Məhkəmə qərarları › İş №e-2-2(121)-1000/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1000/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1000/2020 13.10.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu iddiaçı “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin (İddiaçı Açıq Səhmdar Cəmiyyətinin) cavabdeh “X2 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti (İddiaçı Açıq Səhmdar Cəmiyyəti) cavabdeh “X2 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh “X2 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətindən 808 manat əsas borcun, 55,75 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2005-ci il tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə veilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “X2 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış müqaviləyə əsasən kənd təsərrüfatı texnikası lizinqə götürülmüşdür. Cavabdeh üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Müqavilə üzrə əsas borc və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə borcu qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərinin vaxtında və tam həcmdə ödəməyi öhdəsinə götürmüşdür. Bununla da o, İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tütülmuş lizinq ödənişlərinin qrafik üzrə vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmə hüququ izah olunmuş, həmçinin Füzuli Rayon İcra Hakimiyyəti başçısının Böyük X1 Ərazi dairəsi üzrə Nümayəndəliyinə məktub ünvanlanaraq məhkəmə bildirişinin “X2 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edilməsi qeyd olunmuşdur. Lakin cavabdeh tərəfindən məhkəmənin bildirişinə münasibət bildirilməmiş və məhkəməyə heç bir etiraz təqdim edilməmişdir. Ona görə də işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 960-GL/17 saylı lizinq müqaviləsinin və spesifikasiyanın surətlərindən görünür ki, dəyəri 15.360 manat olan 1 ədəd Belarus-892 markalı traktora dair İddiaçı ASC ilə “X2 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında lizinq müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 2898/ü saylı əmrin surətindən görünür ki, “X2 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılmış xx.xx.2017-ci il tarixli, 960-GL/17 saylı lizinq müqaviləsi üzrə 1 ədəd Belarus- 892 markalı traktorun “X2 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinə lizinqə verilməsi qərara alınmışdır. İş materiallarında olan texnikaların təhvil-qəbulu barədə aktın surətindən görünür ki, 1 ədəd Belarus-892 markalı traktor saz, nizamlanmış və komplekt halda “X2 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin maliyyə arayışında qeyd edilmişdir ki, Füzuli rayonu Böyük Bəhmənli kəndində yerləşən “X2 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqaviləyə əsasən lizinqə götürdüyü müqavilə üzrə məbləği 15.360 manat olan kənd təsərrüfatı texnikası üçün cəmiyyətin hesabına qrafik üzrə 4.452 manat ödəniş olunmuş, güzəşt komissiyasının qərarı ilə 15.360 manat güzəşt olunmuş, “X2 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin gecikdirilmiş borcu 808 manat və hesablanmış cərimə 55,75 manat təşkil edir İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “X2 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı xx.xx.2020-ci il tarixli, ASC/P-880 nömrəli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqaviləyə əsasən ödəniş qrafiki üzrə borc yaranmışdır. Bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə ödəniş qrafiki üzrə bir dəfədən artıq ödənişləri gecikdirdiyinə görə gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə ödənilməlidir. Əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş əsas borcun, hesablanmış cərimənin və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və müqavilənin ləğv edilərək lizinq obyektlərinin geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə “X2 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkmə baxışı keçirilmədən və tərəflərin izahtları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanmış lizinq müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq lizinq müqaviləsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur (maddə 747.1). Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır (maddə 748-1.8). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748- 1.12.4). Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir (maddə 748-2.1, 748-2.1). Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir (maddə 748-10.1). Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-ci, 750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir (maddə 751). Mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən normalarının məzmunundan göründüyü kimi lizinq müqaviləsi əmlak kirayəsi (icarəsi) müqaviləsinin xüsusi növü kimi çıxış edir. Bununla yanaşı, lizinq müqaviləsini kirayə hüquq münasibətindən fərqləndirən əsas cəhətlərdən biri lizinq alanın müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək imkanının olmasıdır. Mülki Məcəlləyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Mülki Məcəllənin öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə müəyyən etdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh “X2 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2017ci il tarixli, 960-GL/17 saylı lizinq müqaviləsi bağlanılmış və tərəflərin müqavilə üzrə hüquq və vəzifələri müəyyən olunmuşdur. Cavabdeh “X2 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyəti həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, müqaviləyə əsasən lizinqə götürdüyü ümumi dəyəri 15.360 manat olan kənd təsərrüfatı texnikaları üçün İddiaçıASC-nin hesabına 4.452 ödəniş etmiş, müqavilə üzrə 808 manat və ona lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən qrafik üzrə borcun ödənilməsinin gecikdirilməsinə görə 55,75 manat cərimə hesablanmışdır. Cavabdehə borc məbləğinin ödənilməsi barədə xx.xx.2020-ci il tarixli, ASC/P-880 nömrəli xəbərdarlıq göndərilsə də, sonuncu lizinq müqaviləsi üzrə yaranmış borcunu ödəməmişdir. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, əsas borc, yəni 808 manat hissəsində iddia təmin edilməlidir. İddianın cərimə borcu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən, iddiaçı 55,75 manat cərimənin tutulmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh “X2 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, 960- GL/17 saylı lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qanunverciliyin yuxarıda qeyd olunan tələblərinə əsasən, məhkəmə hesab edir ki, 55,75 manat cərimə borcunun tutulması hissəsində də iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 233, 284.6 və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “X2 Heyvandarlıq Məhsulları və İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətindən 808 manat əsas borc, 55,75 manat dəbbə pulu (cərimə borcu) və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 893,75 (səkkiz yüz doxsan üç manat, yetmiş beş qəpik) manat tutularaq iddiaçı “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinə (İddiaçı Açıq Səhmdar Cəmiyyətinə) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar