Məhkəmə qərarları › İş №e-2-2(121)-1169/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1169/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1169/2024 11.06.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Balayeva Sevinc Natiq qızının katibliyi ilə İddiaçı “X2 Kompleksi” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 11.691,80 manat, hesablanmış cərimə borcuna görə 2.338,36 manat və ödənilmiş dövlət rüsumuna görə 132,09 manat olmaqla cəmi 14.162,25 manat pulun cavabdehdən alınaraq “X2 Kompleksi” MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Alıcı qismində (İddiaçı) “X2 Kompleksi” MMC, tədarükçü qismində “X2 Kompleksi” MMC-nin “X1 və Tədarükü Məntəqəsi” filialı və fermer (Cavabdeh) Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 185 saylı xampambığın alğı-satqı müqaviləsinə əsəsən cavabdeh öhdəsində olan 19.80 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya (Alıcıya) satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 11691,80 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh üzərinə götürmüş öhdəliyi tam şəkildə icra etməmişdir. Beləliklə, cavabdeh tərəfindən 2021-ci il mövsümü üzrə xx.xx.2020-ci il tarixli, 185 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 11691,80 manat borcu qalmışdır. Bundan əlavə, Müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 650 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 2338,36 manat təşkil edir. Verilməmişdir: 11691,80 manat х 20% = 2338,36 manat. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə, həmçinin elektron kargüzarlıq sistemi üzərindən cavabdehə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq məsələnin məhkəmədən kənar həllinə heç bir təşəbbüs göstərilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Həmçinin, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, iddianın təmin edilməsi barədə iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “X2 Kompleksi” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, “2021-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair” 185 saylı müqavilədən görünür ki, həmin müqaviləyə əsasən cavabdeh öhdəsində olan 19,80 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam-pambıq istehsal etməklə iddiaçıya (Alıcıya) satmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Üzləşmə Aktı”ndan görünür ki, xx.xx.2020-ci il tarixli, 185 nömrəli birgə fəaliyyət və məhsulun alqı-satqısı haqqında müqavilə üzrə xx.xx.2022-ci il tarixə fermer Cavabdeh 11.691,80 manat borcunun olması müəyyən edilmişdir. “Üzləşmə Aktı” Cavabdeh tərəfindən imzalanmışdır. İşdə olan “X2 Kompleksi” MMC tərəfindən tərtib edilmiş maliyyə arayışında qeyd edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında imzalanmış müqaviləyə əsasən, Cavabdeh 11.691,80 manat borcu qalmışdır. İş materiallarında olan “X2 Kompleksi” MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2024cü il tarixli pretenziya məktubundan görünür ki, xx.xx.2020-ci il tarixli, 185 saylı xampambığın alqı-satqı müqaviləsinə əsasən 11.691,80 manat məbləğində borcu olması və borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh xəbərdar edilmişdir. İş materiallarında olan “Asan ödəniş” sistemindən çıxarışdan görünür ki, “X2 Kompleksi” MMC tərəfindən 133 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, “X2 Kompleksi” MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 185 saylı 2021-ci il mövsümü üzrə xam-pambığın alqısatqısına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, istehsalçı mülkiyyətində olan və ya icarə (istifadə) müqaviləsi əsasında istifadə etdiyi 19,80 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal edib "xxxx"nın mülkiyyətinə verməyi, MMC isə bu müqavilə üzrə “Fermer”ə (istehsalçıya) avans vəsaitlər verməyi və tədarük edilən xam pambığın dəyərini “Tədarükçü” vasitəsi ilə həyata keçirməyi öhdəsinə götürmüşdür. Bağlanmış xx.xx.2020-ci il tarixli, 185 saylı müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən Cavabdeh işlərin görülməsi üçün 11.691,80 manat məbləğində avans ayrılmışdır. İddiaçı tərəfindən bağlanmış müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, iddiaçıya müqavilə üzrə cəmi 11.691,80 manat borcu qalmışdır. Göründüyü kimi tərəflər arasında xam-pambığın alqı-satqısına dair müqavilə bağlanmış, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirsə də cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.4-cü maddəsinə görə tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Qeyd olunan Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Bundan əlavə, məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli üzləşmə aktı imzalanmışdır. Həmin akta əsasən xx.xx.2022-ci il tarixə fermer Cavabdeh "xxxx" MMC-yə 11.691,80 manat borcunun olması müəyyən edilmişdir. Həmin üzləşmə aktı Cavabdeh tərəfindən imzalanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş və tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 185 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehin 11.691,80 manat məbləğində borcunun olduğu iş materialları ilə tam sübuta yetirilir. Bununla belə, iddiaçı tərəfindən avans vəsaitlərin verildiyini təkzib edən, o cümlədən qeyd olunan borcun tam və ya qismən ödənildiyini təsdiq edən mötəbər sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehdən 11.691,80 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, iddianın 1.771 manat cərimənin cavabdehdən tutulması hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 185 saylı müqaviləsinə əsasən, cavabdeh üzərinə götürdüyü öhdəlikdən az miqdarda xam-pambıq təhvil verərsə və götürdüyü avans üzrə borclu qalarsa, təhvil verilməyən xam pambığın dəyərinin 20%-i həcmində (xam pambığın 1-ci növ qiyməti ilə) cərimə ödənilməsini öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə hazırkı iş üzrə borcun 11.691,80 manat təşkil etməsini, iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 120 manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın “dövlət rüsumu kimi ödənilmiş 133 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin qismən əsaslıdır. Belə ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 111,20 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 11.691,80 manat əsas borc, 120 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi 111,20 manat olmaqla, ümumilikdə 11.923 (on bir min doqquz yüz iyirmi üç) manat məbləğində pul tutularaq iddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia 2.218,36 manat cərimə borcunun və 20,89 manat dövlət rüsumunun cavabdehdən tutulması hissələrində təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar