Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-103/2022 02.02.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə, İddiaçı Nümayəndə cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair mülki işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Nümayəndə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 48.310,80 manat əsas borcun, 6.280 manat faiz borcun, mediasiya xidməti üçün ödənilmiş 200 manat olmaqla, ümumilikdə 54.790,80 manat məbləğində pulun tutularaq Nümayəndə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC mal alan olaraq, mal satan sahibkar Nümayəndə arasında 09 sentyabr 2019-cu il tarixdə 1 (bir) il müddətinə “süd təchizatına dair” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən alıcı olaraq cavabdeh "xxxx" MMC-yə mütəmadi olaraq təbii süd göndərilmiş, lakin cavabdeh aldığı “süd”ə görə ödənişlə bağlı, müqavilənin şərtlərinə riayyət edilməmiş, aldığı mala görə yaranmış borcu hər dəfə bir bəhanə ilə ödəməsini gecikdirir və bu pozuntu davam etməkdədir. Tərəflər arasında mövcud adı çəkilən “süd təchizatına dair” müqavilənin 2.2.3-cü maddəsinin tələbinə görə müqavilədə nəzərdə tutulmuş qiymətlərə və ödəniş qaydalarına uyğun olaraq malin dəyərinin vaxtında ödənilməsi“Alıcının” vəzifəsi kimi şərtləndirilmişdir. Həmin müqavilənin 3.3-cü maddəsinə əsasən “Alıcı” südün qiymətini “Satıcı”ya süd qəbulundan sonrakı 7 iş günü ərzində ödəməlidir. Lakin müqavilənin qeyd olunan bəndinə zidd olaraq, son mal qəbulu fakturalardan sonra uzun müddət ötməsinə baxmayaraq, cavabdeh 48.310 manat 80 qəpik məbləğin ödənilməsini müxtəlif bəhanələrlə təmin etmir. Bu müddətlər ərzində müqavilə öhdəliklərinə vaxtında və lazımı qaydada icra edilməsi cavabdehə dəfələrlə təklif olunsa da nəticəsi olmamışdır. Məsələni məhkəməyə qədər yoluna qoyulması məqsədi ilə öncədən prenteziya, daha sonra da Mediasiya xidmətinə baş vurulmuş, lakin cavabdeh tərəf hərəkətsizliyi üzündən məsələni məhkəmədən kənar həlli mümükn olmamışdır. Ona görə də məsələnin məhkəmə yolu ilə həlledilməsi məcburiyyəti yaranmışdır. Tərəflər arasındasüd məhsulunun alqı-satqısı ilə bağlı müqavilə münasibətləri davam etdiyi müddətlər ərzində təqdim edilmiş hesabların son üzləşməsinə əsasən iddiaçı tərəfindən verilmiş və cavabdeh tərəfindən qəbul edilmiş süd məhsulun 11.03.2020-ci il tarixinə ümumi məbləğindən ödənilməmiş borcun məbləği 48.310 manat 80 qəpik olmuşdur. Həmin məbləğ cavabdehdən tam şəkildə tələb olunmalıdır. Qeyd olunanlara əsasən, məhkəməyə müraciət olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Lakin iddiaçı Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş edərək, iddia tələbini müdafiə etdiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 09 sentyabr 2019-cu il tarixli süd təchizatına dair müqavilədən görünür ki, Nümayəndə ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında məhsulların alqı-satqısı barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, satıcı (Nümayəndə) alıcının sifarişinə uyğun olaraq və həftədə ən azı 60 (altmış) ton həcmdə süd ilə təmin edilməsini təşkil etməyi, alıcı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) isə satıcıdan sifariş etdiyi südün həcmini razılaşdırılmış müddət ərzində tam həcmdə qəbul etməyi və dəyərini ödəməyi öhdələrinə götürmüşdürlər. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqavilə üzrə satılan südün 1 (bir) litrinin qiyməti 0.80 AZN (səksən qəpik) məbləğində razılaşdırılır və müvafiq hesabfakturalarda əksini tapır. İş materiallarında olan Nümayəndə tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış pretenziya məktubundan görünür ki, Nümayəndə ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 09 sentyabr 2019-cu il tarixli alqısatqı müqaviləsi üzrə yaranmış 48.311 manat borcun 10 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məlumatlandırılmışdır. İş materiallarında olan qaimə fakturalardan görünür ki, 30.12.2019-cu il tarixli qaimə əsasında 20.020 litr, 31.12.2019-cu il tarixli qaimə əsasında 20.155 litr və 07.01.2020-ci il tarixli qaimə əsasında 20.214 litr, ümumilikdə 48.311,20 manat məbləğində 60.389 litr süd "xxxx" MMC-yə təhvil verilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 13 sentyabr 2021-ci il tarixli, MŞ 00186-0001 saylı arayışın surətindən görünür ki, Nümayəndə 200 manat məbləğində mediasiya xərci ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında süd təchizatına dair müqavilə bağlanılmış, iddiaçı tərəfindən cavabdehə mallar verilmişdir. İddiaçı tərəfindən cavabdehə mallar təqdim edilmiş, cavabdeh malları təhvil alsa da malların dəyərini ödəməmişdir. Cavabdehin iddiaçı qarşısında öhdəliklərini yerinə yetirmədiyi iş materialları ilə tam sübuta yetirildiyindən məhkəmə hesab edir ki, iddia əsas borcun ödənilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə hesab edir ki, satış qaimələri ilə cavabdehin iddiaçıya ümumilikdə 48.310,80 manat borcunun olması öz təsdiqini tapdığından, o cümlədən cavabdeh tərəfindən həmin borcun olmamasına və ya daha az olmasına dair hər-hansı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, iddia əsas borca münasibətdə təmin edilməlidir. Məhkəmə iddianın 6.280 manat faiz borcunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 314 manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.9-cu maddəsinə əsasən, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. İddiaçı X1 tərəfindən mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. Məhkəmə hesab edir ki, 200 (iki yüz) manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 48.310,80 manat əsas borc, 314 manat faiz borcu, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat mediasiya xərci, ümumilikdə 48.824,80 (qırx səkkiz min səkkiz yüz iyirmi dörd manat səksən qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Nümayəndə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-103/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-103/2022
02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver