Məhkəmə qərarları › İş №e-2-2(121)-112/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-112/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-112/2021 09.03.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 15.336 manat məbləğində borcun və 31 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixində bağlanmış müqaviləyə əsasən, sifarişçi İddiaçı ASC, icraçı Cavabdeh1 üçün müəyyən etdiyi ərazidə malları satması nəticəsində ona ödənilməli olan pul məbləğlərini müştərilərdən toplanılmasını, aidiyyatı üzrə çatdırılması barədə öhdəlik götürülmüşdür. Bununla, qeyd olunan müqavilənin 2.2-ci bəndinə rəhbər tutaraq icraçı göstərdiyi xidmətin keyfiyyətli, dəqiq və tam olmasını,vaxtlı-vaxtında yerinə yetirmək vəzifəsini, yəni icraçı sifarişçiyə məxsus malların müəyyən olunmuş ərazidə satılmasından əldə olunan pul vəsaitini sifarişçiyə təhvil verməmiş və öz öhdəliklərini lazımi qaydada axıra qədər yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi olaraq xəbərdarlıq edilmiş, o cümlədən, xx.xx.2020-ci il tarixli pretenziya məktubu ilə müraciət edilmişdir. Lakin, cavabdeh tərəfindən alınmış malların dəyərini təşkil edən məbləğin tam ödənilməməsi nəticəsində 15.336 manat məbləğində İddiaçı ASC-yə borc yaranmışdır. İddiaçı ASC-nin cavabdehi mallarla təmin etməsi və həmin malların həqiqətən də Cavabdeh1 təqdim edilməsi faktı bu malların təqdim edilməsinə dair qaiməfakturaların Cavabdeh1 tərəfindən təsdiq olunması ilə öz təsdiqini tapır. Cavabdeh1 tərəfindən İddiaçı ASC-nin mallarının götürülməsi faktının qaimə faktura ilə təsdiq olunmasına və onunla bağlanmış müqavilənin şərtlərinə əsasən götürülmüş malların dəyərini təşkil edən 15.336 manat borc məbləğinin iddiaçıya ödənilməsi təmin edilmir. Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən (zaminlik barədə) zamin sifarişçi qarşısında xx xxxxxxxx 2019-cu il tarixli “Xidmət göstərilməsi” müqaviləsindən irəli gələn bütün öhdəliklərinin tamamilə icra edilməsi üçün birgə məsuliyyət daşıyır və yaranmış borcun ödənilməsi barədə Cavabdeh2 xx.xx.2020-ci il tarixli pretenziya məktubu ilə müraciət edilmişdir. Lakin, götürülmüş malların dəyərini təşkil edən məbləğin ödənilməsi təmin olunmamışdır. İddiaçının cavabdehə malları təqdim etməsi və cavabdehin bunları qəbul etməsi, borcun məbləği iddia ərizəsinə əlavə olunmuş qaimə sənədi, qarşılıqlı üzləşmə aktı və cavabdehin öz izahatı ilə sübut olunur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi, həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC (sifarişçi) ilə Cavabdeh1 (icraçı) arasında bağlanılmış xx.xx.2019-cu il tarixli xidmət göstərilməsi haqqında müqaviləyə əsasən, sifarişçi özünün fəaliyyətindən irəli gələn xidmətlərin göstərilməsini icraçıya həvalə edir, icraçı isə özünün ixtisas, bilik və peşə fəaliyyətindən istifadə etməklə həmin xidmətlərin yerinə yetirilməsini öz üzərinə götürmüşdür. Müqavilənin 3.1.-ci bəndinə əsasən, xidmət haqqı hər bir təqvim ayı üçün tərəflər arasında ay ərzində göstərilmiş xidmətə dair tərtib olunan akt əsasında hesablanır. Həmin müqavilənin 3.2. bəndinə əsasən xidmət haqqı xidmətin göstərildiyi təqvim ayının başa çatmasından sonra tərəflər arasında bu müqavilənin 3.1 bəndinə əsasən tərtib edilmiş akta (müəyyən olunmuş protokola əsasən) uyğun olaraq müvafiq dövr üçün müəyyən edilmiş məbləğdə bank hesabına köçürmə yolu ilə ödənilir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2019cu il tarixli zaminlik müqaviləsinə əsasən, tərəflər arasında bu müqavilənin 1.2-ci bəndində göstərilən satış xidmətlərinin göstərilməsi haqqında xx.xx.2019-cu il tarixli müqavilədən irəli gələn bütün öhdəliklərin tamamilə icra edilməsi üçün “İcraçı” və “Zamin”nin “Sifarişçi” qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. Müqavilənin 2.3.-cü bəndinə əsasən İcraçı sifarışçi qarşısında Xidmət müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə, Sifarışçi öz mülahizəsinə əsasən həmin öhdəliyin icrasını icraçıdan və ya zamindən, yaxud onların hər ikisindən birlikdə tələb edə bilər. İş materiallarında olan qaimə-fakturaların surətlərindən görünür ki, müxtəlif çəkidə və həcmdə mallar İddiaçı ASC tərəfindən Cavabdeh1 təhvil verilmiş, sonuncu həmin malları qəbul edərək, qaimələri imzalamışdır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli qarşılıqlı üzləşmə aktınin surətindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 15.336 manat məbləğində borcu qalmışdır. Üzləşmə aktı tərəflərin iştirakı ilə tərtib olunmuş və imzalanmışdır. İş materiallarında olan Cavabdeh1 tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli izahatda qeyd edilmişdir ki, xx.xx.2020 tarixində onun imzası ilə təsdiqlədiyi izahatında göstərilən 18.096 manat məbləğində götürdüyü mallara görə İddiaçı ASC-yə olan borcunun 2.400 manat hissəsini nağd qaydada ödəmişdir. 960 manat hissəsini Xəyyam Əsgərova borc verdiyi üçün, həmin borc onun tərəfindən ödəniləcəkdir. Hazırda İddiaçı ASC-yə olan 15.336 manat borcunu ödəyəcəyinə söz verir və xahiş edir ki, bu borcu ödəmək üçün onun İddiaçı ASC-də olan müqavilə üzrə fəaliyyətini davam etdirməyinə icazə versinlər və borc məbləğini hər bir təqvim ayı üzrə xidmət haqqının 50% hissəsi məbləğində ondan tutulsun. Əgər ona eyni vaxtda sürücü fəaliyyəti göstərməyə razılıq verilərsə bu zaman cəmi xidmət haqqının hər ay 70% məbləğində tutulmaqla, borcunun ödənilməsinə razılıq verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 405/20 saylı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 məktub ünvanlayaraq, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 15.336 manat borcunun olduğunu bildirmiş, həmin borcun 10 gün müddətində ödənilməsini ondan tələb etmiş, əks təqdirdə ödənilməmiş pul məbləğinə Cavabdeh1 tərəfindən gecikdirmə zamanı vurulmuş ziyanın və qanunvericiliklə nəzərdə tutulmuş digər xərclərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə onu xəbərdar etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 404/20 saylı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 məktub ünvanlayaraq, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən (zaminlik barədə) icraçı və zaminin sifarişçi qarşısında xx xxxxxxxx 2019-cu il tarixli “Xidmət göstərilməsi” müqaviləsindən irəli gələn bütün öhdəliklərinin tamamilə icra edilməsi üçün birgə məsuliyyət daşıdıqlarını, Cavabdeh1 15.336 manat borcunun olduğu bildirilmiş və xx.xx.2019-cu il tarixli müqavilənin 2.7-ci bəndində qeyd olunan öhdəliyi dərk edib Cavabdeh1 tərəfindən ödənilməli olan pul vəsaitinin 10 təqvim günü ərzində ödənilməsi xahiş edilmiş, əks halda müvafiq hüquq-mühafizə orqanlarına müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İş materiallarından olan görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə müəyyən etdi ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli xidmət göstərilməsi haqqında və xx.xx.2019-cu il tarixli zaminlik müqavilələri bağlanılmışdır. xx.xx.2019-cu il tarixli xidmət göstərilməsi haqqında müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh1 mallar verilsə də, Cavabdeh1 müqavilə üzrə öhdəliyə əməl etməmiş, malların dəyərinin sifarişçiyə çatdıırlmasını təmin etməmişdir. xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixli müqavilədən irəli gələn bütün öhdəliklərin tamamilə icra edilməsi üçün “icraçı” və “zamin” “sifarişçi” qarşısında birgə məsuliyyət daşıyırlar. İddiaçı xx.xx.2020-ci il tarixli, 404/20 və 405/20 saylı saylı məktublarla xəbərdarlıq göndərərək, borcun qaytarılmasını tələb etsə də, cavabdehlər həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişlər. Borcun ödənilməsi cavabdehlər tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, cavabdehlər iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmişdir. Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 15.336 manat borcunun olduğu həm qaimə-fakturalarla, həm üzləşmə aktı ilə, həm də cavabdehin yazılı izahatı ilə öz təsdiqini tapır. Ona görə də, məhkəmə hesab edir ki, 15.336 manat hissəsində iddia təmin edilməlidir. Belə ki, İddiaçı ASC (sifarişçi) ilə Cavabdeh1 (icraçı) arasında bağlanılmış xx.xx.2019-cu il tarixli xidmət göstərilməsi haqqında müqavilənin 1.2-ci bəndinə əsasən, “Sifarişçi” tərəfindən verilən malların avtomobilə yüklənməsi və avtomobildə səliqəli formada yerləşdirilməsini təmin etmək, mağazalara verildikdən sonra burada satılan və geri qaytarılan mallar barədə “Sifarişçi”yə tələb olunan qaydada hesabat vermək və lazımi məlumatların ardıcıl olaraq terminallarda və “Sifarişçi” tərəfindən verilən digər sistemlərdə qeydiyyatını aparmaq, “Sifarişçi” tərəfindən verilən malların qeydiyyatını ardıcıl olaraq aparmaq və bu barədə “Sifarişçi”yə məlumat və hesabat vermək, “Sifarişçi” tərəfindən müəyyən olunmuş ərazilərə malları çatdıran avtomobillərdə malları müşayiət etmək və yol sənədində göstərilən ərazidən başqa əraziyə aparılmamasına nəzarət etmək, malların müəyyən olunan ərazidə yerləşən mağazalara təhvil verilməsi zamanı həmin malların avtomobildən boşaldılmasını və mağazaya yerləşdirilməsini, həmçinin satılmayaraq geri qaytarılan malların avtomobilə yığılmasını və “Sifarişçi”yə geri gətirilməsini və burada avtomobildən boşaldılmasını, müvafiq qaydada təhvil-təslim prosesində qeydiyyat aparılmasını yerinə yetirmək, “Sifarişçi”nin müəyyən etdiyi ərazidə malları satması nəticəsində ona ödənilməli olan pul məbləğlərinin müştərilərdən toplanılmasını, aidiyyəti üzrə çatdırılması və bu barədə tələb olunan qaydada qeydiyyat aparılmasını yerinə yetirmək, mağazaya gələn müştərilərin mallar və məhsullar barədə suallarını cavablandırmaq və lazımi məlumat vermək “Sifarişçi” tərəfindən icrası “İcraçı”ya tapşırılan xidmətlərin dairəsinə aiddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə 5 müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin hazırda iddiaçı cavabdehlərdən 31 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş edir. İddiaçı tərəfindən 30 manat dövlət rüsumunun ödənildiyini və iddianın təmin edildiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, dövlət rüsumunun tutulması hissəsində iddia qismən təmin edilməli, cavabdehlərdən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 15.336 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 15.366 (on beş min üç yüz altmış altı) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233-cü və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 15.336 manat məbləğində borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 15.366 (on beş min üç yüz altmış altı) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar