Məhkəmə qərarları › İş №e-2-2(119)-982/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-982/2022

18.07.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-982/2022 18.07.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 05 may 2022-ci il tarixinə hesablanmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Büdcəsinə olan 1174,02 (min yüz yetmiş dörd manat 02 qəpik) manat məbləğində vergi borcunun və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Büdcəsinə olan 1311,36 (min üç yüz on bir manat 36 qəpik) manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanlarının rəhbəri - xx xxxxxx 1982-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin ərizəyə baxılması ilə əlaqədar keçirilən məhkəmə iclasında Maraqlı şəxs ərizə ilə razı olmadığını bildirərək göstərdi ki, o, hüquqi şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktorudur. Lakin hazırkı ərizədə ödənilmədiyi qeyd olunan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Büdcəsinə olan 1174,02 manat məbləğində vergi borcunu və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Büdcəsinə olan 1311,36 manat məbləğində vergi borcunu tam ödəmişdir. Buna görə də, o, ərizəçi 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizənin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş edir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin olunmamalıdır. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunur ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiklərinə görə xx xxxxxx 1982-ci il təvəllüdlü Maraqlı şəxs (ünvan: ünvan 1quqi şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) 05 may 2022ci il tarixinə hesablanmış Dövlət Büdcəsinə 1174,02 manat məbləğində vergi borcu və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) 05 may 2022-ci il tarixinə hesablanmış Dövlət Büdcəsinə 1311,36 manat məbləğində vergi borcu vardır və onlara həmin borcların ödənilməsinə dair xəbərdarlıq edilərək, hazırkı ərizə ilə 21 iyun 2022-ci ildə məhkəməyə müraciət olunmuşdur. Lakin, həmin ərizə üzrə aparılan məhkəmə araşdırması zamanı Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 18 iyul 2022ci il tarixli ********* nömrəli və 18 iyul 2022-ci il tarixli ********* nömrəli Ödəniş Qəbzləri ilə müəyyən olunur ki, vergi ödəyiciləri olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin hesabına həmin qəbzlərdə qeyd olunan 18 iyul 2022-ci il və 18 iyul 2022-ci il tarixlərində müvafiq olaraq 1200 manat və 1323,24 manat məbləğlərində ödənişlər edilmişdir. Yəni, hazırkı ərizə məhkəmənin icraatına daxil olduqdan sonra Maraqlı şəxs icra orqanlarının rəhbəri olduğu hüquqi şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 05 may 2022-ci il tarixə hesablanmış Dövlət Büdcəsinə olan 1174,02 manat məbləğində vergi borcu və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 05 may 2022-ci il tarixə hesablanmış Dövlət Büdcəsinə olan 1311,36 manat məbləğində vergi borcu tam ödənilmişdir. Odur ki, hal-hazırda hüquqi şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 1174,02 manat məbləğində vergi borcu və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 1311,36 manat məbləğində vergi borcu ödənilmiş olduğuna görə, həmin vergi ödəyicilərinin icra orqanlarının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması mütənasib və tətbiq edilməsi zəruri olan tədbir hesab edilə bilməz. Yəni, hazırkı ərizədə qeyd olunan məlum vergi borcları ödənmiş olduğundan, həmin vergi ödəyicisi olan hüquqi şəxslərin icra orqanlarının rəhbərinin ölkədən getmək hüququqnun müvəqqəti məhdudlaşdırılması zərurəti aradan qalxmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yer dəyişmək və yaşayış yeri seçmək hüququ var; Hər bir insanın, öz ölkəsi də daxil olmaqla, hər hansı bir ölkəni tərk etmək hüququ var; Yuxarıda xatırlanan hüquqlar qanunda nəzərdə tutulan, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa, məhdudiyyət obyekti ola bilməz; Heç kəs özbaşına öz ölkəsinə gəlmək hüququndan məhrum edilə bilməz. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinin Beynəlxalq Paktın 12ci maddəsinə dair qəbul etdiyi 02 noyabr 1999-cu il tarixli 27 saylı X2 göstərilir ki, həmin maddə ilə təmin olunmuş hüquqlara aid icazə verilən məhdudiyyətlər hərəkət sərbəstliyi prinsipini sarsıtmamalıdır. Bu hüquqlara dair məhdudiyyətlərin məqbul sayılması üçün onlar qanunvericilikdə nəzərdə tutulmalı, demokratik cəmiyyətdə Paktın 12-ci maddəsinin 3-cü bəndində göstərilən məqsədlərə nail olmaq üçün zəruri olmalı və Paktda göstərilən bütün digər hüquqlara uyğun gəlməlidir. Dövlətlər Paktın 12-ci maddəsinin 3-cü bəndində icazə verilmiş məhdudiyyətləri əks etdirən qanunları qəbul edərkən, hər zaman bu məhdudiyyətlərin nəzərdən keçirilən hüququn mahiyyətinə toxunmaması prinsipini rəhbər tutmalıdırlar. Məhdudlaşdırıcı tədbirlər mütənasiblik prinsipinə uyğun gəlməlidir; onlar müdafiə funksiyalarının yerinə yetirilməsi üçün yararlı olmalıdır; arzu edilən nəticəyə gətirib çıxara bilən bütün vasitələr sırasında onlar ən az məhdudlaşdırıcı vasitə olmalı və müdafiə olunan maraqlarla mütənasib olmalıdır. Mütənasiblik prinsipinə təkcə müvafiq məhdudiyyətin nəzərdə tutulduğu qanunvericilikdə deyil, həmçinin həmin qanunvericiliyin tətbiq edilməsi prosesi çərçivəsində inzibati və məhkəmə hakimiyyəti orqanlarında da əməl olunmalıdır. İnsan Hüquqlarının və X1 haqqında Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinə əsasən, qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləlklə də, məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar