Məhkəmə qərarları › İş №e-2-2(121)-1003/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1003/2021

06.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1003/2021 06.08.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, 01 iyun 2019-cu il tarixli 09/00023920 nömrəli operativ lizinq müqaviləsinə əsasən 6.000 manat borcun və 20 manat dövlət rüsumunun, cəmi 6.020 manat pulun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, kreditor İddiaçı ASC ("xxxx" ASC) ilə borclu Cavabdeh arasında bağlanmış 01 iyun 2019-cu il tarixli 09/00023920 nömrəli operativ lizinq müqaviləsinə əsasən, 1 ədəd SR-2045 markalı taxılyığan kombaynı 2019-cu il taxıl biçini mövsümü ərzində istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətlə borclu arasında bağlanmış 09/00023920 nömrəli müqaviləyə əsasən, 6.000 manat öhdəlikdən heç bir məbləğ ödənilməmiş, 6.000 manat borc qalmışdır. Borclu kreditora olan borcunu vaxtında qaytarmadığından kreditor dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, borclu bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, kreditor məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şirvan Kommersiya Məhkəməsi tərəfindən 26.05.2021 -ci il tarixli, e-2-2(121)- 1003/2021 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu Cavabdeh məhkəməyə müraciət edərək, 26.05.2021-ci il tarixli, e-2-2(121)- 1003/2021 saylı məhkəmə əmrinə etiraz etdiyini bildirmiş, həmin məhkəmə əmrinin ləğv edilməsini və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, e-2-2(121)-1003/2021 saylı qərardadı ilə kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinin borclu Cavabdeh qarşı 6.000 manat borcun və 20 manat dövlət rüsumunun borclu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələbinə dair Şirvan Kommersiya Məhkəməsinin 26.05.2021-ci il tarixli, e-2-2(121)-1003/2021 saylı məhkəmə əmrinin ləğv edilməsi və materialların iddia icraatına keçirilməsi qərara alınmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə (istifadəyə) verilməsi barədə müqavilənin surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (İstifadəyə verən) ilə Cavabdeh (İstifadəçi) arasında bağlanmış 01.06.2019-cu il tarixli, 09/00023920 saylı müqaviləyə əsasən, lizinq verən istifadə haqqı 6.000 manat olan kənd təsərrüfatı texnikasını tam, komplektləşdirilmiş və saz vəziyyətdə bütün sənədlərlə birlikdə istifadəçiyə verilməsini təmin etməyi, lizinq alan ödəniş məbləğini bu müqavilənin 1.1-ci bəndindəki şərtə uyğun olaraq ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan 01.06.2019-cu il tarixli aktdan görünür ki, 1 ədəd SR-2045 markalı taxılyığan kombayn "xxxx" ASC tərəfindən Cavabdeh təhvil verilmiş və bu barədə tərəflər arasında akt tərtib olunaraq imzalanmışdır. İş materiallarında olan 10.06.2019-cu il tarixli aktdan görünür ki, 1 ədəd SR-2045 markalı taxılyığan kombayn 10.06.2019-cu il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 08.05.2021-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Salyan rayonu, Sarvan kənd sakini Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqaviləyə əsasən, lizinqə götürdüyü 01.06.2019-cu il tarixli, 09/00023920 nömrəli müqavilə üzrə ödəniş edilməmiş, 6.000 manat borcu qalmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 13.04.2021-ci il tarixli, 23/P-516 saylı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti borclu Cavabdeh müqavilə üzrə yaranmış borcun qısa zaman ərzində İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini xahiş etmiş, əks halda tələb olunan məbləğin və məhkəmə xərclərinin ondan məcburi qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 18.05.2021-ci il tarixli, ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən hazırki məhkəmə əmrinin verilməsi haqqında ərizə üzrə 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanmış lizinq müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq lizinq müqaviləsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur (maddə 747.1). Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır (maddə 748-1.8). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748- 1.12.4). Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir (maddə 748-2.1, 748-2.1). Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir (maddə 748-10.1). Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-ci, 750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir (maddə 751). Mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən normalarının məzmunundan göründüyü kimi lizinq müqaviləsi əmlak kirayəsi (icarəsi) müqaviləsinin xüsusi növü kimi çıxış edir. Bununla yanaşı, lizinq müqaviləsini kirayə hüquq münasibətindən fərqləndirən əsas cəhətlərdən biri lizinq alanın müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək imkanının olmasıdır. Mülki Məcəlləyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Mülki Məcəllənin öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə müəyyən etdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ("xxxx" Açıq Səhmdar Cəmiyyəti) ilə Cavabdeh arasında 01.06.2019-cu il tarixli, 09/00023920 saylı kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə (istifadəyə) verilməsi barədə müqavilə bağlanılmışdır. Həmin müqavilədən görünür ki, taxılyığan kombayn 2 ay müddətinə, yəni 01.07.2019-cu il tarixədək və ümumi istifadə haqqı 6.000 manat müəyyən edilməklə cavabdehin istifadəsinə verilmişdir. Lakin cavabdeh tərəfindən həmin kombayn daha tez, yəni 10.06.2019-cu il tarixdə iddiaçıya qaytarılmışdır. Cavabdeh həmin kənd təsərrüfatı texnikası üçün "xxxx"ASC-nin hesabına heç bir ödəniş etməmiş, iddiaçının mövqeyinə görə müqavilə müddətinin sonunadək, onun 6.000 manat borcu qalmışdır. Cavabdehə borc məbləğinin ödənilməsi barədə 13.04.2021-ci il tarixli, 23/P-516 saylı xəbərdarlıq göndərilsə də, sonuncu lizinq müqaviləsi üzrə yaranmış borcunu ödəməmişdir. İş materiallarından göründüyü kimi, Cavabdeh lizinqə götürdüyü texnikanı 10.06.2019-cu il tarixdə, yəni müqavilə üzrə qeyd olunan 2 ay tamam olmadan geri qaytarmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh bütün müqavilə müddəti (2 ay) ərzində deyil, 10 gün ərzində taxılyığan kombayndan istifadə etdiyi üçün, istifadə etdiyi müddət ərzində hesablanmış borc məbləğini, yəni 1.000 (3.000 : 30 X 10 = 1.000 manat) manat pulu ödəməlidir. Ona görə də, iddia qismən təmin edilməli, Cavabdeh 01.06.2019-cu il tarixli, 09/00023920 saylı kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə (istifadəyə) verilməsinə dair müqaviləyə əsasən, 1.000 manat məbləğində ödənilməmiş borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə isə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 16,70 manat hissəsi iddiaçının özünə aid edilməli, 3,30 manat hissəsi isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, ödənilməli dövlət rüsumu 30 manat təşkil etdiyindən, ödənilməmiş 10 manat dövlət rüsumu Cavabdeh tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 01.06.2019cu il tarixli, 09/00023920 saylı kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə (istifadəyə) verilməsinə dair müqaviləyə əsasən, 1.000 manat məbləğində ödənilməmiş borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 3,30 manat, ümumilikdə 1.003,30 manat pul vəsaiti tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, Cavabdeh 10 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 01 iyun 2019-cu il tarixli, 09/00023920 saylı kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə (istifadəyə) verilməsinə dair müqaviləyə əsasən, 1.000 manat məbləğində ödənilməmiş borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 3,30 manat, ümumilikdə 1.003,30 (bir min üç manat, otuz qəpik) manat pul vəsaiti tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 10 (on) manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar