Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-104/2022 12.01.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Nəbiyev Nicat Salavat oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı – pul tələbi barədə iddiasına dair işə Masallı şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı – 30.11.2020-ci il tarixə yaranmış 141.228,30 manat borc, ödənilmiş 30 manat dövlət rüsumu və 400 manat mediasiya xərcinin cavabdehdən tutularaq onun hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01.08.2019-cu ildə tərəflər arasında alqısatqı müqaviləsi imzalanmış və müqavilənin predmetini beton satışı təşkil etmişdir. Həmin müqaviləyə əsasən əvvəlcədən razılaşdırılmış ölçüdə və qiymətdə cavabdehə beton göndərilmişdir (göndərilmə və çatdırılma müqaviləyə uyğun aparılmışdır). Cavabdeh tərəf əvvəllər ona çatdırılmış malın (betonun) məbləğini ödəsə də, sonradan ona göndərilən malın qiymətini ödəməmişdir. Bununla bağlı tərəflər arasında uzun müddətli şifahi danışıqlar aparlmış və borcun ödənilməsi üçün möhlət verilmişdir. Lakin cavabdeh tərəf 01.08.2019-cu il tarixli, AVS 010/0819 saylı alqı-satqı müqaviləsinin 5.4-cü bəndinin tələblərini pozaraq malın qiymətini müəyyən edilmiş qaydada ödəməmişdir. Hazırda cavabdeh tərəfin aldığı mala görə 30.11.2020-ci il tarixə qalıq borcu 141.228,30 manat təşkil etmişdir. Bununla əlaqədar tərəfə pretenziya qaydasında məktub və sənədlər göndərilsə də, heç bir ödəniş olunmamışdır. Bundan başqa, qanunvericiliyə uyğun qaydada mediasiya prosesində iştirakla bağlı rəsmi müraciət olunmuş, lakin cavabdeh ilkin mediasiya prosesində iştirakdan imtina etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 01.08.2019-cu il tarixdə AVS 010/0819 saylı alqı-satqı müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən satıcı bu müqavilənin tərkib hisəsi olan və bu müqavilənin qüvvədə olduğu dövrdə hər bir alqı-satqı zamanı imzalanacaq müvafiq əlavələrdə qeyd olunan malları hazırki müqavilənin şərtlərinə uyğun olaraq təqdim etməyi öhdəsinə götürür, alıcı isə öz növbəsində həmin malların dəyərini ödəməyi razılığını bildirir. Müqavilənin 2.2-ci bəndinə əsasən, malın məbləği, miqdarı, təfsilatı, keyfiyyəti, vahidi, qiyməti və təsviri əlavələrdə göstərilməlidir. Müqavilənin 2.3-cü bəndinə əsasən, alıcı satıcının lazımi şəkildə məlumatlandırmaq şərtilə, malların sifarişi ilə əlaqədar əlavələrə heç bir xərc olmadan istənilən dəyişikliyi etmək hüququnu özündə saxlayır. Əgər bu dəyişikliklər malların təchiz edilməsi üçün tələb olunan xərclərin artması və ya vaxtın uzanması ilə nəticələnərsə, bu zaman satıcı qiymət və ya vaxtın uyğunlaşdırılması ilə bağlı alıcının yazılı razılığı olması şərti ilə dəyişiklik təklif ediləcəkdir. Müqavilənin 2.4-cü bəndinə əsasən, bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavə(lər)ində xüsusi şərtlər də nəzərdə tutula bilər. Satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad olan malı verir. Müqavilənin 2.5-ci bəndinə əsasən, bu müqavilə ilə müəyyən edilmiş öhdəliklərin vaxtından əvvəl icrasına yol veririlir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, bütün ödənişlər əlavələrdə müəyyən edilmiş şərtlər uyğun olaraq alıcı tərəfindən təsdiqlənmiş qaimə fakturalar əsasında aparılacaqdır. Müqavilənin 3.2-ci bəndinə əsasən, bu müqavilə üzrə malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə(lər)ində qeyd olunur. Müqavilənin 3.3cü bəndinə əsasən, ödəniş forması və qaydası bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə(lər)ində qeyd olunur. Müqavilənin 3.4-cü bəndinə əsasən, tərəflər arasında digər şəkildə razılaşdırılmayıbsa, bütün ödənişlər satıcının müqavilədə göstərilmiş bank hesabata köçürmə yolu ilə həyata keçiriləcəkdir. Qeyd edilən Müqavilənin 4.1-ci bəndinə əsasən, mallar satıcı tərəfindən müvafiq əlavələrdə göstərilmiş müddətdə alıcıya təqdim edilməlidir. Malın çatıdırılması və təhvil verilməsi şərtləri, müddəti və qaydası bu müqavilə ilə müəyyən edilmədiyi halda bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə(lər)ində qeyd olunur. Müqavilənin 4.2ci bəndinə əsasən, alıcının nümayəndələri mala baxış keçirə, kəmiyyətini və keyfiyyətini yoxlaya bilər. Müqavilənin 4.3-cü bəndinə əsasən, mal təhvil verilərkən tərəflər təhviltəslim aktının imzalayır və ya təhvil-təslim təsdiq edən müvafiq qaiməni (qaimələri) imzalayırlar. Müqavilənin 4.4-cü bəndinə əsasən, alıcı keyfiyyətsiz və/və ya kəmiyyətcə çatışmayan malı qəbul etməkdən imtina edə bilər. Müqavilənin 4.5-ci bəndinə əsasən, malın təhvil alınması və bununla bağlı təhvil sənədinin imzalanması alıcını sonradan aşkar edilmiş malın keyfiyyətsiz olması ilə bağlı pretenziya hüququndan məhrum etmir. Göstərilən Müqavilənin 7.8-ci bəndinə əsasən, tərəflərdən hər hansı birinə münasibətdə aşağıdakı hadisələrdən birinin baş verməsi həmin (öhdəliklərini pozan tərəf) bu müqavilə üzrə öhdəliklərin pozulması hesab ediləcək (öhdəliyin pozulması): (a) satıcının müvafiq əlavədə göstərilən müddət ərzində malları çatdırmaması və ya səhv, qüsurlu mallar çatdırlması: (b) satıcının bu müqavilə üzrə digər öhdəliklərin pozması, həmçinin, malları bu müqavilənin şərtlərinə uyğun olaraq təchiz etməməsi; (c) yalnış məlumatların verilməsi. Müqavilənin 7.9-cu bəndinə əsasən, bu müqavilə üzrə öhdəliyin pozulması halı baş verdikdə, digər tərəf (öhdəliklərin pozmayan tərəf) tez bir zamanda öhdəliklərin pozan tərəfə öhdəliyin pozulması ilə bağlı bildiriş göndərməlidir. Müqavilənin 7.10-cu bəndinə əsasən, öhdəliklərin pozan tərəfə bu cür yazılı bildiriş verildikdə və öhdəliklərin pozan tərəf həmin bidlirişdə göstərilən ağlabatan müddət ərzində pozuntuları aradan qaldırmağı yönəlmiş tədbirləri həyata keçirməyə başlamadığı halda öhdəliklərin pozmayan tərəf müqavilənin 8-ci və 9-cu maddələri ilə nəzərdə tutulmuş hüquqlara və hüquq müdafiə üsullarına malik olacaq. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 01.08.2019-cu il tarixdə bağlanmış “alqısatqı” müqaviləsinə 01.08.2019-ci il tarixli əlavə 1-dən görünür ki, müqavilə üzrə satın alınacaq mal(lar)ın adı, xüsusiyyətləri və vahidinin qiyməti cədvəldə göstərilmişdir. Cədvəldən görünür ki, ölçü vahidi 1 (bir) kub metr olan “Beton qarışığı” (Beton marka 200) məhsulunu, 65 manat (ƏDV xaric) razılaşdırılmışdır. Bütün ödənişlər əlavələrdə müəyyən edilmiş şərtlərə uyğun olaraq alıcı tərəfindən təsdiqlənmiş qaimə fakturalar əsasında aparılacaqdır. İş materillarında olan 22.10.2019-cu il tarixli (EBAB seriyalı, 515569 nömrəli), 23.10.2019-cu il tarixli (EBAB seriyalı, 557413 nömrəli), 29.11.2019-cu il tarixli (EBAD seriyalı, 177739 nömrəli), 19.01.2020-ci il tarixli (EBAF seriyalı, 196808 nömrəli), 08.04.2020-ci il tarixli (EBAİ seriyalı, 560618 nömrəli) elektron qaimələrdən görünür ki, İddiaçı MMC 22.10.2019-cu il tarixdə 97639,10 manat, 23.10.2019-cu il tarixdə 113132,5 manat, 29.11.2019-cu il tarixdə 76700 manat, 19.01.2020-ci il tarixdə 47247,2 manat, 08.04.2020-ci il tarixdə 177041,30 manat dəyərində mallarını göndərilməsinə dair 01.08.2019-cu il tarixli, AVS 010/819 nömrəli müqaviləyə uyğun olaraq alıcı Cavabdeh MMC-yə elektron qaimələr göndərmişdir. İş materiallarında olan AKT 002 saylı, 30.11.2020-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, cavabdehin 141228,30 manat məbləğində qalıq borcu təşkil edir. Lakin, həmin üzləşmə aktı cavabdeh tərəfindən imzalanmamışdır. İşdən görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı 27.06.2021-ci il tarixli pretenziya məktubu göndərmişdir. İş materiallarına əlavə edilən çoxsaylı qaimə fakturalardan görünür ki, həmin qaimə fakturalar Vüsal (kimdən) və Asif (kimə) adlı şəxlər tərəfindən imzalanmışdır. Lakin, qeyd edilən qaimə fakturaları imzalayan şəxslərin vəzifəsi, soyadı, atasının adı tam şəkildə göstərilməmiş və hüquqi şəxslər olan İddiaçı MMC ilə Cavabdeh MMC-nin möhürü ilə təsdiqlənməmişdir. Lakin, iddiaçı tərəfindən elektron qaimələrdə əks olunmuş malların cavabdehə verilməsini, onların təhvil-təslimini təsdiqləyən hər hansı mötəbər sübut məhkəmə araşdırması zamanı təqdim edilməmişdir. Belə olan halda, cavabdehə elektron qaimələrin göndərilməsi və onların təsdiq edilməsi malların təhvil alınması halının sübutu kimi qəbul edilə bilməz. Ona görə ki, bunlar cavabdehin ona nə qədər pul ödənilməli olduğunun bildirilməsidir. Lakin həmin məbləğin nəyin əsasında yaranmasını, bu elektron qaimələrin malların təhvil-təslimini bildirən hansı sənədlər əsasında tərtib olunmasını göstərən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 433.1-ci və 433.2-ci maddələrinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. Həmin Məcəllənin 433.3-cü maddəsinə əsasən, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Qeyd edilən Məcəllənin 448.1-ci və 448.2-ci maddələrinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, elektron sistem vasitəsilə göndərilmiş qaimələr malın təhviltəslimi barədə digər sübutlar olmadan satılmış malların həqiqətən alıcıya təqdim edildiyini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göstərilən Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Sözü gedən Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, elektron qaimə Vergilər Nazirliyinin “Avis” proqramı vasitəsilə alıcıya elektron qaydada göndərildiyi üçün mal müşayətedici sənəd deyildir. Əgər tərəflər malın təhvil-təsliminin yalnız elektron qaimə göndərilməsi ilə rəsmiləşdirilməli olması barədə razılığa gəlmiş olsa idilər, müqavilənin 3.1, 3.2, 3.3, 4.1 və 4.3-cü bəndlərinin müqavilənin məzmununa daxil edilməsinə zərurət olmazdı. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 1.2, 3.7 və 3.9-cu bəndlərinə əsasən, 1.2. Elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. 3.7. Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar müəyyən edildikdə (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.), elektron qaimə-fakturanın dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Dəqiqləşdirilmiş elektron qaiməfakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilir. Dəqiqləşdirilmiş elektron qaimə-faktura təqdim edildikdən sonra alıcı tərəfindən təsdiq edilməlidir. Alıcı tərəfindən dəqiqləşdirilmiş elektron qaimə-fakturanın təqdim edildiyi ayın sonuncu gününə kimi təsdiq edilmədiyi halda dəqiqləşdirilmiş elektron qaimə-faktura proqram təminatı tərəfindən silinir və dəqiqləşdirilməmiş sayılır. 3.9. ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesabfakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə qeyd edir ki, elektron qaimə-faktura mal məxaricini rəsmiləşdirməyə imkan verən ilkin uçot sənədi olsa da, malların digər vergi ödəyicisinə təhvil-təslimini təsdiq edən sənədi əvəz etmir. Nəzərə alınmalıdır ki, alıcıya düzgün göndərilməmiş elektron qaimənin alıcı tərəfindən deyil, yalnız satıcı tərəfindən ləğv edilməsi və ya dəyişdirilməsi mümkündür. Qaydalara əsasən mal digər vergi ödəyicisinin bilavasitə özünə deyil, mal və xidmətlərin alışını həyata keçirən təhtəlhesab şəxsə təqdim edildiyi halda satıcı həmin şəxsdən alıcı tərəfindən verilmiş vəkalətnamənin təqdim edilməsini tələb etməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 16.06.2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsindən vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.3-cü bəndinə əsasən, vergi ödəyicisi malları təhtəlhesab şəxs vasitəsilə aldıqda, təhtəlhesab şəxsə Malların alınması üçün vəkalətnamə verir. Malların alışı zamanı təhtəlhesab şəxs satıcıya Malların alınması üçün vəkalətnamə təqdim etdikdən sonra satıcı Malların alınması üçün vəkalətnamə verən vergi ödəyicisinin adına sənədləşdirilmiş malların satışına dair elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaiməfaktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür. Təhtəlhesab şəxsin malları anbara təhvil verməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Həmin Qaydaya 25.12.2019-cu il tarixdən əlavə edilmiş 3.15-ci bəndinə əsasən, vergi ödəyiciləri tərəfindən mallar təqdim edilərkən malların təhvil verilməsi üçün maddiməsul şəxslərin imzası ilə “Elektron qaimə-faktura”nın çap edilmiş forması ilkin uçot sənədi kimi tərtib edilə bilər. (Qaydaların 3.15-ci bəndi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 902 nömrəli Fərmanı ilə əlavə edilmişdir). Qeyd edilən Qaydaya 25.12.2019-cu il tarixdən əlavə edilmiş 3.16-cı bəndə əsasən, vergi ödəyicisi əvvəlcədən sifariş edilməyən malların satışını həyata keçirdikdə həmin mallar digər vergi ödəyicisinə “Malların təhvil-qəbul aktı” üzrə təqdim edilir və həmin mallar üzrə “Elektron qaimə-faktura” bu qaydaya uyğun olaraq göndərilir. (Qaydaların 3.16-cı bəndi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 902 nömrəli Fərmanı ilə əlavə edilmişdir). Göstərilən Qaydanın 25.12.2019-cu il tarixədək qüvvədə olmuş 4.1-ci bəndinə əsasən, topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesabfaktura tərtib edilməklə həyata keçirilir. (Qaydaların 4.1-ci bəndinin bu redaksiyası 2019cu il 25 dekabr tarixinədək qüvvədə olmuş, Azərbaycan Respublikası Prezidentinin 2019cu il 25 dekabr tarixli 902 nömrəli Fərmanı ilə həmin redaksiyaya dəyişikliklər edilmişdir). Sözü edən Qaydanın 25.12.2019-cu il tarixədək qüvvədə olmuş 4.3-cü bəndinə əsasən topdansatış və bölüşdürücü bazarlardan, anbarlardan mallar ticarət obyektlərinə məsul şəxsin sifarişi əsasında buraxılır. Sifariş məsul şəxs tərəfindən imzalanır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilə(lər) əsasında cavabdehə qaimə(lər) göndərmək vəzifəsinə malik olduğu kimi, eyni zamanda həmin müqavilə(lər) əsasında mal(lar)ın cavabdehə təhvil verilməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə(lər) əsasında qaimə(lər) göndərilməsinə dair vəzifəsindən istifadə etmiş, lakin həmin mal(lar)ın cavabdehə təhvil verilməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də, mövcud iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mal(lar)ın cavabdehə təhvil verilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyindən, iddia təmin edilə bilməz. Belə ki, iddiaçı tərəfindən malın çatıdırılması və təhvil verilməsi şərtləri, müddəti və qaydasını müəyyən edən müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələr (belə ki, yalnız 01 saylı, 01.08.2019-cu il tarixli əlavə iş materiallarına əlavə olunmuşdur ki, bununla bağlı da iddiaçı iddia ərizəsində cavabdehin əvvəllər ona çatdırılmış malların dəyərini ödəməsini bildirmişdir), qaimə fakturalar (belə ki, məhkəməyə təqdim olunmuş qaimə fakturaları imzalayan şəxslərin vəzifəsi, soyadı, atasının adı tam şəkildə göstərilməmiş və hüquqi şəxslər olan iddiaçı ilə cavabdehin möhürü ilə təsdiqlənməmişdir. Həmçinin, mal və xidmətlərin alışını həyata keçirən təhtəlhesab şəxsə təqdim edildiyi halda həmin şəxsə alıcı tərəfindən verilmiş vəkalətnamə məhkəməyə təqdim edilməmişdir) və ya təhvil-təslim aktları məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı – 30.11.2020-ci il tarixə yaranmış 141.228,30 manat borc, ödənilmiş 30 manat dövlət rüsumu və 400 manat mediasiya xərcinin cavabdehdən tutularaq onun hesabına ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-104/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-104/2022
12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver