Məhkəmə qərarları › İş №e-2-2(121)-1025/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1025/2025

09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1025/2025 09.04.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barəsində iddiasına dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı tərəfindən müqavilə üzrə təchiz edilmiş inşaat materiallarının dəyəri olan 9860,75 manat əsas borc və 1774,93 manat ƏDV borcu və ödənişin gecikdirilməsinə görə hesablanmış cərimə məbləği 382 manat olmaqla, ümumilikdə 12017,68 manat pulun, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 127 manat məbləğində pulun Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra – “iddiaçı”) ilə Cavabdeh MMC (bundan sonra – “cavabdeh”) arasında 29 noyabr 2023-cü il tarixli, AS-50 №-li alqı-satqı müqaviləsi (bundan sonra - Müqavilə) bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı cavabdehə müəyyən olunmuş inşaat materialları satmağı, cavabdeh isə onları qəbul edib dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Malların təhvil verilməsi xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024- cü il tarixli elektron qaimələr ilə rəsmiləşdirilmişdir. Müqavilənin 3.4.1-ci bəndinə əsasən, Alıcının əşyanı qəbuledib əvəzində müəyyənləşdirilmiş pulməbləğini (qiyməti) ödəmək öhdəliyi vardır. Buna baxmayaraq, təhvil verilmiş inşaat materiallarının dəyəri olan 11635,68 AZN vəsait (9860.75 manat əsas borc və 1774.93 manat ƏDV borcu olmaqla) bugünədək İddiaçı MMC-yə ödənilməmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində əsas borcdan 2450 manat, xx.xx.2024-cü il tarixində əsas borcdan 2000 manat ödənilmişdir. Bundan əlavə, cavabdeh tərəfindən öhdəliklərin vaxtında icra olunmamasına görə 382 manat faiz borcu hesablanmışdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Borcun qaytarılmalı olduğu tarixdən indiki vaxta qədər faiz dərəcəsi ilə hesablanmış məbləğ – 1) xx.xx.2024-cü il tarixli qaimə üzrə son ödənişin edildiyi tarixdən (xx.xx.2024) indiki vaxta qədər gecikdirilmiş məbləğə uyğun olaraq 126 manat (3337.9 x 3.75 : 100) (gecikdirilmiş müddət - 9 aya uyğun 3.75 faiz dərəcəsi, 3337.9 manat ödənilməmiş məbləğ) 2) xx.xx.2024-cü il tarixli qaimə üzrə borcun qaytarılmalı olduğu tarixindən indiki vaxta qədər gecikdirilmiş məbləğə uyğun olaraq 7 manat (160.48 x 4.1 : 100) (gecikdirilmiş müddət - 10 aya uyğun 4.1 faiz dərəcəsi, 160.48 manat ödənilməmiş məbləğ) 3) xx.xx.2024-cü il tarixli qaimə üzrə borcun qaytarılmalı olduğu tarixindən indiki vaxta qədər gecikdirilmiş məbləğə uyğun olaraq 80 manat (1,958.8 x 4.1 : 100) (gecikdirilmiş müddət - 10 aya uyğun 4.1 faiz dərəcəsi, 1,958.8 manat ödənilməmiş məbləğ) 4) xx.xx.2024-cü il tarixli qaimə üzrə borcun qaytarılmalı olduğu tarixdən indiki vaxta qədər gecikdirilmiş məbləğə uyğun olaraq 111 manat (2962.86 x 3.75 : 100) (gecikdirilmiş müddət - 9 aya uyğun 3.75 faiz dərəcəsi, 2962.86 manat ödənilməmiş məbləğ) 5) xx.xx.2024-cü il tarixli qaimə üzrə borcun qaytarılmalı olduğu tarixindən indiki vaxta qədər gecikdirilmiş məbləğə uyğun olaraq 13 manat (385.15 x 3.3 : 100) (gecikdirilmiş müddət - 8 aya uyğun 3.3 faiz dərəcəsi, 385.15 manat ödənilməmiş məbləğ) 6) xx.xx.2024-cü il tarixli qaimə üzrə borcun qaytarılmalı olduğu tarixindən indiki vaxta qədər gecikdirilmiş məbləğə uyğun olaraq 6 manat (192.58 x 2.9 : 100) (gecikdirilmiş müddət - 7 aya uyğun 2.9 faiz dərəcəsi, 192.58 manat ödənilməmiş məbləğ) 7) xx.xx.2024-cü il tarixli qaimə üzrə borcun qaytarılmalı olduğu tarixindən indiki vaxta qədər gecikdirilmiş məbləğə uyğun olaraq 10 manat (408.22 x 2.5 : 100) (gecikdirilmiş müddət - 6 aya uyğun 2.5 faiz dərəcəsi, 408.22 manat ödənilməmiş məbləğ) 8) xx.xx.2024-cü il tarixli qaimə üzrə borcun qaytarılmalı olduğu tarixindən indiki vaxta qədər gecikdirilmiş məbləğə uyğun olaraq 14 manat (661.98 x 2.08 : 100) (gecikdirilmiş müddət - 5 aya uyğun 2.08 faiz dərəcəsi, 661.98 manat ödənilməmiş məbləğ) 9) xx.xx.2024-cü il tarixli qaimə üzrə borcun qaytarılmalı olduğu tarixindən indiki vaxta qədər gecikdirilmiş məbləğə uyğun olaraq 15 manat (966.89 x 1.6 : 100) (gecikdirilmiş müddət - 4 aya uyğun 1.6 faiz dərəcəsi, 966.89 manat ödənilməmiş məbləğ) – təşkil edir. Belə olan halda, müqavilə üzrə inşaat materiallarının dəyəri olan, ödənilməmiş 11635.68 (on bir min altı yüz otuz beş manat altmış səkkiz qəpik) manat vəsait (9860.75 manat əsas borc və 1774.93 manat ƏDV borcu olmaqla) və 382 manat faiz borcu Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödənilməlidir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı MMC-nin və Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, bütün sübutların məhkəməyə təqdim edildiyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmiş, Cavabdeh MMC-nin nümayəndəsi isə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

5. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər.

7. Məhkəmə, qeyd olunanlara əsasən iddiaçının və cavabdehin nümayəndələrinin iştirakları olmadan məhkəmə iclasını keçirilməsini mümkün hesab etmişdir.

İddia ərizəsinə etiraz:

8. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

9. İddiaçı MMC (Satıcı) ilə Cavabdeh MMC (Alıcı) arasında xx.xx.2023-cü il tarixli, AS-50 nömrəli alqı-satqı müqaviləsinin bağlanmışdır. Həmin müqavilənin: -1.1-ci yarımbəndinə əsasən, “Satıcı” “Alıcı”ya inşaat materiallaı-Qum, atsep, qırma daş, mişar daşı (bundan sonra “Mal”) satır, “Alıcı” isə həmin Malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəyir. -2.1-ci yarımbəndinə əsasən, Malın qiyməti və miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə Razılaşma ilə müəyyənləşdirilir. -3.1.1-ci yarımbəndinə əsasən, müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini “Alıcı”dan tələb etmək-“Satıcı”nın hüququdur. -3.4.1-ci yarımbəndinə əsasən, əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəmək “Alıcı”nın vəzifəsidir. -4.1-ci yarımbəndinə əsasən, “Satıcı” müqaviləyə uyğun olaraq sifarişi “Alıcı”ya Malı sifariş verilən gündən tərəflərin əvvəlcədən razılaşdığı müddətdə “Alıcı”ya təhvil verməyi öhdəsinə götürür. -5.1-ci yarımbəndinə əsasən, “Alıcı”sifariş olunan malın dəyərini nağd qaydada və ya köçürmə yolu ilə həyata keçirir. -5.2-ci yarımbəndinə əsasən, Mal “Alıcı”ya tam təhvil verildikdən sonra “Alıcı” 30 (otuz) gün ərzində Malın dəyərini hissə-hissə və ya tam şəkildə ödənilməsini öhdəsinə götürür.

10. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli, MT2408 10869296 nömrəli (ƏDV daxil 966,89 manat, ƏDV xaric 819,4 manat), xx.xx.2024-cü il tarixli, MT2407 10774234 nömrəli (ƏDV daxil 661,98 manat, ƏDV xaric 561 manat), xx.xx.2024-cü il tarixli MT2406 10252129 nömrəli (ƏDV daxil 408,22 manat, ƏDV xaric 345,95 manat), xx.xx.2024-cü il tarixli, MT2405 10198343 nömrəli (ƏDV daxil 192,57 manat, ƏDV xaric 163,2 manat) məbləğində, xx.xx.2024-cü il tarixli MT2404 00143992 nömrəli (ƏDV daxil 385,15 manat, ƏDV xaric 326,4 manat), xx.xx.2024-cü il tarixli, EBEA 074089 nömrəli (ƏDV daxil 2962,86 manat, ƏDV xaric 2510,9 manat), xx.xx.2024-cü il tarixli, EBDY 093769 nömrəli (ƏDV daxil 1958,8 manat, ƏDV xaric 1660 manat), xx.xx.2024-cü il tarixli, EBDX 209218 nömrəli (ƏDV daxil 160,48 manat, ƏDV xaric 136 manat), xx.xx.2024-cü il tarixli, EBDW 537541 nömrəli (ƏDV daxil 6184,38 manat, ƏDV xaric 5241 manat) və xx.xx.2023-cü il tarixli, EBDV 355834 nömrəli (ƏDV daxil 3005,34 manat, ƏDV xaric 2546,9 manat) (ümumilikdə ƏDV daxil 16886,67 manat, ƏDV xaric 14310,75) malların, işlərin və xidmətlərin tədqim edilməsi barədə elektron qaimələr təqdim olunmuşdur.

11. İş materiallarında olan İddiaçı MMC və Cavabdeh MMC tərəfindən təsdiq olunmuş xx.xx.2024-cü il tarixli, S1/A-23 nömrəli, xx.xx.2024-cü il tarixli, A-1/24 nömrəli, xx.xx.2024cü il tarixli, 233/A-24 nömrəli, xx.xx.2024-cü il tarixli, 234/A-24 nömrəli, xx.xx.2024-cü il tarixli, 256/A-24 nömrəli, xx.xx.2024-cü il tarixli, 296/A-24 nömrəli, xx.xx.2024-cü il tarixli, 324/A-24 nömrəli və xx.xx.2024-cü il tarixli, 356/A-24 nömrəli “təhvil-təslim aktları”na görə xx.xx.2023-cü il tarixli, AS-50 nömrəli alqı-satqı barədə müqaviləyə əsasən 16886,67 manat dəyərində məhsullar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

12. İş materiallarında olan İddiaçı MMC və Cavabdeh MMC tərəfindən təsdiq olunmuş AS-50 nömrəli “X1”ndan görünür ki, İddiaçı MMC-nin Cavabdeh MMC-yə satdığı malların 1 tonunun qiyməti, Qırma daş 17 azn+ƏDV, Atsep 17 azn+ ƏDV, Qum 17 azn+ ƏDV, Qum (digər) 30 azn+ ƏDV müəyyən edilmişdir.

13. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə 2000 manat və xx.xx.2024-cü il tarixdə 2450 manat, ümumilikdə 4450 manat məbləğində ödəniş edilmişdir.

14. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 30 oktyabr 2024-cü il tarixli, pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış 9860,75 manat borcun 20 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC məlumatlandırılmışdır.

15. ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 127 manat dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarı:

Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə əsasən, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

19. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

C) Məhkəmənin mövqeyi:

20. Məhkəmə iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.

21. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, hazırki iş üzrə iddiaçı ilə cavabdeh arasında etibarlı şəkildə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Ona görə ki, tərəflər arasında bağlanmış müqavilədən göründüyü kimi iddiaçı cavabdehə müəyyən olunmuş inşaat materialları satmağı, cavabdeh isə onları qəbul edib dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür.

22. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə “Satıcı”ya aid öhdəliklərin lazımınca yerinə yetirilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, alqı-satqı müqaviləsi tələb olunan borcun ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış “Elektron Kabinet” vasitəsilə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, alqı-satqı müqaviləsi üzrə öhdəliyin cavabdeh tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.

23. Belə ki, iş materiallarında olan elektron qaimələr, təhvil-təslim aktları və bank tərəfindən verilmiş ödəniş qəbzləri İddiaçı MMC tərəfindən ƏDV daxil 16886,67 manat (ƏDV xaric 14310,75 manat) dəyərində malların alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC-yə təhvil verilməsini, eyni zamanda Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 4450 manat ödəniş edilməsini və hazırda tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə cavabdehin ƏDV xaric 9860,75 manat əsas borcunun olmasını təsdiq edir.

24. Eyni zamanda işdə olan iddiaçı və cavabdeh tərəfindən təsdiq olunmuş AS-50 nömrəli “X1”ndan görünür ki, İddiaçı MMC-nin Cavabdeh MMC-yə satdığı malların 1 tonunun qiyməti, Qırma daş 17 azn+ƏDV, Atsep 17 azn+ ƏDV, Qum 17 azn+ ƏDV, Qum (digər) 30 azn+ ƏDV müəyyən edilmişdir. Göründüyü kimi cavabdeh ƏDV borcunun ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür.

25. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə cavabdehə qarşı hazırki iddia tələbini irəli sürmək hüququ vermişdir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 9860,75 manat əsas borc və 1774,93 manat ƏDV borcu məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

26. Məhkəmə, iddianın “ödənişin gecikdirilməsinə görə hesablanmış 382 manat faiz cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı iddia ərizəsinin təsviri hissəsində həmin tələbi əsaslandırarkən Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edir. İddia ərizəsinin təkcə nəticə - “xahiş edirəm” hissədən ibarət olmadığı nəzərə alındıqda iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə müvafiq olaraq gecikdirilmiş dövr üçün hesablanmış 382 manat gecikdirmə faizini tələb etdiyi aydın görünür. Ona görə də, məhkəmə iddiaçının həmin tələbini AR Mülki Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulan dəbbə pulu (cərimə, penya) kimi deyil, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulan gecikdirmə faizi kimi qiymətləndirir və hesab edir ki, həmin maddənin tələbinə əsaslanaraq hüquqi qiymət verilməlidir. Beləliklə, məhkəmə tərəflər arasında bağlanmış müqavilənin şərlərinə əsasən cavabdeh mal (mallar) ona tam təhvil verildikdən sonra 30 (otuz) gün ərzində malın dəyərini hissə-hissə və ya tam şəkildə ödənilməsini öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyini lazımınca yerinə yetirmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, iddia qeyd olunan hissədə də təmin edilməlidir.

Məhkəmə xərcləri:

27. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, iddia təmin olunduğundan iş üzrə ödənilmiş 127 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir.

Nəticə:

28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 9860,75 manat əsas borc, 1774,93 manat ƏDV borcu və gecikdirilmiş dövr üçün hesablanmış 382 manat faiz borcu olmaqla, cəmi 12017,68 (on iki min on yeddi manat, altmış səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 127 (bir yüz iyirmi yeddi) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar