Məhkəmə qərarları › İş №e-2-2(121)-1043/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1043/2023

26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1043/2023 26.07.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, məhkəmə iclas katibi Əlizadə Aynur Zaur qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı sadələşmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 491,03 manat məbləğində əsas borc, 90,83 manat məbləğində cərimə olmaqla, ümumilikdə 581,86 manat məbləğində pulun və cavabdehin əvəzsiz istifadəsinə verilmiş 1 ədəd dondurucunun dəyərinin iki mislinin, yəni 2.600 manat məbləğində pul vəsaitinin və əlavə olaraq ilkin mediasiya sessiyası ilə bağlı ödənilmiş 60 manat məbləğdə rüsumun Cavabdeh tutularaq İddiaçı MMC-nə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli 4152/********** saylı alqı-satqı müqaviləsinə əsasən, İddiaçı MMC (Satıcı) (əvvəlki adı "xxxx" MMC) istehsal etdiyi süd və süd məhsullarını Cavabdeh (Alıcıya) satmaq, Alıcı isə öz növbəsində həmin malları qəbul etmək və müqavilənin şərtlərinə uyğun olaraq tam dəyərini ödəmək öhdəliklərini öz üzərlərinə götürmuşlər. İddiaçı MMC tərəfindən üzərinə götürdüyü öhdəliklər tamamilə icra olunsa da, Cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, Cavabdeh müəssisədən aldığı süd məhsullarının dəyərini, ona kifayət qədər güzəştli müddəti verilməsinə baxmayaraq, ödəməmiş və nəticədə onun 491,03 manat məbləğində icra olunmamış borc öhdəliyi yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 3.3cü bəndinə əsasən ödənişlər malın təhvil verildiyi gündən 30 təqvim günü ərzində həyata keçirilməli idi, lakin malın təhvil verildiyi gündən uzun müddət keçməsinə baxmayaraq borcun ödənilməsi ilə əlaqədar edilən bütün danışıqlar və səylər nəticə verməmişdir və hal-hazırda cavabdehin borc məbləği 491,03 manat təşkil edir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən, Alıcı bu müqavilə ilə müəyyən edilmiş müddət ərzində ödənişi etmədikdə Satıcı, Alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,1% həcmində cərimə tələb etmək hüququna malikdir. 25 aprel 2023-cü il tarixinə olan cərimənin məbləği 90,83 manat təşkil edir. Beləliklə malların alqı-satqısına görə cavabdehin ümumi borcu 581,86 manat təşkil edir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(121)-1043/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə İddiaçı nümayəndəsi X2 “iddia tələbinin həcminin azaldılması barədə” elektron ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin iddia ərizəsində tələb olunan 1 ədəd soyuducunu geri qaytardığını nəzərə alaraq, 491,03 manat məbləğində əsas borc, 90,83 manat məbləğində cərimə olmaqla, ümumilikdə 581,86 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı MMC-nə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (hazırda İddiaçı MMC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 4152/**********-R/20 nömrəli alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, Satıcı bu Müqavilədə müəyyən edilmiş şərtlər əsasında özünün istehsal etdiyi və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə (X1) göstərilən məhsulları (bundan sonra “Malları”) Alıcıya satır, Alıcı isə öz növbəsində həmin Malları qəbul edir və bu Müqavilənin şərtlərinə uyğun olaraq tam dəyərini ödəməyi öz öhdəsinə götürür; 1.2-ci bəndinə əsasən, bu Müqavilə üzrə satılan malların qiyməti, adları, miqdarı, çeşidi bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə (X1) göstərilir; 3.1-ci bəndinə əsasən, hazırki Müqavilənin ümumi dəyərini elektron qaimələrin cəmi təşkil edir; 3.2-ci bəndinə əsasən, mallar sifariş olunduqdan sonra Satıcı, Alıcıya elektron qaimə təqdim edir; 3.3-cü bəndinə əsasən, malların ödənişi Alıcı tərəfindən təhvil alındığı gündən 14 təqvim günü ərzində Satıcının bank hesabına köçürmə yolu ilə keçirilməlidir; 5.2-ci bəndinə əsasən, Alıcı bu Müqavilə ilə müəyyən edilmiş müddət ərzində ödənişi etmədikdə Satıcı Alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0.1% həcmində cərimə tələb etmək hüququna malikdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 533/22 nömrəli “soyuducu avadanlıqlarının əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən, 1 ədəd dəyəri 1.300 manat olan UOF3 soyuducu avadanlığı Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 614288 nömrəli; xx.xx.2022-ci il tarixli, 932906 nömrəli elektron qaimələrinə əsasən, alıcı Cavabdeh cəmi 722,68 manat məbləğində müxtəlif mallar təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “maliyyə arayışı”na əsasən, fiziki şəxs Cavabdeh İddiaçı MMC-yə 491.03 manat (ƏDV daxil) debitor borcu yaranmışdır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 4152/**********-R/20 nömrəli müqaviləyə əsasən yaranmış borcun pretenziya alındığı vaxtdan 5 iş gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı MMCyə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı MMC-nin ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş materiallarında olan “elektron qaimə”nin surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının hesabına 60 manat vəsait ödəmişdir. Beləliklə, iş materiallarında olan sənədlərə əsasən aparılan araşdırma nəticəsində məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə iddiaçı alqı-satqının obyekti olan malları cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə aldığı malların qiymətini təşkil edən pul məbləğini hissə-hissə olmaqla iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. Məhkəmə qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlandığı, iş materiallarına əsasən həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı və iddiaçının alqı-satqı obyekti olan əşyanı cavabdehin mülkiyyətinə verməsi (malların təhvilqəbul aktları ilə) işin mübahisəsiz hallarını təşkil edir. İddiaçı iddia edir ki, cavabdeh müqavilə üzrə öhdəliyini lazımınca icra etməyərək aldığı əşyanın qiymətini tam ödəməmişdir. İddiaçı iddia tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqaviləyə, malların təhvil-qəbul aktına, elektron qaimələrə, cavabdehə qarşı məhkəməyə qədər həm pretenziya qaydasında, həm də mediasiya prosesində tələblə çıxış etməsinə istinad edir. Lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, həmçinin onun tərəfindən iddiaçının qeyd olunan tələbinə etiraz daxil olmamışdır. Belə olan halda məhkəmə işin müəyyən edilmiş hallarını, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, təhvil-təslim aktını, elektron qaimələri və digər dəlilləri nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən təhvil aldığı əşyanın qiymətinin, 491,03 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə iddiaçıya ödənilməməsi öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, bu halda tələb olunan 491,03 manat məbləğində əsas borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. İş məhkəmənin icraatında olduğu dövrdə cavabdeh iddia tələbini qismən, soyuducunun qaytarılması hissəsində könüllü icra etmişdir. Lakin qeyd olunduğu kimi cavabdeh təyin olunmuş müddət ərzində iddianın pul tələbinə dair hissəsinə qarşı etiraz verməmiş və ya iddia tələbinin həmin hissədə əsassızlığına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Bu halda məhkəmə əsas borc qalığı kimi tələb olunan 491,03 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, tərəflər arasında satılan əşyanın qiymətinin müəyyən müddət sonra ödənilməsi şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlanılmışdır, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alqı-satqı obyekti olan əşyanı cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh əşyanı təhvil alsa da, əşyanın dəyərini tam ödəməmişdir. Məhkəmə hesab edir ki, işin faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan alqı-satqı müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə iddia tələbinin maddi hüquqi əsası kimi həmin normalara istinad edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, iddia tələbinin cavabdehdən müqavilə şərtlərinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etməməsinə görə cərimə tutulması hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə görə, cavabdeh müqavilə ilə müəyyən edilmiş müddət ərzində ödənişi etmədikdə iddiaçıya gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0.1% miqdarında cərimə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilənin bu şərtini əsas tutaraq cavabdehdən cərimə ödənilməsini tələb edir. Məhkəmə, cərimə tələbinin əsaslılığı ilə bağlı məsələyə qiymət verərkən ilk növbədə tərəflər arasında razılaşdırılmış cərimənin hüquqi təbiətinə aydınlıq gətirilməsini vacib hesab edir. Mülki qanunvericilikdə dəbbə (cərimə, penya) həm öhdəliyi icra etməməyə görə mülki məsuliyyət sanksiyası, həm də öhdəliyin lazımınca icra edilməsinin təminatı üsulu kimi nəzərdə tutulmuşdur. Birinci halda, yəni mülki məsuliyyət tədbiri kimi nəzərdə tutulan dəbbə pulu (cərimə, penya) öhdəlik münasibətinin bir tərəfinə öz üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyinə görə digər tərəfin məruz qaldığı zərərin kompensasiya edilməsi məqsədi ilə tətbiq edilən mülki hüquq sanksiyası funksiyasını, təminat üsulu kimi nəzərdə tutulan digər halda isə dəbbə pulu (cərimə, penya) öhdəliyin lazımınca icra edilməsinə borclunun kreditor qarşısında əlavə öhdəliyi funksiyasını yerinə yetirir. Mülki hüquq sanksiyası olaraq nəzərdə tutulan dəbbə pulunun tətbiq edilməsinin başlıca şərtləri, öhdəliyin lazımınca icra edilməməsi nəticəsində tələb hüququ yaranan tərəfə zərər vurulması (1-ci şərt) və öhdəliyi lazımınca icra etməyən tərəfin təqsirinin müəyyən edilməsidir (2-ci şərt). Bu iki şərtin mövcud olduğu təqdirdə mülki məsuliyyət tədbiri qismində dəbbənin (cərimə, penya) tətbiq edilməsi üçün əsas yaranır. Öhdəliyin təmin üsulu kimi nəzərdə tutulan dəbbə pulunun tətbiq edilməsi üçün isə tələb hüququ yaranan tərəfin zərərə məruz qalması mühüm şərt deyildir. Burada əsas olan borclunun öhdəliyini icra etmədiyi, lazımınca icra etmədiyi və ya icranı gecikdirməsi faktının və dəbbə pulu ödənilməsi barədə müqavilə şərtinin olmasının kreditor tərəfindən sübut edilməsidir. Dəbbə pulunun anlayışını verən Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Dəbbə puluna verilən leqal tərifdən müəyyən olunur ki, dəbbə pulunun ödənilməsi tələbi borclu tərəfindən öhdəliyin pozulması ilə yaranır. Bunun üçün əlavə olaraq kreditora zərər vurulması faktının baş verməsi tələb olunmur. Qeyd olunanları hazırki işin faktiki hallarına tətbiq etdikdə müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilədə qeyd olunan cərimə öhdəliyi, cavabdehin qəbul etdiyi malların dəyərinin iddiaçıya ödəmək öhdəliyinin lazımınca icra olunmasının təmin edilməsi üsulu kimi nəzərdə tutulmuşdur. Buna görə də, cərimə ödənilməsi üçün iddiaçının öhdəliyin pozulması nəticəsində zərərə məruz qalmasını sübut etmək vəzifəsi yaranmır. Lakin, məhkəmə cərimə tələbinin əsaslılığı ilə bağlı məsələnin həllində xüsusi əhəmiyyəti olan bir məsələyə də qiymət verməyi zəruri hesab edir. İşdən görünür ki, cavabdeh müqavilə üzrə öhdəliyini pozaraq aldığı mallara görə ödənişi son olaraq xx.xx.2022-ci il tarixindən həyata keçirməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 3.3-cü bəndində nəzərdə tutulmuşdur ki, cavabdeh ödənişi malları təhvil aldığı gündən 14 təqvim günü ərzində iddiaçının bank hesabına köçürmə yolu ilə etməlidir. Həmçinin, müqavilənin 4.1.3-cü bəndində cavabdeh tərəfindən alış qiyməti ödənilənədək iddiaçıya mala mülkiyyət hüququnu özündə saxlamaqla müqaviləni ləğv etmək və malı geri götürmək hüququ verilmişdir. Lakin iddiaçı cavabdeh tərəfindən ödəniş etmək öhdəliyi pozulduğu gündən 182 gün sonra ona qarşı iddia irəli sürmüş və iddiasında əsas borcla yanaşı bu müddətə hesablanmış cərimə ödənilməsini də tələb etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü və 425.1ci maddələrinin tələblərinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd edilən maddi hüquq normalarının məzmununun birgə təhlili bu nəticəyə gəlməyə əsas verir ki, borclunun öz öhdəliyini vicdanla yerinə yetirməsi tələb olunduğu kimi, kreditorun da hüquqlarını həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməsi vacibdir. Əks halda bu kreditorun öz hüquqlarından sui-istifadəsinə səbəb ola bilər ki, Mülki Məcəllənin 560-cı maddəsi ilə hüquqdan sui-istifadə qadağan edilmişdir. Bu qadağa həm də ümumhüquq prinsiplərindən və xüsusilə də sahibkarlıq, kommersiya sahəsində təşəkkül tapmış işgüzar adətlərdən irəli gəlir. Sahibkarlıq subyektləri arasında yaranan əmtəə-ticarət münasibətlərinin xarakterik xüsusiyyətlərindən biri də odur ki, bu münasibətlərdən yaranan hüquq və vəzifələr (öhdəliklər) qısa müddət ərzində reallaşdıqda, yerinə yetirildikdə daha effektiv nəticələrə nail olmaq mümkün olur. Bu nəticələri öhdəliklərin vaxtında yerinə yetirilməsi ilə yanaşı, hüquqların da vaxtında və qarşı tərəfə tənasübsüz şəkildə ziyan vurmadan həyata keçirilməsi ilə əldə etmək olar. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, baxılan işdə iddiaçı müqavilənin digər şərtlərində nəzərdə tutulmuş imkanlardan istifadə edərək, ödəniş edilmədiyi gündən 14 gün sonra müqavilədən imtina edərək mülkiyyət hüququnu özündə saxladığı malları geri götürmək və ya ağlabatan müddətdə cərimənin ödənilməsi ilə yanaşı öhdəliyin icrasını tələb etmək əvəzinə, cavabdeh tərəfindən öhdəliyin pozulduğu vaxtdan 6 ay sonra ona qarşı cərimə tələbi irəli sürməkdə haqlı olmamışdır. Məhkəmə, iddianın 60 manat mediasiya xərcinin cavabdehdən tutulmasına dair hissəsini əsaslı hesab edərək qeyd edir ki, Cavabdeh müqavilədən irəli gələn vəzifələrini lazımınca icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddiaçı 30 manat rüsum ödəməli olduğuna, lakin həmin Qanunun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunduğuna, həmçinin iddia tələbi qismən təmin olunduğuna görə qeyd edilən dövlət rüsumu müştərək qaydada cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 491,03 manat məbləğində əsas borc, 60 manat ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya haqqı olmaqla, ümumilikdə 551,03 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin və Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar