Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1017/2025 17.06.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.1979-ci il Füzuli rayonunun Bala Bəhmənli kəndində doğulmuş və həmin kənddə qeydiyyatda olmaqla ünvan 1ində yaşayan Cavabdeh 3600 manat borc pul məbləğinin və 56 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borclu ilə iddiaçı arasında əldə olunmuş xx.xx.2021-ci il tarixində şifahi razılaşmaya əsasən borcluya cəmi 10500 manat dəyərində tikinti materialları malları 1 ay müddətinə satılmışdır. Borclu aldığı malın dəyərindən qismən ödəniş etsə də, borclu qaldığı 3600 manatı bu günədək ödəməmişdir. Borcun könüllü olaraq qaytarılması barədə borcluya kreditor tərəfindən dəfələrlə xəbərdarlıq edilsə də, o, borcunu indiyədək ödəməmiş, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Odur ki, həmin məbləğin borcludan alınaraq kreditorun xeyrinə tutulması barədə məhkəmə qətnaməsinin çıxarılması xahiş olunur. Cavabdeh iddiaçının əmisi oğludur. O, 2021-ci ildə nisyə olaraq, iddiaçıdan 10500 manatlıq inşaat materialları götürərək qısa müddətdə ödəyəcəyinə söz versə də, iddiaçını aldatmış və min bir zülmlə ondan pulun bir hissəsini ala bilmişdir. Lakin hələ də, 3600 manat borcu qalmışdır. Qohumu olduğu üçün polisə şikayət etməmişdir ki, qohumluqda ayıb olar. Lakin o, hər dəfə iddiaçını aldararaq, bu günədək həmin puldan bir qəpikdə ödəməmişdir və uzun müddətli xarici ölkəyə köçmüşdür. Dəfələrlə pulu tələb etsə də o, müxtəlif bəhanələr gətirməklə yayınırdı. Sonradan Cavabdeh ümumiyyətlə imtina edərək borcunun olmadığını bildirmişdir. Odur ki, cavabdehlə aralarında olan telefon vatsap yazışmalarını qeydə almalı olmuşdur və əlavə olunmuş audio səs yazılarına əsasən cavabdehin iddiaçıya 3600 manat borclu olduğu təsdiqini tapmışdır. Belə ki, həmin sübutlara əsasən cavabdeh iddiaçıya 3600 (üç min altı yüz) manat borcunun olduğunu etiraf etmişdir. Həmin danışıqlar cavabdehə məxsus İsrail nömrəsi ilə (+972 52 ***-**** mobil nömrəsi) ilə aparılmışdır. Əlavə olunmuş sənədlərdən aydın olur ki, tərəflərin arasındakı münasibətlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Odur ki, məsələyə kommersiya məhkəməsində baxılmalıdır. Həmçinin, cavbadehə verilmiş pretenziya da öz nəticəsini verməmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə “iddia müddətinin tətbqinə dair” ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia müddəti ötürülmüşdür. Belə ki, iddia ərizəsində göstərilir ki, guya iddiaçı 05 may 2021-ci il tarixdə 1 ay müddətinə cavabdehə 10500 manatlıq tikinti materialları vermişdir. Guya cavabdeh həmin malın qalıq dəyərini ödəmədiyinə görə onu məhkəməyə vermişdir. İddiaçı əvvəlcə Füzuli rayon məhkəməsinə müraciət etmiş, məhkəmə aidiyyəti pozulduğuna görə ərizə baxılmamış saxlanılmışdır. 22 yanvar 2025-ci ildə yenidən məhkəməyə müraciət etmişdir. Cavabdehin iddiaçıya heç bir şəkildə borcu yoxdur. Cavabdeh 20 ildən çoxdur ki, İsrail Respublikasında yaşayır.İddiaçı cavabdehin əmisi oğlu olsa da, onunla düşmənçilik edib üstünə şər atır. Cavabdeh malın verildiyi iddia edilən vaxtda ümumiyyətlə Azərbaycan Respublikasında olmamışdır. İlk dəfə bu məsələdən icra və probasiya şöbəsindən Azərbaycanda yaşayan qohumlarına 2024-cü ildə zəng gələrkən xəbəri olmuşdur. Bilmişdir ki, guya cavabdehin iddiaçıya 3600 manat borcunun olması barədə yazılı müqavilə əsasında Füzuli rayon məhkəməsi tərəfindən məhkəmə əmri çıxarılmışdır. Cavabdeh bunu biləndən sonra dərhal vəkillə müqavilə bağlayaraq məhkəmə əmrinə etiraz verərək əmrin ləğvinə nail olmuşdur. Füzuli rayon məhkəməsində işin icraatı zamanı iddiaçı məhkəməyə ərizə təqdim edərək əslində cavabdeh ilə aralarında müqavilə olmadığını, müqavilənin onun tərəfindən saxtalaşdırılaraq onun əvəzindən imza edərək cavabdehin borclu vəziyyətinə salınmasına nail olduğunu bildirmişdir. Cavabdeh dərhal Füzuli rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir və iddiaçı barəsində cinayət işi başlanmışdır. İstintaq zamanı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 05 may 2021-ci il tarixli müqavilədəki imza cavabdehə məxsus deyildir. Cavabdeh barəsində cinayət işi baxılması üçün Füzuli rayon məhkəməsinə gömdərilmişdir. Bundan başqa iddiaçı iddia müddətini də ötürmüşdür. Belə ki, iddiaçı 06 iyun 2021-ci il tarixdən başlamaqla 2024-cü ilin 6 iyununa qədər məhkəməyə iddia verə bilərdi. Əgər iddiaçı iddia etdiyi kimi 1 aylıq nisyə alqı-satqı müqaviləsi əsasında guya cavabdehə mal vermişdirsə müqavilə münasibətlərinə əsasən 3 illik iddia müddəti tətbiq edilməlidir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi elektron ərizəsində Cavabdeh nümayəndəsinin “iddia müddətinin tətbqinə dair” ərizəsinə etiraz edərək bildirmişdir ki, əlavə olunmuş "xxxx" MMC-nin təqdim etdiyi xx.xx.2022-ci il tarixli çekin dublikatından aydın görünür ki, Cavabdeh yaşadığı İsrail ölkəsindən yerli adı Abramov Moshe olmaqla iddiaçının adına 500 (beş) yüz ABŞ dolları poçt vasitəsi ilə iddiaçıya olan borcundan ödəmişdir. Bu, cavabdehin iddiaçıya sonuncu ödənişi olmuş daha sonra o, ödəniş etməkdən yayınmışdır. Bundan sonra o, dəfələrlə istifadəsində olan vatsap nömrəsindən iddiaçıya səslər göndərməklə borcu ödəyəcəyini bildirsə də vədinə əməl etməmişdir. Beləliklə iddiaçı həmin tarixlərdən sonra cavabdehin borcu ödəmədiyini görüb hüquqlarının pozulduğunu bilmişdir. Odur ki, Mülki Məcəllənin 373.1-ci maddəsində qeyd olunan 3 illik müddətin axımı müqavilənin bağlandığı vaxtdan deyil hüquqlarının pozulduğunu bildiyi vaxtdan hesablanmalıdır ki, bu da 3 illik müddətin ötürülmədiyini sübut edir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi elektron ərizəsində bildirmişdir ki, iddia ərizəsi təmin oluna bilməz. Belə ki, iddiaçı cavabdehin onun əmisi oğlu olduğunu bildirmişdir. Yəni onlar əvvəl çox mehriban olmuşlar və cavabdehin hər bir halda iddiaçıya pul göndərməsi normal bir şeydir. İddiaçı iddia müddətinin axımını müqavilənin sonundan deyil, hüquqlarının pozulduğunu bildiyi andan hesablayır. Yəni iddia müddətinin əvvəlini 06 may 2022-ci il tarixdən hesablanmalı olduğunu bildirir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, tərəflər arasında heç bir müqavilə münasibəti olmamışdır. İddiaçı da bunu bildiyinə görə məhkəməyə əsassız varlanmaya dair iddia ərizəsi ilə müraciət etməli idi. Tərəflər arasında guya bağlandığı bildirilən əqd əhəmiyyətsiz əqddir. Bu halda iddiaçının 1 il ərzində məhkəməyə müraciət etmək hüququ vardır. Ümumiyyətlə cavabdeh iddiaçıdan nə göstərilən malları almışdır, nə də heç bir məbləğdə borcu yoxdur. Göstərilənlər nəzərə alınaraq iddia rədd edilməlidir. İddiaçı xx.xx.2025-ci il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsinə etiraz etdiyini, cavabdehin xx.xx.2025-ci il tarixli ərizəsində xx.xx.2025-c il tarixli ərizəsindəki mövqedən fərqli olaraq, tərəflərin arasında heç bir müqavilənin bağlanmadığını daha sonra əqdin etibarsızlığı kimi daxili ziddiyyətli dəlillər gətirməklə formal mülahizələrlə iddia tələbinin müddətinin ötürüldüyü görüntüsünü yaratdığını, Cavabdeh (yerli adı Abramov Moshe) xx.xx.2022-ci il tarixdə İsraildən onun adına 500 (beş yüz) ABŞ dolları poçt vasitəsi ilə ona olan borcunu göndərdiyini, həmçinin vatsap səs yazılarında yerdə qalan borcunu ödəyəcəyinə dair vədlər verdiyini bildirmiş və Cavabdeh nümayəndəsinin müddətin tətbiqinə dair ərizələrinin rədd edilməsi və cavabdehdən onun xeyrimə 3100 manat borcun və 310 manat cərimə borcunun tutulması barədə qərar verilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, Cavabdeh verdiyi malları başqa şəxsdən nisyə aldığına, lakin malların dəyərinin cavabdeh tərəfindən ödənişi yubadıldığına görə, cavabdehin borcunun qaldığının təsdiqi məqsədi ilə cavabdehlə aralarında yazılı şəkildə alqı-satqı müqaviləsinin bağlanması ilə əlaqədar razılığa gəldiklərini, cavabdeh həmin vaxt ölkə xaricində olması səbəbi ilə müqaviləni Cavabdeh əvəzinə onun razılığı ilə imzaladığını, lakin sonradan cavabdehin həmin faktı təkzib edərək ona qarşı istifadə etdiyini bildirdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə baxış iclasını Cavabdeh iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı sahibkarlıq subyekti kimi xx.xx.2021-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, hal-hazırda ünvan 1i ünvanında qeydiyyatdadır. İş materiallarından görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2022-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və halhazırda Füzuli rayonu, Bala Bəhmənli ünvanında qeydiyyatdadır. İş materiallarında olan Füzuli rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)- 842/2024 nömrəli qərardadı ilə, ərizəçi İddiaçı borclu Cavabdeh qarşı borcludan 3100 manat əsas və 310 manat cərimə borcunun tutulması barədə əmr icraatı qaydasında ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə Füzuli rayon prokuroru tərəfindən təsdiq edilmiş “İttiham aktı”nın və Füzuli rayon məhkəməsinə ünvanlanmış məktubun surətlərindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham aktı tərtib edilmişdir və ittiham aktı ********* nömrəli cinayət işi ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan “İttiham aktı” surətindən görünür ki, cinayət işi üzrə zərər çəkmiş şəxs qismində dindirilmiş Cavabdeh ifadəsində xx.xx.2004-cü il tarixdə ailə üzvləri ilə birlikdə İsrail Respublikasının Petax-Tıkva şəhərinə köçərək orada məskunlaşdığını, 2007-ci ildə İsrail Respublikası vətəndaşlığını aldığını, həmin vətəndaşlığı alarkən soyadının Abramov, adını isə Moshe kimi qeyd etdirdiyini bildirmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş ********* nömrəli məxaric qəbzinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə 500 ABŞ dolları məbləğində nağd pul vəsaiti Abramov Moshe tərəfindən İddiaçı göndərilmişdir. İş materiallarında olan tərəflər arasında baş tutmuş telefon danışıqlarının yer aldığı elektron daşıyıcıda olan səs yazısından görünür ki, Cavabdeh iddiaçıya bir neçə dəfə pul göndərdiyini, həmin pulların borcundan çıxılmasını bildirdiyini, iddiaçıya 3600 manat məbləğində bocunun qaldığını, sonuncu dəfə iddiaçıya 500 manat göndərdiyini bildirir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində İddiaçı ilə birgə ticarətlə məşğul olduğunu, Cavabdeh onlardan mütəmadi tikinti materialları aldığını, sonuncu dəfə 2021-ci ildə Mehmana ümumi dəyəri 10500 manat olan mal verdiklərini, malları Mehmana 2-3 dəfəyə çatdırdıqlarını, Mehmanın aldığı malların dəyərini hissə-hissə ödədiyini, yekun olaraq 3000 manatdan çox məbləğdə borcunun qaldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində təxminən 2021-ci ildə idarə etdiyi yük maşını ilə Orxanın obyektindən 3 dəfə səfər etməklə tikinti mallarını Mehmana vermək üçün daşıdığını bildirmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları alqı-satqı münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında şifahi qaydada bağlanmış mülki hüquqi əqd (alğı-satqı müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını mübahisəsiz şəkildə şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tədarük etdiyi tikinti mallarını cavabdehin sifarişi ilə razılaşdırılmış miqdarda cavabdehə təqdim etməklə onun mülkiyyətinə verdiyini, cavabdehin isə təhvil aldığı malların qiymətini təşkil edən pul vəsaitini tam şəkildə iddiaçıya ödəmədiyini, cavabdeh isə iddiaçıdan mal almadığını və ona borcunun olmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü iddia edirlər. Məhkəmə ilk növbədə tərəflər arasında yaranmış münasibətin xarakterinə hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia ərizəsinin məzmununa və iddiaçının şifahi izahatına əsasən tərəflər arasında satılan əşyanın qiymətinin hissə-hissə ödənilməsi şərti ilə şifahi alqı-satqı müqaviləsi bağlanıldığı müəyyən olunduğuna və işin qeyd edilən faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan alqı-satqı müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə iddia tələbinin maddi hüquqi əsasını həmin normalar təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə, tərəflərin şifahi və yazılı izahatlarına, digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə poçt göndərişi vasitəsi ilə 500 ABŞ dolları məbləğində nağd pul vəsaitinin iddiaçıya göndərilməsi işin mübahisəsiz halını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli hallarını tərəflər arasında alınmış malların hissə-hissə ödənilməsi şərti ilə alqı-satqıya dair şifahi razılaşmanın olub-olmamasının müəyyən edilməsi, həmin razılaşma üzrə cavabdeh tərəfindən təhvil alınmış malların dəyərinin tam şəkildə ödənilməməsi barədə iddiaçının tələbi və cavabdehin iddiaçıdan mal almaması və ona borcunun olmamasına dair etirazı təşkil edir. Məhkəmə qeyd edir ki, göründüyü kimi mübahisənin predmetini tərəflər arasında alqı-satqı müqaviləsi üzrə hüquq münasibətlərinin mövcudluğu və həmin münasibətlərdən yaranan borc tələbinin əsasının müəyyən və sübut edilməsi təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, mübahisə tərəflərinin dəlilləri sübutetmə ilə əlaqədardır və baxılan iş üzrə mübahisə sübutların mümkünlüyü, yetərliliyi və mötəbərliliyi əsasında sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsi prinsipinə uyğun həll edilməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı dindirilmiş şahidlər, eləcə də Cavabdeh şikayətinə əsasən başlanılmış cinayət işi üzrə şahid qismində dindirilmiş X1 verdikləri ifadələrində, baxılan iş üzrə iddiaçı və cavabdeh arasında tikinti materiallarının alqı-satqısının həyata keçirildiyini, iddiaçı tərəfindən cavabdehə mal göndərildiyini təsdiq etmişlər. Həmçinin, qeyd olunduğu kimi cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə 500 ABŞ dolları məbləğində pul göndərildiyi işin mübahisəsiz halıdır. Son qeyd edilən faktla əlaqədar cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi ərizəsində iddiaçının cavabdehin əmisi oğlu olduğuna və əvvəllər çox mehriban olduqlarına görə cavabdehin hər bir halda iddiaçıya pul göndərməsinin normal olduğunu qeyd etsə də, tərəflər arasında baş tutmuş telefon danışıqlarının yer aldığı elektron daşıyıcıda olan səs yazısında cavabdeh həmin məbləği iddiaçıya olan borcunun ödənilməsi məqsədi ilə göndərdiyini bildirir. Bununla yanaşı, tərəflər arasında baş tutmuş digər telefon danışığında cavabdeh iddiaçıya 3600 manat borcu qaldığını etiraf etmişdir. Məhkəmə, iddiaçı ilə cavabdeh arasında aparılan telefon danışığı zamanı, iddiaçıya 3600 manat məbləğində borcunun qalmasına dair cavabdehin bildirdiklərini, cavabdehin ondan tələb olunan borcu etirafı etməsi kimi qəbul edərək bu qənaətə gəlir ki, cavabdeh tərəfindən mötəbərliyi mübahisələndirilməyən həmin səs yazısı ilə cavabdehin aldığı mallara görə borcunun olduğu öz təsdiqini tapmışdır. Məhkəmə, şərh olunanları yekunlaşdıraraq bu nəticəyə gəlir ki, iddiaçı verdiyi malın dəyərinin cavabdeh tərəfindən tam ödənilməməsi ilə bağlı öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübut edə bilmişdir. Cavabdeh isə etirazını əsaslandıra bilməmiş, borcunun olmamasına dair etirazını sübut edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, borc tələbinə dair iddia mahiyyət etibarı ilə əsaslıdır. Məhkəmə, tələb olunan borcun məbləği ilə bağlı araşdırmanın nəticəsi olaraq bu qənaətə gəlir ki, işin sübut edilmiş hallarına əsasən cavabdehin ödənilməyən borcunun məbləğinin 3100 manat olması öz təsdiqini tapır. Belə ki, iddia ərizəsində iddiaçı cavabdehin borcunun məbləğinin 3600 manat olduğunu bildirsə də, iddiaçının Füzuli rayon məhkəməsinə ünvanladığı ərizələrində, həmin məhkəmənin ərizənin baxılmamış saxlanılması haqqında qərardadında və son olaraq iddiaçının baxılan işlə bağlı məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsində borcun miqdar 3100 manat olaraq qeyd edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq borcun məbləği 3100 manat olaraq müəyyən edilməlidir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alqı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Məhkəmə, gəldiyi nəticənin maddi hüquqi əsaslandırılması ilə bağlı qeyd edir ki, baxılan işdə iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hüquqi əsas, öhdəlik hüququnun ümumi tələbləri və tərəflər arasında mövcud olmuş alqı-satqı müqaviləsi üzrə alıcının vəzifə və məsuliyyətini müəyyən edən Mülki Məcəllənin müvafiq normaları təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2 və 329.3-cü maddələrinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1 və 601.2-ci maddələrinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə, mübahisəyə iddia müddətinin tətbiqinə dair cavabdehin nümayəndəsinin ərizəsinə münasibətdə qeyd edir ki, cavabdehin nümayəndəsi tərəflər arasında heç bir müqavilə münasibəti olmadığını, iddiaçının bunu bildiyi üçün məhkəməyə əsassız varlanmaya dair iddia ərizəsi ilə müraciət etməli olduğunu, tərəflər arasında guya bağlandığı bildirilən əqdin əhəmiyyətsiz əqd hesab edildiyini əsas göstərərək, bu halda iddiaçının 1 il ərzində məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirir. Məhkəmə, cavabdehin nümayəndəsinin qeyd olunan mövqeyi ilə bağlı ilk olaraq qeyd edir ki, əhəmiyyətsiz əqdlərin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddianın irəli sürülməsi üçün Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan 1 illik müddət kəsici müddətdir və həmin müddətin tətbiqi üçün iddia müddətinin tətbiqinə dair ərizənin verilməsinə zərurət yoxdur. Belə ki, kəsici müddətlərin tətbiqinin əsaslarını məhkəmə bu barədə tələb irəli sürlüb-sürülməməsindən asılı olmayaraq yoxlayır. Digər tərəfdən aparılan araşdırma zamanı məhkəmənin gəldiyi qənaətə görə tərəflər arasında satılan malların hissə-hissə ödənilməsi nəzərdə tutulan şifahi qaydada nisyə alqı-satqı müqaviləsinin bağlandığı təsbit edilmişdir. Buna görə də, tərəflər arasında münasibətlərə əsassız varlanmaya dair normaların tətbiqi üçün faktiki və hüquqi əsaslar baxılan işdə mövcud deyildir. Digər tərəfdən, iş üzrə tərəflər arasında bağlanmış şifahi müqavilənin etibarsızlığına dəlalət edən hallar da məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir, həmçinin bu barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Şərh olunanları ümumiləçdirərək məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında mövcud olmuş münasibətlərə mülki qanunvericilikdə müqavilələrə dair tələblər üzrə iddia müddətinin tətbiqi əsaslarını tənzimləyən maddi hüquq normalarına əsasən hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 375.1, 375.2-ci, 377.1, 377.2 və 377.3-cü maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Sadalanan maddi hüququ normalarının tələblərindən aydın olur ki, bir şəxsin başqa şəxsdən tələb etmək hüququna müddət şamil edilir və bu müddət əgər pozulmuş hüququn bərpası məhkəmə müdafiəsi yolu ilə həyata keçirilirsə iddia müddəti sayılır. İddia müddətinin keçməsi hüququ pozulmuş şəxsin tələblə məhkəməyə müraciət etməsinə mane olmasa da, digər tərəfin iddia müddətinin keçməsinə istinad etməsi və bu barədə məhkəməyə ərizə verməsi məhkəmənin həmin əsasla iddianı rədd etməsi üçün hüquqi zəmin yaradır. O da qeyd edilməlidir ki, iddia müddətinin tətbiqinə dair məsələlərin həlli zamanı həmin müddətin axımının başlanması anının dəqiq müəyyən edilməsi, həmçinin hər bir konkret iş üzrə iddia müddətinin axımının dayandırılması və ya kəsilməsi hallarının mövcud olub-olmamasının araşdırılması zəruridir. Hazırki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında alğı-satqıya dair razılaşma 2021-ci ildən etibarən əldə edilmişdir və iddiaçı xx.xx.2021-ci il tarixdə dəyəri 1 ay ərzində ödənilməsi şərti ilə cavabdehə nisyə mal verdiyini bildirmişdir. Belə olan halda tərəflər arasında bağlanmış müqavilə üzrə iddia müddətinin axımı, Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən, xx.xx.2021-ci il tarixdən etibarən hesablanmalıdır. Bu qaydada hesablama aparıldığı zaman iddiaçının müqavilə üzrə pul tələbinə dair iddia müddəti Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, xx.xx.2024-cü il tarixində bitmişdir. Lakin, işdən göründüyü kimi cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməsi məqsədi ilə iddiaçıya son olaraq xx.xx.2022-ci il tarixdə pul ödənilmişdir. Bu fakt üç illik iddia müddətinin axımının həmin tarixdən, yəni xx.xx.2022-ci il tarixdən yenidən başlamasına səbəb olduğuna və iddia ərizəsi xx.xx.2025ci il tarixdə məhkəməyə təqdim olunduğuna görə, iddia müddətinin ötürülməsindən söz etmək olmaz. Belə ki, Azərbaycan Respuiblikası Mülki Məcəlləsinin 380.1 və 380.2-ci maddələrinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməli, tələb edilən borc məbləği, həmçinin məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş xərclər cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 3100 manat məbləğində borc və 56 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 3156 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1017/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1017/2025
17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver