Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-11/2023 19.10.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı müqavilənin ləğv edilməsi, borcun və digər xərclərin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə cavabdeh X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 3M-750 reyestr nömrəli “X4 və gəlirlərin bölüşdürülməsi barədə” müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə yaranmış 21932 manat əsas borcun, həmçinin tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı ödənilmiş 40 manat və dövlət rüsumu kimi ödənilmiş 205 manat məbləğin tutularaq İddiaçı MMC-ə verilməsi, xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş Cavabdeh1 məxsus Salyan rayonu, Qaraçala qəsəbəsi ünvanında yerləşən, 0,210051 ha olan torpaq sahəsi və 164,20 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin açıq hərracda satılmaqla 21932 manat əsas borcun, həmçinin tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı ödənilmiş 40 manat və dövlət rüsumu kimi ödənilmiş 205 manat məbləğin alınması barədə tələbin həmin əmlaka yönəldilməsi, satışdan əldə olunmuş məbləğ İddiaçı MMC-nin tələblərindən artıq olduqda, artıq məbləğin cavabdehlər X8 və Cavabdeh1 qaytarılması, Cavabdeh1 məxsus Salyan rayonu, Qaraçala qəsəbəsi ünvanında yerləşən, 0,210051 ha olan torpaq sahəsi və 164,20 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi satıldıqda Cavabdeh1 və həmin ünvanda yaşayan digər şəxslərin yaşadıqları ipoteka predmeti olan mənzili bir ay ərzində tərk etmələri, göstərilən müddət ərzində cavabdehlər könüllü olaraq mənzili tərk etmədikdə, onların məcburi qaydada mənzildən çıxarılmaları, satışdan əldə olunmuş məbləğ İddiaçı MMC-nin tələblərinin ödənilməsi üçün kifayət etmədikdə, qalan hissədə borcun cavabdehlər X8 və Cavabdeh1 alınaraq İddiaçı MMC-nə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X11 (Françayiznq) mağazasının sahibkarı X8 (Azərbaycan Respublikasında ********** dövlət qeydiyyat nömrəsi, AZE № ********, Hacıqabul RPŞ, xx.xx.2014) (bundan sonra “Satıcı” adlandırılacaq) ilə İddiaçı MMC (Azərbaycan Respublikasında ********** dövlət qeydiyyat nömrəsi) (bundan sonra “Sahib” adlandırılacaq) arasında xx.xx.2020-ci il tarixli 3M-750 reyestr nömrəli X4 və Gəlirlərin Bölüşdürülməsi barədə Müqavilə bağlanmışdır. Bu Müqavilənin 6.1-ci maddəsinə əsasən Sahib həmin tarixdən etibarən müqavilədə qeyd edildiyi qaydada müvafiq mağazadan əldə olunmuş ümumi aylıq dövriyyənin 12%-i dəyərində Satıcıya qazanc kimi ödəmə edəcəyini öhdəsinə götürmüş, qalan məbləğin isə Sahibin gəliri kimi hesablanacağı razılaşdırılmışdır. Lakin həmin mağazanın fəaliyyətinin dayandırılması dair xx.xx.2021-ci il tarixli yekun AKT-a əsasən Satıcının Sahib qarşısında 21932 manat borc öhdəliyi yaranmışdır və həmin tarixdən etibarən Satıcı heç bir ödəniş həyata keçirməmişdir. Bu borcun yaranmasına səbəb məhsulların sayımı zamanı aşkar edilmiş əskiklik və cari dövriyyə üzrə qazanılmış gəlirin (pulun) tam həcmdə təhvil verilməməsi olmuşdur. Həmin Müqavilənin 13.3-cü maddəsinə əsasən Satıcı Müqavilə şərtlərinin pozulması halında Sahibə dəyən zərərə görə tam maddi məsuliyyət daşıyır və bu cür zərərin həmçinin əldən çıxmış fayda da daxil olmaqla bütün xərc və məsrəflərin əvəzini Sahibə ödəməlidir. Həmin Müqavilənin 16.1-ci maddəsinə əsasən, müqavilə ilə müəyyən olunmayan məsələlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimləndiyi vurğulanmışdır. Cavabdeh X6 dəfələrlə şirkət qarşısında olan öhdəliklərini icra etməsi tələb olunmasına baxmayaraq, cavabdeh tələblərə məhəl qoymadan, müxtəlif bəhanələr gətirərək müqavilə üzrə yaranmış ödəməkdən yayınmışdır. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus Salyan rayonu, Qaraçala qəsəbəsi ünvanında yerləşən, 0,210051 ha olan torpaq sahəsi, 164,20 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi xx.xx.2040-cı il tarixədək İddiaçı MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2020-ci il tarixli İpoteka Müqaviləsindən görünür ki, İddiaçı MMCnin səlahiyyətli nümayəndəsi ilə cavabdehlər Cavabdeh1 və X8 arasında ipoteka müqaviləsi bağlanaraq, Cavabdeh1 məxsus Salyan rayonu, Qaraçala qəsəbəsi ünvanında yerləşən, 0,210051 ha olan torpaq sahəsi, 164,20 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi ipoteka müqaviləsi əsasında yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəməyə ünvanladığı iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə edərək, iddiaçının 09 avqust 2021-ci il tarixli HŞ-937 nömrəli pretenziya məktubunda cavabdehlər X8 və Cavabdeh1 xx.xx.2021-ci il tarixli yekun akta əsasən 9164,84 manat borcu tələb etdiyini, amma daha sonra yalnız öz işçilərinin iştirakı ilə yenidən xx.xx.2021-ci il tarixli heç bir hüquqi qüvvəsi olmayan akt tərtib edib cavabdehlərin ona 21932 manat borclu olduqlarını iddia etdiyini, qeyd olunan aktın qanunvericiliyin tələblərinə əməl edilmədən, audit aparılması qaydaların zidd şəkildə tərtib edildiyi üçün sübut kimi qəbul edilə bilmədiyini bildirmişdir. İddiaçı MMC tərəfindən hər hansı audit yoxlaması aparılmadan, ciddi hesabat sənədlərinə istinad edilmədən MMC-nin əməkdaşları tərəfindən əsasız üzləşmə aktı tərtib edilməklə fərziyyələrinə uyğun rəqəmlər yazmaqla hesablama aparıldığı və əskiklik aşkar edildiyi qeyd olunmuşdur. İddiaçı hesabladığı borc öhdəliyinin yaranma mənbəyini, konkret olaraq hansı malların əskik gəldiyini və mağazada hansı məbləğdə dövriyyə olduğunu, hansı məbləğdə qazanılmış gəlirin X11 françayzinq mağazasının sahibkarı olmuş X8 tərəfindən İddiaçı MMC-yə ödənilmədiyi göstərilməmişdir. Buna görə də, İddiaçı MMC-nin iddiasının əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, e-2-2(121)-11/2023 nömrəli qərardadı ilə iddianın Cavabdeh1 məxsus Salyan rayonu, Qaraçala qəsəbəsi ünvanında yerləşən, 0,210051 ha olan torpaq sahəsi, 164,20 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 və digər şəxslərin fərdi yaşayış evindən çıxarılmasına dair hissəsi üzrə işin icraatına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, e-2-2(121)-11/2023 nömrəli qərardadı ilə iddianın İddiaçı MMC ilə cavabdeh X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-750 reyestr nömrəli “X4 və gəlirlərin bölüşdürülməsi” barədə müqavilənin ləğv edilməsinə dair hissəsi üzrə işin icraatına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh X8 ilə xx.xx.2021-ci il tarixdə aparılmış üzləşməyə dair yekun aktda X5 borcunun 9164,84 manat olduğu qeyd edilmiş, lakin sonradan mal tədarük edən digər firmalar ilə aparılan üzləşmə aktlarına əsasən X5 borcunun 21932 manat təşkil etməsi müəyyən olunmuşdur. Nümayəndə2 izahatının sonunda iddia tələblərinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək iddia tələbinə etiraz etdi, iddia ərizəsinin əsassız olduğunu və buna görə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh X8 məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə, tərəflərin məhkəmə iclasında verdikləri izahatlarına və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı (“Sahib”) ilə cavabdeh X8 (“Satıcı”) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-750 reyestr nömrəli “X4 və gəlirlərin bölüşdürülməsi” barədə müqavilənin: 2.1-ci bəndinə əsasən, Sahib Satıcıya mağazanı əmtəə nişanı adı altında işlətməyə, idarə etməyə, X1 satmağa və fəaliyyətdən gəlir əldə etməyə icazə verir və Satıcı mağazanın bu müqavilənin şərtlərinə uyğun olaraq işlətməyi, idarə etməyi, malları Sahibdən almağı və müştərilərə satmağı və fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür; 2.6-cı bəndinə əsasən, müqavilədə başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, bu Müqavilə tərəflər arasında ortaqlıq, agentlik, təmsilçilik və sair kimi münasibətlər yaratmır və hər bir tərəf digər tərəfə münasibətdə müstəqil tərəfdir və bazar iştirakçısıdır və heç bir tərəf digər tərəfin adından çıxış edə və onun adından hər hansı öhdəlik götürə və ya məsuliyyət daşıya bilməz; 2.7-ci bəndinə əsasən, Satıcı mağazada Sahib tərəfindən ona müqaviləyə müvafiq olaraq satılan mallardan başqa hər hansı digər mallar sata bilməz; 2.8-ci bəndinə əsasən, Satıcı təsdiq edir ki, o, bu Müqaviləyə özünün apardığı bazar araşdırması və digər araşdırmaları əsasında daxil olur və Sahib mağazanın və fəaliyyətin gəlirli və ya başqa cür uğurlu olub-olmamasına, mağaza və ya fəaliyyətlə bağlı gəlirlərin və xərclərin hər hansı həcmdə və ya səviyyədə olub-olmasına dair heç bir zəmanət və ya qarantiya vermir və ya öhdəlik götürmür. Sahib mağaza və fəaliyyətlə bağlı Satıcının və ya hər hansı digər şəxsin gəlir və mənfəət proqnozlarına nail olunmamasına görə heç bir məsuliyyət və ya öhdəlik daşımır; 4.1-ci bəndinə əsasən, mallar mərkəzi anbarda Satıcıya təhvil verilən hallar istisna olmaqla, mallar müvafiq təchizatçılardan mağazada Sahibin və Satıcının nümayəndələri qəbul edəcəklər. Satıcı Sahibin nümayəndələrinə malların mağazada qəbul etməsi üçün zəruri olan şəraiti yaratmalıdır, həmçinin Satıcının nümayəndəsinin malların bu 4.1-ci maddəyə əsasən təchizatçıdan qəbul edilməsində iştirakını təmin etməlidir; 4.2-ci bəndinə əsasən, mallar 4.1-ci maddəyə müvafiq olaraq mağazada Satıcının (müvafiq nümayəndəsi vasitəsi ilə) qəbul edildikdən sonra mallar həmçinin Satıcının Sahibdən qəbul edilməsi də hesab olunur və bu müqaviləyə və Azərbaycanın qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilir; 4.4-cü bəndinə əsasən, mallar Satıcı tərəfindən Sahibdən bu müqavilənin 4-cü maddəsinə əsasən qəbul edildikdən sonra Sahib forması Azərbaycanın müvafiq dövlət orqanı tərəfindən təsdiq olunan və ciddi hesabat blankı sayılan formada təhvil-təslim aktı (“bundan sonra “X9”) tərtib edəcək və imzalanması üçün Satıcıya təqdim edəcəkdir. Satıcı ona X9nın təqdim olunmasından sonra 3 saatdan gec olmayaraq, (a) mallara dair hər hansı qeydləri olmadıqda, X9nı heç bir qeyd aparmadan imzalamalı və möhürü ilə təsdiq etməli və ya mallara dair hər hansı qeydləri olduqda bu qeydləri X9nın surətinin üzərində yazılı qeyd etməklə aktı və onun surətini imzalamalı və möhürü ilə təsdiq etməlidir.Satıcı heç bir halda X9nı korlaya, onların üzərində yazı və ya digər işarələr edə bilməz; 5.1-ci bəndinə əsasən, Sahib malları Satıcıya topdansatış qiymətlərlə satır və Satıcı malları topdansatış qiymətlərlə Sahibdən alır; 5.4-cü bəndinə görə, Satıcı satış qiymətini yalnız Sahibin fikrini aldıqdan sonra müəyyən edə bilər, ancaq hər bir halda Satıcı satış qiyməti ilə bağlı Sahibin fikrinə zidd qərar verməməlidir; 5.5-ci bəndinə əsasən, Satıcı Sahibin əvvəlcədən yazılı razılığı olmadan hər hansı malı topdan, nisyə və ya hissə-hissə ödəniş əsasında sata bilməz; 5.7-ci bəndinə əsasən, Satıcı 1 saylı Əlavədə göstərilən minimum satış hədəflərinə nail olmalıdır; 6.6-cı bəndinə görə, Sahibə ödənilməli olan məbləğlərin cəmi ümumi gəlirdən çıxıldıqdan sonra yerdə qalan məbləğ Satıcının gəliri kimi müəyyən olunur; 6.10-cu bəndinə əsasən, tərəflər hər təqvim ilinin sonunda dəqiqləşdirmə etmək məqsədi ilə hesablaşma apara bilərlər və bu hesablaşma nəticəsində yazılı şəkildə tərtib olunan və tərəflərin imzaladığı və möhürləri ilə təsdiq etdiyi üzləşmə aktı və ya digər oxşar sənəd əsasında bir tərəfin digər tərəfə ödəməli olduğu məbləğləri müəyyən edə bilərlər; 6.11-ci bəndinə əsasən, Sahib müqavilənin qüvvədə olduğu istənilən vaxt lakin təqvim ili ərzində 2 dəfədən az olmayaraq mağazada və Satıcıya bu müqaviləyə müvafiq olaraq təhvil verilən malların yerləşdiyi yerlərdə inventarlaşdırma aparmaq hüququna malik olacaqdır... İnventarlaşdırma zamanı hər hansı malların əskiyi aşkar olunarsa Satıcı həmin malların dəyərini 3 gün ərzində Sahibə ödəməlidir; 7.1-ci bəndinə əsasən, mağazalarda və kassalarda Satıcı yalnız proqram təminatından və onunla əlaqəli olan iddiaçı tərəfindən təqdim olunan avadanlıqlardan istifadə etməlidir. Cavabdeh digər proqram təminatlarından və avadanlıqlardan yalnız iddiaçının əvvəlcədən yazılı razılığı əsasında istifadə oluna bilər; 14.1-ci bəndinə əsasən, bu müqavilə qüvvəyə minmə tarixində qüvvəyə minir və müqavilənin müddəalarına uyğun olaraq daha əvvəl ləğv olunmayınca, 10 (on) il müddətinə qüvvədə qalacaqdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Salyan rayonu, Arxarası kəndində yerləşən ümumi sahəsi 164.2 kv.m olan fərdi yaşayış evi və həmin ünvanda mülkiyyətdə olan ümumi sahəsi 0.210051 ha olan torpaq sahəsi İddiaçı ilə cavabdeh X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-750 reyestr nömrəli “X4 və gəlirlərin bölüşdürülməsi” barədə müqavilə üzrə borc alanın öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə ilə ipoteka predmeti tərəflərin razılığı ilə 250.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Salyan rayonu, Arxarası kəndində yerləşən ümumi sahəsi 164.2 kv.m olan fərdi yaşayış evi və həmin ünvanda mülkiyyətdə olan ümumi sahəsi 0.210051 ha olan torpaq sahəsi İddiaçı xeyrinə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli inventarizasiya siyahısına əsasən, siyahıda qeyd olunan bütün material qiymətliləri X5 iştirakı ilə inventarizasiya komissiyası tərəfindən naturada yoxlanılaraq, inventarizasiya siyahısına daxil edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixində X11 filialında aparılmış yoxlama nəticələrinə dair yekun Akta əsasən mağazanın yoxlama dövrünə olan yekun borcu 10663,69 manat təşkil etmişdir. İş materiallarında olan “Bağlanmış mağaza nəticələrinə dair” akta əsasən, xx.xx.2021-ci il tarixdə bağlanmış X11 mağazasının uçot miqdarlarına əsasən 9164,84 manatməbləğində olan material qiymətllilər (mallar) inventarizasiya siyahısına daxil edilmişdir. İş materiallarında olan iddiaçının nümayəndələri və cavabdeh X8 tərəfindən imzalanaraq təsdiq edilmiş xx.xx.2021-ci il tarixində X11 filialının fəaliyyətini dayandırmasına dair yekun Akta əsasən, mağazanın yoxlama dövrünün ümumi nəticəsinə görə borcu 9164,84 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “maliyyə arayış”ına əsasən, İddiaçı ilə cavabdeh X8 arasında bağlanmış xx.xx.2020-ci il “X4 və gəlirlərin bölüşdürülməsi” barədə müqaviləyə əsasən, borclu X5 21.932 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan iddiaçının mühasibi X2 tərəfindən birtərəfli qaydada imzalanmış xx.xx.2021-ci il tarixli “10 aprel 2020-ci il tarixli X4 və gəlirlərin bölüşdürülməsi barədə müqavilə üzrə qarşılıqlı üzləşmə aktı”nda, X5 maddi məsul şəxs olduğu mağazanın İddiaçı MMC-yə 21.932 manat borcu olduğu qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “imtina” aktında, İddiaçı ilə cavabdeh X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli “X4 və gəlirlərin bölüşdürülməsi” barədə müqaviləyə əsasən, Salyan rayonu, Qaraçala qəsəbəsi ünvanında yerləşən mağazada (Nur Salyan, kod;594) həmin mağaza üzrə maddi məsul şəxs X5 iştirakı ilə mağazanın fəaliyyətinə dair qarşılıqlı üzləşmə aktının hazırlanması, yaranmış borc məbləği barədə ona məlumat verilməsi, lakin X5 tərtib edilmiş sənədlərlə tanış olsa da, qarşılıqlı üzləşmə aktını imzalamaqdan imtina etməsi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 065172 nömrəli və 065681 nömrəli; xx.xx.2021-ci il tarixli, 015704 nömrəli və 014531 nömrəli; xx.xx.2021-ci il tarixli, 986417 nömrəli və 986329 nömrəli; xx.xx.2021-ci il tarixli, 563324 nömrəli və 563390 nömrəli; xx.xx.2021-ci il tarixli, 356423 nömrəli və 356124 nömrəli; xx.xx.2021-ci il tarixli, 124997 nömrəli və 124866 nömrəli; xx.xx.2021-ci il tarixli, 479836 nömrəli, 481003 nömrəli, 504410 nömrəli, 504031 nömrəli, 504370 nömrəli; xx.xx.2021-ci il tarixli, 334913 nömrəli və 334939 nömrəli; xx.xx.2021-ci il tarixli, 193581 nömrəli və 193605 nömrəli; xx.xx.2021ci il tarixli, 642460 nömrəli, 642780 nömrəli, 644068 nömrəli və 644306 nömrəli; xx.xx.2021-ci il tarixli, 032883 nömrəli; xx.xx.2021-ci il tarixli, 031185 nömrəli; xx.xx.2021ci il tarixli, 727826 nömrəli və 728198 nömrəli; xx.xx.2021-ci il tarixli, 538487 nömrəli; xx.xx.2021-ci il tarixli, 494517 nömrəli; xx.xx.2021-ci il tarixli, 675031 nömrəli və 676135 nömrəli; xx.xx.2021-ci il tarixli, 485964 nömrəli və 485998 nömrəli; xx.xx.2020-ci il tarixli, 440153 nömrəli; xx.xx.2020-ci il tarixli, 403319 nömrəli; xx.xx.2020-ci il tarixli, 201771 nömrəli və 205224 nömrəli; xx.xx.2020-ci il tarixli, 882529 nömrəli və 933943 nömrəli; xx.xx.2020-ci il tarixli, 634690 nömrəli; xx.xx.2020-ci il tarixli, 605474 nömrəli; xx.xx.2020ci il tarixli, 281145 nömrəli və 297836 nömrəli; xx.xx.2020-ci il tarixli, 876161 nömrəli və 865434 nömrəli; xx.xx.2020-ci il tarixli, 636596 nömrəli və 625690 nömrəli; xx.xx.2020-ci il tarixli, 379096 nömrəli və 381118 nömrəli elektron qaimələrə əsasən, İddiaçı MMC tərəfindən X6 müxtəlif növ məhsul təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 302469 nömrəli, 302674 nömrəli, 302774 nömrəli, 302807 nömrəli, 303016 nömrəli, 290455 nömrəli, 294722 nömrəli, 301106 nömrəli, 289489 nömrəli, 306183 nömrəli, 306584 nömrəli, 306603 nömrəli, 306653 nömrəli, 306804 nömrəli, 472960 nömrəli elektron qaimələrə əsasən, X8 İddiaçı MMC-yə müəyyən məhsulları qaytarmışdır. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2021-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə cavabdeh X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-750 reyestr nömrəli “X4 və gəlirlərin bölüşdürülməsi” barədə müqaviləyə əsasən yaranmış 9164,84 manat məbləğində borcun məktub alındığı tarixdən 10 gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilənin ləğv edilməsi, müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçınə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə X8 və Cavabdeh1 xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı MMC-nin ərizəsinə əsasən xx.xx.2021-ci il tarixinə təyin edilən tərəflər ilkin mediasiyadan sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İş materiallarında olan “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış”ın görünür ki, İddiaçı MMC tərəfindən Mediasiya Təşkilatının hesabına 200 manat ödəniş edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış izah məktubundan görünür ki, həmin məktubda, İddiaçı ilə cavabdeh X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-750 reyestr nömrəli “X4 və gəlirlərin bölüşdürülməsi” barədə müqavilə üzrə yaranmış öhdəliklə bağlı cavabdehlərə ünvanlanmış pretenziya ərizəsində borc öhdəliyinin 9164 manat 84 qəpik olmasına dair göstərilənlərin səhv nəticəsində yazıldığı, daha sonra göndərilmiş pretenziya məktubunda borcun 21932 manat göstərildiyi, borcun 21932 manat məbləğində olmasının iş materiallarına əlavə edilmiş sənədlərlə təsdiqini tapdığı qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli akta əsasən, aparılan audit yoxlaması üzrə belə bir nəticə çıxarılmışdır ki, İddiaçı MMC-dən satış məqsədi ilə öhdəsinə mal qəbul etmiş fərdi sahibkar X5 öhdəsində xx.xx.2022-ci il tarixə 26.652 manatlıq mal-material çatışmazlığı aşkar edilmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2- 2(121)-349/2022 nömrəli, xx.xx.2023-cü il tarixli, e-2-2(121)-11\2023 nömrəli, xx.xx.2023cü il tarixli, e-2-2(121)-11\2023 nömrəli qərardadları əsasında təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli məlumatlardan görünür ki, məhkəmə-mühasibatlıq ekspertizasının aparılması və rəy verilməsi iş materiallarındakı sənədlərin oxunmadığına görə mümkün olmamışdır. İş materiallarında olan "xxxx" MMC-nin əmlakın dəyərinin müəyyən edilməsinə dair xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatı ilə Cavabdeh1 məxsus, Salyan rayonu, Arxarası kəndində yerləşən ümumi sahəsi 164.2kv.m olan fərdi yaşayış evi və həmin ünvanda mülkiyyətdə olan ümumi sahəsi 0.210051 ha olan torpaq sahəsinin xx.xx.2022-ci il tarixə bazar dəyəri 222.630 manat, likvid dəyəri 200.370 manat məbləğində olması müəyyən olunmuşdur. Hesabata əlavə edilən “hesab faktura”dan görünür ki, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri tam şəkildə ödənilmişdir. Məhkəmənin, iş materiallarında olan sənədlərə, tərəflərin nümayəndələrinin məhkəmə iclaslarında verdikləri izahatlarına, təqdim olunmuş sübutlara əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, İddiaçı MMC ilə cavabdeh X8 öz aralarında razılığa gəlmişlər ki, cavabdeh istifadəsində olan mağazanı iddiaçıya məxsus olan əmtəə nişanı altında işlədir, bu zaman iddiaçı tərəfindən verilmiş malların satışını iddiaçı ilə razılaşdırılmış qiymətlərlə həyata keçirir, əldə edilmiş gündəlik satış məbləğini iddiaçıya təhvil verir, iddiaçının gəliri çıxıldıqdan sonra qalan məbləğ cavabdehin gəliri kimi ona qaytarılır. Tərəflər münasibətlərini “X4 və gəlirlərin bölüşdürülməsi” adlandırdıqları müqavilə əsasında qurmuşlar. Bundan başqa iddiaçı digər cavabdehlə ipoteka müqaviləsi bağlayaraq, “X4 və gəlirlərin bölüşdürülməsi” barədə müqavilə üzrə digər cavabdehin öhdəliklərini ipoteka predmeti ilə təminat altına almışdır. İddiaçı əsas öhdəliyə dair müqavilə üzrə münasibətlərə cavabdehə məxsus mağazanın fəaliyyətinin dayandırılması ilə əlaqədar son qoyulduğu zaman cavabdehin (əsas borclunun) iddiaçı qarşısında 21932 manat borc öhdəliyinin qaldığını iddia edərək, həmin borc məbləğinin cavabdehdən tutularaq ona ödənilməsini, tutmanın ipoteka predmetinə yönəldilməsi xahiş edir, ipoteka qoyan cavabdeh isə iddianı qəbul etməyərək tələb edilən borcun mövcud olmadığını iddia edir. Məhkəmə ilk növbədə iddiaçı ilə əsas cavabdeh arasında yaranmış münasibətin xarakterinə hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, tərəflər arasında françayzinq müqaviləsi bağlanılmışdır və işin müəyyən edilmiş faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan françayzinq müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə iddia tələbinin maddi hüquqi əsasını həmin normalar təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 723-cü maddəsinə əsasən, françayzinq müqaviləsi elə bir uzunmüddətli öhdəlik münasibətidir ki, ona əsasən müstəqil müəssisələr zərurət olduqca spesifik öhdəliklərin icrası yolu ilə malın istehsalına, satışına və xidmətlərin göstərilməsinə kömək etməyi qarşılıqlı surətdə öhdələrinə götürürlər. Həmin Məcəllənin 724.1-ci maddəsinə əsasən, françayz verən françayz alana standart formalı qeyri-maddi əmlak hüquqlarını, əmtəə (ticarət) nişanlarını, mal nümunələrini, qablarını, məhsulun istehsalı, əldə edilməsi, satışı və fəaliyyətin təşkili konsepsiyasını, habelə satışa kömək üçün zəruri olan başqa informasiyanı özünün tətbiq etdiyi şəkildə verməyə borcludur. Həmin Məcəllənin 725.1-ci maddəsinə əsasən, françayz alan françayzinqin həyata keçirilməsi sisteminə qoyduğu zəhmət nəzərə alınmaqla hesablanan muzd ödəməli və vicdanlı sahibkar kimi fəaliyyət göstərməli, müqavilənin məqsədi ilə bilavasitə bağlı olan hallarda françayz verənin və ya onun göstərdiyi şəxslərin vasitəsilə xidmətlər qəbul etməli və mallar əldə etməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtləri onun iştirakçıları tərəfindən mübahisələndirilməmişdir, həmçinin müqavilənin etibarsızlığına dair hallar məhkəmə tərəfindən də aşkar edilməmişdir. Tərəflər arasında müqavilə şərtləri, müqavilə üzrə tərəflərin öhdəlikləri barədə mübahisə olmasa da, həmin müqavilə üzrə öhdəliklərin icrası ilə əlaqədar mübahisənin mövcud olduğu müəyyən edilir. Belə ki, iddiaçı cavabdehə verilmiş malların dəyərinin 21932 manat məbləğində hissəsinin cavabdeh tərəfindən ödənilmədiyini bildirir, cavabdehin isə bununla bağlı etirafını təsdiq edən sənəd və ya digər sübut işdə mövcud deyildir. Məhkəmə qeyd edir ki, göründüyü kimi mübahisənin predmetini iddiaçı tərəfindən cavabdehə verilən malların qalıq dəyərinin tam və ya qismən ödənilməsinin müəyyən və sübut edilməsi təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, mübahisə tərəflərinin dəlilləri sübutetmə ilə əlaqədardır və baxılan iş üzrə mübahisə sübutların mümkünlüyü, yetərliliyi və mötəbərliliyi əsasında sübutetmə vəzifəsinin, yükünün tərəflər arasında bölüşdürülməsi prinsipinə uyğun həll edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin aldığı mallara görə ödənilməmiş 21932 manat məbləğində borcunun qalmasını sübut etmə yükü iddiaçının üzərinə düşür. Belə ki, verdiyi malların dəyərinin cavabdeh tərəfindən tam şəkildə ödənilmədiyini iddiaçı iddia edir. İddiaçı tələbinin faktiki əsası kimi cavabdehə məxsus mağazanın fəaliyyətinin dayandırılmasına dair xx.xx.2021-ci il tarixli yekun akta və təchizatçı şirkətlərlə aparılan üzləşmə aktlarına istinad edir. Məhkəmə, iddiaçının istinad etdiyi dəlilləri araşdırıb, onlara hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bilmişdir. Belə ki, iddiaçının istinad etdiyi xx.xx.2021-ci il tarixli akta əsasən cavabdehin, ona məxsus olan mağazanın yoxlama dövrünün ümumi nəticəsinə görə borcunun 9164,84 manat olduğu müəyyən olunur. Eyni nəticə iddiaçının nümayəndələri və cavabdeh X8 tərəfindən imzalanmış “Bağlanmış mağaza nəticələrinə dair” aktla təsdiq edilmiş xx.xx.2021-ci il tarixdə bağlanmış X11 mağazasının uçot miqdarlarına əsasən material qiymətllilər (mallar) inventarizasiya siyahısında da qeyd olunmuşdur. İddiaçının digər arqumenti ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçının təchizatçı şirkətlərlə apardığı hesablamaların nəticələrinə dair aktlar əsasında iddiaçı tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli “10 aprel 2020-ci il tarixli X4 və gəlirlərin bölüşdürülməsi barədə müqavilə üzrə qarşılıqlı üzləşmə aktı” cavabdeh X8 tərəfindən imza və ya digər vasitələrlə təsdiq edilməmişdir. . Buna görə də məhkəmə, birtərəfli qaydada tərtib edilmiş üzləşmə aktının digər tərəfin öhdəliyinin təsdiqi üçün mötəbər sübut kimi qəbul edilməsini məqbul hesab etmir. Bundan başqa məhkəmə qeyd edir ki, digər şirkətlərlə aparılan hesablamaların nəticələrinə dair baxılan mülki işin V cildində olan aktlar oxunaqlı vəziyyətdə olmadığına görə həmin sənədlərə qiymət vermək mümkün deyildir. İddiaçı tərəfindən təqdim edilmiş həmin sənədlər oxunaqlı vəziyyətdə olmadığına görə ekspert tərəfindən ekspertiza aparılmasından bir neçə dəfə imtina edilmişdir. İş ekspertizada olduğu zaman, eləcə də məhkəmə iclasında iddiaçının nümayəndələri tələb olunan sənədləri təqdim edəcəklərini bildirsələr də, adı çəkilən sənədlər ekspertizaya və məhkəməyə təqdim olunmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi təchizatçı şirkətlərlə aparılmış hesablamaların nəticələrinə dair aktlar iddia tələbini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə, İddiaçı ilə cavabdeh X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 3M- 750 reyestr nömrəli “X4 və gəlirlərin bölüşdürülməsi” barədə müqavilə üzrə yaranmış öhdəliklə bağlı cavabdehlərə ünvanlanmış pretenziya ərizəsində borc öhdəliyinin 9164 manat 84 qəpik olmasına dair göstərilənlərin səhv nəticəsində yazıldığı barədə iddiaçının izahına tənqidi yanaşaraq qeyd edir ki, cavabdehin ödənilməmiş borcunun 9164,84 manat məbləğində olması işdə olan və qarşılıqlı şəkildə imzalanaraq təsdiq edilmiş, mötəbərliyi mübahisələndirilməmiş aktlara əsasən öz təsdiqini tapır. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüququ yaranmışdır və həmin hüquq cavabdeh tərəfindən pozulmuşdur. Buna görə də, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Məhkəmə, iddia tələbini mahiyyət etibarı ilə əsaslı hesab etməklə yanaşı, tələbin həcminə münasibətdə iddiaçının dəlillərini iddianın tam şəkildə təmin olunması üçün uğurlu hesab etmir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən, cavabdehdən 9164,84 manat məbləğində borcun tutulması hissəsində təmin edilməlidir. Məhkəmə, iddia tələbini qismən təmin edərkən işdə iştirak edən cavabdehin (ipoteka qoyanın) iddia tələbinin tamamilə rədd edilməsinə dair etirazına da hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, ipoteka qoyan cavabdeh əsas borc üzrə cavabdehin borcunun olmamasına dair etirazını hər hansı bir mötəbər dəlillə əsaslandıra bilməmişdir. Əslində mövcud olmayan borc tələbinin ipoteka predmetinə yönəldilməsi barədə iş üzrə digər cavabdehin iddiaçı ilə pis niyyətlə razılığa gəlməsinə dair ipoteka qoyan cavabdehin nümayəndəsinin məhkəmə iclasında bildirdikləri isə təkzib olunmaz sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, sübut etmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsi prinsipinə görə, baxılan işdə öz təsdiqini tapan 9164,84 manat məbləğində borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi əsas öhdəlik üzrə cavabdehin üzərinə düşür. Lakin qeyd olunduğu kimi cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, həmçinin iddiaya qarşı etiraz verməmiş və ya iddia tələbinin əsassızlığına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu halda məhkəmə borc qalığı kimi təsdiq olunan 9164,84 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, iddiaçının müqavilə üzrə borcun ödənilməsinə dair tələbinin maddi hüquqi əsasını öhdəlik hüququnun borclunun vəzifələrini nəzərdə tutan ümumi normaları təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, tərəflər arasında françayzinq müqaviləsi bağlanılmışdır, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək öhdəliklərini icra etmiş, o cümlədən şərtləşdirilən malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, onların dəyərini tam ödəməmişdir. Məhkəmə həmçinin iddianın “tələbin ipoteka qoyulmuş daşınmaz əmlaka tutmanın yönəldilməsi, açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin əşyanın ipoteka ilə yüklü edilməsinə dair münasibətləri tənzimləyən normalarının tələblərinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (269.1), girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın (269.7.), ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır (307.6), ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir (307.7.), daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır (309.1), borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (317.1), satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir (317.2). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsində nəzərdə tutulmuşdur ki, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi (34.1.1), ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi (34.1.3) ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. Məhkəmə, sadalanan maddi hüquq normalarının tələblərinə əsasən baxılan işin faktiki hallarına qiymət verərək bu nəticəyə gəlir ki, İddiaçı ilə Cavabdeh1 arasında etibarlı şəkildə ipoteka müqaviləsi bağlanmışdır və ipoteka hüququ daşınmaz əmlakın müvafiq rəsmi reyestrində qeydiyyata alınmışdır. İpoteka müqaviləsi ilə təminat verilmiş müqavilədən irəli gələn əsas öhdəlik lazımınca icra edilmədiyinə görə, ipoteka müqaviləsinin şərtlərinə əsasən ipoteka saxlayan iddiaçının tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. Buna görə də, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satışı yolu ilə realizə edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmə, ipoteka predmeti əşyanın ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar qeyd edir ki, Mülki Məcəllənin 319.4-cü maddəsinə əsasən, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə qərara alınmışdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Göstərilənlərə əsasən və müstəqil qiymətləndirici tərəfindən tərtib edilmiş ipoteka predmetinin qiymətləndiriməsinə dair hesabatın iddiaçı və ipoteka saxlayan cavabdeh tərəfindən mübahisələndirilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti qiymətləndiricinin hesabatı əsasında məhkəmə tərəfindən 200.370 manat məbləğində müəyyən edilməklə, qeyd edilən əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən borc ödənilməlidir. Məhkəmə həmçinin iddianın 200 manat mediasiya xərcinin tutulmasına dair hissəsini də əsaslı hesab edir. Belə ki, cavabdeh X8 imzaladığı müqavilədən irəli gələn vəzifələrini lazımınca icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia qismən təmin edildiyiniə görə ekspertiza tədqiqatının dəyərini təşkil edən 500 manat məbləğində vəsait ipoteka qoyan cavabdehdən tutulmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən, Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh X3 xx.xx.2020-ci il tarixli, 3M-750 reyestr nömrəli müqavilə üzrə 9.164,84 manat məbləğində əsas borc, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsum və 200 manat məbləğində ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş məbləğ tutularaq İddiaçınə ödənilsin. Tələb Cavabdeh1 mülkiyyətində olan Salyan rayonu, Qaraçala qəsəbəsi ünvanında yerləşən 0.210051 ha olan torpaq sahəsi və 164.20 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin. Salyan rayonu, Qaraçala qəsəbəsi ünvanında yerləşən 0.210051 ha olan torpaq sahəsi və 164.20 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 200.370 manat məbləğində müəyyən edilsin, həmin fərdi yaşayış evi açıq hərracdan satılsın və satışdan əldə edilən vəsaitdən 9.404,84 manat məbləğində borc İddiaçınə ödənilsin və qalan məbləğ ipoteka qoyan Cavabdeh1 qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olan 500 manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq "xxxx" MMC-nin hesabına ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-11/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-11/2023
19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver