Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1029/2025 08.04.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı Məhdudu Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Məhdudu Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:
1. İddiaçı MMC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4817 nömrəli nisyə alqı-satqı müqaviləsi əsasında yaranmış öhdəliyin icra edilməməsi nəticəsində 12503 manat olaraq əsas məbləğin, dövlət rüsumu qismində ödənilmiş 128 manat pul vəsaitinin, ümumilikdə 12631 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçıMMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2013-cü il tarixdə rəsmi dövlət qeydiyyatına alınmış, həmin andan etibarən də hüquqi şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Atdığı hər bir addımda qanunvericiliyin tələblərini izləmiş və onlara riayət etməyə çalışmışdır. İddiaçı MMC-nin əsas fəaliyyəti dünyanın qabaqcıl ölkələrindəki istehsalçılarla əməkdaşlıq edərək ən son innovasiyalı kosmetoloji avadanlıqların ölkə ərazisində satışını və texniki dəstək xidmətlərini həyata keçirməkdən ibarətdir. İddiaçı MMC (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında 13 Oktyabr 2023-cü il tarixində 4817 nömrəli nisyə alqısatqı müqaviləsi (bundan sonra Müqavilə) bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı İddiaçı MMC müqaviləyə əlavələr ilə müəyyənləşdirilən avadanlığı alıcı Cavabdeh hissə-hissə ödənilməsi şərtilə təhvil verməyi, alıcı isə avadanlığı qəbul etməyi və onun dəyərini razılaşdırılmış formada hissə-hissə satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında imzalanmış Müqavilə ilə eyni gündə ona 1 nömrəli Əlavə də imzalanmışdır. Həmin əlavə ilə hər birindən 1 ədəd olmaqla Goldenlaser sunlight diode aparatı, kosmetoloji çarpayı, oturacaq, led lampa, tumba, elektroepilyasiya cihazı və 3 ədəd miqdarda aqua gel mallarının satıcı tərəfindən alıcıya təqdim olunması razılaşdırılmışdır. Qeyd olunan malların ümumi satış dəyəri 27,000 (iyirmi yeddi min) AZN olaraq razılaşdırılmışdır və bu məbləğdən 7,000 (yeddi min) AZN elə müqavilə imzalanan zaman alıcı tərəfindən satıcıya ödənilmişdir. Qalıq 20,000 (iyirmi min) AZN məbləğ isə 24 aylıq ödəniş qrafiki formasında adıçəkilən Əlavədə öz əksini tapmışdır. İlkin ödənişin ardından satıcı tərəfindən yalnız qrafik üzrə ilk 9 ayın ödəniş məbləği həyata keçirilmişdir. 9 ay üzrə ümumi ödəniş məbləği aylıq ödənişin 833 (səkkiz yüz otuz üç) AZN olduğu üçün 7,497 (yeddi min dörd yüz doxsan yeddi) AZN təşkil etmişdir. Beləlikə, alıcı Cavabdeh Müqavilə üzrə ödəməli olduğu 27,000 (iyirmi yeddi min) AZN məbləğindən ilkin ödəniş kimi 7,000 (yeddi min) AZN və aylıq ödənişlər (9 ay) şəklində 7,497 (yeddi min dörd yüz doxsan yeddi) AZN ödəməklə, ümumilikdə satıcıya 14,497 (on dörd min dörd yüz doxsan yeddi) AZN ödəniş həyata keçirmişdir. Belə olan təqdirdə alıcının satıcıya Müqavilə üzrə hal-hazırda 12,503 (on iki min beş yüz üç) AZN borcu qalmaqdadır. Cavabdeh tərəfindən sonuncu ödənişin həyata keçirilməsindən (vaxtı çatmış öhdəliyin icra edilməməsindən) artıq 4 aya yaxın müddət keçməkdədir. Onun tərəfindən müvafiq ay üzrə ödənişin edilməməsindən sonra tərəfimizdən onunla ödənişin edilməsinin zərurəti ilə bağlı danışıqlar aparılmışdır. Həmçinin, tərəfimizdən Cavabdeh xx.xx.2024-cü il tarixində pretenziya məktubu da göndərilərək gecikdiriliş ödənişləri həyata keçirməsi üçün əlavə 3 gün vaxt verilmiş və buna əməl etməyəcəyi təqdirdə isə artıq onun barəsində məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Lakin, bütün bu cəhdlər nəticəsiz qalmışdır.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən iddaçı İddiaçı MMC-nin nümayəndəsi və vəkili X2 iddianı müdafiə edərək, iddia tələbinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, xx.xx.2025-ci il tarixində Gömrük Hospitalında əməliyyat olunmuşdur. Səhhətində yaranan problemlərlə əlaqədar olaraq xx.xx.2025-ci il saat 11:10da təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcək və məhkəmənin onun iştirakı olmadan keçirilməsini xahiş edir. Eyni zamanda qeyd edir ki, İddiaçındən aldığı cihaz üçün öhdəliyində olan ödənişi etməkdən boyun qaçırmır. Müqavilə şərtlərinə əsasən cihazı özü sata bilmədiyi üçün dəfələrlə satıcı tərəfə müraciət edərək cihazın satılaraq öhdəliyinə düşə borcun silinməsini və qalan pulun ona ödənilməsini ilə bağlı xahiş etmişdir.Qarşı tərəfdən xahiş edir ki, cihaz daxili müqavilə ilə qarşılıqlı razılaşma yolu ilə ondan təhvil alınmasını, bazar qiymətinə uyğun satılaraq öhdəliyində olan borc bağlanmasını və qalan məbləğin ona ödənilməsini xahiş edir.
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
6. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Məhkəmə, qeyd olunanlara əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasını keçirilməsini mümkün hesab etmişdir.
İddia ərizəsinə etiraz:
8. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə: a) İş materialları və sübutların tədqiqi:
9. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4817 nömrəli (nisyə) alqı-satqı müqaviləsinin: -1.1-ci yarımbəndinə əsasən, “Satıcı” Müqaviləyə Əlavə ilə müəyyən edilmiş avadanlığı (bundan sonra “Mal”) hissə-hissə ödənilməsi şərti ilə “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə qarşılıqlı razılıq əsasında müəyyən edilmiş Malın satış qiymətini “Satıcı”ya ödəməyi öhdəsinə götürür. -1.2-ci yarımbəndinə əsasən, Malın adı, növü, çeşidi, detalları, rəngi, qiyməti, miqdarı, vəziyyəti və digər əlamətləri və xarakterik xüsusiyyətləri, eləcə də Malın ümumi qiyməti Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavə ilə müəyyən olunur. -1.3-cü yarımbəndinə əsasən, Malın verilməsi Müqavilənin ayrılmaz tərkib hissəsi olan Təhvil-Təslim aktı ilə rəsmiləşdirilir. -1.4-cü yarımbəndinə əsasən, Ödənişlərin məbləği və tarixi müqavilənin tərkib hissəsi olan “Ödəniş Cədvəli” ndə müəyyən edilmişdir. -3.1.1-ci yarımbəndinə əsasən, Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini “Alıcı”dan tələb etmək “Satıcı”nın hüququdur; -3.4.1-ci yarımbəndinə əsasən, Malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) tam və vaxtında ödəmək “Alıcı”nın vəzifəsidir.
10. İş materiallarında olan İddiaçı MMC və Cavabdeh tərəfindən təsdiq olunmuş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına və xx.xx.2023-cü il tarixli 4817 nömrəli (nisyə) alqı-satqı müqaviləsinə 1 nömrəli əlavə olan qiymətlərin razılaşdırma protokoluna görə xx.xx.2023-cü il tarixli, 4817 nömrəli (nisyə) alqı-satqı barədə müqaviləyə əsasən 27000 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilmişdir.
11. Azcosmetics” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4817 nömrəli (nisyə) alqı-satqı müqaviləsinə cavabdehə xx.xx.2023-cü il tarixdə Zəmanət Talonu verilmişdir.
12. Eyni zamanda iş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, tərəflər arasında bağlanmı xx.xx.2023-cü il tarixli, 4817 nömrəli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 27000 manat dəyərində alqı-satqı məbləğindən yalnız 14497 manat ödəniş həyata keçirilmişdir. Sonrakı aylar üzrə isə ödəniş olmamışdır. Hazırda Cavabdeh tərəfindən ödənilməli olan ümumi borc məbləği 12503 manat təşkil edir.
13. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış 12503 manat borcun 3 iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır.
b) Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
17. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə əsaslanıb, iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.
18. Əvvəla məhkəmə qeyd edir ki, tərəflər arasında sahibkarlıq fəaliyyəti sahəsində alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Belə ki, tərəflər arasında etibarlı şəkildə bağlanmış xx.xx.2023-cü il tarixli, 4817 nömrəli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərinə əsasən iddiaçı (Satıcı) həmin müqaviləyə əlavə ilə müəyyən edilmiş avadanlığı (bundan sonra “Mal”) hissə-hissə ödənilməsi şərti ilə cavabdehin (Alıcının) mülkiyyətinə verməyi, cavabdeh (Alıcı) isə qarşılıqlı razılıq əsasında müəyyən edilmiş Malın satış qiymətini iddiaçıya (Satıcıya) ödəməyi öhdəsinə götürmüşdür. Belə olan məhkəmə hesab edir ki, halda malların verilməsini sübut etmək vəzifəsi iddiaçının, onların dəyərini ödənilməsini sübut etmək isə cavabdehin üzərinə düşür.
19. İşdə olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı və xx.xx.2023-cü il tarixli, 4817 nömrəli (nisyə) alqı-satqı müqaviləsinə 1 nömrəli əlavə olan qiymətlərin razılaşdırma protokolundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən 27000 manat dəyərində olan mallar Cavabdeh təhvil verilmişdir.
20. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, ümumilikdə 27000 manat dəyərində malları alıcıya təhvil vermiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam olaraq icra edilməmiş, işdə olan arayışa əsasən qəbul edilmiş malların dəyərindən cəmi 14497 manat ödəniş edilmiş və cavabdehin 12503 manat məbləğində ödənilməmiş borcu qalmışdır.
21. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 12503 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri:
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, iddia təmin olunduğundan iş üzrə ödənilmiş 128 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə:
23. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddia təmin edilsin. Cavabdeh 12503 (on iki min beş yüz üç) manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumuna görə 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul tutularaq İddiaçı Məhdudu Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev