Məhkəmə qərarları › İş №e-2-2(121)-1116/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1116/2023

25.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1116/2023 25.08.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 2.452,68 manat borc və ödənilmiş 60 manat mediasiya rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Şəkər çuğunduru məhsulu üzrə xidmət və alqı-satqı müqaviləsi”nə əsasən cavabdeh 5.26 hektar sahədə şəkər çuğunduru əkməyi və istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehə məxsus sahəyə cəmiyyət tərəfindən 2452.68 manat dəyərində mal və xidmət satılmışdır. Satılmış mal və xidmətlərin dəyəri məbləğində cavabdehin hesabında borc yaranmışdır. Borcun açıqlaması belədir: 1) Toxum satışı – 1437.50 manat, 2) Toxum səpini 131.50 manat, 3) Rotasion mala – 210.40 manat, 4) Ütü mala – 89.42 manat, 5) Kultivator-1-131.50 manat, 6) Şum-236.70 manat, 7) Dərman səpini-84.16 manat, 8) Kultivator-2-131.50 manat. Cavabdeh əkin sahəsinə nəzarət etməmiş və nəticədə sahə batmışdır. Müqavilə şərtlərinə cavabdeh tərəfindən əməl edilmədiyi üçün zavoda məhsul təhvil verilməmişdir. Nəticədə cavabdehin zavoda 2452.68 manat borcu yaranmışdır. Cavabdehin borclu olması təhvil-təslim və təhvil-qəbul aktlarında, iddiaçının təqdim etdiyi elektron hesab-fakturalarda və maliyyə arayışında təsdiq edilir. Müqavilə şərtlərinə əsasən, cavabdeh müqavilənin 1 saylı əlavəsində göstərilmiş aqrotexniki tədbirlərə aid hər bir xidmətə görə borclanacaqdır. Həmin borc (aqrotexniki xidmət, toxum, gübrə, bitkinin mühafizəsi və digər maddi-texniki vəsaitlərin haqqı) məhsul zavoda təhvil verilərkən məhsulun haqqından çıxılacaq, yerdə qalan məhsulun dəyəri isə hesab-faktura təqdim edildikdən sonra 15 iş günü ərzində cavabdehin bank hesabına köçürüləcəkdir. Müqavilə şərtlərinə görə təhvil verilmiş məhsulun dəyəri cavabdehin borcunu tam ödəmirsə, yaranmış borc cari ilin sonunadək pretenziya qaydasında iddiaçıya tam ödənilməlidir. Əks halda yaranmış borc məhkəmə qaydasında cavabdehdən tələb olunacaqdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi üçün pretenziya məktubu göndərilmişdir, lakin cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Borc mediasiya qaydasında tələb edilmiş, lakin mediasiyada da heç bir razılıq əldə edilməmişdir. Bununla da, cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 425.1 və 385.1 maddələrinin tələblərini pozmuşdur. Buna görə də borcun məhkəmə qaydasında tələb edilməsi mümkün hesab edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(121)-1116/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı (müqavilədə “Alıcı”) və Cavabdeh (“Fermer”) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 211.22.04.001 nömrəli “2021-2022 təsərrüfat ili üçün şəkər çuğunduru məhsulu üzrə xidmət və alqı-satqı müqaviləsi”nin: 2.1-ci bəndinə əsasən, “Fermer” öz qanuni istifadəsində olan Ağcabədi rayon, Yeni Qaradolaq kənd ərazisində yerləşən 5.26 hektar torpaq sahəsində “Alıcı” tərəfindən göstəriləcək aqrotexniki xidmətləri görə və toxum almaqla borclanaraq və ya Fermer kartından istifadə etməklə toxumun dəyərini ödəmək şərti ilə şəkər çuğunduru bitkisini yetişdirib, əldə olunan məhsulu “Alıcı”ya satmalıdır; 3.2-ci və 3.5-ci bəndlərinə əsasən, “Fermer” tərəfindən müqavilə şərtlərinə uyğun təhvil verilmiş məhsulu qəbul etmək; təhvil verilmiş şəkər çuğundurunun müqabilində bu müqavilədə müəyyən olunmuş şərtlərlə hesablanmış məbləği, toxumun dəyəri və aqrotexniki işlərə görə ödənilmiş məbləğ çıxıldıqdan sonra müvafiq hesab-fakturanın sistemə daxil edildiyindən sonrakı 15 iş günü ərzində “Fermer”ə ödəmək “Alıcı”nın öhdəliklərinə daxildir; 4.2-ci bəndinə əsasən, əkinin xəstəliyi və ya hər hansı bir riski ilə əlaqədar zamanında müdaxilə etmək və “Alıcı”dan məsləhət köməkliyi tələb etmək, 4.3-cü bəndinə əsasən, istehsal etdiyi kənd təsərrüfatı məhsulunu “Alıcı” tərəfindən müəyyənləşdirilmiş qrafikə riayət etməklə zavoda təhvil vermək, 4.5-ci bəndinə əsasən, təhvil verilmiş məhsul yaranmış borcu tam ödəmədyi halda hesablanmış qalıq borcu pul şəklində “Alıcı”ya tam ödəmək, 4.6-cı bəndinə əsasən, “Alıcı”ya aqreqatların icarə haqlarını, görülmüş aqrotexniki işlərin və satılmış toxumların dəyərini müqavilənin 1 və 2 saylı Əlavələrində müəyyən edilmiş qiymətlərlə ödəmək, 4.7-ci bəndinə əsasən, şəkər çuğunduru bitkisinin suvarılmasını və yetişdirilib “Alıcı”ya satılmasını təmin etmək, suvarma ilə bağlı yarana biləcək bütün problemləri həll etmək “Fermer”in öhdəlikləridir; 6.1-ci bəndinə əsasən, “Fermer”ə təhvil verilmiş məhsulun dəyəri hazırki müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət cədvəlinə uyğun ödəniləcəkdir; 8.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı andan qüvvəyə minir və 12 ay müddətində qüvvədədir. Müqavilənin müddətinin bitməsi tərəfləri öz öhdəliklərini yerinə yetirməkdən azad etmir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli müqaviləyə 1 və 2 saylı Əlavəyə əsasən, “Fermer” Cavabdeh və “Alıcı” İddiaçı görülmüş aqrotexniki işlərin və toxumların qiymətlərini razılaşdırmışlar. İş materiallarında olan icraçı İddiaçı tərəfindən sifarişçi Cavabdeh xx.xx.2022-ci il tarixli “görülmüş işlərin, xidmətlərin təhvil-təslimi aktına” əsasən, 236,70 manat; xx.xx.2022-ci il tarixli “görülmüş işlərin, xidmətlərin təhvil-təslimi aktına” əsasən, 431,32 manat; xx.xx.2022-ci il tarixli “görülmüş işlərin, xidmətlərin təhvil-təslimi aktına” əsasən, 215,66 manat; xx.xx.2022-ci il tarixli “görülmüş işlərin, xidmətlərin təhvil-təslimi aktına” əsasən, 131,50 manat məbləğində xidmətlər həyata keçirilmiş, xx.xx.2022-ci il tarixli “malların fiziki şəxslərə təhvili-qəbulu qəbzinə” əsasən, 1.437,5 manat məbləğində “Kavkas” toxum təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 041/23 saylı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 211.22.04.001 saylı “şəkər çuğunduru məhsulu üzrə” xidmət və alqısatqı müqaviləsinə əsasən, 2.452,68 manat məbləğdə borcun 10 gün ərzində cəmiyyətə ödənilməsi tələb olunmuş, borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı MMC-nin ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş materiallarında olan “arayış”ın surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının hesabına 60 manat vəsait ödəmişdir. Beləliklə, məhkəmə araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 211.22.04.001 nömrəli “2021- 2022 təsərrüfat ili üçün şəkər çuğunduru məhsulu üzrə xidmət və alqı-satqı müqaviləsi”nə əsasən cavabdeh 5.26 hektar sahədə şəkər çuğunduru əkməyi və istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 2.452,68 manat dəyərində mal göndərilmiş və xidmət göstərilmişdir. Cavabdeh tərəfindən isə cəmiyyətə məhsul təhvil verilməmiş, nəticədə cavabdehin 2.452,68 manat məbləğində borcu yaranmışdır. Məhkəmə, tərəflərin daxil olduqları hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur və həmin müqavilə münasibətləri struktur baxımından mülki qanunvericilikdə nəzərdə tutulmuş alqı-satqı müqaviləsinə daha çox uyğun gəlir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları bu nəticəyə gəlməyə əsas verir ki,iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlərin və mal-materialın verilməsinin məqsədi cavabdehin ona məxsus olan sahədən daha çox məhsul əldə etməsinə və sonradan həmin məhsulun razılaşdırılmış qiymətlərlə iddiaçıya təhvil verilməsinə nail olmaqdan ibarət olmuşdur. Bu isə son nəticədə tərəflər arasında cavabdehin istehsal etdiyi məhsulun alqı-satqısının həyata keçirilməsi barədə konsensual razılığın əldə edildiyini göstərir. Bu göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında olan razılaşma mülki qanunvericilikdə nəzərdə tutulmuş klassik mənada alqı-satqı müqaviləsi sayılmasa da (belə ki, Mülki Məcəllənin alqı-satqı müqaviləsinin leqal tərifini nəzərdə tutan 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə əsasən alıcı mülkiyyətinə qəbul etdiyi əşyanın qarşılığında xidmət, digər əşya və s. deyil, yalnız müəyyənləşdirilmiş pul məbləği ödəməyi öhdəsinə götürür), tərəflərin müqavilə münasibətlərinə daxil olarkən güddükləri hüquqi niyyət və məqsəd nəzərə alındıqda alqı-satqıya oxşar müqavilə kimi qiymətləndirilməlidir. Buna görə də, hazırki işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı müqaviləsinə dair müvafiq normaları tətbiq edilməldir. Məhkəmə, tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterini müəyyən etdikdən sonra iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüquqa malik olubolmamasına və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmamasına münasibət bildirməyi vacib hesab edir. İşin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddiaçının hazırki tələblə bağlı subyektiv hüququ tərəflər arasında etibarlı şəkildə bağlanılmış şəkər çuğunduru məhsulu üzrə xidmət və alqı-satqı müqaviləsindən irəli gəlir. Həmin müqavilənin şərtlərinə görə iddiaçı cavabdehə məxsus olan sahədə şəkər çuğunduru əkilməsi və tədarük mövsümündə yığılmış məhsulun iddiaçıya satılması müqabilində cavabdehə avans verilməsini öhdəsinə götürmüşdür. İşdə olan təhvil-təslim aktlarından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 2.452,68 manat məbləğində aqrotexniki xidmətlər, toxum, dərman və s. şəklində avans verilmişdir. Cavabdeh isə müqavilə üzrə öz üzərinə düşən öhdəliyini yerinə yetirməmişdir və nəticədə onun iddiaçıya verilən avansın məbləğindən ödənilməmiş borcu yaranmışdır. Cavabdehin ödənilməmiş avans borcunun qalması işdə olan sənədlərlə təsdiq olunur. Həmçinin, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbinə qarşı etiraz və ya münasibət bildirməmişdir. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında və lazımınca icra etmədiyi öz təsdiqini tapır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı, tərəflər arasında bağlanmış müqavilə üzrə pul tələbinə dair tələbi hüquqi və əsaslıdır. Məhkəmə hesab edir ki, iddianın maddi hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı normaları təşkil edir. Mülki Məcəlləinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alğı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. Həmin Məcəllənin 578.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, cavabdehin ona məxsus olan sahədə şəkər çuğunduru yetişdirərək əldə etdiyi məhsulu iddiaçıya satmaq, o cümlədən şəkər çuğunduru bitkisinin suvarılmasını, suvarma ilə bağlı yarana biləcək bütün problemləri həll etmək, əkinin xəstəliyi və ya hər hansı bir riski ilə əlaqədar zamanında müdaxilə etməklə bağlı öhdəliyi olduğuna görə, bu səbəblərdən məhsulun yetişməməsi və ya yığımın mümkün olmaması riski onun üzərinə düşmüşdür. Tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan avans almaq və iddiaçının xidmətlərindən istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda sahədə şəkər çuğunduru yetişdirməsinə və həmin məhsulu iddiaçıya satmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh göstərilən müqavilə əsasında avans almasına və iddiaçının xidmətlərindən istifadə etməsinə dair hüququndan istifadə etmiş, lakin müqavilə üzrə vəzifələrini tam yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur ki, tərəflər arasında şəkər çuğunduru məhsulu üzrə xidmət və alqı-satqı müqaviləsi üzrə iddiaçı öhdəliyini icra edərək cavabdehə ümumilikdə 2.452,68 manat dəyərində mal göndərmiş və xidmət göstərmişdir. Cavabdeh tərəfindən isə cəmiyyətə heç bir məhsul təhvil verilməmiş, nəticədə cavabdehin 2.452,68 manat məbləğində borcu yaranmışdır. Tələb olunan borc məbləği cavabdehin risk dairəsinə daxil olan öhdəliyin pozulması nəticəsində yarandığına görə, iddiaçının həmin borcu tələb etməsi haqlı və qanunidir. Buna görə də həmin borc cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə həmçinin iddianın 60 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də əsaslı hesab edir. Belə ki, cavabdeh imzaladığı müqavilədən irəli gələn vəzifələrini icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddiaçı 44,53 manat rüsum ödəməli olduğuna, lakin həmin Qanunun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunduğuna, həmçinin iddia tələbi təmin olunduğuna görə qeyd edilən dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 2.452,68 manat məbləğində əsas borc, 60 manat ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş məbləğ olmaqla, cəmi 2.512,68 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 44,53 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin və Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar