Məhkəmə qərarları › İş №e-2-2(121)-1255/2022

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1255/2022

21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-1255/2022 21.06.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı İddiaçı ASC-ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli RAZ********** (Blank BA943407) saylı sığorta müqaviləsinin bağlandığı andan etibarsız sayılması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı İddiaçı ASC-ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli RAZ********** (Blank BA943407) saylı sığorta müqaviləsinin bağlandığı andan etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə işdə iştirak edən şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. İş materiallarına əlavə olunmuş Cavabdeh məhkəməyə ünvanladığı iddia müddətinin tətbiq edilməsi barədə ərizədə bildirilmişdir ki, iddia ərizəsi faktiki və hüquqi cəhətdən əsassız olduğundan etiraz edilir. Belə ki, iddiaçı ilə cavabdeh arasındakı müqaviləyə əsasən sığorta məbləği 36.111 manat müəyyən olunmuşdur. İddiaçıya həmin vaxt müraciət olunsa da, iddiaçı pulu verməkdən imtina etmiş, cavabdeh isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş ilkin olaraq ümumi məhkəməyə verilmiş sonda Ali Məhkəmənin qərarı ilə iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmış və sonuncunun qərarı ilə iş aidiyyatı olaraq Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-1020/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Hazırki iş üzrə iddiaçı həmin işdə cavabdeh olan "xxxx" ASC qeyd olunan qətnamədən apellyasiya şikayəti vermişdir və həmin işə baxılması xx.xx.2022-ci il tarixə saat 11:00-a təyin edilmişdir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 2(113)-1020/2022 saylı qətnaməsindən görünür ki, "xxxx" ASC-dən 36.111 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, iddiaçı Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən BA seriyalı, 943407 saylı daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinə əsasən 36111 manat sığorta məbləğinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən iddiaçı Cavabdeh məxsus Sabirabad rayonu, Bazar daxilində yerləşən ərzaq mağazası "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqaviləyə əsasən sığorta risklərindən, o cümlədən yanğından sığortalanmışdır. Bu barədə iddiaçıya cavabdeh tərəfindən daşınmaz əmlakın icbari sığortası haqqında BA seriyalı 943407 saylı, 24 yanvar 2019-cu il tarixli şəhadətnamə verilmişdir. Sığorta müqaviləsi bir il müddətinə bağlanmışdır. Sığorta müqaviləsi ilə sığorta məbləği 36111 manat, şərtsiz azadolma məbləği 100 manat məbləğində müəyyən edilmişdir. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə - 16 iyul 2019-cu il tarixdə həmin daşınmaz əmlakda iddiaçının təqsiri olmadan yanğın baş vermiş, nəticədə həmin ərzaq mağazası, onun yanında yerləşən X1 məxsus “Çıraq” market və digər ticarət obyektləri yanğının təsirinə məruz qalmışdır. Sığorta məbləğinin alınması üçün iddiaçı ərizə ilə cavabdehə müraciət etmiş, lakin müraciətinə baxılmamışdır. Daha sonra, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zərərçəkmiş Sahil Əliyevə dəymiş zərərin əvəzi qismində tərəflərindən ödənilmiş 31000 manat sığorta ödənişi məbləğinin və məhkəmə xərci olaraq ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı Cavabdeh tutularaq xeyrilərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən X1 məxsus mağaza “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən "xxxx" ASC ilə S.Əliyev arasında bağlanmış daşınmaz əmlakın icbari sığortası müqaviləsinə əsasən sığortalanmışdır. Bu barədə S.Əliyeva BA seriyalı 902842 saylı sığorta şəhadətnaməsi verilmişdir. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, yəni 16 iyul 2019-cu il tarixdə Cavabdeh məxsus ərzaq mağazasında yanğın baş vermişdir. Nəticədə həmin ərzaq mağazasının yaxınlığında yerləşən X1 məxsus “Çıraq market” ərzaq mağazası da yanğına məruz qalmışdır. Yanğın hadisəsi nəticəsində sözü gedən obyektlərə maddi zərər dəymişdir. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 sentyabr 2019-cu il tarixli qərarından yanğının Cavabdeh məxsus mağazadan baş verməsi öz təsdiqini tapmışdır. Cavabdeh ona məxsus əmlakdan istismar qaydalarına düzgün riayət etməmiş, yüksək enerji tələb edən avadanlıqları buna uyğun olmayan elektrik xətlərinə qoşmuş, eləcə də ticarət mallarını və digər əşyaları elektrik yükləyicilərinə yaxın məsafədə yerləşdirmiş, bununla da onun bu hərəkətləri yanğın hadisəsinin baş verməsinə səbəb olmuşdur. Cavabdeh məxsus əmlaka dair “İcbari Sığortalar haqqında” Qanunun tələblərinə uyğun olaraq daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari qaydada sığorta müqaviləsi mövcud olmadığından subroqasiya hüququ zərərvuran şəxsə qarşı yönəlməlidir. S.Əliyevə məxsus mağaza "xxxx" ASC-də daşınmaz əmlakın icbari sığortası üzrə təminat aldığından müqavilə ilə müəyyən edilmiş sığorta məbləği 3565/M/CFİ-237/2019 saylı sığorta aktına və 005XOH********** saylı ödəniş tapşırığına əsasən X1 31000 manat "xxxx" ASC tərəfindən sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(103)-479/2022 nömrəli bildirişindən görünür ki, "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-204/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması 21 iyun 2022-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Göründüyü kimi hazırda iddiaçı tərəfindən mübahisələndirilən əqd Bakı Kommersiya Məhkəməsinin icraatında olmuş iddia üzrə tələbin hüquqi əsasını təşkil etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 saylı qərardadının 42-ci bəndinə əsasən əqdə əsaslanan tələb üzrə işin icraatda olduğu və ya məhkəmə aktının qəbul edildiyi nəzərə alınmadan həmin əqdin etibarsız hesab edilməsinə dair tələblərin icraata qəbul edilməsi və baxılması hüquqi müəyyənlik prinsipinə də ziddir. Qərardadın 43-cü bəndinə görə Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə 29 noyabr 2016-cı il tarixli qərarlarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. Qərardadın 44-cü bəndinə görə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent təcrübəsində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələbləri baxımından “res judicata” prinsipinə hörmət edilməsini ehtiva edən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının bir qayda olaraq dəyişdirilmədən saxlanılmasını nəzərdə tutan preyudisiallıq və qanunun aliliyinin fundamental aspektlərindən olan hüquqi müəyyənlik prinsiplərinin təmin edilməsinə xüsusi önəm verilmiş, yalnız məhkəmə səhvlərinin düzəldilməsi və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallar aşkar olunduqda belə qərarlara yuxarı instansiya məhkəməsi tərəfindən yenidən baxılmasının mümkünlüyü əks olunmuşdur (Xotulyeva Rusiya Federasiyasına qarşı iş üzrə 2009-cu il 30 iyul tarixli, Kondraşov və digərləri Rusiya Federasiyasına qarşı iş üzrə 2009-cu il 8 yanvar tarixli qərarlar). Hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır (Brumaresku Rumıniyaya qarşı” iş üzrə 1999-cu il 28 oktyabr tarixli qərar). Hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədi ilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməsidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə, eyni zamanda, bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır (Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli qərar). Qərardadın 45-ci bəndinə görə Xüsusilə vurğulanmalıdır ki, əqdə əsaslanan iddialara baxılması ilə bağlı yuxarıda ifadə edilmiş hüquqi mövqe ədalətli məhkəmə hüququ ilə uyğunsuzluq yaratmır. Belə ki, əqdlə bağlı hər hansı mübahisəyə baxıldıqda qarşı tərəfin əqdin etibarsız olması ilə etiraz və ya qarşılıqlı iddia irəli sürmək, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatsız olduqda, etiraz və dəlilləri əsassız olaraq nəzərə alınmadıqda isə qəbul edilmiş məhkəmə aktından şikayət vermək hüquqları vardır.

46. İşdə iştirak edən şəxslərin əqdə əsaslanan tələblərə baxılarkən ona verilmiş prosessual hüquqlardan istifadə etmədən (etiraz və qarşılıqlı iddia vermədən, öz dəlil və sübutlarını təqdim etmədən) əqdin etibarsızlığına dair ayrıca iddia qaldırması həm də MPM-in 47.1-ci maddəsi ilə işdə iştirak edən şəxslərin üzərinə qoyulmuş prosessual hüquqlardan vicdanla istifadə etmək vəzifəsi və prosessual qənaət prinsipi ilə bir araya sığmır. Prosessual hüquqlardan belə sui-istifadə qəbul edilmiş məhkəmə qərarlarını uzun müddət icrası mümkün olmayan aktlara çevirməklə, digər şəxslərin ədalətli məhkəmə hüququnun pozulmasına şərait yaradır. Qərardadın 50-ci bəndinə görə O da qeyd edilməlidir ki, əqdə əsaslanan iddia irəli sürülənədək tərəflər həmin əqdin etibarsız hesab edilməsinə dair tələblə məhkəməyə müraciət etməkdə sərbəstdirlər. Sadəcə olaraq, bu tələbə baxılaraq qiymət verildiyi halda, sonradan həmin əqdə əsaslanan iddiaya baxılması zamanı əvvəlki iş üzrə etibarsızlıqla bağlı qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən edilmiş hallar bu iş üçün preyudisial əhəmiyyət kəsb etməklə, təkrar qiymətləndirmə imkanını aradan qaldırmış olacaqdır. Qərardadın 51-ci bəndinə görə Beləliklə, mülki prosessual qanunvericiliyin qeyd edilən tələbləri baxımından belə qənaət hasil olur ki, əqdə əsaslanan iddialara baxıldığı halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsi tələblərinin irəli sürülməsi və onlara baxılması yolverilməzdir. Beləliklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 saylı qərardadı ilə Məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalı olması qərara alınmışdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" ASC-nin Cavabdeh qarşı İddiaçı ASC-ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli RAZ********** (Blank BA943407) saylı sığorta müqaviləsinin bağlandığı andan etibarsız sayılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 260.1-ci və 260.6-cı maddələrinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-cu, 260-cı, 264-cü, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı İddiaçı ASC-ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli RAZ********** (Blank BA943407) saylı sığorta müqaviləsinin bağlandığı andan etibarsız sayılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.

Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar