Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-116/2025 28.01.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC və Cavabdeh arasında 6 oktyabr 2023-cü il tarixdə bağlanmış malların alqı-satqısına dair 008 nömrəli müqaviləyə əsasən ödənilməli olan 5322 ( beş min üç yüz iyirmi iki ) manat pulun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 73,22 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh arasında 6 oktyabr 2023-cü il tarixdə bağlanmış malların alqı-satqısına dair 008 nömrəli müqaviləyə əsasən “Satıcı” (İddiaçı MMC) tərəfindən müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmalarda və dövri şəkildə verilən sifarişlərlə razılaşdırılmış miqdarda, çeşiddə, adda, keyfiyyətdə malı “Alıcı”ya (Cavabdeh) təhvil verir, “Alıcı” isə razılaşdırılmış miqdarda, assortimenttə, keyfiyyətdə malı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilənin 5.1-ci bəndində ödəniş qaydası razılaşdırılmışdır. Həmin müddəaya görə mal alıcıya təhvil verildikdən 10 gün ərzində alıcı malın dəyərinin 100% həcmində ödəniş etməlidir. Müqavilə üzrə hesablaşmalar nağd qaydada və ya köçürmə yolu ilə həyata keçirilir. Qeyd edilən müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş 5322 ( beş min üç yüz iyirmi iki ) manat dəyərində malın dəyəri müqavilənin 5.1-ci bəndində olan şərtlərə uyğun olaraq bu günədək ödənilməmişdir. Bununla bağlı cavabdehlə dəfələrlə danışıq aparılmış, eyni zamanda cavabdehin qeydiyyatda olduğu ünvana xəbərdarlıq bildirişi göndərilmiş, lakin hər hansı adekvat addım atılmamışdır. Bu isə satıcının maddi ziyana məruz qalması və hüquqlarının pozulması ilə nəticələnir. Müqavilə öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməməsi iqtisadi dövriyyənin sabitliyinə xələl gətirməklə yanaşı, iqtisadi dövriyyə subyektlərinin bir-birinə olan etimadının azalmasına və digər fəsadlara yolaçır. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, cavabdehə təhvil verilmiş malların pullları və məcburi vergi ödənişləri iddiaçı tərəfindən ödənilmişdir. Bu vəziyyətdə iddiaçı yeni malın alınmasını təmin edə bilmir. İddiaçı nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların işitrakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, həmçinin bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 6 oktyabr 2023-cü il tarixli 008 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, “Satıcı” “Alıcı”ya ət məhsulları (bundan sonra “Mal”) satır, “Alıcı” isə malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “Satıcı”ya ödəyir. 5.1-ci bəndinə əsasən, mal “Alıcı”ya təhvil verildikdən 10 gün ərzində “Alıcı” malın dəyərinin 100% həcmində ödəniş etməlidir İş materiallarında olan xx.xx.2024-cü il tarixli elektron qaimənin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh göndərilmiş malların ümumi dəyəri 5322,05 manat təşkil etmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, həmin qərarla İddiaçı nümayəndəsinin Cavabdeh hərəkətlərindən şikayətə dair ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 6 oktyabr 2023-cü il tarixli 008 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış 5322 manat məbləğində borcunun 5 gün müddətində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (alğı-satqı müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını mübahisəsiz şəkildə şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tədarük etdiyi malları cavabdehin sifarişi ilə razılaşdırılmış miqdarda cavabdehə təqdim etməklə onun mülkiyyətinə verməyə, cavabdeh isə təhvil aldığı malların qiymətini təşkil edən pul vəsaitini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gələrək bu barədə müqavilə bağlamışlar. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərinə yerinə yetirərək sifariş olunan malları cavabdehə təhvil verdiyini, cavabdehin isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alğı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-cı paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 600-cü maddələrində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə qeyd edilən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 570.1 və 570.1.1-ci maddələrinə əsasən, müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda satıcının əşyanı alıcıya vermək vəzifəsi icra edilmiş sayılır. Alqı-satqı müqaviləsinə verilən leqal tərifdən, həmçinin alqı-satqı müqaviləsi üzrə satıcının vəzifələrini müəyyən edən normaların tələblərindən göründüyü kimi qeyd edilən müqavilənin iştirakçılarının əsas öhdəlikləri satıcıya münasibətdə müqavilənin obyekti olan əşyanı alıcının mülkiyyətinə verməkdən, alıcıya münasibətdə isə həmin əşyanın dəyərini ödəməkdən ibarətdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilikdə sübutetmə yükünün bölüşdürülməsi prinsipinin tələblərinə görə alqı-satqı müqaviləsinin iştirakçıları arasında mübahisə yarandığı təqdirdə müqavilənin obyekti olan əşyanın qarşı tərəfin mülkiyyətinə verilməsini (əşyanın təhvil verilməsini) sübut etmək vəzifəsi satıcının üzərinə düşür. Məhkəmə, lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin məhkəmə iclaslarında iştirak etməməsini, həmçinin cavabdehin iddia tələbinə münasibətini bildirməməsini nəzərə alaraq qeyd edir ki, mübahisə işdə olan sübut qismində təqdim edilmiş sənədlərin qiymətləndirilməsi yolu ilə həll edilməlidir. Məhkəmə onu da vurğulayır ki, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən yazılı müqavilə mövcud olduğuna, iddiaçının hazırki tələblə çıxış etməsi üçün subyektiv hüququnun həmin müqavilə üzrə cavabdehin öhdəliklərini yerinə yetirməməsi nəticəsində yarandığı iddia edildiyinə görə, iddia tələbinin faktiki əsası kimi istinad edilən hallar qeyd edilən müqavilə şərtləri əsas götürülərək qiymətləndirilməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarında da göstərilir ki, “Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.” Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən hazırki müqavilə ilə təchiz olunan malların növü, çeşidi, rəngi, digər əlamətləri Hesab Faktura və Təhvil-Təslim aktı ilə müəyyən olunur, malın qiyməti və miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan Hesab Faktura ilə müəyyənləşdirilir, həmçinin malın müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə alıcının mülkiyyətinə vermək satıcının vəzifəsi kimi nəzərdə tutulur. Məhkəmə müəyyən edir ki, yuxarıda göstərilən müqavilə şərtlərinə baxmayaraq iddiaçı tərəfindən malların cavabdehin mülkiyyətinə verilməsini təsdiq edən hər hansı bir sübut iddia ərizəsinə əlavə olunmamış, məhkəmə prosesinin gedişində də iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Halbuki, yuxarıda şərh olunduğu kimi alğı-satqı obyekti olan malların cavabdehə təhvil verilməsi iddiaçının müqavilə üzrə əsas öhdəliyini təşkil edir. Buna görə də mübahisə olduğu təqdirdə həmin xüsusatı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə onu da qeyd edir ki, iddianın əsaslı hesab edilə bilməsi üçün mübahisə obyekti olan malların cavabdehə təhvil verilməsi, onun mülkiyyətinə keçirilməsi faktı ən başlıca sübutetmə predmetidir. Bu faktın sübuta yetirilə bilinməməsi halında heç bir şəkildə iddianın uğurluluq ehtimalından söhbət gedə bilməz. Məhkəmə bir daha qeyd edir ki, tərəflər arasında imzalanmış müqavilədə tərəflərin qarşılıqlı razılığa gələrək şərtləşdirdikləri qaydaya əsasən, alğı-satqı obyekti əşyanın təhvil verilməsi təhvil-təslim aktı və ya digər sənədllərlə rəsmiləşdirilməli idi. Lakin iş materiallarında belə təhvil-təslim aktı, hesab faktura və s. mövcud deyildir və məhkəmə prosesinin gedişində iddiaçı tərəfindən adı çəkilən sənəd və ya bu faktı təsdiq edə biləcək digər dəlil məhkəməyə təqdim edilməmişdir. Məhkəmə müəyyən edir ki, iddiaçı 5322 manat məbləğində malın cavabdehə təhvil verilməsini dair tələbinin faktiki əsası kimi yalnız cavabdehə göndərilmiş elektron qaiməyə istinad edir. İddiaçının bu arqumenti ilə əlaqədar məhkəmə qeyd edir ki adı çəkilən elektron qaimə-faktura öz-özlüyündə iddia edilən məbləğdə malların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi faktını sübut etmək üçün kifayət hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” nın: 1.2-ci bəndinə əsasən, elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir; 2.5.3-cü yarımbəndinə əsasən, elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaiməfakturanın “Əsas” sətrində qeyd olunur; 3.2-ci bəndinə əsasən, elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir; 3.4-cü bəndinə əsasən, bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir. “Qaydalar”ın qeyd olunan bəndlərinə əsasən müəyyən edilir ki, elektron qaiməfaktura Azərbaycan Respublikasının Vergi Məcəlləsinin məqsədləri üçün vergi ödəyicisi olan fiziki və hüquqi şəxslər arasında mal dövriyyəsinin, görülən iş və xidmətlərin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. “Qaydalar”ın 2.5.3-cü bəndinin tələblərindən və “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfaktura”nın forma və məzmununu müəyyən edən “Qaydalar”a 1 nömrəli Əlavədən görünür ki, elektron qaiməfaktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları və s.) əsasında doldurulur və onun hansı əsasla tərtib edilməsi elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur. Məhkəmə qeyd edir ki, baxılan işdə istinad olunan elektron qaimə-fakturadan görünür ki, həmin qaimədə malların faktiki olaraq daşınaraq cavabdehə təhvil verilməsi və cavabdeh tərəfindən həmin malların alınması öz əksini tapmamışdır. İddiaçının istinad etdiyi həmin elektron qaimənin “Əsas” sətrində (qrafasında) malların təhvil verilməsi və qəbul edilməsi barədə sənədin adı və digər rekvizitləri göstərilməmişdir. Həmçinin elektron qaimənin məzmunu malların təhvil verilmə faktını təsdiq etmir. Buna görə də, həmin elektron qaimə, tərəflər arasında imzalanmış müqavilənin, malların iddiaçı tərəfindən cavabdehə çatdırılaraq təhvil verilməsi və malların cavabdeh tərəfindən qəbulu qaydasını və şərtlərini tənzimləyən müvafiq bəndlərində nəzərdə tutulan malların qəbulu və təhvil təslim aktını əvəz edə bilməz. Məhkəmə hesab edir ki, müqavilə şərtlərinə uyğun olaraq malların təhvil-təslim edilməsinə dair müvafiq qaydada tərtib və təsdiq olunan sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyinə, həmçinin tərəflərin şərtləşdirdikləri kimi müqavilə üzrə ödənişin malların təhvil verilməsindən və realizə edilməsindən sonra qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçiriləcəyi nəzərdə tutulduğuna görə, iddiaçının istinad etdiyi elektron qaimədə malların təhvil verilməsi öz təsdiqini tapmalı idi. İstinad olunan elektron qaimədə isə göstərilən məbləğdə malların cavabdehə təhvil verilməsi öz təsdiqini tapmamışdır. Buna görə də, özündə ödəniləcək pul vəsaitinin məbləğləri barədə məlumatı əks etdirən və heç bir halda tərəflər arasında imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq malların həqiqətən də təhvil verilməsinə dair məlumatları ehtiva etməyən elektron qaydada tərtib edilmiş qaimə ilə iddia edilən məbləğdə malların cavabdehə təhvil verilməsinin müəyyən olunması mümkün deyildir. Məhkəmə qeyd edir ki, bir tərəfin digər tərəfə göndərdiyi elektron qaimə-fakturanın mötəbər və yetərli sübut vasitəsi kimi malların verilməsi, iş görülməsi və ya xidmət göstərilməsini təsdiq etmək üçün kifayət etmədiyi, “HTM Holding" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli Qərarında da qeyd edilmişdir. Belə ki, adı çəkilən Qərarda əks edilmiş hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Məhkəmə, iddia tələbini qismən əsaslı hesab edərkən cavabdehin polis orqanında verdiyi izahatını yetərli və mötəbər sübut kimi qəbul edir. Belə ki, işdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Cavabdeh verdiyi izahatında iddiaçı ilə alver etdiyini və iddiaçıya 4900 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, cavabdehin etirafını və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən alınan malların qiymətini təşkil edən 4900 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Həmin məbləğdə borcun iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin qeyd olunduğu kimi cavabdeh iddiaya qarşı etiraz verməmiş və ya iddia tələbinin əsassızlığına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu halda məhkəmə 4900 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alğısatqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddiaçı tərəfindən ödənilmiş 73,22 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 06 oktyabr 2023-cü il tarixli, 008 nömrəli alqı-satqı müqaviləsi üzrə 4900 manat məbləğində borc və ödənilmiş 73,22 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 4973,22 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-116/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-116/2025
28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver