Məhkəmə qərarları › İş №e-2-2(121)-1222/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1222/2022

29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-1222/2022 29.06.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, İddiaçı Cavabdeh qarşı – pul tələbi üzrə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 800 manat məbləğində borcun, 100 manat cərimənin və 2 X2 ödənilmiş 50 manat rüsumunun tutulması barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi, qiymətlərin razılaşma protokolu və təhvil-təslim aktı imzalanmışdır. Cavabdeh fərdi sahibkardır və malı bizdən sahibkarlıq fəaliyyəti ilə əlaqədar almışdır. İddia ərizəsi, maliyyə arayışı, mediasiya arayışı, mediasiyaya ödənilmiş rüsumun qəbzi cavabdehin elektron vergi kabinetinə göndərilmişdir, Sənədlərin cavabdehin elektron vergi kabinetinə göndərilməsinə dair ekran şəkili əlavə olunur. Müqaviləyə və qiymətlərin razılaşma protokoluna əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 2500 (iki min beş yüz) manat olmaqla mal almışdır. Həmin məbləğin 900 (doqquz yüz) manatını ilkin olaraq ödəmişdir. Qalıq məbləği, yəni 2500 (iki min beş yüz) manatı xx.xx.2021-ci il tarixdən başlayaraq ödəməyi öhdəsinə götürmüşdür. Bu günə əsas məbləg üzrə qalıq borc 800( səkkiz yüz) manat, cərimə borcu isə 100 (bir yüz) manat təşkil edir. Bununla bağlı olaraq cavabdehə pretenziya məktubu da göndərilmişdir (cavabdehin elektron vergi kabinetinə ,məktubun göndərilməsinə dair ekran şəkili əlavə olunur.) xx.xx.2022-ci il tarixdə “X3 “MMC tərəfindən borcluya alqı-satqı müqaviləsi əsasında pul tələbi barədə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair təklif göndərilmişdir. xx.xx.2022-ci il tarixdə“X3 “MMC tərəfindən 2 X2 ərizə ilə müraciət edilmişdir, ərizəmiz icraata qəbul olunmuşdur, mediasiya sessiyasi təyin olunmuşdur. Lakin borcluCavabdehSəlim qızı mediasiya sessiyasında iştrak etməmiş və bu barədə 13 may 2022-ci il tarixli müvafiq arayış verilmişdir. Ümumi mediasiya xərci 50 manat təşkil etmiş və Cəmiyyətimiz tərəfindən ödənilmişdir (qəbz ərizəyə əlavə olunur). Borc ödənilmədiyindən məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verdikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələbinə uyğun olaraq cavabdehə məhkəmə tərəfindən rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə iddia ərizəsinə dair etiraz təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması mümkündür. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanılmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, “Satıcı” ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan X1 (bundan sonra “Əlavə 1” adlandırılacaq) əks olunan texniki avadanlıqları (bundan sonra “Mal” adlanacaq”) dəyərini nağd və ya hissə ödənilməklə “Alıcı”ya satmağı, “Alıcı” isə malı qəbul edib qiymətini bu müqaviləyə və Əlavə 1-də əks olunmuş formada “Satıcı”ya ödəməyi öhdəsinə götürmüşlər. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən, “Alıcı” malın dəyərini və qalıq məbləğini müqavilənin 3.2-ci maddəsində göstərilən müddətdə Əlavə 1-ə uyğun olaraq tam və ya qismən icra etmədikdə hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində “Satıcı”ya cərimə ödəyir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Əlavə 1- X1n görünür ki, Cavabdeh (alıcı) ilə İddiaçı (satıcı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsində qeyd olunmuş qaydalara və şərtlərə əməl etməklə, ödəniş qrafikinə əsasən qalıq ödənişi malı təhvil aldıqda vaxtı-vaxtında “Satıcı”ya ödəməyi “Alıcı” öhdəsinə götürür. Malın məbləği 2.500 manat, ilkin ödəniş 900 manat müəyyən edilmiş, qalıq məbləğ isə 6 (altı) aylıq period olmaqla aylıq ödəniş 266,67 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, İddiaçı (satıcı) ümumi məbləği 2.500 manat olmaqla 1 ədəd – vahidinin dəyəri 2.500 manat olan FQ A 20-4 HANDLE adlı mal Cavabdeh təhvil vermişdir. Təhvil-təslim aktı İddiaçı direktoru və Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Cavabdeh məktub ünvanlayaraq, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alğısatqı müqaviləsinə əsasən 900 manat borcunun olduğunu bildirmiş, həmin borcun 3 gün ərzində ödənilməsini ondan tələb etmiş, əks təqdirdə həmin borcun məcburi qaydada alınması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəyi barədə onu xəbərdar etmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 13 may 2022-ci il tarixli, MŞB/2-100337 saylı arayışın surətindən görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərc ödəmişdir. Məhkəmə hesab edir ki, hazırkı işdə iddiaçının alqı-satqı müqaviləsi üzrə Cavabdeh malı təhvil verməsi, sonuncunun isə həmin mala dair borcunun olması işin mübahisəsiz halını təşkil edir. Belə ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə mal verilsə də, cavadeh müqavilə üzrə öhdəliyə tam əməl etməmişdir. İddiaçı məktubla cavabdehə borcun qaytarılması ilə bağlı xəbərdarlıq göndərərək, borcun qaytarılmasını tələb etsə də, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş, tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehin 800 manat məbləğində əsas borcunun olması iş materialları ilə tam sübuta yetirilir. Ona görə də, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə, iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 50 manat məbləğində dəbbə pulu (cərimə) tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan mediasiya xərci cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya xərci də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233-cü və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 800 (səkkiz yüz) manat borc, 50 (əlli) manat cərimə və 50 (əlli) manat mediasiya xərci olmaqla, ümumilikdə 900 (doqquz yüz) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar