Məhkəmə qərarları › İş №e-2-2(121)-109/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-109/2025

06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-109/2025 06.02.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı – borcun ödənilməsi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı 25.966,38 manat məbləğində əsas borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 167,9 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən, satıcı sifariş olunmuş malları təsdiqlədikdən sonra alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları alıcıya təhvil verməyi, alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Təqdim edilmiş elektron qaimə-faktura sənədlərinə və təhvil-qəbul aktlarına əsasən cavabdeh tərəfindən sifariş olunan mallar tam şəkildə ona təhvil verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, cavabdeh iddiaçıdan aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə iddiaçıya 25.966,38 manat məbləğində qalıq borcu qalmışdır. Təqdim edilmiş maliyyə arayışından da görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 05685 nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə cavabdehin iddiaçıya olan qalıq borcu 25.966,38 manat təşkil edir. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh qalıq borcun ödənilməsini təmin etməmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edərək, iddiaya etiraz etmiş və izahatında göstərmişdir ki, uzun illərdir ticarətlə məşğul olur, lakin son 3 ildir ağır şəkər xəstəliyindən əziyyət çəkdiyi üçün ticarətini davam etdirə bilməmişdir. İddiaçı şirkətlə aralarında uzun illərdir ki, ticarət əlaqələri vardır. Lakin xəstəliyi səbəbindən mağazanı özü işlədə bilməmiş və təxmini xatırlamalarına görə mağazanı keçirilmiş vergi yoxlamasından sonra 2022-ci ildə bağlamışdır. İşlədiyi dövrdə aldığı malların pulunu iddiaçıya nağd qaydada ödəmiş, iddiaçıya heç bir borcu qalmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş alqı-satqı müqaviləsi, üzləşmə aktları və malların təhvil-qəbul aktlarındakı imzalar ona məxsus deyildir. Malların pulunu nağd qaydada ödəmiş, malların təhvil qəbulunda iştirak etməmişdir. Belə ki, malları işçisi Ehtiram qəbul etmişdir. Sonuncu ödənişi təxmini xatırlamasına görə 2 il əvvəl etmişdir. İddiaçı ilə 2002-ci ildən aralarında alqı-satqı müqaviləsi olmuşdur, ancaq son 3 ildir ki, iddiaçı ilə aralarında alqı-satqı münasibətləri davam etmir. Mağazanı təxminən 2022-ci ildə bağlanmışdır. Aralarında alqısatqı müqaviləsi bağlanmışdır, lakin alqı-satqı müqaviləsinin məhz nə zaman bağlanmasını dəqiq xatırlamır. İşlədikləri dövr ərzində iddiaçı şirkət malı mağazaya təhvil verirdi, o isə malın pulunu ödəyirdi. İddiaçıya malın pulunu, öz bank hesabları vasitəsi ilə məhz iddiaçının bank hesabına ödəmişdir, ancaq nə vaxtdan bu qaydada işlədiklərini dəqiq deyə bilmir. 2022-ci ilin hansı ayından mağazanı işlətmədiyini dəqiq xatırlaya bilmir, ancaq təxmini xatırlamalarına görə 2022-ci ilin əvvəlindən mağazanı işlətmir. İddiaçı tərəfindən təqdim olunan alqı-satqı, üzləşmə aktları və elektron qaimələrdə olan imzaların heç biri onun tərəfindən icra olunmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında P08341 nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan sənədlərin (malların təhvil-qəbul aktları, elektron qaiməfakturalar və üzləşmə aktlarının) surətlərindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh mallar göndərilmiş və cavabdehin iddiaçıya 25.966,38 manat məbləğində borcu vardır. İş materialında olan İddiaçı MMC ilə Cavabdeh arasında aparılmış əməliyyatlar üzrə maliyyə arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə 25.966,38 manat ödənilməmiş borcu qalmışdır. İş materialında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış alqısatqısı müqavilə(lər)sinə əsasən Cavabdeh 25.966,38 manat borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. İş üzrə şahid qismində dindirilmiş X3 məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, əvvəllər iş üzrə Cavabdeh rəhbərlik etdiyi Şirvan şəhərində yerləşən “Dəniz” marketdə işləmişdir. Həmin marketdə rəsmi olaraq satıcı vəzifəsində işləsə də, firmalardan marketə gələn malları özü qəbul etmişdir. Ondan başqa heç kimin mal qəbul etmək səlahiyyəti olmamışdır. “Dəniz” marketdə 2016-cı ildən 2022-ci ilin axırına kimi işləmişdir. İddiaçı MMC-dən mallar gəldikcə, malların pullarını Mübariz müəllim nağd qaydada ödəyirdi. Cavabdeh mağazaya gələn malları özü şəxsən qəbul etməmişdir. Malların pulunu Mübariz müəllim şəxsən özü satış təmsilçilərinə ödəmişdir. xx.xx.2022-ci il tarixli, ********** nömrəli, xx.xx.2022-ci il tarixli, ********** nömrəli, xx.xx.2022-ci il tarixli, ********** nömrəli, ********** nömrəli, xx.xx.2022-ci il tarixli, ********** nömrəli aktlarda olan ona məxsusdur. xx.xx.2023cü il tarixli, ********** nömrəli, xx.xx.2022-ci il tarixli, ********** nömrəli, ********** nömrəli, ********** nömrəli, ********** nömrəli, ********** nömrəli, ********** nömrəli, ********** nömrəli, ********** nömrəli, ********** nömrəli, ********** nömrəli, ********** nömrəli, ********** nömrəli, xx.xx.2022-ci il tarixli, ********** nömrəli, ********** nömrəli, ********** nömrəli, xx.xx.2022-ci il tarixli, ********** nömrəli, xx.xx.2022-ci il tarixli, ********** nömrəli və xx.xx.2023-cü il tarixli, ********** nömrəli malların təhvil-qəbul aktlarında olan imzalar onun tərəfindən icra olunmamışdır. Aktlarda qeyd olunan Elgün, Əli, Azad, Murad adlı şəxsləri tanıyır. Belə ki, onlar mağazanın satıcıları olmuşlar, lakin onların mal qəbul etmək səlahiyyətləri olmamışdır. Üzləşmə aktında olan imzaları tanımıram, Mübariz müəllim özü mal qəbul etməmişdir. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 4/1956 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli “üzləşmə” aktlarında “Aktda göstərilən borc məbləğinin qalığını təsdiq edirəm” yazılarının qarşısındakı imzalar; xx.xx.2022-ci il tarixli ********** saylı; ********** saylı; ********** saylı; ********** saylı; ********** saylı; ********** saylı; ********** saylı; ********** saylı; ********** saylı; ********** saylı; ********** saylı; ********** saylı; ********** saylı; xx.xx.2022-ci il tarixli ********** saylı; ********** saylı; xx.xx.2023-cü il tarixli ********** saylı; ********** saylı; ********** saylı; ********** saylı; ********** saylı; ********** saylı; xx.xx.2023-cü il tarixli ********** saylı “malların təhvil-qəbul” aktlarının kserosurətlərində “Təhvil aldı” qrafalarında əks olunmuş imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur; ekspertizaya təqdim olunmuş, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsində “Alıcı” yazısının yanındakı imza; xx.xx.2022-ci il tarixli ********** saylı; xx.xx.2022-ci il tarixli ********** saylı; xx.xx.2022-ci il tarixli ********** saylı; ********** saylı; xx.xx.2023-cü il tarixli ********** saylı “malların təhvil-qəbul” aktlarının kserosurətlərində “Təhvil aldı” qrafalarında əks olunmuş imzalar - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 127 manat məbləğində təşkil edir. Beləliklə, işin həqiqi halları məhkəmə iclasında müəyyən olunmuşdur ki, ekspert rəyi ilə tərəflər arasında bağlanmış xx.xx.2019-cü il tarixli alqı-satqı müqaviləsində olan imzanın Cavabdeh tərəfindən icra olunmaması (imzalanmaması) müəyyən edilsə də, tərəflər arasında alqı-satqı münasibətləri baş tutmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd edilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Göründüyü kimi, qeyd edilən müqavilə Cavabdeh tərəfindən imzalanmasa da, onlar arasında müqavilə faktiki olaraq bağlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.1-ci maddəsinə əsasən, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmin Məcəllənin 409.4-cü maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə imzalanmasa da, cavabdeh məhkəmə iclasında verdiyi izahat zamanı işlədiyi dövrdə aldığı malların pulunu iddiaçıya nağd qaydada ödəməsi, iddiaçıya heç bir borcunun qalmaması, malların işçisi Ehtiram tərəfindən qəbul edilməsi, iddiaçı ilə aralarında alqı-satqı müqaviləsinin bağlanması, lakin alqı-satqı müqaviləsinin məhz nə zaman bağlanmasını dəqiq xatırlamaması, işlədikləri dövr ərzində iddiaçı şirkətin malı mağazaya təhvil verməsi, onun isə malın pulunu ödəməsi, iddiaçıya malın pulunu, öz bank hesabları vasitəsi ilə məhz iddiaçının bank hesabına ödəməsini bildirməsi tərəflər arasında müqavilə bağlanmasını göstərir. Ona görə ki, qeyd edilən müqavilə Cavabdeh tərəfindən imzalanmış olmasa belə, müqavilə cavabdehin qabaqcadan razılığı əsasında bağlandığından və cavabdeh tərəfindən sonradan bəyənildiyindən etibarlı sayılır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 355-ci maddəsinə əsasən, əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Həmin Məcəllənin 356-cı maddəsinə əsasən, əqdin bağlanmasına verilmiş icazə (qabaqcadan verilmiş icazə), əgər tərəflər ayrı qayda haqqında razılığa gəlməyiblərsə, əqd bağlananadək ləğv edilə bilər. İcazənin (qabaqcadan verilmiş razılığın) ləğv edilməsi barədə hər iki tərəfə məlumat verilməlidir. Qeyd edilən Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı müqavilə öhdəliyini icra etmiş, bununla da iddiaçı tərəfindən müqavilənin qanunla müəyyən olunmuş şərtlərinə riayət olunmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, tərəflər arasında qeyd edilən müqavilə bağlanmış sayılır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, yuxarıda sadalanan xüsusatların olması ilə tərəflər arasında qeyd edilən müqavilə baş tutmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Qeyd edilən Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Məhkəmə hesab edir ki, bu cür müqavilənin bağlanması üçün ayrıca şəkildə mütləq qaydada yazılı müqavilənin bağlanmasına zərurət yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Qeyd edilən Məcəllənin 329.4-cü maddəsinə əsasən, susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Məhkəmə, müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla hesab edir ki, tərəflər arasında qeyd edilən müqavilə baş tutmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, işin həqiqi halları ilə və işin materialları ilə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, hazırda cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar)ı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal(lar)ı almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. İddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli, məhkəmə xərcinə daxil olan 167,9 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin cavabdeh tərəfin iddiaya etirazının dəlillərini araşdıraraq, hesab edir ki, cavabdeh tərəfin dəlilləri əsassızdır. Belə ki, cavabdeh borcunun qalmamasını bildirirsə, borcun ödənilməsini sübuta yetirmək vəzifəsi cavabdehə keçmişdir. Odur ki, göstərilən halın iddiaçı tərəfindən mübahisələndirildiyini nəzərə alaraq, məhkəmə qeyd edilən hallara mülki prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Belə ki, məhkəmə iddianın təmin edilməsi qənaətinə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Bununla yanaşı, cavabdeh tərəfindən qeyd edilən halları etiraf edilməsindən savayı göstərilən məbləğdə pul vəsaitinin məhz iddiaçıya ödənilməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, etiraz etdiyi halın sübut edilməsi məhz cavabdehin vəzifəsidir. Göstərilənlər isə ona dəlalət edir ki, iddiaçı iddia etdiyi halları sübuta yetirmiş, cavabdeh isə həmin məbləği iddiaçıya ödəməsini sübuta yetirə bilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə bu qənaətə gəlmişdir ki, cavabdeh iddiaçı ilə aralarında olan müqaviləyə əsasən malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh öhdəliyini pozaraq malın dəyərini iddiaçıya tam şəkildə ödəməmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 127 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, ekspertiza tədqiqatının dəyəri olaraq 127 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 25.966,38 manat məbləğində əsas borc və 167,90 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 127 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar