Məhkəmə qərarları › İş №e-2-2(121)-1097/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1097/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1097/2025 16.07.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı – pul tələbi barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı - xx.xx.2022-cü il tarixli, S16/22 saylı təchizat müqaviləsi əsasında 1.703,68 manat əsas, 2.417,52 manat dəbbə pulu və 61 manat ödənilən dövlət rüsumu olmaqla, cəmi 4.182 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-cü il tarixdə iddiaçı ilə cavabdeh arasında S16 /22 saylı “Təchizat” müqaviləsi müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı, yəni satıcı bu müqavilədə nəzərdə tutulmuş malları alıcıya sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin “hesablaşma qaydaları” başlıqlı 4-cü maddəsinə əsasən, bu “müqavilə”nin 2.4-cü bəndinə uyğun olaraq “mal”ların “satıcı” qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş “mal”ın ödənişi onun satıldığı tarixdən etibarən 30 təqvim günü müddətində “satıcı”nın ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. “Mal”ların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, “alıcı” satılan “mal”ın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 təqvim günündən gec olmamalıdır. “Mal”ların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu “müqavilə”yə əsasən onun dəyərinə daxildir. “Satıcı”nın ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş, “mal”lar ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış “mal”ların nağd şəkildə ödənişi mümkündür. Lakin həmin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturalarıəsasında mallar təchizatçı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı elektronqaimələrə əsasən ƏDV daxil olmaqla 1.703 manat malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq təchizatçıya, yəni iddiaçıya ödəməmişdir. Mübahisələrin həlli ilə bağlı müddəaları nəzərdə tutan 6-cı maddəsinin tələbinə görə “tərəflər” arasında bütün mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məhkəmə qaydasında həll olunur. Müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı alıcıya pretenziya məktubu göndərilmiş, lakin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Təchizat müqaviləsinin 5.1-ci bəndinə əsasən “alıcı” tərəfindən bu “müqavilə”nin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda “alıcı” “satıcı”ya hər gecikən gün üçün 0.3% dəbbə pulu (cərimə) ödəyir. Sonradan iddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcmini azaldaraq, xx.xx.2022-cü il tarixli, S16/22 saylı təchizat müqaviləsi əsasında 806,68 manat əsas, 80,67 manat dəbbə pulu və 61 manat ödənilən dövlət rüsumu olmaqla, cəmi 948,35 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin izahatında göstərdi ki, cavabdeh xx.xx.2025-ci il tarixli aktla 900 manata yaxın malları geri qaytardığından, iddia tələbinin həcmini azaldaraq, xx.xx.2022-cü il tarixli, S16/22 saylı təchizat müqaviləsi əsasında 806,68 manat əsas, 80,67 manat dəbbə pulu və 61 manat ödənilən dövlət rüsumu olmaqla, cəmi 948,35 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh sonradan məhkəməyə “satış üçün təqdim olunan malların geri qaytarılması” barədə xx.xx.2023-cü il tarixli akt təqdim edərək həmin aktda göstərilmiş malların İddiaçı MMC-nin əvvəllər əməkdaşı, yəni satış təmsilçisi olmuş Vəliyəddin Əbdülbəyliyə geri qaytarılmasını bildirmişdir. Lakin, həmin aktda qeyd edilən mallar şirkətə qaytarılmamışdır. Belə ki, şirkətin informasiya bazasında belə bir akt mövcud deyil və həmin akt üzrə mallar anbara geri qaytarılmamışdır. Təqdim edilmiş həmin aktda qeyd olunan malların ümumi dəyəri 706,28 manat təşkil edir. Bununla da, müəyyən olmuşdur ki, cavabdehin şirkətə 706,28 manat məbləğində borcu qalmışdır. Lakin, İddiaçı MMC-nin əməkdaşı olmuş Vəliyəddin Əbdülbəylinin məhkəmədə şahid qismində dindirilməsi üçün iştirakını təmin edə bilməmişlər. İddiaçının iddiaya etirazı əsassızdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərdi ki, onun iddiaçıya borcu qalmamışdır. Belə ki, “satış üçün təqdim olunan malların geri qaytarılması” barədə xx.xx.2023-cü il tarixli aktla o, 805,92 manat dəyərində malları İddiaçı MMC-nin əməkdaşı olan Vəliyəddin Əbdülbəyliyə geri qaytarmışdır. Həmin vaxt, yəni qeyd edilən akt tərtib edilərkən Vəliyəddin Əbdülbəyli ilə birlikdə İddiaçı MMC-nin nümayəndəsi Fərid adlı şəxs də iştirak etmişdir. xx.xx.2024-cü il tarixli qarşılıqlı üzləşmə aktı ilə onun 1.703,68 manat məbləğində borcunun olması müəyyən olunmuşdur. Lakin o, həmin borcdan 805,92 manat dəyərində malları geri qaytardığından, bu barədə əlyazma ilə akta xx.xx.2024-cü il tarixdə müvafiq qeydlər apararaq, xx.xx.2023-cü il tarixdə 805,92 manat məbləğində məhsulu geri qaytardığını və hal-hazırda 897,76 manat məbləğində borcunun qaldığını qeyd etmişdir. İddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra yerdə qalan 897,76 manat dəyərində olan malları da xx.xx.2025-ci il tarixli aktla hazırki iş üzrə xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi qismində iştirak etmiş Elnur Xəlilova qaytarmışdır. Bununla da, onun iddiaçıya hər hansı bir borcu qalmamışdır. “Satış üçün təqdim olunan malların geri qaytarılması” barədə xx.xx.2023-cü il tarixli aktda göstərilən malların Vəliyəddin Əbdülbəyli tərəfindən İddiaçı MMC-yə təhvil verilməməsinin ona aidiyyəti yoxdur. Çünki bu İddiaçı MMC ilə işçisi Vəliyəddin Əbdülbəyli arasında olan bir məsələdir. Odur ki, iddia əsassızdır. Buna görə də, iddia rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında S16/22 nömrəli, xx.xx.2022-ci il tarixli təchizat müqaviləsi bağlanmışdır. İş materiallarında olan sənədlərdən (kassa mədaxil orderləri, kassa mədaxil orderlərinin qəbzləri, satış sənədi, qaimə-fakturaların surətlərindən) görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh mallar verilmiş və cavabdeh tərəfindən müvafiq ödənişlər edilmişdir. İş materialında olan maliyyə arayışının surətindən görünür ki, cavabdehin qeyd edilən müqavilə üzrə xx.xx.2024-cü il tarixə 4.121,2 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “satış üçün təqdim olunan malların geri qaytarılması” aktından görünür ki, Cavabdeh tərəfindən mallar İddiaçı MMCnin satış təmsilçisi Vəliyəddin Əbdülbəyliyə geri qaytarılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qarşılıqlı üzləşmə aktının surətindən görünür ki, Cavabdeh 1.703,68 manat məbləğində borcu vardır. Aktda Cavabdeh xx.xx.2023-cü il tarixdə 805,92 manat məbləğində məhsulu geri qaytardığına və halhazırda 897,76 manat məbləğində borcunun qalmasına dair xx.xx.2024-cü il tarixdə müvafiq qeyd aparmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “satış üçün təqdim olunan malların geri qaytarılması” aktın surətindən görünür ki, Cavabdeh tərəfindən mallar İddiaçı MMC-nin iddiaçının nümayəndəsi Elnur Xəlilova geri qaytarılmışdır. İş materialından görünür ki, iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin məhkəməyə ünvanladığı xx.xx.2025ci il tarixli ərizədən görünür ki, Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2023-cü il tarixli “satış üçün təqdim olunan malların qeri qaytarılması aktı” barədə bildirilmişdir ki, şirkətin informasiya bazasında belə bir akt mövcud deyil və həmin akt üzrə mallar anbara geri qaytarılmamışdır. Təqdim edilmiş həmin aktda qeyd olunan malların ümumi dəyəri 706,28 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “satış üçün təqdim olunan malların qeri qaytarılması aktı”nın qiymətləndirilməsi cədvəlindən görünür ki, geri qaytarılan malların ümumi dəyəri 706,28 manat müəyyən edilmişdir. Beləliklə, işin həqiqi halları ilə, iddiaçının nümayəndəsinin, cavabdehin izahatları və işin materialları ilə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların alqı-satqısı ilə bağlı müqavilə bağlanmış və həmin müqavilə təchizat müqaviləsi adlandırılmışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirmədiyindən, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar)ı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Lakin, araşdırılma zamanı həmçinin müəyyən olunmuşdur ki, cavabdehin hazırda iddiaçıya borcu qalmamışdır. Belə ki, “satış üçün təqdim olunan malların geri qaytarılması” barədə xx.xx.2023-cü il tarixli aktla cavabdeh 805,92 manat dəyərində malları İddiaçı MMC-nin əməkdaşı, yəni satış təmsilçisi olmuş Vəliyəddin Əbdülbəyliyə geri qaytarmışdır. Bundan başqa, xx.xx.2024-cü il tarixli qarşılıqlı üzləşmə aktı ilə cavabdehin 1.703,68 manat məbləğində borcunun olması müəyyən olunmuşdur. Lakin cavabdeh həmin borcdan 805,92 manat dəyərində malları geri qaytardığından, bu barədə əlyazma ilə akta xx.xx.2024-cü il tarixdə müvafiq qeydlər apararaq, xx.xx.2023-cü il tarixdə 805,92 manat məbləğində məhsulu geri qaytardığını və hal-hazırda 897,76 manat məbləğində borcunun qaldığını qeyd etmişdir. İddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra yerdə qalan 897,76 manat dəyərində olan malları da xx.xx.2025-ci il tarixli aktla hazırki iş üzrə xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi qismində iştirak etmiş Elnur Xəlilova qaytarmışdır. Bununla da, cavabdehin iddiaçıya hər hansı bir borcu qalmamışdır. Məhkəmə, “satış üçün təqdim olunan malların geri qaytarılması” barədə xx.xx.2023cü il tarixli aktda adı qeyd olunan Vəliyəddin Əbdülbəylinin həmin vaxt İddiaçı MMC-nin əməkdaşı, yəni satış təmsilçisi olması ilə bağlı əlavə araşdırma aparmağı zəruri hesab etmir. Çünki, yuxarıda qeyd edildiyi kimi, bu xüsusatlar həm iddiaçı, həm də cavabdeh tərəfindən təsdiq olunmuşdur. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Məhkəmə bu qənaətə gələrkən hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipini də nəzərə almışdır. Belə ki, qeyd edilən prinsipə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Belə olan halda, cavabdeh həmin vaxt İddiaçı MMC-nin əməkdaşı, yəni satış təmsilçisi olmuş şəxsin, yəni Vəliyəddin Əbdülbəylinin imzası ilə təsdiq edilmiş “satış üçün təqdim olunan malların geri qaytarılması” barədə xx.xx.2023-cü il tarixli akt təqdim etdiyindən və həmin şəxsin qeyd edilən vaxtda İddiaçı MMC-nin əməkdaşı olması iddiaçının nümayəndəsi tərəfindən etiraf edildiyindən cavabdeh malların geri qaytarılmasını sübut etmək yükündən azad olmuş, həmin malların qaytarılmamasını sübuta yetirmək vəzifəsi isə iddiaçıya keçmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, qeyd edilən hallara mülki prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, yuxarıda qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Belə ki, iddiaçı tərəfindən öz əməkdaşı olmuş Vəliyəddin Əbdülbəylinin məhkəmədə şahid qismində dindirilməsi üçün iştirakı təmin edilməmiş və malların ona qaytarılmamasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, öz tələblərinin sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Göstərilənlər isə ona dəlalət edir ki, iddiaçı iddia tələbini sübuta yetirə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında “satış üçün təqdim olunan malların geri qaytarılması” aktları ilə malların geri qaytarılmasına dair praktika mövcud olduğundan, cavabdeh tərəfindən malların iddiaçının əməkdaşına qaytarılması istisna edilmir. Belə olan halda iddia bu hissədə əsassızdır. Buna görə də, iddia qeyd edilən hissədə rədd edilməlidir. Məhkəmə həmçinin iddianın dəbbə pulunun ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MM-nin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh tərəfindən yerdə qalan 897,76 manat dəyərində olan mallar xx.xx.2025-ci il tarixli aktla hazırki iş üzrə xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi qismində iştirak etmiş Elnur Xəlilova qaytarıldığından, yalnız bundan sonra iddiaçı tərəfindən iddia tələbinin həcmini azaldığından, iddiaçının dəbbə pulunu tələb etməsi əsaslıdır. Buna görə də, iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan 61 manat dövlət rüsumunun 53,14 manatı, yəni, 3.314,52 manata münasibətdə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən 61 manat (yəni, 4.121,2 manata münasibətdə) dövlət rüsumu ödənilmişdir. Sonradan iddia tələbinin həcmi azaldılaraq əsas borcun məbləği 806,68 manat olduğundan, 53,14 manat, yəni, 3.314,52 manata (4.121,2-806,68=3.314,52 manata) münasibətdə dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-260-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2022-cü il tarixli, S16/22 saylı təchizat müqaviləsi üzrə 80,67 manat dəbbə pulu və 53,14 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar