Məhkəmə qərarları › İş №e-2-2(121)-1180/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1180/2023

04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1180/2023 04.10.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı – alqı-satqı müqaviləsi üzrə yaranmış borc tələbinə dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 392 manat pulun, 40 manat mediasiya xərcinin, 400 manat vəkilə ödənilmiş pulun və qətnamə qanuni qüvvəyə minən günə qədər 0.05 faiz dəbbə pulu hesablanmaqla tutularaq İddiaçınə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 24/22 saylı xx.xx.2022-ci ildə cavabdeh “Salyan Clinic" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlanaraq klinika üçün tibbi ləvazimatlar alınmışdır. Müqavilə üzrə tərəfimizdən 392 manatlıq elektron qaimə əsasında mallar verilmişdir və mallar klinika tərəfindən təhvil alınmışdır və dəyəri ödənilməmişdir. Əlavə olaraq, nəzərinizə çatdırmaq istərdim ki, müqavilə lazımi qaydada qanunvericiliyin tələblərinə uyğun bağlanılmış, təqdim edilən malın dəyəri ödənilmədi halda hər gecikdirilıən gün üçün 0.05 faiz dəbbə pulu hesablacağı razılığına gəlinmişdir. Bu barədə tərəfimizdən mediasiya müraciət edilmiş və Salyan 1 saylı Mediasiya təşkilatında işə baxılmış və razılaşma əldə edilmədiyindən 40 manat mediasiya xərci ödənilmişdir. Vəkillə müqavilə bağlanılaraq hüquqlarımızın müdafiəsi üçün 400 manat vəsait ödənilmişdir. Daha sonra tərəfimizdən pretenziya məktubu elektron məhkəmə vasitəsilə göndərilmişdir: Qanunvericiliyin tələbinə uyğun 392 manat pulun, 40 manat mediasiya xərci, 400 manat vəkilə ödənilmiş pulun və pul qaytarılan günə qədər dəbbə pulu hesablanmaqla mənə qaytarılmasını tələb edilmişdir. Pretenziya alındıqdan sonra malın təhvil götürülməsi və ilkin ödənişin qaytarılması üçün tələb edilən pulun qaytarılması 3 gün vaxt verildiyi bildirilməklə əks halda məsuliyyət daşımadığımızcavabdehin nəzərinə çatdırılmışdır. Amma nəticəsi olmamışdır. Göründüyü kimi cavabdehin bu hərəkətləri nəticəsində 392 manat, 40 manat mediasiya xərci, 400 manat vəkilə ödənilmiş pul maddi ziyan olmuşdur və qətnamə qanuni qüvvəyə minən günə qədər 0.05 faiz dəbbə pulu hesablanmaqla iddia təmin edilməlidir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1180/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Cavabdehin nümayəndəsi iddiaya dair etiraz təqdim edərək iddia tələblərini qəbul etmədiyini bildirmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bağlanmış müqavilə əsasında həmin MMC tərəfindən Cavabdeh MMC-yə yalnış reaktiv tibbi materiallar verilmiş, həkimimiz tərəfindən onlara verdikləri materialların yanlış olduğu bildirilməsinə baxmayaraq həmin MMC-nin nümayəndəsi özü şəxsən həmin reaktiv materialları klinikamızda olan tibbi aparata daxil etmiş, nəticədə klinikamıza məxsus dəyəri olduqca yüksək olan tibbi avadanlıq sıradan çıxmışdır. Bundan sonra Prestij Group MMC-dən həmin tibbi avadanlığı təmir etmələri, əvvəlki vəziyyətinə qaytarmaları tələb edilmiş, onlar aparatı klinikadan götürüb 2 günə düzəldib təhvil verəcəklərinə söz vermələrinə baxmayaraq 1 aydan çox vaxt keçdikdən sonra həmin aparatı təmir edə bilməyib eyni vəziyyətdə geri qaytarmış və aparatı xarab edib sonra təmir edə bilməyib geri qaytarmalarına baxmayaraq bizdən müqavilə üzrə 392 manat ödənişi tələb etmişlər. Həmin 392 manatın klinikamız üçün elə yüksək maddi dəyəri yoxdur, lakin Prestij Group MMC tərəfindən klinikamızda olan tibbi avadanlığın xarab edilməsi nəticəsində həmin aparat 1 aydan çox işləməmiş, daha sonra həmin tibbi avadanlıq tərəfimizdən texniki servisə müraciət edilməklə təmir edilmiş, bu təmir nəticəsində texniki servisə 1350 manat servis haqqı ödənilmişdir (qeyd edilənləri sübut edən sənədlər etiraza əlavə edilir). Göründüyü kimi, İddiaçı MMC-nin məsuliyyətsizliyi nəticəsində Cavabdeh MMC-yə 1350 manat servis xidmət haqqı, üstəgəl həmin avadanlığın 1 aydan çox işləməməsi nəticəsində əldən çıxmış fayda olmaqla xeyli miqdarda maddi ziyan dəymişdir. Odur ki, qeyd edilənlərə əsasən məhkəmədən iddia tələblərinin tam rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda, izahat verərək cavabdehin nümayəndəsinin etirazının əsassız olduğunu, avadanlıqların xarab olması ilə bağlı iddiaçıya heç bir rəsmi müraciət olunmadığını qeyd etdi. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, iddia ərizəsini və cavabdehin nümayəndəsinin iddiaya dair etirazını iş üzrə təqdim olunmuş sənədlərlə tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 24/22 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı hazırki müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qiymətlərin razılaşdırma protokollarında göstərilən malları razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı, alıcı isə həmin malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini müvafiq protokolda müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən satıcı malların aıcıya təhvil verilməsini tərəflər arasında müvafiq qaydada imzalanacaq təhvil-təslim aktı əsasında həyata keçirəcək. Qeyd olunan müqavilənin 3.5-ci maddəsinə əsasən alıcı malları təhvil aldıqdan sonra onların dəyərini 10 iş günü ərzində satıcıya ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 95/22 saylı hesab fakturadan görünür ki, xx.xx.2022-ci il tarixli, 24/22 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC-yə təqdim olunmuş malların dəyəri 392,28 manat təşkil edir. İşdə olan xx.xx.2022-ci il tarixli, 22-/271022 saylı təhvil-təslim aktından görünür ki, EBCİ seriyalı, 010053 nömrəli elektron-qaiməyə əsasən tərtib edilmiş təhvil-təslim aktı yalnız iddiaçının nümayəndəsi tərəfindən imzalanmışdır. İşdə olan EBCİ seriyalı, 010053 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimənin surətindən görünür ki, İddiaçı MMC tərəfindən 24/22 saylı müqaviləyə əsasən Cavabdeh MMC-yə 392,28 manat məbləğində tibbi avadanlıqlar təqdim edilmişdir. Həmin elektron qaimə cavabdeh tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı MMC tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 40 manat məbləğində mediasiya dair xərci ödəmişdir. İş materiallarında olan 332 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Salyan rayon Vəkil Bürosuna vəkil xidmətinin göstərilməsi üçün 400 manat məbləğində pul ödənilmişdir. Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, 24/22 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, satıcı hazırki müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qiymətlərin razılaşdırma protokollarında göstərilən tibbi avadanlıqları razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı, alıcı isə həmin malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini müvafiq protokolda müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Təqdim edilmiş mallara uyğun olaraq hesab-faktura və elektron-qaimə tərtib edilmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, iddiaçıya qeyd olunan müqavilə üzrə 392 manat borcu qalmışdır. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, mallar eyni zamanda Azərbaycan Respublikası Vergi Məcəlləsi və Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 26 saylı Qərarı ilə müəyyən olunmuş qaydalara uyğun təhvil verilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 71-1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim (tərtib) etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən elektron qaiməfaktura yalnız vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra – Portal) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən elektron qaimə-fakturanın hazırlanaraq qeydə alındığı (göndərildiyi) tarix həmin elektron qaiməfakturanın verilmə tarixi sayılır. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən elektron qaiməfaktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə mallar göndərməsəydi, cavabdeh iddiaçı tərəfindən göndərilmiş elektron qaiməni təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyildir. Bu hal isə cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Bununla yanaşı, hazırki iddia tələbi üzrə cavabdehin xx.xx.2022-ci il tarixli, 24/22 saylı alqı-satqı müqaviləsi əsasında 392 manat məbləğində malları təhvil aldığı cavabdehin yazılı etirazı ilə də öz təsdiqini tapır. Həmin etirazda iddiaçı ilə bağlanmış müqavilə əsasında həmin MMC tərəfindən Cavabdeh MMC-yə reaktiv tibbi materialların verildiyi qeyd edilmişdir. Məhkəmə, cavabdehin avadanlıqların keyfiyyətsiz olması barədə etirazında qeyd etdiyi hallara münasibət bildirərək qeyd edir ki, cavabdeh tibbi avadanlıqların keyfiyyətsiz olduğunu və ona maddi ziyan dəydiyini qeyd etsə də həmin halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qeyd etdiyi hüquqi mövqeyə görə mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin Qərarda qeyd edilən digər hüquqi mövqeyə görə sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Bundan əlavə, məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış sözügedən müqavilənin 4.3.2-ci bəndində alıcı hazırki müqaviləyə əsasən təchiz olunan malların miqdarı, çeşidi, keyfiyyəti və digər şərtlərinin satıcı tərəfindən pozulması halları barədə satıcını 5 təqvim günü ərzində məlumatlandırmaq cavabdehin öhdəliklərindən biri kimi müəyyən olunmuşdur. Lakin, işdə olan sənədlərdən cavabdehin müqavilənin müvafiq şərtinə uyğun olaraq iddiaçını məlumatlandırması müəyyən olunmur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh etirazın əsaslılığına dair məhkəməyə hər hansı mötəbər sübutlar təqdim etmədiyindən cavabdehin etirazı əsassızdır. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh tərəflər arasında olan müqavilə əsasında iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malların qiymətini ödəməli olmasına dair öhdəlik götürmüşdür. Cavabdeh qeyd olunan müqavilə əsasında mal almasına dair hüququndan istifadə etsə də, həmin malların dəyərini cavabdehə ödəməmişdir. Odur ki, iddiaçı ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də, iddia əsas borcun ödənilməsi hissəsində təmin edilərək, 392 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə, həmçinin iddia tələbinin “qətnamə qanuni qüvvəyə minən günə qədər 0.05 faiz dəbbə pulu hesablanması” hissəsini araşdırıb hesab edir ki, həmin tələb qeyrimüəyyən olduğundan təmin oluna bilməz. Çünki, belə bir tələbin təmin edilməsi gələcəkdə məhkəmə qətnaməsinin icrası mərhələsində qeyri-müəyyənlik yaradacaqdır. Məhkəmə, həmçinin iddianın 40 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, iddia tələbinin “hüquqi xidmətə görə ödənilmiş 400 manat pulun cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Qeyd edilənlərə əsasən, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını, o cümlədən hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğin müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, 200 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehndən 392 manat məbləğində əsas borc, 40 manat məbləğində mediasiya xərci və vəkilə ödənilmiş 200 manat olmaqla, ümumilikdə 632 (altı yüz otuz iki) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar