Məhkəmə qərarları › İş №e-2-2(119)-989/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-989/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-989/2024 22.08.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətindən 4068,22 (dörd min altmış səkkiz manat iyirmi iki qəpik) manat məbləğində əsas borc, 1814 (min səkkiz yüz on dörd) manat məbləğində dəbbə pulu və illik 5 % hesablanmaqla 203 (iki yüz üç) manat gecikdirmə faizi olmaqla, ümumiliklə 6085,22 (altı min səksən beş manat iyirmi iki qəpik) manat məbləğində borcun, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 85 (səksən beş) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyəti arasında 10 oktyabr 2023-cü il tarixli, FT1010123SA9X nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı hazırkı müqavilənin şərtlərinə uyğun olaraq, sürtkü yağlarını və filterləri alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən malların qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokolunda göstərilir. Müqavilənin 4.2-ci bəndinə əsasən alıcı malın dəyərini bu müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəyir. Müqavilənin 8.1-ci bəndinə görə hazırkı müqavilə üzrə vəzifələrini icra etməyən və lazımi qaydada icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Tərəflər arasında imzalanmış qiymət razılaşdırılması protokolu və təhvil-təslim aktlarına əsasən aşağıda qeyd olunmuş elektron-qaimələr üzrə mallar satıcı tərəfindən alıcıya təhvil verilmiş və alıcı tərəfindən təhvil alınmışdır: 1. 11 oktyabr 2023-cü il tarixli, EBDQ seriyalı, 165219 nömrəli elektron qaimə-fakturaya əsasən 10007,70 (on min yeddi manat yetmiş qəpik) manat; 2. 13 oktyabr 2023-cü il tarixli, EBDQ seriyalı, 432597 nömrəli elektron qaimə-fakturaya əsasən 14645,42 (on dörd min altı yüz qırx beş manat qırx iki qəpik) manat. Lakin MQ2403 seriyalı, 00033168 nömrəli, xx.xx.2024-cü il tarixli və MQ2312 seriyalı, 00215882 nömrəli, xx.xx.2023-cü il tarixli “Malların qaytarılması barədə elektron qaimə-faktura” üzrə 9947,75 (doqquz min doqquz yüz qırx yeddi manat yetmiş beş qəpik) manat və 10637,15 (on min altı yüz otuz yeddi manat on beş qəpik) manat dəyərində mallar alıcı tərəfindən geri qaytarılmışdır. Odur ki, 10 oktyabr 2023-cü il tarixli, EBDQ seriyalı, 165219 nömrəlielektron qaimə-fakturaya əsasən 59,95 (əlli doqquz manat doxsan beş qəpik) manat və 13 oktyabr 2023-cü il tarixli, EBDQ seriyalı, 432597 nömrəli elektron qaimə-fakturaya əsasən 4008,27 (dörd min səkkiz manat iyirmi yeddi qəpik) manat dəyərində borc məbləği yaranmışdır. Həmin borc alıcı tərəfindən satıcıya bu günədək ödənilməmiş və alıcı tərəfindən tərəflər arasında imzalanmış müqavilə üzrə öhdəliklər pozulmuşdur. Müqavilənin 7.3-cü bəndinə görə ödəniş hər gecikdirilmiş gün üçün ümumi məbləğinin 0,2 %-i həcmində cərimə ödəməyi alıcı öhdəsinə götürür. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixində pretenziya məktubu göndərilsə də, heç bir ödəniş edilməmişdir. Pretenziya məktubu ilə borcun ödənilməsi xahiş olunsa da, cavabdeh pretenziya məktubunun ona çatdığı gündən 15 (on beş) gün ərzində cavab verməklə və ya borcun ödənilməsi ilə bağlı heç bir hərəkət etməmişdir. Beləliklə, Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinin İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə 4068,22 (dörd min altmış səkkiz manat qırx iyirmi iki qəpik) manat əsas borc, hər gecikdirilmiş gün üçün ümumi məbləğinin 0,2 %-i həcmində 1814 (bir min səkkiz yüz on dörd) manat dəbbə pulu və illik 5 % hesablanmaqla 203 (iki yüz üç) manat gecikdirmə faizi olmaqla, ümumiliklə 6085,22 (altı min səksən beş manat iyirmi iki qəpik) manat məbləğində borcu yaranmışdır. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. 21 iyun 2024-cü il və 04 iyul 2024-cü il tarixli məhkəmə hazırlıq iclaslarında iştirak etmiş Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinin qanuni təmsilçisi Nümayəndə izahatında bildirmişdir ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün obyekt açmış, lakin həmin obyekt fəaliyyət göstərə bilməmişdir. Ona görə də İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə müvafiq elektron qaimələr üzrə göndərilən malların bir qismini geri qaytarmışdır. Həmin mallar arasından sadəcə iki yağ çəlləyinin plombu açılmışdır. Plombu açılan yağ çəlləklərinin dəyəri isə 3224 manat təşkil edir. O, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin əməkdaşına 3224 manat məbləğində borcunun olduğunu bildirmiş və həmin əməkdaş (həmin əməkdaşın adını, soyadını, atasının adını bilmir) da ona 3224 manat borcu qaldığını demişdir. Qeyd olunan əməkdaşla səs yazıları və whatsapp yazışmaları mövcuddur. Lakin Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyəti məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmədə iştirak etməmə səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onun nümayəndəsi məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan satıcı İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə alıcı Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyəti arasında bağlanmış 10 oktyabr 2023-cü il tarixli FT101023SA9X nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı hazırkı müqavilənin şərtlərinə uyğun olaraq sürtkü yağlarını və filterləri alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malların qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşdırılması protokolunda göstərilir. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən ödəniş şərtləri qiymət razılaşdırılması protokolunda göstərilmədiyi halda mallar təhvil verildikdən sonra, 30 təqvim günü ərzində həyata keçirilir. Həmin müqavilənin 7.3-cü bəndinə əsasən alıcı ödənişin hər gecikdirilmiş gün üçün ümumi məbləğin 0,2%-i həcmində cərimə ödəməyi öz öhdəsinə götürür. İş materiallarından görünür ki, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə 10007,7 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDQ seriyalı 165219 nömrəli, 14645,42 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDQ seriyalı 432597 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 4333 nömrəli “Qiymət razılaşma protokolu”nda satılan malların qiyməti 10007,70 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 4368 nömrəli “Qiymət razılaşma protokolu”nda satılan malların qiyməti 14645,42 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MQ2312 seriyalı 00215882 nömrəli malların qaytarılması barədə elektron qaimə-fakturadan görünür ki, 10637,1572 manat dəyərində mallar Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən geri qaytarılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MQ2403 seriyalı 00033168 nömrəli malların qaytarılması barədə elektron qaimə-fakturadan görünür ki, 9947,754 manat dəyərində mallar Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında 10 oktyabr 2023-cü il tarixli FT101023SA9X nömrəli alqı-satqı müqaviləsi bağlanmış, "Fortune Trade” Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən müvafiq mallar (sürtkü yağları və filterlər) Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə təhvil verilmiş, cavabdeh tərəfindən malların bir hissəsi geri qaytarılmış, qalan malların dəyəri isə ödənilməmişdir. Buna görə İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış 10 oktyabr 2023-cü il tarixli FT101023SA9X nömrəli alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən iki ədəd elektron qaimə üzrə ümumilikdə 24653,12 manat dəyərində mallar cavabdehə təhvil verilmiş, lakin sonradan malların qaytarılması barədə iki ədəd elektron qaimə-faktura ilə 20584,91 manat dəyərində mallar cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmışdır. Göründüyü kimi, Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinin İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə 4068,21 (dörd min altmış səkkiz manat iyirmi bir qəpik) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi “4068,22 (dörd min altmış səkkiz manat iyirmi iki qəpik) manat məbləğində əsas borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində qismən təmin olunmalı, Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətindən 4068,21 (dörd min altmış səkkiz manat iyirmi bir qəpik) manat tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinin qanuni təmsilçisi Nümayəndə tərəfindən məhkəməyə təqdim olunmuş, iddiaçı təşkilatın əməkdaşı (həmin şəxsin ad, soyadı, ata adını və vəzifəsini bilmir və adı “Mobil” kimi qeyd olunmuşdur) ilə onun arasında aparıldığı bildirilən danışıqları özündə əks etdirən səs yazıları və whatsapp yazışmaları ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin qanuni təmsilçisi tərəfindən həmin şəxsin iddiaçı tərəfin səlahiyyətli nümayəndəsi olmasını, həmin səsin və yazıların məhz iddiaçının səlahiyyətli nümayəndəsinə aid olmasını təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Bundan başqa məhkəmə baxış iclasında iştirak edən İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil izahatında İddiaçı rəhbərliyinin razılığı olmadan belə bir danışıqların aparılmasına heç kimə səlahiyyət verilmədiyini, səs yazılarında və whatsapp yazışmalarında danışıqları aparan şəxs və orada bildirilən məbləğ barədə iddiaçının məlumatı olmadığını bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə həmin səs yazılarını və whatsapp yazışmalarını mötəbər sübut kimi qəbul etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddianın tələbinin “cavabdehdən iddiaçının xeyrinə 1814 (min səkkiz yüz on dörd) manat məbləğində dəbbə pulunun tutulması” hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla dəbbə pulunun məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 205 (iki yüz beş) manat manat məbləğində dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 466.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. - 466.2-ci maddəsinə əsasən qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: - 466.2.1-ci maddəsinə əsasən zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; - 466.2.2-ci maddəsinə əsasən dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; - 466.2.3-ci maddəsinə əsasən kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Məhkəmə hesab edir ki, iddia tələbinin "cavabdehdən iddiaçının xeyrinə illik 5%-lə hesablanan 203 (iki yüz üç) manat məbləğində pulun tutulması" hissəsi əsaslılığı müəyyən edilmədiyindən təmin edilməməlidir. Belə ki, iddiaçı ödənilməmiş 4068,22 (dörd min altmış səkkiz manat iyirmi iki qəpik) manat məbləğində əsas borca dəbbə pulu məbləği ilə yanaşı, həm də illik 5%-lə 203 (iki yüz üç) manat məbləğində pul hesablamışdır. Halbuki, Mülki Məcəllənin 466.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bundan başqa iddiaçı iddia tələbində hüquqi yardımla bağlı vəkilə 300 (üç yüz) manat məbləğində xidmət haqqının da cavabdehdən tutulmasını xahiş etmiş və bununla bağlı “Hüquqi yardımın göstərilməsi haqqında” 22 may 2024-cü il tarixli EM-1937VK- 1302/24 nömrəli müqaviləni əlavə etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli və hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödəniməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd edir ki, iddianın “ödənilmiş 85 (səksən beş) manat dövlət rüsumunun tutulması” hissəsi qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 62,73 (altmış iki manat yetmiş üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətindən tutularaq İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətindən 4068,21 (dörd min altmış səkkiz manat iyirmi bir qəpik) manat məbləğində əsas borc, 205 (iki yüz beş) manat məbləğində dəbbə pulu, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı və 62,73 (altmış iki manat yetmiş üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4635,94 (dörd min altı yüz otuz beş manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətindən 4068,21 (dörd min altmış səkkiz manat iyirmi bir qəpik) manat məbləğində əsas borc, 205 (iki yüz beş) manat məbləğində dəbbə pulu, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı və 62,73 (altmış iki manat yetmiş üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4635,94 (dörd min altı yüz otuz beş manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar