Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1105/2024 21.05.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı “X2 Kompleksi” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 3.901 manat və ödənilmiş mediasiya xərcinə görə 60 manat olmaqla,cəmi 3.961 manat pulun cavabdehdən alınaraq “X2 Kompleksi” MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Alıcı qismində (İddiaçı) “X2 Kompleksi” MMC, tədarükçü qismində “X2 Kompleksi” MMC-nin “X1 və Emalı Zavodu” filialı və fermer (Cavabdeh) Cavabdeh arasında bağlanmış 2020-ci il mövsümü üzrə xx.xx.2020-ci il tarixli, 406 saylı xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən Cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya (Alıcıya) satmağı öhdəsinə götürmüşdür. Müqavilələrin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan ümumilikdə 4788 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, Cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xampambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh yaranmış borcdan 886 manat dəyərində xam pambıqla ödəmişdir. Beləliklə, cavabdeh tərəfindən 2020-ci il mövsümü üzrə xx.xx.2020-ci il tarixli, 406 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 3901 manat borcu qalmışdır. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.Buna baxmayaraq məsələnin məhkəmədən kənar həllinə hec bir təşəbbüs göstərilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddiaya etiraz edərək xx.xx.2020-ci il tarixində başlayan Vətən müharibəsi nəticəsində onun 7 ha pambıq sahəsi kənddən sakinlərin çıxması nəticəsində mal-qaranın ayağı altında qalaraq yararsız vəziyyətə düşmüşdür. Odur ki, həmin sahədə heç bir iş aparmaq mümkün olmamışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə ərizə ilə müraciət edərək iddianı müdafiə etdiyini, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, cavabdehin izahatını dinləyərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan “X2 Kompleksi” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, “2020-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair” 406 saylı müqavilədən görünür ki, həmin müqaviləyə əsasən cavabdeh öhdəsində olan 7 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla xam-pambıq istehsal etməklə iddiaçıya (Alıcıya) satmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Üzləşmə Aktı”ndan görünür ki, xx.xx.2020-ci il tarixli, 406 nömrəli birgə fəaliyyət və məhsulun alqı-satqısı haqqında müqavilə üzrə 08 avqust 2023-cü il tarixə fermer Cavabdeh 4.788 manat borcunun olması müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli imtina aktından görünür ki, “X2 Kompleksi” MMC-nin X1 və Emalı Zavodu ilə fermer Cavabdeh arasında üzləşmə aktı tərtib edilmişdir. Lakin fermer üzləşmə aktına imza çəkməkdən imtina etmişdir. İşdə olan “X2 Kompleksi” MMC tərəfindən tərtib edilmiş maliyyə arayışında qeyd edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında imzalanmış müqaviləyə əsasən, Cavabdeh 4.788 manat borcu qalmışdır. İş materiallarında olan “X2 Kompleksi” MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2024cü il tarixli pretenziya məktubundan görünür ki, 14 mat 2020-ci il tarixli, 406 saylı xampambığın alqı-satqı müqaviləsinə əsasən 3.901 manat məbləğində borcu olması və borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh xəbərdar edilmişdir. İş materiallarında olan “X2 Kompleksi” MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2020-ci il tarixində başlayan “Vətən Müharibəsi” nəticəsində Cavabdeh 7 ha pambıq sahəsi kəndən sakinlərin çıxması nəticəsində mal-qaranın ayağı altında qalaraq yararsız vəziyyətə düşmüşdür. Odur ki, həmin sahədə heç bir iş aparmaq mümkün olmamışdır. Akt tərəflərin imzaları ilə təsdiq edilmişdir. Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, “X2 Kompleksi” MMC ilə Cavabdeh arasında 14 mart 2020-ci il tarixli, 406 saylı 2020-ci il mövsümü üzrə xam-pambığın alqısatqısına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, istehsalçı mülkiyyətində olan və ya icarə (istifadə) müqaviləsi əsasında istifadə etdiyi 7 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla xam pambıq istehsal edib "xxxx"nın mülkiyyətinə verməyi, MMC isə bu müqavilə üzrə “Fermer”ə (istehsalçıya) avans vəsaitlər verməyi və tədarük edilən xam pambığın dəyərini “Tədarükçü” vasitəsi ilə həyata keçirməyi öhdəsinə götürmüşdür. Bağlanmış 14 mart 2020ci il tarixli, 406 saylı müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən Cavabdeh işlərin görülməsi üçün 4.788 manat məbləğində avans ayrılmışdır. İddiaçı tərəfindən bağlanmış müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, iddiaçıya müqavilə üzrə cəmi 3.901 manat borcu qalmışdır. Bundan başqa, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdeh xx.xx.2023-cü il tarixli “Üzləşmə Aktı”nı imzalamaqdan imtina etmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin etirazının qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 556.1-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. Maddənin məzmunundan göründüyü kimi qanunverici icranın mümkün olmaması əsası ilə öhdəliyə xitam verilməsi üçün iki əsas şərt müəyyən etmişdir. Birincisi, öhdəliyin icrası mümkünsüz olmalıdır və ikincisi, icra edilmənin mümkünsüzlüyü tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəlməlidir. Hazırkı işdən də görünür ki, “X2 Kompleksi” MMC ilə Cavabdeh arasında bağlanmış 2020-ci il mövsümü üzrə xx.xx.2020-ci il tarixli, 406 saylı xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən cavabdeh icarəsində olan 7 ha torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilələrin icrası ilə əlaqədar cavabdeh yaranmış borcdan 886 manat dəyərində xam pambıqla ödəmişdir. Sonradan, yəni 02 noyabr 2020-ci il tarixində “X2 Kompleksi” MMC-nin əməkdaşlarının və cavabdehin iştirakı ilə akt tərtib edilmiş, həmin akta əsasən xx.xx.2020-ci il tarixində başlayan “Vətən Müharibəsi” nəticəsində Cavabdeh 7 ha pambıq sahəsi kənddən sakinlərin çıxması nəticəsində mal-qaranın ayağı altında qalaraq yararsız vəziyyətə düşdüyü, ddur ki, həmin sahədə heç bir iş aparmağın mümkün olmadığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 556-cı maddəsinin hazırkı mübahisəyə tətbiq edilməsi üçün əsaslar müəyyən olunur. Qeyd olunan maddədə nəzərdə tutulmuş öhdəliyə xitam verilməsi üçün əsas olan icra mümkünsüzlüyü dedikdə, öhdəliyin məzmunu təşkil edən hərəkətin həyata keçirilmək imkanının olmaması başa düşülür. İcranın qeyri-mümkünlüyü nəticəsində öhdəliyə xitam verilməsi üçün bir neçə şərtin olması vacibdir. Həmin şərtlərdən biri də icranın qeyrimümkünlüyü təsadüfi olmalıdır. Bu, o deməkdir ki, icranın qeyri-mümkünlüyünə kreditorun və ya borclunun təqsirli hərəkətləri səbəb olmamalıdır. Yəni, icranın edilməməsi tərəflərdən hər birinin cavabdeh olmadığı və məsuliyyət daşımadığı haldan irəl gəlməlidir. Göründüyü kimi, cavabdeh Vətən müharibəsi başlayan dövrə kimi iddiaçıya olan borcunu 886 manat dəyərində xam pambıq təhvil verməklə qaytarmış, lakin Vətən müharibəsi nəticəsində Cavabdeh 7 ha pambıq sahəsi kənddən sakinlərin çıxması nəticəsində mal-qaranın ayağı altında qalaraq yararsız vəziyyətə düşdüyündən cavabdeh öhdəliklərini ondan asılı olmayan səbəblərdən tam şəkildə yerinə yetirə bilməmişdir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanılmış müqavilə əsasında iddiaçıya olan öhdəliyini ondan asılı olmayan səbəblərdən tam şəkildə yerinə yetirə bilmədiyindən mövcud iddia tələbi əsassızdır. Məhkəmə, həmçinin iddianın 60 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən və iddiaçı məhkəmə xərclərindən azad edilmədiyindən iş üzrə iddiaçı tərəfindən mediasiya xərci ilə əlaqədar ödənilmiş 60 manat iddiaçı “X2 Kompleksi” MMC-yə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddiaçı “X2 Kompleksi” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-1105/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1105/2024
21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver