Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-108/2022 30.03.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəbiyev Nicat Salavat oğlunun katibliyi, Cavabdeh X2, Cavabdeh X2 vəkili Vəkil iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X3 qarşı pul tələbinə dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.09.2011-ci il tarixli, 1365-L/11 nömrəli müqavilə üzrə 125.025 manat gecikdirilmiş əsas borc və 293.052,77 cərimə məbləği, 26.09.2011-ci il tarixli, 1451-L/11 nömrəli müqavilə üzrə 30.875 manat gecikdirilmiş əsas borc və 68.441,25 cərimə məbləği və 28.01.2015-ci il tarixli, 93-GL/15 nömrəli müqavilə üzrə 4.100 manat gecikdirilmiş əsas borc və 7.978,44 cərimə məbləği, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, cəmi: 498.947,46 manat pul vəsaitinin cavabehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış 21.09.2011-ci il tarixli 1365-L/11 nömrəli, 26.09.2011-ci il tarixli 1451- L/11 nömrəli və 28.01.2015-ci il tarixli 93-GL/15 nömrəlimüqavilələrə əsasən dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 27.07.2021-ci il tarixə 21.09.2011-ci il tarixli 1365-L/11 nömrəli müqavilə üzrə 125025 ( yüz iyirmi beş min iyirmi beş) manat gecikdirilmiş əsas borcunuz, 26.09.2011-ci il tarixli 1451-L/11 nömrəli müqavilə üzrə 30875 ( otuz min səkkiz yüz yetmiş beş) manat gecikdirilmiş əsas borcunuz və 28.01.2015-ci il tarixli 93-GL/15 nömrəli üzrə 4100 ( dörd min yüz) manat gecikdirilmiş əsas borcu yaranmışdır. Cavabdeh Sonradan iddiaçı “iddia ərizəsinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəsi tərtib edilərkən mexaniki səhv nəticəsində 26.09.2011-ci il tarixli 1415-L/11 nömrəli müqavilə səhvən 26.09.2011-ci il tarixli 1451-L/11 nömrəsi ilə göstərilmişdir. İş materiallarından da görünür ki, tərəflər arasında bağlanılmış 26.09.2011-ci il tarixli müqavilənin nömrəsi 1415-L/11-dir. Sadalanan texniki nöqsanı nəzərə alaraq iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən 21.09.2011-ci il tarixli, 1365-L/11 nömrəli müqavilə üzrə 125.025 manat gecikdirilmiş əsas borc və 293.052,77 cərimə məbləği, 26.09.2011-ci il tarixli, 1415-L/11 nömrəli müqavilə üzrə 30.875 manat gecikdirilmiş əsas borc və 68.441,25 cərimə məbləği və 28.01.2015-ci il tarixli, 93-GL/15 nömrəli müqavilə üzrə 4.100 manat gecikdirilmiş əsas borc və 7.978,44 cərimə məbləği, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, cəmi: 498.947,46 manat pul vəsaitinin cavabehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-108/2022 saylı, 30.03.2022-ci il tarixli qərardadı ilə, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X3 qarşı pul tələbinə dair kommersiya işi üzrə icraata “21.09.2011-ci il tarixli 1365-L/11 nömrəli müqavilə üzrə 125.025 (yüz iyirmi beş min iyirmi beş) manat gecikdirilmiş əsas borcun və 293.052.77 (iki yüz doxsan üç min əlli iki manat yetmiş yeddi qəpik) cərimə məbləğinin, 26.09.2011-ci il tarixli 1451-L/11 nömrəli müqavilə üzrə 30.875 (otuz min səkkiz yüz yetmiş beş) manat gecikdirilmiş əsas borcun və 68.441.25 (altmış səkkiz min dörd yüz qırx bir manat, iyirmi beş qəpik) cərimə məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 izahatında 93-GL/15 saylı, 28.01.2015ci il tarixli "xxxx" ASC-yə məxsus ot, küləş presləyən OKP-185 markalı kənd təsərrüfatı texnikasını təhvil aldığını, hal-hazırda həyətində olduğunu bildirdi. Eyni zamanda, həmin müqavilə üzrə məhkəmə qətnaməsinin olduğunu qeyd edərək iddia tələbini qəbul etmədiyini və iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X2 vəkili Vəkil izahat verərək məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Həmçinin, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bütün sübutların məhkəməyə elektron qaydada təqdim edildiyini və iddianın təmin edilməsi barədə iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 11.09.2013-cü il tarixli, 2(022)-487/13 saylı qətnaməsi ilə "xxxx" ASC ilə X4 arasında bağlanılmış 06.05.2011-ci il tarixli müqavilə ləğv edilmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC ilə X4 arasında bağlanılmış 93-GL/15 saylı, 28.01.2015-ci il tarixli "xxxx" ASC-yə məxsus ot, küləş presləyən OKP-185 markalı kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə tərəflər qarşılıqlı razılığa gəlmişlər. Həmin müqaviləyə əsasən "xxxx" ASC tərəfindən ot, küləş presləyən OKP-185 markalı kənd təsərrüfatı texnikası mülkiyyət hüququnun istifadəçiyə keçməsi şərti ilə yenidən istifadəyə verilmişdir. İşdən görünür ki, "xxxx" ASC-nin 349/u saylı əmri ilə "xxxx" ASC ilə X4 arasında bağlanılmış 28.01.2015-ci il tarixli, 93-GL/15 saylı lizinq müqaviləsinə əsasən ot, küləş presləyən OKP-185 markalı kənd təsərrüfatı texnikası güzəşt tətbiq edildikdən sonra qalıq dəyəri ilə yenidən lizinqə verilmişdir. İşdə olan 27.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, X4 ilə "xxxx" ASC arasında bağlanmış 93-GL/15 saylı, 28.01.2015-ci il tarixli müqaviləyə əsasən X2 həmin müqavilə üzrə 4.100 manat gecikdirilmiş əsas borc və 7.978,44 manat cərimə borcu vardır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, "xxxx" ASC ilə bağlanmış müqavilələrə əsasən borc yaranmışdır. Həmin vəsaitin qısa zaman ərzində ödənilməsi xahiş edilmişdir. Əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə X3 xəbərdarlıq edilmişdir. Bundan əlavə, iddiaçının nümayəndəsi məhkəmə elektron qaydada ərizə ünvanlayaraq bildirmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi ilə 06.05.2011-ci il tarixli 608-L/11 nömrəli müqavilə ləğv edilsə də, tərəflər arasında 28.01.2015-ci il tarixində 93-GL/15 nömrəli lizinq predmetinin güzəştli şərtlərlə yenidən lizinqə verilməsi barədə müqavilə imzalanmışdır. Həmin müqavilə ilə əvvəllər mövcud olmuş 608-L/11 nömrəli müqavilənin lizinq predmeti olan ot küləş preslyən texnikası yenidən güzəşt tətbiq edilərək lizinqə verilmişdir. Müqavilə tərəflərin iradə ifadəsini müəyyən edir. Tərəflər istənilən məhkəmə qətnaməsi olmasına baxmayaraq aralarında razılaşaraq istənilən texnikanı lizinqə götürə bilər, yəni qətnaməni icrasız qoyaraq yeni hallar barədə razılığa gələ bilər. Hüququnun ümumi prinsipləri bunu qadağan etmir. Odur ki, 608-L/11 nömrəli müqavilə məhkəmə qətnaməsi ilə 2011-ci ildə ləğv edilməsinə baxmayaraq tərəflər sərbəst iradə ifadəsi əsasında yeni bir müqavilə imzalamışdır ki, (93-GL/15 nömrəli) həmin müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Digər tərəfdən əvvəlki məhkəmə qətnamələrində 93-GL/15 nömrəli müqavilənin predmeti olan ot küləş presləyənin geri qaytarılması barədə müddəa da yoxdur. Həmçinin, 93-GL/15 nömrəli müqavilə üzrə cavabdehin həmin müqavilə imzalandıqdan sonra yaranmış borc öhdəlikləri hesablanmışdır. Qətnamə qəbul edilərkən bu xüsusatın nəzərə alınması məhkəmədən xahiş edilmişdir. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı 93-GL/15 saylı, 28.01.2015ci il tarixli lizinq müqaviləsi üzrə hesablanmış əsas və cərimə borcunu cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” 17.08.2020-ci il tarixli, 1137 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Fərmanın 2.2-ci bəndinə əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC ilə X4 arasında bağlanılmış 06.05.2011-ci il tarixli, 608-L/11 nömrəli müqavilə ləğv edilsə də, tərəflər arasında 28.01.2015-ci il tarixli, 93-GL/15 nömrəli lizinq predmetinin güzəştli şərtlərlə yenidən lizinqə verilməsi barədə müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" ASC-yə məxsus ot, küləş presləyən OKP-185 markalı kənd təsərrüfatı texnikası güzəşt tətbiq edildikdən sonra qalıq dəyəri ilə yenidən lizinqə verilmişdir. Cavabdeh X4 məhkəmə iclasında verdiyi izahatında həmin texnikanı təhvil aldığını və hal-hazırda həmin texnikanın həyətində olduğunu bildirmişdir. Bununla yanaşı, "xxxx" ASC-yə məxsus ot, küləş presləyən OKP-185 markalı kənd təsərrüfatı texnikasının cavabdeh tərəfindən iddiaçıya təhvil verildiyinə dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə, sadalanan qanunvericilik aktı normalarına və cavabdehin məhkəmə iclasında verdiyi izahatına əsasən hesab edir ki, cavabdeh lizinq müqaviləsi əsasında lizinq obyektini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş pul məbləğlərini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı oldumuşdur. Lakin cavabdeh pul məbləğini ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddiaçı lizinq məbləğlərinin ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi 28.01.2015-ci il tarixli, 93-GL/15 nömrəli müqavilə üzrə əsas borcun tutulması hissəsində əsaslıdır. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə, iddia tələbinin cərimələrin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, həmin tələblər tərəflər arasında bağlanılmış lizinq müqavilələrindən irəli gəlir. Yəni, hər iki müqavilənin 4.2-ci bəndlərinə əsasən cavabdeh ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, iddiaçı cavabdehdən gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə ödəməyi tələb edə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 28.01.2015-ci il tarixli 93-GL/15 nömrəli müqavilə üzrə 400 manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə eyni zamanda iddia tələbinin “hüquqi yardımla bağlı ödənilmiş 350 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, iş materiallarında olan 14 iyul 2021-ci il tarixli, 804 saylı “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilənin və 05.11.2021-ci il tarixli, 000İPX12130913A1 saylı ödəniş tapşırığının surətindən görünür ki, iddiaçının cavabdehə qarşı iddia ərizəsi üzrə hüquqi yardıma görə haqq 350 manat müəyyən olunmaqla Xırdalan şəhər Vəkil Bürosunun hesabına ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Qeyd edilənlərə əsasən, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını, o cümlədən hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğin müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, göstərilən məbləğ ağlabatan məbləğdə, yəni 200 manat məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 65 manat məbləğində dövlət rüsumunun 24 manat məbləği cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X1 28.01.2015-ci il tarixli, 93-GL/15 nömrəli müqavilə üzrə 4.100 manat gecikdirilmiş əsas borc, 400 manat cərimə, hüquqi yardımla bağlı ödənilmiş 200 manat, ümumilikdə 4.700 (dörd min yeddi yüz) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. 65 manat məbləğində dövlət rüsumunun 24 manat məbləği cavabdeh X1 tutularaq dövlət gəlirlərinə alınsın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-108/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-108/2022
30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver