Məhkəmə qərarları › İş №e-2-2(121)-1020/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1020/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1020/2021 08.09.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı “X19 Co.LTD” şirkətinin nümayəndəsi və vəkili Vəkil, İddiaçı “X19 Co.LTD” şirkətinin nümayəndəsi X15 iştirakı ilə, İddiaçı X19 Co.LTD-nin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “X19 Co.LTD-nin Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 186.656,25 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, təmsilçisi olduğu və Çin Хalq Respublikasında qeydiyyatdan keçmiş şirkət olan "xxxx" Şirkətin Dünyanın bir çoх ölkələrində İngiltərədə, Türkiyədə, HonKonqda və digər inkişaf etmiş ölkələrdə və azad iqtisadi zonalarda nümayəndəliyi fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyət istiqamətini dəri məhsullarının iхracı və emalı təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycanda biznes fəaliyyətinin inkişafı üçün yaratmış olduğu şəraitdən istifadə edərək 2014-cü ildən Azərbaycan Respublikasında fəaliyyət göstərir. Cənab Prezidentin хarici şirkətlərdən investisiya cəlb edilməsi ilə bağlı təkliflərinə və yaratdığı şəraitə əsasən 2 Şirkətləri Azərbaycan Respublikasında investisiyalayihələri həyata keçirmiş və gələcəkdə daha da böyük məbləğdə investisiya yatırımları etmək niyyətindədilər. Hazırda Gəncə şəhərində heyvan dərisinin aşılanması fabrikini qurmaqla, yerli əhali üçün yeni iş yerləri açmaqla fəaliyyətlərini daha da genişləndirməklə məşğuluq. Təəssüflər olsun ki, belə bir işləri gördüyləri halda Ağcabədi rayon sakini Mülhazil Balakişiyev tərəfindən aldadılmışlar və Şirkətin külli miqdarda pul vəsaiti ələ keçirilmişdir. Belə ki, 2017-ci ilin mart ayında Ağcabədi rayon sakini X2 qoyun yunu sata bilməsini bildirdiyindən, onunla 1.368 ton qoyun yununu ilkin ödəniş 237.600 ABŞ dollarına şirkətə satması barədə aralarında razılıq əldə olundu. Qeyd edilən razılığı rəsmiləşdirmək və ödənişi etmək üçün Mülhazil Balakişiyev rəhbəri olduğu "xxxx" MMC-nin adından Şirkətlə 30.03.2017-ci il tarixdə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin alqı-satqı müqaviləsinin bağlanılmasından sonra Şirkət tərəfindən 237.600 ABŞ dolları Mülhazi Balakişiyevə ödənilmişdir. Ödənilmiş pulların əvəzində Mülhazil Balakişiyev 50.943,75 ABŞ dolları məbləğində 30.875 kq yunu Şirkətə göndərmişdir. Təəsüflər olsun ki, Mülhazi Balakişiyev bu günə qədər yerdə qalan 186.656,25 ABŞ dolları məbləğində yun məhsulunu Şirkətə göndərməmiş və yaхud pulunu geri qaytarmamışdır. Mülhazi Balakişiyev tərəfindən malın göndərilməməsi səbəbi ilə bağlı dəfələrlə Ağcabədi şəhərində görüşləri olmuşdur və hər dəfə Mülhazi Balakişiyev yerdə qalan malların da göndəriləcəyini söz vermiş və hətta bununla bağlı aralarında əlavə razılaşmalar da imzalanmışdır. Lakin hər dəfə müхtəlif bəhanələr gətirməklə aldığı pulun müqabilində malları göndərməkdən imtina etmişdir. Belə ki, 2017-ci ilin oktyabr ayında Mülhazi Balakişiyev Azərbaycan Respublikası Prezidenti cənab X16 şəhərinə səfər etməsi ilə bağlı bir çoх işlərin dayandırıldığını və səfərdən sonra tezliklə malı göndərməsini söz versə də, göndərmədi. Daha sonra isə danışıqlarında malı göndərəcəyini bildirsə də, sonradan özünün ailə problemləri ilə bağlı əhval-rühiyyəsinin pis olmasını, Ağcabədi də hava şəraitinin pis olmasını, yun yuma maşınının хarab olmasını, yerli vergi orqanları tərəfindən şirkətinin bağlanmasını bəhanələr kimi göstərməklə yun məhsullarını göndərməmişdir. X1 aldadıcı hərəkətləri ilə Şirkətə 186.656,25 ABŞ dolları məbləğində maddi ziyan dəymişdir. Belə ki, X9 237.600 ABŞ dolları pulu almasını həm aralarında olan danışıqlar zamanı, həm aramızda olan yazılı razılaşmalar zamanı, həm də polis şöbəsində verdiyi izahat zamanı tam olaraq etiraf etmişdir. Eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyiniə məsələ ilə bağlı çağrıldığında yazılı olaraq qəbul edir. Qeyd edilənlərlə bağlı Ağcabədi rayon Polis Şöbəsinə, İqtisadi İnfişaf Nazirliyinə etdiyimiz şikayətlərin isə heç bir müsbət nəticəsi olmamışdır. Mülhazi Balakişiyev kimi şəхsin Şirkəti aldadaraq külli miqdarda pul vəsaitini ələ keçirməsi və hüquq-mühafizə orqanları tərəfindən həmin əmələ düzgün, zəruri qiymət verilməməsi Şirkətin Azərbaycanın biznes bazarına olan inamını azaldır və Şirkətin külli miqdarda pul vəsaitinin həmin şəxs tərəfindən mənimsənilməsinə şərait yaradır. İddiaçı “X19 Co.LTD” şirkətinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı “X19 Co.LTD” şirkətinin nümayəndəsi X17 məhkəmə iclasında izahat verərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndələrinin və vəkilinin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “FERHAD-91” (satıcı) ilə X19 CO.LTD (alıcı) arasında bağlanılmış 30.03.2017-ci il tarixli, 30032017-YİLİ nömrəli alqı-satqı müqaviləsinə əsasən, satıcı müqavilənin şərt və müddəalarında nəzərdə tutulan yuyuluş qoyun yununu satmağı, alıcı isə müəyyən edilmiş şərtlər daxilində məhsulun dəyərin ödəyib, qəbul etməyi öz öhdəsinə götürmüşlər. Həmin müqavilənin 3-cü bəndində qeyd edilir ki, alıcı ilkin ödəniş kimi avans şəklində 4 vaqonun ödənilməsi ilə razılaşır. İlkin ödənişin həyata keçirilməsi ilə məhsulların təhvil verilməsindən sonra ödəniş hər təqdim edilən fakturaya əsasən hesablanmalıdır. İş materiallarında olan “FERHAD-91” (satıcı) ilə X19 CO.LTD (alıcı) arasında 30.03.2017-ci ildə imzalanan 30032017-YİLİ saylı müqaviləyə 31.03.2017-ci il tarixdə bağlanmış əlavə razılıq müqaviləsinə əsasən, yuyulmuş qoyun yununun CİP Dostik qiyməti 1.65 ABŞ dolları təşkil edir. İş materiallarında olan 17.10.2017-ci il tarixli “FERHAD-91” (satıcı) ilə X19 CO.LTD (alıcı) arasında yuyulmuş qoyun yununun ödəniş və daşınma məlumatlarından görünür ki, ilkin avans ödənişi kimi nəzərdə tutulan 4 (dörd) vaqondan 1-ci (birinci) vaqon üzrə 33.018 kq olan 53.891,34 ABŞ dollar məbləğində mallar, 4.860,66 ABŞ dollar dəyərində qalıq qalmaqla alıcıya təhvil verilmişdir. Digər 3 (üç) vaqon müqavilədə nəzərdə tutulan mallarla alıcıya təhvil verilməmişdir. İş materiallarında olan 24.10.2017-ci il tarixli Razılıq müqaviləsindən görünür ki, satıcı ümumi dəyəri 237.600 ABŞ dolları olan 36 ton (xalis çəki) yuyulmuş qoyun yununu vaqona yükləməyə zəmanət vermişdir. Bununla belə, alıcıya 24.139,34 ABŞ dollar məbləğində ilkin ödəniş etməyə razılıq vermişdir. İş materiallarında olan 25.02.2019-cu il tarixli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin X19 CO.LTD şirkətinin nümayəndəsi cənab Mirsalih A.Turkelə ünvanladığı məktubdan görünür ki, "xxxx" MMC-nin rəhbəri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə dəvət olunmuş və bu barədə ətraflı müzakirələr aparılmışdır. Şirkətin rəhbəri “X19 Co.Ltd” şirkəti ilə məhsulların təchizatı barəsində müqavilənin bağlanmasını və 144 ton məhsul üçün 237.600 ABŞ dolları məbləğində ilkin ödənişi qəbul etdiyini təsdiq edmişdir. İş materiallarında olan Ağcabədi RPŞ-nin İB-nin baş müstəntiqi Vüsal Bağırov tərəfindən tərtib edilmiş 30 mart 2020-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, aparılan təhqiqat araşdırılması zaman müəyyən olunmuşdur ki, “X19 CO.LTD” şirkəti 30.03.2017-ci il tarixdə Ağcabədi şəhər sakini "xxxx" MMC-nin rəhbəri X5 arasında 30032017 saylı alqı-satqı müqaviləsi bağlanmış və müqavilə şərtləri pozulmuşdur. Bununla yanaşı, Cavabdehndə anbar müdiri vəzifəsində işləyən X14 araşdırma zamanı izahatında “X19 CO.LTD” şirkətinə ilkin olaraq yun göndərildiyini, daha sonra dəzgahlar sıradan çıxdığından xam mal istehsal edilməsi mümkün olmadığını bildirmişdir. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, “X19 CO.LTD” şirkətinin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil "xxxx" MMC-nin direktoru X4 məktub ünvanlayaraq, tərəflər arasında bağlanmış 30.03.2017-ci il alqı-satqı müqaviləsinə əsasən 186.656,25 ABŞ dolları borcunun olduğunu bildirmiş, həmin borcun 5 gün müddətində ödənilməsini ondan tələb etmiş, əks təqdirdə həmin borcun məcburi qaydada alınması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə orqanlarına müraciət ediləcəyi barədə onu xəbərdar etmişdir. Məhkəmə hesab edir ki, hazırkı işdə cavabdehin alqı-satqı müqaviləsi üzrə “X19 CO.LTD” şirkətindən 237.600 ABŞ dolları məbləğində pul vəsaitini alması və yalnız 50.943,75 ABŞ dolları məbləğində olan malları iddiaçıya təhvil verməsi işin mübahisəsiz halını təşkil edir. Belə ki, tərəflər arasında 30.03.2017-ci il tarixli malların alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə sifariş verilən malların dəyərinə uyğun pul vəsaiti verilsə də, cavadeh müqavilə üzrə öhdəliyə tam əməl etməmişdir. İddiaçı məktubla cavabdehə borcun qaytarılması ilə bağlı xəbərdarlıq göndərərək, borcun qaytarılmasını tələb etsə də, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış 30 mart 2017-ci il tarixli, 30032017-YİLİ nömrəli alqı-satqı müqaviləsi təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə 5 müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. - 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. - 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. - 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında olan 30 mart 2017-ci il tarixli, 30032017-YİLİ müqavilə əsasında iddiaçıdan malların dəyərinə uyğun pul vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malları iddiaçıya satmağa dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə qeyd olunan müqavilə üzrə pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin həmin malları iddiacıya satmasına dair vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddiaçı ödənilmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də, iddia təmin edilərək, 186.656,25 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Hazırki iddia tələbi üzrə cavabdehin borclu olması iş materialları, Ağcabədi RPŞ-də təhqiqat araşdırması zamanı cavabdehin və cavabdehin işçisinin verdiyi izahatla, həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin apardığı araşdırma ilə də müəyyən olunur. Cavabdeh tərəfindən iddiaçının cavabdehə 230.000 ABŞ dolları məbləğində pulun verilməsini təkzib edən, o cümlədən müqavilədə qeyd olunan malların iddiaçıya göndərilməsini təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə əsasən zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (MPM-in 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumunun ödənilməsi iddiaçı tərəfindən tələb edilmədiyindən, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən 186.656,25 (bir yüz səksən altı min, altı yüz əlli altı dollar, iyirmi beş sent) ABŞ dolları (ödəniş gününə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq) məbləğində pul vəsaiti tutularaq iddiaçı “X19 Co.LTD”-yə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233-cü və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 186.656,25 (bir yüz səksən altı min altı yüz əlli altı dollar iyirmi beş sent) ABŞ dolları (ödəniş gününə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq) Cavabdehndən tutularaq “X19 Co.LTD”-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar