Məhkəmə qərarları › İş №e-2-2(119)-991/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-991/2024

20.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-991/2024 20.09.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 27 may 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 27 dekabr 2022-ci il tarixli Alqı-Satqı Müqaviləsinə əsasən 12800 (on iki min səkkiz yüz) manat borc və iddiaçıya hüquq xidmətlərinin göstərilməsinə görə ödənilmiş 1600 (min altı yüz) manat xidmət haqqı olmaqla, ümumilikdə 14400 (on dörd min dörd yüz) manat məbləğində pul vəsaitinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 133,2 (yüz otuz üç manat 20 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında malların alqı-satqısına dair 27 dekabr 2022-ci il tarixli 65- 22/AG nömrəli Alqı-Satqı Müqaviləsinə əsasən cavabdehə ümumi dəyəri 12800 manat olan 1 ədəd “T 2000 LT” markalı 2 tonluq turbo çiləyicinin satılması razılaşdırılmışdır. Qeyd olunan “T 2000 LT” markalı 2 tonluq turbo çiləyici 19 mart 2022-ci il tarixli, **********3693 nömrəli gömrük bəyannaməsinə əsasən Azərbaycan Respublikasına idxal edilmiş və İddiaçı MMC tərəfindən rəsmiləşdirilmişdir. Müqavilənin bağlandığı 27 dekabr 2022-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə 4xx-xx/2022 saylı “Texniki təminat haqqında” Məktub da verilmiş və mallar cavabdehə təhvil verildiyi gündən həmin mallara 12 ay zəmanət verilmişdir. 27 dekabr 2022-ci il tarixli, 65-22/AG saylı Alqı-Satqı Müqaviləsinin predmetini təşkil edən 1 ədəd “T 2000 LT” markalı 2 tonluq turbo çiləyici 19 oktyabr 2023-cü il tarixli Təhvil-Təslim Aktına əsasən iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Həmin tarixdə də iddiaçı tərəfindən cavabdehə ödənişin edilməsi üçün ümumi dəyəri 12800 manat olan EBDQ seriyalı, 850575 nömrəli Elektron Qaimə göndərilmişdir. Tərəflər arasında bağlanmış Müqavilənin 1 saylı Əlavəsinə əsasən cavabdeh tərəfindən ilkin ödəniş olaraq ümumi məbləğin 60%-nin 10 iş günü ərzində Satıcıya ödənilməsi, qalan 40% məbləğin isə güzəşt proqramı çərçivəsində AKİA-nın müəyyən etdiyi müvəkkil bank tərəfindən Satıcıya ödənilməsi razılaşdırılsa da, cavabdeh tərəfindən ilkin ödəniş həyata keçirilməmiş, bu səbəbdən də qalan 40% güzəşt məbləği də AKİA tərəfindən iddiaçıya ödənilməmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, Satıcı Alıcının sifarişi əsasında Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1-də (X2) qeyd olunan malı və ya malları Alıcının mülkiyyətinə verir, Alıcı isə həmin Malları qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malların dəyərini Satıcıya ödəyir. Lakin, Cavabdeh MMC tərəfindən öhdəliklər vaxtında və düzgün şəkildə icra olunmamışdır, mallar ona təhvil verilsə də, bu günədək heç bir ödəniş aparılmamışdır. Beləliklə, Cavabdeh MMC-nin 23 may 2024-cü il tarixinədək İddiaçı MMCyə olan borcu 12800 (on iki min səkkiz yüz) manat təşkil edir. Göstərilən borc məbləğinin ödənilməsi tələbi ilə bağlı cavabdehə 29 aprel 2024-cü il tarixində pretenziya məktubu göndərilməsi və borcun ödənilməsi üçün 10 iş günü müddətinə vaxt təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən bundan sonra da heç bir ödəniş olunmamışdır. Onu da qeyd edək ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən tərəflərin hər ikisinin üzərinə düşən icra hərəkətləri olub. İddiaçı həmin hərəkətləri müqavilə ilə müəyyən edilmiş vaxtda və qüsursuz şəkildə yerinə yetirməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb olmadan qarşılıqlı olaraq öz üzərinə düşən öhdəliklərini yerinə yetirmir və yaranmış borcu qəsdən ödəmir. İş üzrə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı və Cavabdeh nümayəndələri məhkəmə baxış iclasına gəlməmişlər. Lakin, İddiaçı nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilən ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəblərə görə gələ bilmədiyi üçün məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh MMC isə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 27 dekabr 2022-ci il tarixli 65-22/AG nömrəli Alqısatqı Müqaviləsinin şərtlərinə görə “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il tarixli 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən, «Satıcı» kənd təsərrüfatı texnikalarını (bundan sonra ismin müvafiq hallarında “Texnika” və ya “Texnikalar” adlandırılacaq) yerli istehsal olduqda qiymətləndirilən, idxal texnika olduqda isə gömrük dəyərinə 40 faiz həcmində güzəşt tətbiq etməklə «Alıcı»ya satır, «Alıcı» isə həmin güzəşt tətbiq edildikdən sonra Texnikanın qalıq dəyərini ödəyir və onu qəbul edir (1.1-ci bənd). Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, “Satıcı” Əlavədə göstərilən texniki göstəricilərə uyğun kənd təsərrüfatı texnikasını “Alıcıya” satır (Bundan sonra Mal adlandırılacaq). Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, müqaviləyə əsasən Satıcı Alıcının sifarişi əsasında Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1-də (X2) qeyd olunan malı və ya malları Alıcının mülkiyyətinə verir, Alıcı isə həmin Malları qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malların dəyərini Satıcıya ödəyir. Həmin Müqavilənin 3.2.1-ci bəndinə əsasən, Alıcı tələb olunan məbləği əvvəlcədən, qalan məbləği isə Əlavədə göstərilmiş ödəniş şərtləri üzrə Satıcıya ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 7.8-ci bəndinə əsasən, bu müqavilə və şərtləri 22 dekabr 2023-ci il tarixinə qədər keçərlidir və bu tarixdən sonrası tərəflərin razılığı ilə müqavilə dəyişən şərtlər daxilində yenilənəcəkdir. İş materiallarında olan, 27 dekabr 2022-ci il tarixli 65-22/AG nömrəli Alqı-Satqı Müqaviləsi üzrə tərtib edilərək satıcı İddiaçı və alıcı Cavabdeh tərəfindən imzalanaraq təsdiq olunmuş "Qiymət Razılaşdırma” Protokolundan görünür ki, həmin 01 nömrəli Protokola əsasən 27 dekabr 2022-ci il tarixli 65-22/AG nömrəli Alqı-Satqı Müqaviləsi üzrə satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə ümumilikdə cəmi 12800 manat dəyərində bir ədəd “T 2000 LT” markalı 2 tonluq turbo çiləyicinin satılması barədə razılığa gəlinmişdir. Həmin "Qiymət Razılaşdırma” Protokolunun ödəniş şərtində qeyd olunmuşdur ki, Alıcı ilkin ödəniş olaraq ümumi məbləğin 60%-ini 10 iş günü ərzində Satıcıya ödəyəcək, qalan 40%-i isə Dövlət subsidiyası tərəfində AKİA-nın mükəlləf etdiyi Bank tərəfindən Satıcıya ödəniləcək. Alıcı subsidiyanın alınması üçün tələb edilən bütün sənədləri bu ilkin ödəniş ödənildikdən sonra 3 (üç) iş günü ərzində Banka təqdim etməlidir. İş materiallarında olan, satıcı İddiaçı ilə alıcı Cavabdeh tərəfindən imzalanıbmöhürlənmiş 19 oktyabr 2023-cü il tarixli Üzləşmə Aktından (Əlavə) görünür ki, satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə 12800 (on iki min səkkiz yüz) manat dəyərində bir ədəd “T 2000 LT” markalı 2 tonluq turbo çiləyici təhvil verilmişdir. İş materiallarında olan 19 oktyabr 2023-cü il tarixli EBDQ 850575 nömrəli Elektron Qaimə ilə müəyyən olunur ki, 27 dekabr 2022-ci il tarixli 65-22/AG nömrəli Alqı-Satqı Müqaviləsi üzrə satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh MMC-yə cəmi 12800 (on iki min səkkiz yüz) manat dəyərində bir ədəd “T 2000 LT” markalı 2 tonluq turbo çiləyicinin satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İddiaçı tərəfin təqdim etdiyi 10 iyul 2024-cü il tarixli 561 nömrəli Maliyyə Arayışında göstərilir ki, alıcı Cavabdeh 10 iyul 2024-cü il tarixinə satıcı İddiaçınə 12800 (on iki min səkkiz yüz) manat məbləğində əsas borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin konkret halları ilə müəyyən olunur ki, 27 dekabr 2022-ci il tarixli 65-22/AG nömrəli Alqı-Satqı Müqaviləsi üzrə almış olduğu mallara görə yaranmış borc alıcı Cavabdeh tərəfindən satıcı İddiaçınə ödənilməmişdir. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar İddiaçı MMC tərəfindən məhkəməyə müraciət olunarkən 133,2 (yüz otuz üç manat 20 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, Cavabdeh MMC İddiaçı MMC ilə bağlanmış 27 dekabr 2022-ci il tarixli 65-22/AG nömrəli alqı-satqı Müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Müqavilə üzrə ödənilməmiş “12800 (on iki min səkkiz yüz) manat məbləğində əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması” barədə iddia tələbi əsaslıdır. Bundan əlavə, işin konkret halları və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, iddia tələbinin “hüquqi yardımla əlaqədar ödənilmiş 1600 (min altı yüz) manat məbləğində xidmət haqqının” tutulması hissəsi isə qismən əsaslıdır. Belə ki, məhkəmə prosesində nümayəndə qismində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə ilə təmsil olunan iddiaçı - hazırkı iddia tələbində “hüquqi yardımla əlaqədar ödənilmiş 1600 (min altı yüz) manat məbləğində xidmət haqqının” da cavabdehdən tutulmasını xahiş etmiş və bununla bağlı məhkəməyə İddiaçı MMC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına hüquqi xidmətə görə 3200 (üç min iki yüz) manat məbləğində pul ödənilməsini təsdiq edən 17 aprel 2024-cü il tarixli ödəniş tapşırığını və digər sənədləri təqdim etmişdir. Həmin sənədlərdən görünür ki, sifarişçi İddiaçı MMC ilə icraçı "xxxx" MMC arasında 09 fevral 2024-cü il tarixli 011 nömrəli Xidmət Müqaviləsi əsasında imzalanmış X1 ilə sifarişçi "xxxx" MMC -"xxxx" MMC-nin işi üzrə “sənədlərin təhlili, işin məhkəməyə hazırlanması, ilkin mediasiya sessiyasının təşkili və təmsilçilik, birinci instansiya məhkəməsində təmsilçilik” üçün 1600 manat məbləğində, "xxxx" MMC-nin işi üzrə “sənədlərin təhlili, işin məhkəməyə hazırlanması, ilkin mediasiya sessiyasının təşkili və təmsilçilik, birinci instansiya məhkəməsində təmsilçilik” üçün 1600 manat məbləğində xidmət haqqının ödənilməsi razılaşdırılmış və həmin Müqavilə üzrə 17 aprel 2024-cü il tarixli OD1 nömrəli Ödəniş Tapşırığı ilə "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 3200 (üç min iki yüz) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Lakin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmə - nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Yəni, bu normanın tələbinə görə fiziki şəxs olaraq işdə iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin ağlabatan məbləğdə tutulmasına yol verilir. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən "xxxx" MMC-nin bank hesabına köçürülmüş 1600 (min altı yüz) manat məbləğində pulun da cavabdehdən tutulması tələb olunur ki, bu məbləğ - bu iş üzrə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə cavabdeh tərəfindən ödənilməli olan ağlabatan məbləğ hesab edilə bilməz. Eyni zamanda, nəzərə alınmalıdır ki, iddia tələbində hüquqi xidmətə görə tələb olunan “1600 manat məbləğində pul vəsaiti” nümayəndə qismində məhkəmə prosesində iştirak edən vəkilin, yəni Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə hesabına və yaxud, onun vəkil kimi üzvü olduğu və hazırkı məhkəmə prosesində iştirakı üçün 08 may 2024-cü il tarixli ******* nömrəli Vəkil Orderini vermiş Bakı şəhəri 6 saylı Vəkil Bürosunun hesabına deyil, müstəqil kommersiya təşkilatı olan "xxxx" MMC-nin hesabına ödənilmişdir (hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir (MPM-nin 69.2-ci maddəsi)). Halbuki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” iş üzrə 18 dekabr 2008-ci il tarixli qərarında da qeyd olunur ki, ərizəçi - xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin “ağlabatan məbləğdə və zərurətlə xərcləndiyi” halda tutulmasına yol verilir. Bu halda, iddiaçı tərəfindən cavabdehdən tələb olunan “hüquqi yardımla əlaqədar ödənilmiş 1600 (min altı yüz) manat məbləğində xidmət haqqının tutulması”, yəni hüquqi xidmətlərə görə 1600 manat məbləğində pul vəsaiti - hazırkı iş üzrə ağlabatan və zərurətlə xərclənən məbləğ hesab edilə bilməz. Buna görə də, həmin məbləğin hamısı deyil, yalnız hazırkı iş üzrə mövcud şəraitdə və dövrdə ağlabatan və zərurətlə xərclənən hissəsi cavabdehə aid edilə bilər. Odur ki, hüquqi yardıma görə cavabdehdən tələb olunan 1600 (min altı yüz) manat məbləğində pulun həqiqətən və zərurətlə xərcləndiyi sübut edilmədiyindən və bu məbləğ həcminə görə ağlabatan və əsaslı olmadığından, həmin hissədə iddia tələbi qismən təmin edilməli və cavabdehdən hüquqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə ağlabatan məbləğdə, yəni 500 (beş yüz) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdehndən 12800 manat məbləğində əsas borc və hüquqi yardımla əlaqədar ödənilmiş 500 manat məbləğində xidmət haqqı İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 133,2 (yüz otuz üç manat 20 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi də Cavabdehndən tutularaq, İddiaçınə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 12800 (on iki min səkkiz yüz) manat məbləğində əsas borc, hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqı və 133,2 (yüz otuz üç manat 20 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 13433,2 (on üç min dörd yüz otuz üç manat 20 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar