi adlanan digər sənəddə onun İddiaçı MMC-nin idarə heyətinin sədri Ceyhun Quliyev tərəfindən əl ilə imzalanması görsənsə də, qeyd edilən sənəd elektron sənəd olmadığından Mülki Prosessual Məcəllənin və “Elektron Məhkəmə” İnformasiya Sistemi üzrə tətbiq edilən “Proses iştirakçısının Elektron kabinetindən istifadə qaydaları”nın tələbləri baxımından iddia ərizəsi kimi qəbul edilə bilməz. Digər tərəfdən Ceyhun Quliyevin özünün İddiaçı MMC-nin idarə heyətinin sədri olmasına dair sənəd də iddia ərizəsinə əlavə olunmamışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Eyni zamanda Mülki Məcəllənin 44 və 47-ci maddələrinin tələblərinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. Mülki Məcəllənin məhdud məsuliyyətli cəmiyyətdə idarəetməni tənzimləyən 91 və 91-2-ci maddələrinə əsasən cəmiyyətin idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası Mülki Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir. Cəmiyyətin icra orqanının fəaliyyəti və onun tərəfindən qərarların qəbul edilməsi qaydası cəmiyyətin nizamnaməsi və daxili sənədləri ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edilərkən İddiaçı MMCnin adından idda ərizəsini imzalayan şəxsin müvafiq səlahiyyətini təsdiq edən və qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilmiş müvafiq sənədlərin (hüquqi şəxsin nizamnaməsi, hüquqi şəxsin dövlət reyesterindən çıxarış, etibarnamə) iddia ərizəsinə əlavə edilməsi zəruridir. Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. Yuxarıda göstərilənlərə əsasən vəAzərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.2, 152.4, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar