Məhkəmə qərarları › İş №e-2-2(121)-103/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-103/2024

05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-103/2024 05.02.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X6 və Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh alqı-satqı müqaviləsinə görə yaranmış 21128 manat əsas borc, 300 manat ilkin mediasiya sessiyasında bağlanmış barışıq sazişinə görə ödənilmiş vəsait və ödənilmiş 205 manat ilkin mediasiya sessiyası xərcinin tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 128 D/2019 saylı, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən “Satıcı” “Alıcı'"nın sifarişinə uyğun olaraq, müəssisədə istehsal olunan qida məhsullarını hissə-hisssə (“Kristal”, "xxxx", digər un məhsulları ila yanaşı kəpək və s.) olmaqla “Alıcı”ya satmağı üzərinə götürmüşdür. “Alıcı” isə 5 (beş ) iş günü ərzində “Satıcı’nın təqdim etdiyi elektron-qaimə fakturaya uyğun olaraq aldığı malın dəyərini ödəməlidir. Cavabdeh 2021-ci ilin iyul ayından iddiaçı ilə əməkdaşlıq etməmiş və mövcud borcunu da ödəməmişdir. Bununla bağlı ona telefon vasitəsi ilə dəfələrlə şifahi xəbərdarlıqlar edilmişdir, lakin cavabdeh müxtəlif vədlər verməklə iddiaçını aldatmışdır. Cavabdehə xx.xx.2021 il tarixli, 185 saylı pretenziya məktubu ilə xəbərdarlıq edilərək, 10 iş günü müddətində "xxxx" MMC-yə olan 21128 manat borcun qaytarılması tələb olunmuşdur. Cavabdeh bir-iki ay möhlət verilməsini xahiş etmişdir. Cavabdehin xahişi rəhbərlik tərəfindən nəzərə alınaraq ona yenidən möhlət verilmişdir. Lakin cavabdeh borcunu ödəmədiyindən ona, xx.xx.2022-ci il tarixində mediasiya prosesinin tətbiqi barədə təklif verilmişdir və cavabdehə "xxxx" MMC-yə olan 21128 manat borcu məhkəmədən kənar qaydada ödənilməsi təklif edilmişdir. Mediatorun dəvətinə uygun olaraq xx.xx.2022ci il tarixində mediasiya sessiyası keçirilmiş və tərəflər arasında MŞB/4-00977 saylı mediasiya işi üzrə “Barışıq Sazişi” bağlanmışdır. Barışıq sazişinin şərtinə uyğun olaraq cavabdeh 31 dekabr 2022-ci il tarixədək "xxxx" MMC-yə olan 22128 manat borcunu hissəhissə ödəyəcəkdir. Cavabdeh “Barışıq Saizişi”nə də əməl etməmişdir. Mülki Prosessual Məcəllənin tələbinə uyğun olaraq xüsusi icraat qaydasında məhkəməyə müraciət edilərək “Barışıq Sazişinin” təsdiq edilməsi xahiş edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(121)-1467/2023 saylı qətnaməsi ilə “Barışıq Sazişi”nin təsdiq edilməməsi barədə qərar qəbul edilmişdir. Ümumi qaydada məhkəməyə müraciət etmək məqsədi ilə cavabdehə mediasiya qaydasında təklif ünvanlanmışdır. ünvan 1tirak edilmməməsi barədə arayış verilmişdir. İddiaçı tərəfindən 205 manat mediasiya xərci ödənilmişdir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil xx.xx.2023-cü il tarixdə elektron qaydada vəsatətlə məhkəməyə müraciət edərək, Cavabdeh “Xırman MMC”-dən alınmış 21128 manat dəyərində un məmulatlarını mədaxil etmədiyi üçün və həmin malların pulunu ödəmədiyi üçün malları qəbul etmiş etibarnamə üzrə nümayəndəsi X2 qarşı “pul tələbinə dair” Astara rayon Məhkəməsində 18 yanvar 2022-ci il tarixdə iddia qaldırdığını, həmin iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edildiyini və işin hazırda Ədliyyə Nazirliyinin ekspertiza mərkəzində olduğunu qeyd edərək, həmin iş baxılıb qurtarılana qədər hazırki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil izahatında iddia tələbini qəbul etmədiklərini bildirdi və əlavə olaraq qeyd etdi ki, hüquqlarını müdafiə etdiyi cavabdeh malları şəxsən özü qəbul etməmişdir, malları etibarnamə əsasında onun təmsilçisi X3 qəbul etmişdir və bundan sonra qəbul etdiyi malları Cavabdeh təhvil verməmiş, həmin malları sataraq pulunu mənimsəmişdir. Bununla bağlı iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmişlər və hazırda iş məhkəmənin icraatındadır. Hesab edir ki, malları Cavabdeh qəbul etmədiyinə görə "xxxx" MMC-nin iddiası üzrə o, cavabdeh ola bilməz. Sonradan cavabdehin vəkili və nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə elektron qaydada iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “Xirman MMC” ilə Cavabdeh Cahangir qızı arasında alqı-satqı müqaviləsinin xx.xx.2019 cu il tarixdə bağlandığını, xx.xx.2022-ci il tarixdə müəyyən olunmuş iddia müddətinin bitdiyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddətinin üç il təşkil etdiyini bildirmiş və hazırki iş üzrə iddia müddəti keçdiyi üçün iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil izahatında iddia tələbini qəbul etmədiklərini bildirdi və əlavə olaraq tərəflər arasında bağlanmış 128 D/2019 saylı, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsində olan imzanın Cavabdeh Cahangir qızına məxsus olmadığını qeyd edərək, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etdi. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X7 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə, işin müəyyən edilmiş hallarına, tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarına və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2004-cü il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2004-cü il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, halhazırda Astara rayonu, Pensər kəndində qeydiyyatdadır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 128 D/2019 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, Bu müqaviləyə əsasən “Satıcı” “Alıcı”nın sifarişinə uyğun olaraq müəssisədə istehsal olunan qida məhsullarını və digər malları (gələcəkdə mal adlandırılacaq) hissə-hissə olmaqla “Alıcı”ya satmağı öhdəsinə götürür. Satılan malın növü, miqdarı, sayı, qiyməti malın təhvil verilməsini təsdiq edən elektron-qaimə faktura və ya elektron vergi hesab-faktura əsasında müəyyən olunacaq. 2.1-ci bəndinə əsasən, satılan malın qiyməti qarşılıqlı razılaşdırılma yolu ilə müəyyən edilir. 2.2-ci bəndinə əsasən, müqavilənin ümümi dəyəri: müqavilənin qüvvədə olduğu müddət ərzində “Satıcı” tərəfindən “Alıcı”ya tədqim edilmiş elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturaya əsasən verilmiş malın dəyəridir. 2.3-cü bəndinə əsasən, müqavilə üzrə təqdim edilmiş malın dəyəri “Satıcı”nın təqdim etdiyi elektron-qaimə fakturaya əsasən faktiki təhvil verilmiş mal üçün ” 5 ” iş günü ərzində ödənilir. 3.6-cı bəndinə əsasən, “Alıcı” müqavilənin şətlərində nəzərdə tutulan ödənilməmiş məbləğin gecikdirilən hər günü üçün 0.2% miqdarında “Satıcı”ya cərimə ödəyir. Cərimənin ümumi məbləği ödənilməmiş məbləğin 10%-dən çox ola bilməz. 3.7-ci bəndinə əsasən, “Satıcı” malın verilməsini gecikdirdiyi halda bu müqaviləyə görə vaxtında təhvil verilməmiş malın dəyərinin gecikdirilən hər günü üçün 0.2% miqdarında “Alıcı”ya cərimə ödəyir. Cərimənin ümumi məbləği malın dəyərinin 10%-dən çox ola bilməz. 6.1-ci bəndinə əsasən, bu müqavilə 13 sentyabr 2019-cu il tarixdən qüvvəyə minir və 31 dekabr 2021-ci il tarixə kimi qüvvədədir. 6.2-ci bəndinə əsasən, müqavilənin müddəti tərəflər öz öhdəliklərini tam yerinə yetirdikləri günə kimi qüvvədədir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 999585 nömrəli “elektron qaimə”yə əsasən dəyəri 10980 manat olan, xx.xx.2021-ci il tarixli 293624 nömrəli “elektron qaimə”yə əsasən dəyəri 11855 manat olan, xx.xx.2021-ci il tarixli 100148 nömrəli “elektron qaimə”yə əsasən dəyəri 10140 manat olan, xx.xx.2021-ci il tarixli 100149 nömrəli “elektron qaimə”yə əsasən dəyəri 9970 manat olan, xx.xx.2021-ci il tarixli 231137 nömrəli “elektron qaimə”yə əsasən dəyəri 12123 manat olan, xx.xx.2021-ci il tarixli 084448 nömrəli “elektron qaimə”yə əsasən dəyəri 5000 manat olan, ümumilikdə cəmi 60068 manat dəyərində mallar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh göndərilmişdir. İş materiallarında olan "xxxx" MMC-nə məxsus “Hesab üzrə çıxarış” məlumatlarından görünür ki, Cavabdeh bank hesabından "xxxx" MMC-nin bank hesabına xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi olan dövrdə ümumilikdə 37840 manat, xx.xx.2023-cü il tarixdə isə son olaraq 1000 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan "xxxx" MMC-ni direktoru X5 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Üzləşmə aktı”na əsasən, xx.xx.2019-cu il tarixli 128 D/2019 nömrəli müqavilə üzrə xx.xx.2021-ci il tarixə Cavabdeh "xxxx" MMC-nə 22.128 manat borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Barışıq Sazişi”nə əsasən, "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 128 D/2019 nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ödəməli olduğu 22.128 manat pul vəsaiti tərəflərin razılığı ilə 31 dekabr 2022-ci il tarixədək hissə-hissə ödəniləcəkdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2021-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış 22.128 manat məbləğində borcun 10 gün müddətində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq "xxxx" MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışın surətindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışın surətindən görünür ki, iddiaçı "xxxx" MMC mediasiya sessiyasının keçirilməsi üçün Lənkəran 1 saylı Mediasiya Təşkilatının hesabına 205 manat vəsait ödəmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə, tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlara və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia etməsi və həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (alğı-satqı müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını mübahisəsiz şəkildə şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki halları belədir ki, iddiaçı istehsal etdiyi qida məhsullarını cavabdehin mülkiyyətinə verməyə, cavabdeh isə həmin malların dəyərini təşkil edən pul vəsaitini şərtləşdirilmiş müddətdə iddiaçıya ödəməyə dair razılığa gəlmişlər və həmin razılığı onlar xx.xx.2019-cu il tarixli 128 D/2019 nömrəli alqı-satqı müqaviləsi ilə rəsmiləşdirmişlər. İddiaçı qeyd edilən müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək cavabdehin sifarişləri əsasında malları (qida məhsullarını) cavabdehə təhvil verdiyini, lakin cavabdehin aldığı malların dəyərindən 21128 manat məbləğində ödənilməmiş borcunun qaldığını iddia edir. Cavabdeh məhkəmə prosesində nümayəndəsi vasitəsi ilə iddia tələbinə qarşı bir neçə əsasla etiraz edərək iddia tələbini qəbul etmədiyini bildirir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alğı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslində yer alan normalar təşkil edir. Belə ki, işin faktiki hallarına Mülki Məcəllənin 567-ci maddəsində nəzərdə tutulan alğı-satqı müqaviləsinin dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə alğı-satqı münasibətlərini tənzimləyən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Bunun üçün məhkəmə hesab edir ki, hər bir tərəfin mübahisəyə dair mövqeləri üzrə ayrı-ayrı qiymətləndirmə aparılması zəruridir. Məhkəmə ilk olaraq iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallara işdə olan sübutlara əsasən hüquqi qiymət verərək bu qənaətə gəlir ki, iddiaçı irəli sürdüyü tələbi mötəbər sübut vasitələri ilə əsaslandıra bilmişdir. Belə ki, iddiaçı tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilə şərtlərinə, malların göndərilməsinə dair elektron qaimə-fakturalara, bank hesabından çıxarış məlumatlarına, özlərində cavabdeh tərəfindən borcun etirafını ehtiva edən üzləşmə aktına və barışıq sazişinə istinad edir. Adı çəkilən sənədlərin qarşılıqlı təhlili onu deməyə tam əsas verir ki, iddiaçı tərəfindən ümumilikdə 60068 manat dəyərində olan malın cavabdehə və ya onun nümayəndəsinə təhvil verildiyi, alınan malların müqabilində cavabdeh tərəfindən ümumilikdə 38840 manat pul vəsaitinin iddiaçının bank hesabına köçürüldüyü, nəticədə cavabdehin 21228 manat (iddia ərizəsinə əsasən 21128 manat) məbləğində iddiaçıya ödənilməmiş borcunun qaldığı öz təsdiqini tapır. Cavabdehin göstərilən məbləğdə ödənilməmiş borcunun qalması tərəflər arasında imzalanmış üzləşmə aktı və barışıq sazişi ilə bir daha sübuta yetirilir. Məhkəmə, cavabdehin nümayəndəsinin məhkəmə prosesində müxtəlif əsaslara istinad edərək iddia tələbinə qarşı etdiyi etirazının dəlillərinin hər birinə ayrı-ayrı qiymət verərək aşağıdakıları qeyd edir. Cavabdehin nümayəndəsinin iddia tələbinə etirazının ilk dəlili ondan ibarətdir ki, iddiaçının göndərdiyi malları cavabdeh şəxsən özü qəbul etməmiş, malları etibarnamə əsasında onun təmsilçisi X3 qəbul etmişdir və sonuncu qəbul etdiyi malları Cavabdeh təhvil verməmiş, həmin malları sataraq pulunu mənimsəmişdir. Buna görə də "xxxx" MMCnin iddiası üzrə Cavabdeh Cahangir qızı cavabdeh ola bilməz. Məhkəmə, cavabdehin etibarnamə üzrə təmsilçisi X1 qanunsuz hərəkətləri nəticəsində malları cavabdehə verməyib başqa şəxslərə sataraq pulunu mənimsədiyinə görə, iddia tələbinin cavabdehə qarşı deyil, X2 qarşı irəli sürülməsinin gərəkdiyi barədə cavabdehin nümayəndəsinin etirazına tənqidi yanaşaraq qeyd edir ki, cavabdehin işçisinin və ya onun tapşırığı ilə hərəkət edən şəxsin və ya onunla hər hansı bir formada əlaqəsi olan şəxsin hüquqa zidd əməli nəticəsində müqavilə üzrə öhdəliyin pozulmasının hüquqi nəticələrini mövcud qanunvericiliyin tələblərinə görə cavabdeh qarşılamalıdır. Cavabdeh, onun risk dairəsinə daxil olan (o cümlədən işçisinin, tapşırıq verdiyi şəxsin düzgün seçilməməsi, onun vicdanlı davranışına əsassız olaraq etimad edilməsi və s.) pozuntulara görə digər şəxslər, o cümlədən iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Buna görə də məhkəmə, cavabdehin nümayəndəsinin həmin arqumentini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.9-cu maddəsinə əsasən, borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən, borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Cavabdehin nümayəndəsinin iddia tələbinə qarşı etirazının digər dəlili tərəflər arasında bağlanmış 128 D/2019 saylı, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsində olan imzanın Cavabdeh Cahangir qızına məxsus olmadığı barədədir. Bununla nümayəndə tərəflər arasında etibarlı şəkildə bağlanmış müqavilə münasibətlərinin yaranmadığını, bu əsasla iddiaçının hazırki tələb irəli sürməsi üçün subyektiv hüququnun olmadığını iddia edir. Məhkəmə, cavabdehin nümayəndəsinin həmin arqumentini də əsassız hesab edərək vurğulayır ki, əvvəla tərəfin, yəni cavabdehin özü tərəfindən iddiaçı ilə aralarında müqavilə münasibətlərinin olmaması və ya həmin münasibətlərin etibarsız hesab edilməsi ilə bağlı hər hansı bir tələb irəli sürülməmişdir. Əksinə işin hallarından və iş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh adı çəkilən müqavilə üzrə yaranmış alğı-satqı münasibətləri çərçivəsində iddiaçıdan mal almış, aldığı malların dəyərinin bir hissəsini ödəmişdir. Bundan əlavə cavabdeh yenə həmin müqavilə münasibətlərinə əsasən yaranmış borcu ilə əlaqədar iddiaçı ilə üzləşmə aktı tərtib etmiş, sonradan isə mediatorun iştirakı ilə barışıq sazişi bağlamışdır. Cavabdehin nümayəndəsi də məhkəmə iclasında verdiyi izahatında və məhkəməyə təqdim etdiyi vəsatətində iddiaçı tərəfindən göndərilmiş malların cavabdehin etibarnamə üzrə təmsilçisi tərəfindən qəbul edildiyini və sonradan onun tərəfindən mənimsənildiyini bildirməklə, tərəflər arasında alğı-satqı müqaviləsindən irəli gələn münasibətlərin mövcud olduğunu dolayısı ilə etiraf etmişdir. Belə olan halda cavabdehin nümayəndəsinin məhkəmənin baxış iclasında müqavilədə olan imzanın cavabdehə məxsus olmamasını bildirərək bununla əlaqədar müvafiq ekspertizanın təyin edilməsini xahiş etməsi yalnız işin əsassız olaraq suni şəkildə uzadılmasına xidmət edən hərəkət kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, müqavilədə olan imzanın cavabdehin özü tərəfindən deyil, onun etibar etdiyi digər şəxs tərəfindən icra edilməsinin müəyyən olunması hüquqi və faktiki cəhətdən mübahisənin həllinə əhəmiyyətli təsir etmir. Belə ki, işin hallarından, işdə olan qaimə-fakturalardan, hesabdan çıxarış məlumatlarından, üzləşmə aktından, barışıq sazişindən və nəhayət tərəflərin qarşılıqlı münasibətlərindən və onların müqavilə bağlandıqdan sonrakı hərəkətlərindən mübahisəsiz olaraq görünür ki, tərəflər öz aralarında alğı-satqı münasibətləri qurmaqla bağlı iradə ifadələrini açıq şəkildə nümayiş etdirmişlər. Cavabdehin müqavilə bağlandıqdan sonrakı hərəkətləri göstərir ki, müqavilə onun tərəfindən imzalanmasa belə, sonradan onun tərəfindən bəyənilmişdir və bununla da müqavilə bağlandığı andan etibarlı hala gəlmişdir. Göstərilənlərlə yanaşı o da nəzərə alınmalıdır ki, qanunvericilikdə qida məhsullarının alğı-satqısına dair müqavilələrin yazılı qaydada bağlanmasının zəruriliyi barədə göstəriş yoxdur və buna görə də bu qəbildən olan müqavilələr şifahi qaydada da bağlana bilər. Məhkəmə yuxarıda şərh olunanlarla bağlı gəldiyi nəticənin hüquqi əsaslandırılması olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Həmin Məcəllənin 358.1 və 358.2-ci maddələrinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Həmin Məcəllənin 360.1-ci maddəsinə əsasən, əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Həmin Məcəllənin 360.2-ci maddəsinə əsasən, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci və 404.2-ci maddələrinin tələblərinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikası Müılki Məcəlləsinin 405.2-ci maddəsinə əsasən, müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Mübahisəyə iddia müddətinin tətbiqinə dair cavabdehin nümayəndəsinin ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi “Xirman MMC” ilə Cavabdeh Cahangir qızı arasında bağlanmış alqı-satqı müqaviləsinin xx.xx.2019-cu il tarixdə bağlandığını, xx.xx.2022-ci il tarixdə müəyyən olunmuş iddia müddətinin bitdiyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddətinin üç il təşkil etdiyini hesab edərək iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, iddia müddətinin tətbiqi barədə ərizəyə hüquqi qiymət verərək qeyd edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 375.1, 375.2-ci, 377.1, 377.2, 377.3-cü və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Sadalanan maddi hüququ normalarının tələblərindən aydın olur ki, bir şəxsin başqa şəxsdən tələb etmək hüququna müddət şamil edilir və bu müddət əgər pozulmuş hüququn bərpası məhkəmə müdafiəsi yolu ilə həyata keçirilirsə iddia müddəti sayılır. İddia müddətinin keçməsi hüququ pozulmuş şəxsin tələblə məhkəməyə müraciət etməsinə mane olmasa da, digər tərəfin iddia müddətinin keçməsinə istinad etməsi və bu barədə məhkəməyə ərizə verməsi məhkəmənin həmin əsasla iddianı rədd etməsi üçün hüquqi zəmin yaradır. O da qeyd edilməlidir ki, iddia müddətinin tətbiqinə dair məsələlərin həlli zamanı həmin müddətin axımının başlanması anının dəqiq müəyyən edilməsi, həmçinin hər bir konkret iş üzrə iddia müddətinin axımının dayandırılması və ya kəsilməsi hallarının mövcud olub-olmamasının araşdırılması zəruridir. Hazırki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında alğı-satqıya dair müqavilə xx.xx.2019-cu il tarixdə bağlanmışdır və xx.xx.2021-ci il tarixə kimi qüvvədə olmuşdur. Həmçinin müqavilənin şərtlərinə görə, müqavilənin müddəti tərəflər öz öhdəliklərini tam yerinə yetirdikləri günə kimi qüvvədədir. Məhkəmə, ilk olaraq qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə iddia müddətinin axımı, iddia müddətinin tətbiqinə dair ərizədə qeyd oluduğu kimi müqavilənin bağlandığı tarixdən deyil, müqavilənin bitdiyi tarixdən, yəni xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Bu qaydada hesablama aparıldığı zaman iddiaçının müqavilə üzrə iddia müddətini ötürmədiyi müəyyən olunur. Digər tərəfdən məhkəmə qeyd edir ki, işdən göründüyü kimi cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər son olaraq xx.xx.2023-cü il tarixdə yerinə yetirilmişdir. Bu fakt üç illik iddia müddətinin axımının həmin tarixdən, yəni xx.xx.2023-cü il tarixdən yenidən başlaması ilə nəticələndiyinə görə, iddia müddətinin ötürülməsindən söz etmək olmaz. Belə ki, Azərbaycan Respuiblikası Mülki Məcəlləsinin 380.1 və 380.2-ci maddələrinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alğı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, onların dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, iddianın 205 manat mediasiya xərcinin cavabdehdən tutulmasına dair hissəsini əsaslı hesab edərək qeyd edir ki, Cavabdeh müqavilədən irəli gələn vəzifələrini lazımınca icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, 300 manat ilkin mediasiya sessiyasında bağlanmış barışıq sazişinə görə ödənilmiş vəsaitin cavabdehdən tutulması hissəsində iddia tələbinin əsassız olduğu qənaətinə gələrək qeyd edir ki, barışıq sazişi baxılan işin predmetinə aid olmadığına görə, həmin sazişlə əlaqədar iddiaçı çəkdiyi xərcləri ayrı icraatda və ayrı iddia ilə tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddiaçı 153.38 manat rüsum ödəməli olduğuna, lakin həmin Qanunun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunduğuna, həmçinin iddia tələbi təmin olunduğuna görə qeyd edilən dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 21.128 manat əsas borc və 205 manat mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş məbləğ olmaqla, cəmi 21.333 manat məbləğində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 153.38 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin və Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar