Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1008/2024 16.05.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Heydərov Fərrux Fəttah oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 2.500 manat məbləğində pulun, 65 manat ödədiyim dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, dəmir torların istehsalı və topdan satışı ilə məşğul olur. Masallı və qonşu rayonlarda fəaliyyət göstərən dükanları dəmir torlarla təmin edir. Cavabdehi əvvəllər tanımamışdır. Cavabdehin Masallı rayonu Ərkivan qəsəbəsində özünə məxsus dükanı olmuş və o həmin dükana uzun illər mal vermişdir. 1 ildən artıq olar ki, cavabdeh dükanı bağlamışdır. Cavabdeh dükanı bağlamamışdan əvvəl o cavabdehlə haqq-hesab etmiş, cavabdehin ona 2.500 manat borcu olduğunu bildirmişdir. Cavabdeh borcuna etiraz etmədiyini, tez bir zamanda borcunu qaytaracağını bildirmişdir. Üzərindən bir müddət keçdikdən sonra cavabdehdən pulunu istədikdə maddi imkanının olmadığını, imkanı olan kimi pulumu qaytaracağını bildirmişdir. O cavabdehdən Masallı rayon polis şöbəsinə şikayət etmişdir. Cavabdeh polis şöbəsində izahat verərək ona olan 2.500 manat borcunu etiraf etmişdir. Şikayəti mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək barədə hüquqları ona izah edilmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Masallı RPİ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Xalid Qurbanov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, aparılmış araşdırma zamanı Cavabdeh izahatında Masallı rayonu Ərkivan qəsəbəsində qardaşı Firdovsi Nəsirova məxsus tikinti materialları satılan obyekti var imiş. O, həmin obyektə nəzarət edirmiş və alış-verişi heyata keçirirmiş. İddiaçı obyektdə işləyən müddətdə tanımışdır və onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. İşlədiyi müddətdə dəfələrlə İddiaçı dəmir tor almış və pulunu alver olduqca hissə-hissə ödəmişdir. Sonuncu dəfə təxminən iki il əvvəl o, Elçindən təxminən 2500 manatlıq demir tor almış və pulunu borclu qalmışdır. Həmin vaxt obyektdə alver zeyiflədıyi üçün qardaşı ilə aralarında mübahisə yaranmışdır və Firdovsi obyekti bağlayaraq onu işdən çıxarmışdır. O. işdən çıxdıqdan sonra Elçin onun yanına gələrək 2500 manat pulunu istəmişdir, O da həmin pulu Firdovsinin ödəməli olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, o, bütün alveri Firdovsinin hesabına edirmiş və hər ayın axırları Firdovsi ilə hesablaşaraq bütün qazancları ona vermişdir. İddiaçı da aldığı 2500 manatlıq dəmir torun qazancını Firdovsiyə vermişdir və həmin pulu Elçinə Firdovsi verməlidir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 65 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, İddiaçı ilə Cavabdeh arasında dəmir torların satışına dair şifahi alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdehin özünə məxsus dükanı olmuş və iddiaçı həmin dükana uzun illər mal vermişdir. İddiaçı malları cavabdehə təhvil verməyi, cavabdeh isə həmin malların dəyərini cavabdehə ödəməyi öhdəsinə götürsə də həmin şifahi razılaşma üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və nəticədə iddiaçıya 2.500 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Bununla yanaşı, cavabdehin iddiaçıya 2.500 manat məbləğində borcunun olması Masallı RPİ-nin TB-də aparılan araşdırma zamanı Cavabdeh verdiyi izahatı ilə də təsdiq olunur. Məhkəmə qeyd edir ki, işdə iştirak edən şəxslərin izahatları (izahatın mülki iş üzrə icraat zamanı və ya cinayət təqibi zamanı verilməsindən asılı olmayaraq) sübut növlərindən biridir. Mülki prosessual qanunvericilikdə tərəflərin tələb və etirazları ilə bağlı cinayət təqibi zamanı toplanmış sübutların mülki məhkəmə icraatı zamanı sübut kimi qəbul edilməsini, məhkəmə tərəfindən araşdırılmasını və həmin sübutlara mülki icraat çərçivəsində hüquqi qiymət verilməsini qadağan edən hər hansı norma yoxdur. Bundan başqa, məhkəmə qeyd edir ki, işdə olan sənədlərdən cavabdehin Masallı RPİ-nin TB-də aparılan araşdırma zamanı qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından şikayətin verildiyi müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qeyd olunan xüsusatlara əsasən hesab edir ki, cavabdeh tərəflər arasında olan şifahi razılaşma əsasında iddiaçıdan parça materialları alsa da, həmin malların dəyərini iddiaçıya qaytarmamışdır. Odur ki, iddiaçı həmin məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də, iddia təmin edilərək, 2.500 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, həmçinin iddianın 65 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq qeyd edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qanunvericliyin yuxarıda qeyd olunan normalarına əsasən məhkəmə hesab edir ki, mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 65 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2.500 manat əsas borc və ödənilmiş mediasiya xərcinin əvəzi 65 manat olmaqla, ümumilikdə 2.565 (iki min beş yüz altmış beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-1008/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1008/2024
16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver