Məhkəmə qərarları › İş №e-2-2(121)-1045/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1045/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1045/2025 04.03.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi” barəsində iddiasına dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Tələb:

1. İddiaçı MMC Cavabdeh MMC–yə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçıMMC arasında bağlanmış 28 iyun 2024-cü il tarixli, 20240628 saylı alqı-satqı müqaviləsi üzrə cavabdehin ödəməli olduğu 90860 (doxsan min səkkiz yüz altmış) manat məbləğində borcun və ödənilmiş 362,58 (üç yüz altmış iki manat əlli səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 28 iyun 2024-cü il tarixdə № 20240628 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC əvvəlcədən hər iki tərəfin razılaşdığı qaydada verilmiş sifarişə uyğun malları müqavilədə göstərilən çeşiddə və miqdarda Cavabdeh MMC-nin tam mülkiyyətinə verməyi, Cavabdeh MMC isə bunun müqabilində malların dəyərini hazırki müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci və 2.3-cü maddələrinə əsasən alıcı- "xxxx" MMC müqavilə bağlandıqdan sonra mal-materialların dəyərini köçürmə yolu ilə “X2”nda qeyd olunmuş şərtlərə əsasən satıcıya ödəməli, həmçinin 3(üç) iş günü ərzində satıcı- İddiaçı MMC tərəfindən təqdim olunan müvafiq təhvil-təslim aktını və hesabfakturanı imza etmədiyi və sifarişlə bağlı heç bir etirazını bildirmədiyi halda müqavilədə qeyd olunan müvafiq təhvil-təslim aktı və hesab-faktura imza edilmiş hesab olunur. Sözügedən alqı-satqı müqaviləsi də hazırki ərizəyə əlavə edilmişdir. Bildirilir ki, Cavabdeh MMC ilə aralarında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 90860 (əlavə dəyər vergisidə daxil olmaqla) manat məbləğində mal verilmişdir. İddiaçı MMC, Cavabdeh MMC ilə İddiaçı MMC aralarında 28 iyun 2024-cü il tarixdə bağlanmış, 20240628 saylı alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam, vaxtında, keyfiyyətli şəkildə yerinə yetirərək razılaşdırılmış mallarıCavabdeh MMC-yə versə də, Cavabdeh MMC sözügedən müqavilə üzrə öhdəliklərini pozaraq İddiaçı MMC-yə ödəməli olduğu pulu tam şəkildə ödəməmişdir. Belə ki, bağlanmış müqavilə üzrə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 90860 (doxsan min səkkiz yüz altmış) manat məbləğində borcu qalmış və bu günədək də həmin borcu ödəməmişdir. Qeyd edilir ki, dəfələrlə cavabdehə İddiaçı MMC-yə olan borcunu ödəməyi bildirilsə də, cavabdeh müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Bu isə Cavabdeh MMC-nin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırdığının bariz göstəricisidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd edilir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlə İddiaçı MMC arasında yaranmış mübahisəni danışıqların aparılması yolu ilə həll etmək məqsədi ilə cavabdehə ilk əvvəl pretenziya məktubu ünvanlamışdır. Lakin cavabdehlə iddaçı arasında olan hazırki mübahisənin danışıqlar yolu ilə həllinə nail olunmamışdır.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Həmçinin, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. 5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

6. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə, qeyd olunanlara əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan məhkəmə iclasını keçirilməsini mümkün hesab etmişdir.

İddia ərizəsinə etiraz:

8. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

9. İddiaçı MMC (Satıcı) ilə Cavabdeh MMC (Alıcı) arasında xx.xx.2024-cü il tarixli, 20240628 nömrəli alqı-satqı müqaviləsinin bağlanmışdır. Həmin müqavilənin: -1.1-ci yarımbəndinə əsasən, “Satıcı” bu müqaviləyə əlavə edilən və onun ayrılmaz hissəsi sayılan “X3”nda (bundan sonra Protokol) qeyd olunan mal-materialları verməli, “Alıcı” isə həmin mal-materialları qəbul etməli və müəyyən edilmiş məbləği ödəməlidir. -2.2-ci yarımbəndinə əsasən, “Alıcı” müqavilə bağlandıqdan sonra malmaterialların dəyərini köçürmə yolu ilə X1 qeyd olunmuş şərtlərə əsasən “Satıcı”ya ödəməlidir. -2.3-cü yarımbəndinə əsasən, “Alıcı” 3 (üç) iş günü ərzində “Satıcı” tərəfindən təqdim olunan müvafiq təhvil-təslim aktını və hesab-fakturanı imza etmədiyi və sifarişlə bağlı heç bir etirazını bildirmədiyi halda müqavilədə qeyd olunan müvafiq təhvil-təslim aktı və hesab-faktura imza edilmiş hesab olunur. -5.5-ci yarımbəndinə əsasən, Sifariş hissə-hissə yerinə yetirildiyi halda müqavilənin icra edilməsi tarixi sonuncu “Təhvil-Təslim Aktının” tarixinə görə müəyyən olunur.

10. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli, MT2407 10940154 nömrəli 52864 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2407 10941512 nömrəli 21476 manat məbləğində və xx.xx.2024-cü il tarixli MT2407 10945249 nömrəli 16520 manat məbləğində (ümumilikdə 90860 manat) elektron qaimələr təqdim olunmuşdur.

11. Eyni zamanda iş materiallarında olan İddiaçı MMC və Cavabdeh MMC tərəfindən təsdiq olunmuş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktlarına və qiymətlərin razılaşdırılması protokollarına görə xx.xx.2024-cü il tarixli, 20240628 nömrəli alqı-satqı barədə müqaviləyə əsasən 90.860 manat dəyərində məhsullar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

12. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 06 yanvar 2025-ci il tarixli, pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış 90860 manat borcun 3 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC məlumatlandırılmışdır.

13. **********75 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 362,58 mana dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.

18. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, hazırki iş üzrə iddiaçı ilə cavabdeh arasında etibarlı .əkildə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Ona görə ki, tərəflər arasında bağlanmış müqavilədən göründüyü kimi “iddiaçı həmin müqavilədə müəyyən edilmiş şərtlər əsasında, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “X3”nda qeyd olunan mal-materialları verməyi, cavabdeh isə həmin mal-materialları qəbul etməyi və müəyyən edilmiş məbləği ödəməyi öhdələrinə götürmüşlər.

19. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə “Satıcı”ya aid öhdəliklərin lazımınca yerinə yetirilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, alqı-satqı müqaviləsi tələb olunan borcun ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, alqı-satqı müqaviləsi üzrə öhdəliyin cavabdeh tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.

20. Eyni zamanda iş materiallarında olan elektron qaimələr, həmçinin təhvil-təslim aktları və qiymətlərin razılaşdırılması protokolları İddiaçı MMC tərəfindən 90860 (doxsan min səkkiz yüz altmış) manat dəyərində malların Cavabdeh MMC-yə təhvil verilməsini təsdiq edir.

21. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə cavabdehə qarşı hazırki iddia tələbini irəli sürmək hüququ vermişdir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 90.860 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri:

22. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, iddia təmin olunduğundan iş üzrə ödənilmiş 362,58 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir.

Nəticə:

23. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 90860 manat məbləğində borc və 362,58 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 91.222,58 (doxsan bir min iki yüz iyirmi iki manat, əlli səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar