Məhkəmə qərarları › İş №e-2-2(121)-118/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-118/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-118/2023 07.03.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdehnə qarşı pul tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli 959-GL/18 nömrəli müqavilə üzrə yaranmış 5 486,00 (beş min dörd yüz səksən altı) manat gecikdirilmiş borcu və hesablanmış 2 854,75 (iki min səkkiz yüz əlli dörd manat 75 qəpik) manat cərimə məbləğini, eləcə də xx.xx.2017-ci il tarixli 1242-GL/17 nömrəli müqavilə üzrə yaranmış 3 155,00 (üç min bir yüz əlli beş) manat gecikdirilmiş borcu və hesablanmış 1 413,86 (bir min dörd yüz on üç manat 86 qəpik) manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz ) manat və 200 ( iki yüz) manat çəkilmiş mediasiya xərcinin, cəmi: 13.409,61 (on üç min dörd yüz doqquz manat 61 qəpik) manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 959-GL/18 nömrəli və xx.xx.2017-ci il tarixli 1242-GL/17 nömrəli müqavilələrə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2018-ci il tarixli 959-GL/18 nömrəli müqavilə üzrə yaranmış 5 486,00 (beş min dörd yüz səksən altı) manat gecikdirilmiş borcu və hesablanmış 2 854,75 (iki min səkkiz yüz əlli dörd manat 75 qəpik) manat cərimə məbləğini, eləcə də xx.xx.2017-ci il tarixli 1242-GL/17 nömrəli müqavilə üzrə yaranmış 3 155,00 (üç min bir yüz əlli beş) manat gecikdirilmiş borcu və hesablanmış 1 413,86 (bir min dörd yüz on üç manat 86 qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdehlə mübahisənin məhkəməyədək həll olunması üçün mediasiya proseduruna iddiaçı tərəfindən əməl olunmaqla Mediasiya Şurasına müraciət edilmiş və nəticədə ilk mediasiya sessiyasında iştirak edilməməsi barədə mediatorun MŞB/12-00109 saylı, xx.xx.2022- ci il taixli arayışı təqdim edilmişdir. Sonradan iddiaçı “iddia tələbinin azaldılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli 959-GL/18 nömrəli müqavilə üzrə hesablanmış 2 854,75 (iki min səkkiz yüz əlli dörd manat 75 qəpik) manat cərimə məbləğini, eləcə də xx.xx.2017-ci il tarixli 1242-GL/17 nömrəli müqavilə üzrə hesablanmış 1 413,86 (bir min dörd yüz on üç manat 86 qəpik) manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz ) manat və 200 (iki yüz) manat çəkilmiş mediasiya xərcinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 izahat verərək müqavilələr üzrə hesablanmış cərimə məbləğinin şişirdildiyini qeyd edərək məhkəmədən qanuna müvafiq qaydada qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Həmçinin, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bütün sübutların məhkəməyə elektron qaydada təqdim edildiyini və iddianın təmin edilməsi barədə iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh MMC arasında xx.xx.2017-ci il tarixli, 1242-GL/17 saylı "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikası mülkiyyət hüququnun istifadəçiyə keçməsi şərti ilə cavabdehin istifadəsinə verilmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixli, 959-GL/18 saylı "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikası mülkiyyət hüququnun istifadəçiyə keçməsi şərti ilə cavabdehin istifadəsinə verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 1242-GL/17 saylı müqaviləyə əsasən Cavabdeh MMC-nin həmin müqavilə üzrə 3.155 manat gecikdirilmiş əsas borc və 1.413,86 manat cərimə borcu vardır. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 959-GL/18 saylı müqaviləyə əsasən Cavabdeh MMC-nin həmin müqavilə üzrə 5.486 manat gecikdirilmiş əsas borc və 2.854,75 manat cərimə borcu vardır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, "xxxx" ASC ilə bağlanmış müqavilələrə əsasən borc yaranmışdır. Həmin vəsaitin qısa zaman ərzində ödənilməsi xahiş edilmişdir. Əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2017-ci il tarixli, 1242-GL/17 saylı müqavilə üzrə 3.500 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin müvafiq bank hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2018-ci il tarixli, 959-GL/18 saylı müqavilə üzrə 4.884 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin müvafiq bank hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2018-ci il tarixli, 959-GL/18 saylı müqavilə üzrə 1046 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin müvafiq bank hesabına köçürülmüşdür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı xx.xx.2017-ci il tarixli, 1242- GL/17 saylı və xx.xx.2018-ci il tarixli, 959-GL/18 saylı lizinq müqavilələri üzrə hesablanmış cərimə borcunu cavabdehdən tələb etməkdə haqlıdır. Lakin, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx.xx.2020-ci il tarixli, 1137 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Fərmanın 2.2-ci bəndinə əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. İddiaçının cərimə borcu ilə bağlı tələbləri tərəflər arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, 1242-GL/17 saylı və xx.xx.2018-ci il tarixli, 959-GL/18 saylı lizinq müqavilələrindən irəli gəlir. Yəni, həmin müqavilələrin 4.2-ci bəndlərinə əsasən cavabdeh ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, iddiaçı cavabdehdən gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə ödəməyi tələb edə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə xx.xx.2017-ci il tarixli, 1242-GL/17 saylı müqavilə üzrə 150 manat və xx.xx.2018-ci il tarixli, 959-GL/18 nömrəli müqavilə üzrə 290 manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə, iddia tələbinin “hüquqi yardımla bağlı ödənilmiş 300 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, iddiaçının cavabdehə qarşı iddia ərizəsi üzrə hüquqi yardıma görə haqq 300 manat müəyyən olunmaqla Xırdalan şəhər Vəkil Bürosunun hesabına ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Qeyd edilənlərə əsasən, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını, o cümlədən hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğin müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, göstərilən məbləğ ağlabatan məbləğdə, yəni 200 manat məbləğində cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmçinin, məhkəmə hesab edir ki, 200 manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan 65,68 manat dövlət rüsumunun 7 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehndən xx.xx.2018-ci il tarixli, 959-GL/18 nömrəli müqavilə üzrə 290 manat cərimə borcu, xx.xx.2017-ci il tarixli, 1242-GL/17 nömrəli müqavilə üzrə 150 manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 200 manat və mediasiya xərci olaraq ödənilmiş 200 manat, ümumilikdə 840 (səkkiz yüz qırx) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. 7 (yeddi) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar