Məhkəmə qərarları › İş №e-2-2(121)-1148/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1148/2025

27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1148/2025 27.05.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi” barəsində iddiasına dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdehndən 18234,84 manat həcmində əsas borc, 1156,08 manat həcmində qanunvericiliklə nəzərdə tutulmuş faiz borcları, 13675,5 manat məbləğində müqavilə üzrə cərimə olmaqla, ümumilikdə 33066,42 manat həcmində pul məbləğinin və ödənilmiş 191 manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 17 may 2024-cü il tarixdə Cavabdeh MMC (bundan sonra “Alıcı”) ilə İddiaçı MMC (bundan sonra “Satıcı”) arasında 29/24 №li Alqısatqı müqaviləsi (bundan sonra “Müqavilə”) imzalanmışdır. Həmin Müqavilənin 1.1-ci maddəsində qeyd olunur ki, Müqaviləyə əsasən, Satıcı müqavilə (və onun tərkib hissəsi hesab edilən əlavələrə) şərtlərinə uyğun malları təqdim edir, Alıcı isə Malları qəbul etməyi və təhvil verilmiş malın dəyərini ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 3.1-ci maddəsinə əsasən, bu Müqavilə şərtlərinə uyğun verilmiş malların dəyəri əlavələrlə (QRP) müəyyən edilir və satıcı tərəfindən göndərilən elektron qaimə əsasında həyata keçirilir. Müqavilənin xx.xx.2024 tarixli, 1 №li X3 (1 saylı əlavə) Alıcı və Satıcı Malların ümumi dəyərinin 65694,14 manat təşkil etməsi ilə bağlı razılığa gəlmişlər. Həmin Razılaşmada qeyd olunmuş Malların 37057.9 məbləğdə olan hissəsi xx.xx.2024-cü il tarixli 1 №-li X5 ilə (2 saylı Əlavə) Alıcıya təhvil verilmişdir və müvafiq malların ödənişi üzrə e-qaimə göndərilmişdir. Malların onlar tərəfindən Razılaşma imzalandıqdan sonra növbəti gün təhvil verilməsinə və həmin müddətdən altı aydan artıq müddət ötməsinə baxmayaraq, malların Razılaşmada qeyd edilən ümumi məbləğinin 20 000.00 manat və 5652,9 manat məbləğdə ƏDV hissəsi ödənmiş, lakin 11 405.00 manat məbləğdə olan əsas hissəsi Alıcı tərəfindən hələdə ödənilməmiş olaraq qalır. Növbəti olaraq, xx.xx.2024 tarixli 2№li X4 (2 saylı Əlavə) əsasında isə 413.00 manat məbləğində mal eyni tarixli (xx.xx.2024) 2№li Təhvil-Təslim Aktı ilə (Əlavə 4) alıcıya təhvil verilmişdir. Bu Mallar üzrə Alıcı tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Həmçinin, qeyd edilir ki, yuxarıda sadalanan icrası gecikdirilmiş məbləğlərdə borc öhdəliyindən başqa xx.xx.2024 tarixli 3№li X4 (3 saylı Əlavə) əsasında Müqaviləyə uyğun qaydada təhvil verdikləri 6416,84 manat məbləğində Mal eyni tarixli (xx.xx.2024) 3№li Təhvil-Təslim Aktı 2 ilə (Əlavə 6) Alıcıya təhvil verilmişdir. Lakin bu Mallar üzrə də Alıcı tərəfindən indiyədək heç bir ödəniş həyata keçirilməmişdir. Bu hallar bizim qanunla və müqavilə ilə qorunan hüquqlarını pozaraq, həm işgüzar, həm də maddi cəhətdən Şirkətə mənfi təsir edir. AR Mülki Məcəllənin 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya vəonun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Halbuki, Alıcı Müqavilədə nəzərdə tutulmuş xidmət haqqını ödəməkdən boyun qaçırır və öhdəliyinin icrasından birtərəfli qaydada imtina edir. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alıcı öhdəliyini icra etməmiş və Satıcıya bununla bağlı zərər vurmuşdur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun riskdairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 464.1-ci maddəsinə əsasən, Kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasındaonun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyəborcludur. Cavabdeh ödəməli olduğu 18234,84 AZN (on səkkiz min iki yüz otuz dörd manat səksən dörd qəpik) məbləğində borcu artıq 6 (altı) aydır ki, ödəmədiyindən Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, Cavabdeh tərəfindən İddiaçıya 18234,84 x (5/12) x 6) / 100= 455,87 AZN (dörd yüz əllibeş manat səksən yeddi qəpik) məbləğində faiz borcu da ödənilməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onunödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən xx.xx.2024-cü il tarixdən illik bank uçot faiz dərəcəsi 7,25 % olaraq müəyyən edilmişdir. Göründüyü kimi, Cavabdeh İddiaçıya məxsus 18234,84 AZN məbləğində pul vəsaitini qanunsuz olaraq saxlamaqdadır. Ona görə də hesab edirik ki, 7.25%/12 =0.64% aylıq olmaqla, xx.xx.2024cü ildən başlayaraq 18234,84 AZN (on səkkiz min iki yüz otuz dördmanat səksən dörd qəpik) məbləğində olan borc artıq 6 (altı) aydır ki, ödənməmişdir. Beləliklə, 6 aylıq gecikmə müddətini nəzərə alaraq hesablanan gecikmə faizlərinin miqdarı 0.64% x 6 = 3,84% olacaqdır. 18234,84 x 3,84% / 100 = 700,21 AZN (yeddi yüz manat iyirmi bir qəpik) faiz borcu da əsas borc məbləğinin üzərinə gəlinərək İddiaçıya ödənilməlidir. Müqavilənin 8.2ci bəndinə əsasən, gecikdirilmiş hər gün (cəmi 150 gün) üçün razılaşdırılmış cərimə faizi, ümumilikdə, 13675,5 AZN (on üç minaltı yüz yetmiş beş manat əlli qəpik) (18234,84/ 100 x 0,5=91,17; 91,17 x 150=13675,5) təşkil edir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasının iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. 5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

6. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə, qeyd olunanlara əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasını keçirilməsini mümkün hesab etmişdir.

İddia ərizəsinə etiraz:

8. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

9. İddiaçı MMC (“Satıcı”) ilə Cavabdeh MMC (“Alıcı) arasında bağlanmış xx.xx.2024cü il tarixli, 29/24 nömrəli bağlanmış Alqı-Satqı Müqaviləsinin: -1.1-ci bəndinə əsasən, Müqaviləyə əsasən “Satıcı” Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən, əlavələrində (X1 (bundan sonra QRP) göstərilən çeşiddə, miqdarda və təsvir olunan göstəricilərə malik malları (bundan Mallar) istifadə məqsədləri için yararlı halda “Alıcı”ya təqdim, etməyi, “Alıcı” isə həmin Malların dəyərini X3 müəyyən edilmiş qiymət va şərtlərlə “Satıcı”ya ödəməyi öhdəsinə götürür. -2.2-ci bəndinə əsasən, Malların sifarişi qəbul olunarkən, “Satıcı”nın sifariş vaxtı öz ehtiyyatında/anbarında tam və ya qismən mövcud olmayan Malları Alıcıya təchiz etməmək və əvəzinə Mallarla oxşarlıq uyğunluq təşkil edən digər malları “Alıcı”ya təklif etmək hüququ vardır. -2.3-cü bəndinə əsasən, “Satıcı” Malları müvafiq qablaşdırmasında, Mallara aid olan sənədlərlə birlikdə tərəflər arasında müəyyən edilən qaydada Malların təhvil verilmə və ya çatdırılma məntəqəsində təhvil verir. -2.4-cü bəndinə əsasən, Malların təqdim olunma və ya çatdırılma məntəqəsi, təvhizat müddəti və qaydaları Müqaviləyə əlavə edilmiş müvafiq QRP ilə müəyyən edilir. -3.1-ci yarımbəndinə əsasən, Müqavilə üzrı malların qiyməti Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələri (QRP) ilə müəyyən edilir və “Satıcı” tərəfindən ödəniş göndərilən Elektron Qaimə əsasında və ya nağd qaydada həyata keçirilir. -3.2-ci bəndində əsasən, Malların qiymətinə hər hansı əlavə və dəyişikliklər yalnız Tərəflərin qarşılıqlı razılığı əsasında Müqaviləyə əlavə razılaşma bağlamaqla hüquqi qüvvəyə minir. -3.3-cü bəndinə əsasən, Müqavilə üzrə ödənişin valyutası Azərbaycan manatıdır.(AZN)

10. İş materiallarında olan İddiaçı MMC və Cavabdeh MMC tərəfindən təsdiq olunmuş xx.xx.2024-cü il tarixli, 01 nömrəli “Təhvil-Təslim Aktı”ndan görünür ki, 37057,9 manat, xx.xx.2024-cü il tarixli, 02 nömrəli “Təhvil-Təslim Aktı”ndan görünür ki 413 manat, xx.xx.2024-cü il tarixli, 03 nömrəli “Təhvil-Təslim Aktı”ndan görünür ki, 6416,84 manat olmaqla, cəmi 43887,74 manat dəyərində məhsullar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

11. İş materiallarında olan 31 may 2024-cü il tarixli 01 nömrəli “X2”ndan görünür ki, Satıcı tərəfindən Alıcıya 65694,14 manat (ƏDV daxil), xx.xx.2024-cü il tarixli 02 nömrəli “X2”ndan görünür ki, Satıcı tərəfindən Alıcıya 413 manat (ƏDV daxil), xx.xx.2024-cü il tarixli 03 nömrəli “X2”ndan görünür ki, Satıcı tərəfindən Alıcıya 6416,84 (ƏDV daxil) manat olmaqla, cəmi 43887,74 manat dəyərində məhsullar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

12. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli 714602 nömrəli 37057,90 manat məbləğində, xx.xx.2024-cü il tarixli **********1512 nömrəli 413 manat məbləğində və 24.6.2024-cü il tarixli 11272012 nömrəli 6416,84 manat məbləğində (ümumilikdə 43887,74 manat) elektron qaimələr təqdim olunmuşdur.

13. İş materiallarında olan xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ödəniş tapşırıqlarının surətindən görünür ki, Cavabdeh tərəfindən İddiaçınə 17 may 2024-cü il tarixli 29/24 saylı alqı-satqı müaviləsinə əsasən 5652,99 manat və 20000 manat olmaqla, cəmi məbləğində ödənişlər edilmişdir.

14. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 10 dekabr 2024-cü il tarixli, pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış 18234,84 manat borcun 3 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC məlumatlandırılmışdır.

b) Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmaına dair” 09 iyul 2009-cu il tarixli plenumunun qərarı:

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Resoublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Eyni zamanda, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

19. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.

20. Əvvəla məhkəmə qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Belə ki, tərəflər arasında etibarlı şəkildə bağlanmış xx.xx.2024-cü il tarixli, 29/24 nömrəli alqı-satqı müqaviləsinin şərtlərinə əsasən iddiaçı (“Satıcı”) Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən, əlavələrində (X1 göstərilən çeşiddə, miqdarda və təsvir olunan göstəricilərə malik malları istifadə məqsədləri için yararlı halda cavabdehə (“Alıcı”) təqdim etməyi, cavabdeh (“Alıcı”) isə, həmin Malların dəyərini X3 müəyyən edilmiş qiymət va şərtlərlə iddiaçıya (“Satıcı”) ödəməyi öhdəsinə götürmüşdür. Belə olan məhkəmə hesab edir ki, halda malların verilməsini sübut etmək vəzifəsi iddiaçının, onların dəyərini ödənilməsini sübut etmək isə cavabdehin üzərinə düşür.

21. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, ümumilikdə 43887,74 manat dəyərində malları cavabdehə təhvil vermiş, lakin cavabdeh tərəfindən öhdəliklər icra edilməmiş, qəbul edilmiş malların dəyəri tam olaraq ödənilməmişdir.

22. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı MMC və Cavabdeh MMC tərəfindən təsdiq olunmuş xx.xx.2024-cü il tarixli, 01 nömrəli “Təhvil-Təslim Aktı” üzrə 37057,9 manat, xx.xx.2024-cü il tarixli, 02 nömrəli “Təhvil-Təslim Aktı” üzrə 413 manat, xx.xx.2024-cü il tarixli, 03 nömrəli “Təhvil-Təslim Aktı” üzrə 6416,84 manat olmaqla, cəmi 43887,74 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş, həmçinin iddiaçı tərəfindən cavabdehə 43887,74 manat məbləğində elektron qaimə təqdim olunmuş, lakin cavabdeh tərəfindən iddiaçıya 5652,99 manat və 20000 manat olmaqla, ümumilikdə 25652,99 manat ödəniş edilmişdir. Göründüyü kimi cavabdehin iddiaçıya (43887,74 - 25652,99) ödənilməmiş qalan əsas borcu 18234,84 manat təşkil edir.

23. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 18234,84 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

24. Məhkəmə qeyd olunan nəticəyə gələrkən, cavabdehin “Elektron Məhkəmə” İnformasiya sistemində yaradılmış “elektron kabinet”ə malik olmasına baxmayaraq, iddiaçıya olan qalıq borcunun tam olaraq ödənilməsini təsdiq edən dəlilləri məhkəməyə təqdim etməməsini də nəzərə almışdır.

25. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 8.2-ci bəndində cavabdeh tərəfindən ödəniş müddəti pozulduğu halda, iddiaçının hər gecikdirilən gün üçün tərəflər arasında bağlanmış müqavilə və ya onun əlavələri üzrə yaranmış olan borc məbləğinin 0,5 faizi həcmində dəbbə pulu tələb etmək hüququ nəzərdə tutulmuşdur. İşin halları ilə Cavabdeh tərəfindən öhdəlik götürdüyü müddətdə ödənişin qaytarılmasını gecikdirdiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır.

26. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış müqavilə üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən müqavilə üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır.

27. Lakin məhkəmə, tərəflərin həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq cərimə məbləğinin tənasübsüz surətdə yüksək hesablandığını nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 1375,5 manat məbləğində cərimənin tutulması hissəsində tam əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 900 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar.

29. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Upsilon” Məhdud Məsuliyyətli Cəmiyyətindən 18234,84 manat məbləğində əsas borc və 900 manat məbləğində cərimə tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

29. Məhkəmə iddianın “cavabdehdən 1156,08 manat həcmində qanunvericiliklə nəzərdə tutulmuş faiz borclarının tutulması”na aid hissədə əsaslı hesab etmir. Ona görə ki, iddiaçı iddianı qeyd olunan hissədə təsdiq edə biləcək hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

30. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan mövqeyindən çıxış edərək hesab edir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı cavabdehin onun pul vəsaitini qanunsuz saxlamasını, onu qaytarmaqdan boyun qaçırmasını, onun ödənilməsini digər şəkildə gecikdirməsini və ya pul vəsaitini əsassız əldə etməsini və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etməsini sübut etməlidir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlirin, artım, bəhər və ya sair maddi xeyir qazanması iş materialları ilə sübuta yetirilmədiyindən, iddia göstərilən hissədə rədd edilməlidir.

31. Məhkəmə, eyni zamanda, qeyd edir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Ona görə də, məhkəmə hesab edir ki,tərəflər arasında bağlanmış müqavilədə tərəflər arasında bağlanmış müqavilə üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı AR MM-nin 445.7-ci maddəsinə istinad etməklə cavabdehdən faiz məbləği tələb etməkdə haqlı olmamışdır.

Məhkəmə xərcləri:

32. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 147,40 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməli, qalan 43,60 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

Nəticə:

33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia qismən təmin edilsin. Cavabdehndən 18234,84 manat məbləğində əsas borc, 900 manat məbləğində cərimə olmaqla, cəmi 19134,84 (on doqquz min bir yüz otuz dörd manat, səksən dörd qəpik) və ödənilmiş dövlət rüsumuna görə 147,40 (bir yüz qırx yeddi manat, qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 43,6 (qırx üç manat, altmış qəpik) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar