Məhkəmə qərarları › İş №e-2-2(121)-114/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-114/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-114/2025 22.01.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC cavabdeh "xxxx" ASC-yə qarşı – cavabdehdən 78.848,47 manat əsas borcun, 18% ƏDV - 14.189,13 manat, əsas borcun 5% həcmində 3.942,43 manat dəbbə pulu və əsas borcun 7,25% miqdarında bank uçot dərəcəsi 5.716,48 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 02 nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 2023cü il iyun ayına qədər 78.848,47 manatlıq (+ 18% ƏDV-14.189,13 manat) müxtəlif mallar satılmış və xidmətlər göstərilmişdir. Adıçəkilən müqavilənin 2.4.1-ci maddəsinə alıcı malın protokollar ilə müəyyənləşdirilmiş qiymətini bu müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada satıcıya ödəməli idi. Lakin cavabdeh xx.xx.2021-ci il tarixli, 02 saylı müqavilənin 3.1 və 3.2-ci bəndlərinin tələbini pozaraq ona satılmış mallara görə pulu bu vaxtadək iddiaçıya ödəməmişdir. Tərəflərin rəhbərlərinin şifahi razılaşmasına görə cavabdehin maliyyə durumuna uyğun olaraq aldığı malların ödənişini hissə-hissə etməli idi. Lakin cavabdeh bunu da etməmiş, ona görə də iddiaçı 2023-cü ilin iyun ayından cavabdehə mal-material satışını dayandırmışdır. Tərəflər arasında xx.xx.2023-cü il tarixli üzləşmə aktı tərtib edilmiş və buna uyğun olaraq razılaşma protokolu bağlanmışdır. Qeyd edilən razılaşma protokoluna, eləcə də tərəflər arasında bağlanmış və bu vaxtadək qüvvədə olan müqaviləyə uyğun olaraq cavabdeh xx.xx.2024-cü il tarixinə kimi bütün borcunu, yəni əsas borcu və ƏDV-ni iddiaçıya ödəməli idi. Lakin cavabdeh müqaviləyə və razılaşma protokoluna müvafiq olaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə iddiaçıya külli miqdarda zərər dəymişdir. Cavabdehə “online” qaydada borc məbləğinin ödənişi ilə bağlı pretenziya göndərilmiş, lakin o, pretenziyaya cavab verməmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli “iddia ərizəsinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, 78.828,47 manat əsas borc, əsas borcun 18% ƏDV-i 14.189,12 manat, əsas borcun 5% həcmində 3.941,42 manat dəbbə pulu və əsas borcun 7,25% miqdarında bank uçot dərəcəsi 5.715,06 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə "xxxx" ASC arasında 02 nömrəli, xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır. İş materialında olan sənədlərdən (qiymətlərin razılaşma protokolları, elektron qaimələr və malların təhvil-təslim aktlarının surətlərindən) görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə mallar satmışdır. Həmin sənədlərdən həmçinin görünür ki, cavabdehin 78.828,46 manat məbləğində əsas borc, 14.189,11 manat məbləğində ƏDV borcu mövcuddur. İş materialında olan xx.xx.2023-cü il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, İddiaçı MMC-nin "xxxx" ASC-yə 2019-2023-cü tarixləri aralığında göstərdiyi xidmət və satdığı ehtiyyat hissələrinə görə xx.xx.2023-cü il tarixinə olan dövr üçün iddiaçı və cavabdeh arasında qarşılıqlı üzləşmə aparılmış və müəyyən edilmişdir ki, "xxxx" ASC-nin İddiaçı MMC-yə ƏDV daxil 93.017,60 manat borcunun olması və həmin borcun tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1 nömrəli, xx.xx.2021-ci il tarixli, 2 nömrəli, xx.xx.2022-ci il tarixli, 3 nömrəli və xx.xx.2023-cü il tarixli, 4 nömrəli razılaşma protokollarında göstərilən və "xxxx" Servis ASC-yə verilən ehtiyyat hissələrinə və xidmətlərə görə yaranmışdır. Üzləşmə aktı hər iki tərəfin rəhbərlərinin imzası və möhürləri ilə təsdiq olunmuşdur. İş materialında olan İddiaçı MMC tərəfindən "xxxx" ASC ASC-yə ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, cavabdehə ödənilməmiş borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, işin həqiqi halları ilə, iddiaçının nümayəndəsinin izahatı və işin materialları ilə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, hazırda cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar)ı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal(lar)ı almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən borcun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdehin əsas borcu 78.828,47 manat məbləğində deyil, cavabdehin 78.828,46 manat məbləğində, ƏDV borcu isə 14.189,12 manat məbləğində deyil, 14.189,11 manat məbləğində təşkil edir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissələrdə qismən təmin edilməklə, cavabdehdən 78.828,46 manat məbləğində əsas borc, 14.189,11 manat məbləğində ƏDV borcu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın dəbbə pulunun ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MM-nin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən dəbbə pulu əsassız və şişirdilmiş məbləğdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən dəbbə pulunun 3.941,42 manat məbləğində deyil, 276 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Məhkəmə iddianın “bank uçotu dərəcəsinə görə hesablanmış 5.715,06 manat faiz borcunun tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddianın qeyd edilən hissəsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Göründüyü kimi, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Həmçinin, vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlirin, artım, bəhər və ya sair maddi xeyir qazanması işin materialları ilə sübuta yetirilmədiyindən, iddia göstərilən hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-260-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 78.828,46 manat məbləğində əsas borc, 14.189,11 manat məbləğində ƏDV, 276 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 93.293,57 manat məbləğində pul vəsaiti "xxxx" ASC-dən alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar