Məhkəmə qərarları › İş №e-2-2(121)-1158/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1158/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1158/2025 15.05.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdehnə qarşı “pul tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:

1. İddiaçı X1 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə verilmiş tikinti materiallarının dəyəri olan 58248,57 manat qəpik borcun, müqavilənin şərtlərinə uyğun olaraq 9192 manat cərimənin, 29126,40 manat dəyərində əldən çıxmış faydanın və dövlət rüsumu olaraq ödənilmiş 379,70 manat alınaraq mənə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdehn direktoru X6 ilə aramızda 02 iyul 2024-cü il tarixdə “malların alqı-satqısına” dair 7/24 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1.2.-ci bəndinə əsasən malların xüsusiyyətləri (malın növü, çeşidi, tərkibi, rəngi və s.) tərəflər arasında əvvəlcədən razılaşdırılır, 4.2-ci bəndinə əsasən satıcı malın təhvil verilməsi ilə birlikdə elektron qaimə (e-qaimə) alıcıya təqdim edir. Müqavilənin 5.1-ci bəndində göstərilir ki, alıcı tərəfindən malın dəyərinin 30% avans ödənilir və alıcı sifariş olunan mal təqdim edilidikdən və satıcının təqdim etdiyi e-qaiməni aldıqdan sonra 45 gün ərzində təqdim olnan malın tam məbləğini köçürmə yolu ilə hesablaşma hesabına köçürməlidir. Həmin müqavilənin 5.4-cü maddəsinə görə müqavilənin 5.1-ci maddəsində göstərilmiş müddət ərzində ödəniş həyata keçirilmədikdə, gecikdirilmiş hər gün üçün 0.1% cərimə ödənilir. Bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq xx.xx.2024-cü il tarixli X2u və malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə 10323181 nömrəli elektron qaimə-faktura ilə bir kv.m-nin dəyəri 12 manat olmaqla 1612.8 kv.m, ümumilikdə ƏDV məbləği ilə birlikdə 22837,24 dəyərində daş yunu (İzovat Fasad), xx.xx.2024-cü il tarixli X2u və malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə 11993344 nömrəli elektron qaimə-faktura ilə bir kv.m-nin dəyəri 12 manat olmaqla 2500.8 kv.m, ümumilikdə ƏDV məbləği ilə birlikdə 35411,32 manat dəyərində daş yunu (İzovat Fasad) tərəfindən Cavabdeh MMC-nin direktoru X4 təhvil verilmişdir. Təhvil-təslim aktları hər iki tərəfdən imzalanmaqla möhürləri ilə möhürlənmişdir. Qeyd edilən mallara görə cəmi 58248,57 manat borc yaranmışdır. Cavabdeh MMC-yə verilmiş malın dəyərinin ödənilməsi barədə dəfələrlə şifahi olaraq X4 deyilməsinə, yazılı pretenziya verilməsinə baxmayaraq ödəniş həyata keçirilməmiş, müxtəlif bəhanələrlə günü-günə sataraq vaxt udmuşlar. Malın dəyərinin vaxtında ödənilməməsi kommersiya fəaliyyətimə ciddi zərər vurmuş, digər kommersiya fəaliyyəti ilə məğul olan şəxslər və təşkilatlar qarşısındakı öhdəliklərimə maneələr yaratmışdır, o cümlədən əldən çıxmış faydanın miqdarı minimum hesablamalarla 29126,40 manat olmuşdur. Belə ki, borcun dövriyyədə istifadə olunan hissəsi minimum 50% olaraq hesablandıqda, 58248.576 manat x50% = 29124.288 manat,bir dövriyyədə idxal edilə bilən materialın miqdarı: 29124.288 manat ÷ 9.60 manat (malın 1 kv.m-nin dəyəri) = 3,034 kv.m, hər dövriyyədə əldə ediləcək mənfəət: 3,034 kv.m.× 2.40 manat (12 manat malın satış qiyməti - 9.60 manat (malın maya dəyəri)) = 7,281.60 manat dövriyyə sayını isə minimum olaraq 4 dövr üzrə hesablasaq ümumi mənfəət: 7,281.60 × 4 = 29,126.40 manat edir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iclasında iştirak edən X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdİ və məhkəmənin suallarına cavabında əlavə olaraq bildirdi ki, cavabdeh müqavilədə nəzərdə tutulmuş avans məbləği də ödənilməmişdir. Əgər cavabdeh bu ödənişləri etmiş olsaydı bu barədə sübutları keçən müddət ərzində məhkəməyə təqdim edərdi. O, ortaq tanışlarına görə cavabdeh tərəfə inanmış və malları nisyə satmışdır. Əldən çıxmış fayda ilə bağlı isə onun məhkəməyə təqdim edə biləcəyi mötəbər sübutu yoxdur.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

6. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

İddia ərizəsinə etiraz:

7. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

8. X5 (“Satıcı”) ilə Cavabdeh MMC (“Alıcı”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 7/24 nömrəli Alqı-Satqı Müqaviləsinin: -1.1-ci bəndinə əsasən, “Satıcı” “Alıcı”ya “Daş yunu” məhsulu (bundan sonra “Mal”) satır, Alıcı isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı"ya ödəyir; -2.3-cü bəndinə əsasən, Malın qiyməti sabitdir və hər hansı bir dəyişikliyə məruz qala bilməz; -3.1.1-ci bəndinə əsasən, Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini “Alıcı”dan tələb etmək; -4.2-ci bəndinə əsasən, “Satıcı” Malın təhvil verilməsi ilə birlikdə elektron qaimə (eqaimə) “Alıcı”ya təqdim edir; -5.1-ci bəndinə əsasən, müqaviləyə əsasən malın dəyərinin 30% avans verilir və “Alıcı” sifariş olunan mal təqdim edildikdən və satıcının təqdim etdiyi e-qaiməni aldıqdan sonra 45 gün ərzində təqdim olunan malın tam məbləğini köçürmə yolu ilə hesablaşma hesabına köçürməlidir; -5.4-cü yarımbəndinə əsasən, müqavilənin 5.1-ci bəndində göstərilmiş müddət ərzində ödəniş həyata keçirmədikdə gecikdirilmiş hər gün üçün 0.1% cərimə ödənilir.

9. İş materiallarında olan xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalardan görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 58548,56 məbləğində inşaat materialları təqdim edilmişdir.

10. İş materiallarında olan X5 və Cavabdeh MMC tərəfindən təsdiqlənmiş 04 iyul 2024-cü il tarixli “Malların Təhvil-Qəbul aktlar”ına və “X2”larına əsasən 22837,25 manat (19353,60+3483,65 ƏDV) və 30 iyul 2024-cü il tarixli “Malların Təhvil-Qəbul akt”ına əsasən 35411,33 manat (30009,60+5401,73 ƏDV) olmaqla, ümumilikdə 58248,58 manat məbləğində Mallar (daş yunu) “Alıcı”ya təhvil verilmişdir.

11. İş materiallarında olan 21-27 iyun 2024-cü ildə Ukraynadan gətirilən mallar üzrə dəyərinin hesablanması cədvəlindən görünür ki, həmin malların dəyəri 39059,92 manat (33188,70+5871,22 ƏDV) məbləğində hesablanmışdır.

12. İş materiallarında olan X5 Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, X5 ilə Cavabdeh MMC arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış borcun 3 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC məlumatlandırılmışdır.

13. ********** nömrəli qəbzdən görünür ki iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 380 manat dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə əsasən, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmaına dair” 09 iyul 2009-cu il tarixli plenumunun qərarı:

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Resoublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

18. Məhkəmə iddiaçını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.

19. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, hazırki iş üzrə iddiaçı ilə cavabdeh arasında etibarlı şəkildə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Ona görə ki, tərəflər arasında bağlanmış müqavilədən göründüyü kimi iddiaçı həmin müqavilədə müəyyən edilmiş şərtlər əsasında, malları cavabdehə verməyi, cavabdeh isə həmin malları qəbul etməyi və müəyyən edilmiş məbləği ödəməyi öhdələrinə götürmüşlər.

20. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə “Satıcı”ya aid öhdəliklərin lazımınca yerinə yetirilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, alqı-satqı müqaviləsi tələb olunan borcun ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, alqı-satqı müqaviləsi üzrə öhdəliyin cavabdeh tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.

21. Eyni zamanda iş materiallarında olan elektron qaimələr, həmçinin təhvil-təslim aktları və qiymətlərin razılaşdırılması protokolları iddiaçı X5 tərəfindən 58248,57 manat dəyərində malların Cavabdeh MMC-yə təhvil verilməsini təsdiq edir.

22. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə cavabdehə qarşı hazırki iddia tələbini irəli sürmək hüququ vermişdir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 58248,57 məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

23. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, Azərbaycan Respublikasının Mülki qanunvericiliyində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Tərəflər arasında bağlanmış müqavilənin 5.4-cü bəndinə əsasən, cavabdeh müqavilədə göstərilən müddətdə malın dəyərinin tam ödənilməsi gecikdirildikdə cərimə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İşin halları ilə Cavabdeh MMC tərəfindən öhdəlik götürdüyü müddətdə ödənişin gecikdirildiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə borcu azaldılaraq 4000 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar.

24. Məhkəmə iddiaçı tərəfindən 29126,40 manat məbləğində əldən çıxmış fayda borcuna münasibətdə qeyd edir ki, iddia bu hissədə əsassızdır. Ona görə ki, iddiaçı iddianı qeyd olunan hissədə təsdiq edə biləcək hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

25. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan mövqeyindən çıxış edərək hesab edir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı cavabdehin onun pul vəsaitini qanunsuz saxlamasını, onu qaytarmaqdan boyun qaçırmasını, onun ödənilməsini digər şəkildə gecikdirməsini və ya pul vəsaitini əsassız əldə etməsini və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etməsini sübut etməlidir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlirin, artım, bəhər və ya sair maddi xeyir qazanması iş materialları ilə sübuta yetirilmədiyindən, iddia göstərilən hissədə rədd edilməlidir.

Məhkəmə xərcləri:

26. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumuna görə 276,75 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş qalan 103,24 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

Nəticə

27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

q ə t e t d i:

İddia qismən təmin edilsin. Cavabdehndən 58248,57 manat məbləğində əsas borc, 40000 manat məbləğində cərimə olmaqla, cəmi 62248,57 (altmış iki min iki yüz qırx səkkiz manat, əlli yeddi qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 276,75 (iki yüz yetmiş altı manat, yetmiş beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı X3 ödənilsin. İddia qalan hissdə təmin edilməsin Ödənilmiş qalan 103,24 ( bir yüz üç manat, iyirmi dörd qəpik) manat dövlət rüsumu iddiaçı X1 özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar