Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1257/2023 28.09.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı sadələşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 2851,42 manat, hesablanmış cəriməyə görə 307,90 manat və ödənilmiş mediasiya rüsumuna görə 60 manat olmaqla, ümumilikdə 3219,32 manat pulun alınaraq “MKT İstehsalat Kommersiya“ MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin “MKT-Biləsuvar” filialı və cavabdeh arasında bağlanmış 22 282 264 saylı 2022-ci il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən, cavabdeh 5,86 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 6606,08 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə 2.1.4-cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Nəticədə cavabdeh tərəfindən 3952,12 kq, 3082,65 manat dəyərində xam-pambıq təhvil verilmişdir ki, bu da həm müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur, bununla da İddiaçıdan təhvil götürdüyü cəmi avansın dəyəri tam ödənilməmişdir. Cavabdeh avans vəsaitlərin dəyərinə görə yaranmış borcundan 672 manat vəsaiti iddiaçıya geri qaytarmışdır. Son nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 2851,42 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xampambığın tədarükünü həyata keçirən “MKT-Biləsuvar” filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.2 bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 307,90 manat təşkil edir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(121)-1257/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazında ona qarşı qaldırılan iddia tələbi ilə razı olmadığını, sığortalı olduğuna və ondan xx.xx.2022-ci il tarixdə sığorta pulu tutulduğuna baxmayaraq ilk əkini hava şəraiti ilə əlaqədar məhv olsa da, sığorta şirkəti tərəfindən ziyanın qarşılanmadığını, əkin sahəsinin 5,76 ha olduğu halda ona qarşı korrupsiyaya yol verilərək bütün işlərin 6,30 ha sahəyə hesablandığını və əlavə xərc yazıldığını, 2023-cü ilin aprel ayında iddiaçıya ərizə ilə müraciət edərək 2,50 ha sahədə pambıq əkdiyini və həmin əkindən əldə edəcəyi vəsaitlə borcunu ödəyəcəyini bildirməsinə baxmayaraq iddiaçının borca faizdə hesablayaraq ona qarşı iddia qaldırdığını bildirmiş, etirazında qeyd edilən halların nəzərə alınmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iştirak edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində keçirilmiş məhkəmə hazırlıq iclaslarında iştirak edən Cavabdeh verdiyi izahatlarında iddiaçıdan 6606,08 manat məbləğində nağd vəsait, xidmət, mal şəklində avans aldığını, lakin iddia ərizəsində göstərilən əsas və cərimə borcunu qəbul etmədiyini, birinci dəfə sahəsi 5,86 ha olan ərazidə pambıq əkdiyini, hava şəraiti ilə əlaqədar məhsul götürə bilmədiyini, ikinci dəfə 5,76 ha sahədə pambıq əkdiyini, pambıq sahəsini suvardıqdan sonra yağış yağdığını, nəticədə əkdiyi pambığın çürüdüyünü, bu hadisə ilə əlaqədar telefon vasitəsi ilə aqronomlara məlumat verdiyini, lakin rəsmi olaraq heç bir yerə müraciət etmədiyini və məhsulun zay olması ilə bağlı akt tərtib edilmədiyini, iddiaçının çıxarışında guya 6,58 və 6,30 ha əraziyə xidmət edildiyinin göstərildiyini, qeyd olunanları nəzərə alaraq borcunu qəbul etmədiyini bildirərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixə təyin olunmuş məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlara, iş materiallarında olan sənədlərə və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı, “MKT Biləsuvar” filialı (müqavilədə “Alıcı”) və Cavabdeh (müqavilədə “Satıcı”) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 22282264 nömrəli “2022-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqavilə”nin: 1.1-ci bəndinə əsasən, müqavilənin predmeti 2022-ci il mövsümü üzrə xam-pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotexniki (aqronom məsləhətləri və kənd təsərrüfatı texnikası ilə “Satıcı”nın sahəsində aparılan işlər) xidmətlərin “Alıcı” tərəfindən “Satıcı”ya təqdim olunması və nəticədə müvafiq avans məbləğinin formalaşması, “Satıcı” tərəfindən istehsal olunmuş xam pambıq həcminin bütünlükdə “Alıcı”ya təhvil verilib satılması və “Alıcı” tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin “Satıcı”ya ödənilməsindən ibarətdir; 2.1.2-ci bəndinə əsasən, “Satıcı” 5,86 ha torpaq sahəsində pambıq əkir və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütünlükdə kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymətlərlə “Alıcı”nın mülkiyyətinə tədarük mövsümü vaxtı, lakin 15 noyabr 2022-ci il tarixindən gec olmayaraq təhvil verir; 2.1.3-cü bəndinə əsasən, təhvil verilmiş xam pambığın növü və nəmlik göstəricisindən asılı olaraq “Alıcı” tərəfindən xam pambığın qurudulmasına çəkilən xərclər hazırki müqavilənin ayrılmaz hissəsini təşkil edən “Qiymətlərin razılaşdırma protokolunda” müəyyən edilmiş qaydada qarşılıqlı hesablaşmalar aparılan zaman “Satıcı” tərəfindən “Alıcı”ya ödənilir; 2.1.4-cü bəndinə əsasən, Satıcının Alıcıdan aldığı avans məbləği (hər hansı formada göstərilən xidmətlərin dəyəri daxil olmaqla) tədarük mövsümü vaxtı Alıcıya təhvil verdiyi xam pambığın dəyərindən çıxılır və əgər təhvil verilən pambıq avans məbləğin həcmini ödəmirsə o halda Satıcı həmin yaranan fərqi ödəməyə borcludur. Avans bu müqavilə üzrə xam pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotxniki (aqronom məsləhətləri və kənd təsərrüfatı texnikası ilə Satıcının sahəsində aparılan işlər) xidmətlərin Alıcı tərəfindən Satıcıya təqdim olunması nəticəsində Satısının Alıcı qarşısında yaranan borc öhdəliyi nəzərdə tutulur; 2.1.5-ci bəndinə əsasən, “Satıcı” bütün aqrotexniki tədbirlərin tam və vaxtında aparılmasını öhdəsinə götürür; 4.2-ci bəndinə əsasən, “Satıcı” müqavilədə göstərilən həcmdə xam-pambıq təhvil verməsə, bunun nəticəsində yaranmış əsas borcun hər gecikdirilən gün üçün 0.1% həcmdə Alıcıya cərimə ödəyir; 6.5-ci bəndinə əsasən, pambıq sahəsinin təbii fəlakətlərdən sığortalanması üzrə məsuliyyət Satıcının üzərində qalır. İş materiallarında olan İddiaçı, “MKT Biləsuvar” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 22282264 nömrəli “2022-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqavilə”yə əlavə olaraq tərəflər arasında qiymətlərin razılaşdırma protokolu imzalanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 26002091 nömrəli; xx.xx.2022-ci il tarixli, 26002191 nömrəli; xx.xx.2022-ci il tarixli, 26002548 nömrəli; xx.xx.2022-ci il tarixli, 26002636 nömrəli; xx.xx.2022-ci il tarixli, 26003359 nömrəli; xx.xx.2022-ci il tarixli, 26003633 nömrəli; xx.xx.2022-ci il tarixli, 26003981 nömrəli; xx.xx.2022-ci il tarixli, 26006212 nömrəli; xx.xx.2022-ci il tarixli, 26005794 nömrəli; xx.xx.2022-ci il tarixli, 26007046 nömrəli; xx.xx.2022-ci il tarixli, 26007260 nömrəli; xx.xx.2022-ci il tarixli, 26008122 nömrəli; xx.xx.2022-ci il tarixli, 26009561 nömrəli; xx.xx.2022-ci il tarixli, 26011185 nömrəli; xx.xx.2022-ci il tarixli, 26011594 nömrəli; xx.xx.2022-ci il tarixli, 26011684 nömrəli; xx.xx.2022-ci il tarixli, 26012487 nömrəli; xx.xx.2022-ci il tarixli, 26012647 nömrəli; xx.xx.2022-ci il tarixli, 26012715 nömrəli iş aktları üzrə İddiaçı “MKT Biləsuvar” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin şərtlərinə əsasən İddiaçı tərəfindən Cavabdeh sahəsinə müvafiq xidmətlər göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 337028 nömrəli; xx.xx.2022-ci il tarixli, 337054 nömrəli; xx.xx.2022-ci il tarixli, 337073 nömrəli pambıq qəbul qəbzinə əsasən, Cavabdeh tərəfindən "xxxx" MMC-yə 3.082,65 manat məbləğində xam pambıq təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ******* nömrəli və ******* nömrəli; xx.xx.2022-ci il tarixli, ******* nömrəli və ******* nömrəli; xx.xx.2022-ci il tarixli, ******* nömrəli; xx.xx.2022-ci il tarixli ******* nömrəli; xx.xx.2022-ci il tarixli, ******* nömrəli qaimələrə əsasən, Cavabdeh zəruri vəsaitlər verilmişdir. İş materiallarında olan görülən işlər, xidmətlər və ödənilən vəsaitlər haqqında məlumatı özündə əks etdirən cədvəldən görünür ki, 22 282 264 nömrəli müqavilə üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə Cavabdeh aid sahəyə müxtəlif aqrotexniki xidmətlər göstərilmiş, mallar verilmiş, həmçinin nağd pul vəsaiti verilmişdir. Həmin cədvələ əsasən ümumilikdə iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətin, görülən işlərin və ödənilən nağd vəsaitin ümumi dəyəri 6606,08 manat olmuş, cavabdeh tərəfindən isə iddiaçıya 3754,6 manat dəyərində xammal verilmiş və pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “maliyyə arayışı”nın surətindən görünür kü, Cavabdeh iddiaçı "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixinə 2.851,42 manat əsas, 307,90 manat cərimə borcu vardır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 2022-ci il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsasən yaranmış borcun pretenziya alındığı vaxtdan xx.xx.2022-ci il tarixədək ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı MMC-nin ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir. İş materiallarında olan “arayış”ın surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün Lənkəran 1 saylı Mediasiya Təşkilatının hesabına 65 manat vəsait ödəmişdir. Beləliklə işin qeyd edilən faktiki hallarına əsasən müəyyən olunur ki, iş üzrə tərəflər öz aralarında müqavilə bağlayaraq razılığa gəlmişlər ki, iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə müxtəlif aqrotexniki xidmətlərin göstərilməsini, həmçinin cavabdehə avans olaraq nağd pul vəsaitinin verilməsini, cavabdeh isə tədarük etdiyi xampambığın ilk olaraq iddiaçı tərəfindən göstərilmiş xidmətlərin, verilmiş malların və nağd pul vəsaitinin qaytarılması məqsədi ilə iddiaçıya verilməsini, bundan sonra tədarük ediləcək xam pambığın isə razılaşdırılmış qiymətə iddiaçıya satılmasını öhdələrinə götürürlər. İşdə olan görülən işlər, xidmətlər və ödənilən vəsaitlər haqqında məlumatı özündə əks etdirən cədvəldən, iş aktlarından, hesabdan çıxarışdan görünür ki, iddiaçı razılaşmaya əməl edərək öz üzərinə düşən öhdəliyi icra etmişdir, Cavabdeh isə həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, Cavabdeh özünün də etiraf etdiyi kimi, iddiaçıdan avans olaraq ümumi dəyəri 6606,08 manat təşkil edən aqrotexniki xidmətləri, mal-materialı, nağd vəsaiti və s. təhvil alsa da, bunun müqabilində 3.082,65 manat təşkil edən xam-pambıq təhvil vermiş, sonradan yaranmış borcundan 672 manat nağd vəsaiti iddiaçıya geri qaytarmışdır. Nəticədə cavabdehin iddiaçıya 2.851,42 manat borcu yaranmışdır. Bununla da Cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında və lazımınca icra etmədiyi aşkar olunur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh qarşı müqavilə üzrə öhdəliklərinin icrasına dair tələbi qanuni və əsaslıdır. Məhkəmə, tərəflərin daxil olduqları hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur və həmin müqavilə münasibətləri struktur baxımından mülki qanunvericilikdə nəzərdə tutulmuş alqı-satqı müqaviləsinə daha çox uyğun gəlir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları bu nəticəyə gəlməyə əsas verir ki,iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlərin, verilən mal-materialın və nağd pul vəsaitinin məqsədi cavabdehin ona məxsus olan sahədən daha çox məhsul əldə etməsinə və sonradan həmin məhsulun razılaşdırılmış qiymətlərlə iddiaçıya satılmasına nail olmaqdan ibarət olmuşdur. Bu isə son nəticədə tərəflər arasında cavabdehin istehsal etdiyi məhsulun alqı-satqısının həyata keçirilməsi barədə konsensual razılığın əldə edildiyini göstərir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında olan razılaşma mülki qanunvericilikdə nəzərdə tutulmuş klassik mənada alqı-satqı müqaviləsi sayılmasa da (belə ki, Mülki Məcəllənin alqı-satqı müqaviləsinin leqal tərifini nəzərdə tutan 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə əsasən alıcı mülkiyyətinə qəbul etdiyi əşyanın qarşılığında xidmət, digər əşya və s. deyil, yalnız müəyyənləşdirilmiş pul məbləği ödəməyi öhdəsinə götürür), tərəflərin müqavilə münasibətlərinə daxil olarkən güddükləri hüquqi niyyət və məqsəd nəzərə alındıqda alqı-satqıya oxşar müqavilə kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüquqa malik olub-olmamasına və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmamasına münasibət bildirməyi vacib hesab edir. İşin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddiaçının hazırki tələblə bağlı subyektiv hüququ tərəflər arasında etibarlı şəkildə bağlanılmış xam pambığın alqı satqısına dair müqavilədən irəli gəlir. Həmin müqavilənin şərtlərinə görə iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə avans verilməsini öhdəsinə götürmüşdür. İşdə olan sənədlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 6.606,08 manat məbləğində aqrotexniki xidmətlər, mal-material, pul vəsaiti və s. şəklində avans verilmişdir. Cavabdeh isə müqavilə üzrə öz üzərinə düşən öhdəliyini tam yerinə yetirməmişdir və nəticədə onun iddiaçıya verilən avansın məbləğindən ödənilməmiş borcu yaranmışdır. Beləliklə müəyyən olunur ki, iddiaçının hazırki tələblə çıxış etməsi üçün subyektiv hüququ vardır və həmin hüquq cavabdeh tərəfindən pozulmuşdur. Məhkəmə, cavabdehin 6606,08 manat məbləğində nağd vəsait, xidmət, mal şəklində avans aldığını etiraf etsə də, iddia tələbini qəbul etməyərək, öz etirazında və məhkəmə iclaslarında verdiyi izahatında, hava şəraiti ilə bağlı məhsul götürə bilmədiyi, sonradan əkdiyi məhsulun isə yağış yağması səbəbi ilə çürüdüyü, əkin aparılan sahənin ölçüsünün iddiaçı tərəfindən olduğundan artıq göstərildiyi, eləcə də sığortalı olduğuna görə zərərin sığorta təşkilatı tərəfindən ödənilməli olduğu barədə etirazının əsası kimi bildirdiklərinə tənqidi yanaşaraq onları əsassız hesab edir. Belə ki, əvvəla tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə, həmçinin mülki qanunvericiliyin tələblərinə əsasən, hava şəraiti ilə bağlı (fors major hallar istisna olmaqla) məhsulun yetişməməsi cavabdehin risk dairəsinə daxil olan öhdəlikdir. Buna görə də cavabdehin aldığı avans məbləğini məhsulun hava şəraiti ilə bağlı yetişməməsi əsası ilə qaytarmaqdan imtina etməsi qeyri-qanuni və əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.4-cü maddsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə, əkin aparılan sahənin ölçüsünün iddiaçı tərəfindən olduğundan artıq göstərilməsi ilə bağlı cavabdehin qeyd etdiyi xüsusatı araşdırılaraq müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə və 22 282 264 nömrəli müqavilə üzrə Cavabdeh görülən işlər, xidmətlər və ödənilən vəsaitlər haqqında məlumatı özündə əks etdirən cədvəldə cavabdehə məxsus olan əkin sahəsinin ölçüsü 5,86 ha göstərilmişdir, lakin sonuncu qeyd olunan cədvəldə məhsuldarlıq sahəsinin ölçüsü 6,74 ha olaraq qeyd olunmuşdur. Buna görə də, həyata keçirilən xidmətlərin, verilmiş mal-materialın xüsusiyyətləri nəzərə alınmaqla onlara müvafiq olaraq sahənin ölçüsü cədvəldə və iş aktlarında 5,59 ha - 6,58 ha aralığında göstərilmişdir. Bununla yanaşı, adları çəkilən iş aktlarının hamısını cavabdeh imzalayaraq həmin aktlar əsasında görülən işləri qəbul etmiş, həmin vaxt sahənin ölçüsünün səhv qeyd olunmasını mübahisələndirməmişdir. Qeyd olunanları nəzərə alaraq cavabdehin sahənin ölçüsü ilə bağlı irəli sürdüyü etiraz əsaslı hesab edilə bilməz. Məhkəmə, cavabdehin əkdiyi məhsulların sığortalandığını əsas tutaraq iddiaçı tərəfindən verilmiş avansın sığorta təşkilatı tərəfindən qaytarılmalı olması ilə bağlı dəlilinə də qiymət verərək qeyd edir ki, işdə olan “Pambıq bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”ndə, cavabdeh tərəfindən imzalanmış “Sifariş ərizəsi”ndə və görülən işlər, xidmətlər və ödənilən vəsaitlər haqqında cədvəldə olan məlumatların ümumiləşdirilmiş araşdırılmasının nəticəsindən aydın olur ki, Cavabdeh sifariş ərizəsi əsasında İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixdə Aqrar Sığorta Fodunun hesabına tranzaksiya edilmiş (hesaba köçürülmüş) və cavabdehin gələcəkdə xam pambığın alqı satqısı üzrə təhvil verəcəyi məhsulun dəyəri hesabına əvəzləşdirməsini öhdəsinə götürdüyü vəsaitlə Cavabdeh əmlak mənafeyi sığorta olunmuşdur. Tərəflər arasında münasibətlərdən aydın olur ki, sığortaçı qismində Aqrar Sığorta Fondu, sığortalı və faydalanan şəxs qismində Cavabdeh çıxış edirlər. İş üzrə İddiaçı MMC-nin sığorta münasibətlərində iştirakı yalnız sığorta haqqını avans (borc) olaraq ödəməkdən ibarət olmuşdur. Bir daha qeyd olunmalıdır ki, sığorta haqqı olaraq ödənilən vəsait cavabdehə (sığorta olunana) iddiaçı tərəfindən avans şəklində verilmişdir. Cavabdeh sifariş ərizəsində Aqrar Sığorta Fondunun İdarə Heyətinin 2021-ci il 30 dekabr tarixli 26\21 nömrəli qərarı ilə təsdiq edilmiş “Pambıq bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri” ilə tanış və həmin şərtlərlə razı olduğunu, şərtlərə riayət edilməsini üzərinə götürdüyünü bildirmişdir. Adı çəkilən “Şərtlər”də verilən anlayışlara görə, əmlak mənafeləri sığortalanan kənd təsərrüfatı məhsullarının istehsalçısı olan fiziki və ya hüquqi şəxs aqrar sığortalı, aqrar sığorta müqaviləsinə görə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab olunurlar. “Şərtlər”in 5.1-ci bəndində sığorta müqaviləsi ilə nəticəsinə görə dəymiş zərərə təminat verilən risklərin dairəsi göstərilmişdir. “Şərtlər”in 16.1-ci bəndinə əsasən, sığortalı və ya faydalanan şəxs pambıq bitkisinin sığortası ilə bağlı bağlanmış sığorta müqavilələri üzrə baş vermiş sığorta hadisələri barədə məlumat hadisənin baş vermə tarixindən 10 gün ərzində vəsitəçi aqrar sığortaçıya və ya idarəedici quruma, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan digər səlahiyyətli dövlət orqanlarına məlumat verməlidir, 19.9-cu bəndinə görə isə, Fond sığorta ödənişinin tam və ya qismən verilməsi barədə qərar qəbul etdikdə, sığorta ödənişini birbaşa sığortalının bank hesabına köçürür. Beləliklə yuxarıda şərh olunanları yekunlaşdıraraq məhkəmə qeyd edir ki, Cavabdeh, əkdiyi məhsulun ona verilmiş avansın dəyərini tam qarşılamaması ilə əlaqədar İddiaçı MMC-nin məruz qaldığı zərəri sığorta müqaviləsinə əsasən sığorta təşkilatından tələb etməsi ilə bağlı dəlili, İddiaçı MMC-nin adı çəkilən sığorta müqaviləsində tərəf olmadığına, eləcə də sığorta müqaviləsi üzrə sığorta olunan və ya faydalanan şəxs olmamasına görə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.2-ci maddəsinə əsasən, sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər sığorta münasibətlərinin subyektləridir. Həmin Məcəllənin 884.3-ci maddəsinə əsasən, sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Həmin Məcəllənin 884.4-cü maddəsinə əsasən, sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. Həmin Məcəllənin 884.5-ci maddəsinə əsasən, sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. Şəxsi sığorta üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmayıbsa, sığortalı eyni zamanda sığorta olunan sayılır. Əmlak sığortası üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmasından asılı olmayaraq, sığortalının sığorta olunan kimi tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. Yenə həmin Məcəllənin 884.6-cı maddəsinə əsasən, faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. Sığorta ödənişi ilə bağlı münasibətləri tənzimləyən Mülki Məcəllənin 926-cı maddəsinin tələblərinə görə, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır (926.1), sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir (926.2), sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir (926.3). Sadalanan qanunvericilik normalarının tələblərindən çıxış edərək məhkəmə qeyd edir ki, sığorta münasibətləri yalnız sığorta müqaviləsinin iştirakçıları arasında yaranır və onlar üçün müvafiq hüquq və vəzifələrin əmələ gəlməsinə səbəb olur. Bu münasibətlərdən yaranan mübahisələrə isə tərəflərdən birinin iddiası əsasında müvafiq məhkəmə tərəfindən baxıla və hüquqi həllini tapa bilər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olduqlarını Cavabdeh nəzərinə çatdıraraq, sığorta müqaviləsi üzrə yaranmış mübahisələrin həlli üçün iddia tələbi ilə aidiyyəti məhkəməyə müraciət edə biləcəyini izah edir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, tərəflər arasında alqı satqı müqaviləsi bağlanılmışdır, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək cavabdehə 6.606,08 manat məbləğində avans vermişdir, lakin bunun qarşılığında cavabdeh 3.082,65 manat dəyərində olan 3952,12 kq xam-pambığı iddiaçıya təhvil vermişdir ki, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur. Sonradan cavabdeh avans vəsaitlərin dəyərinə görə yaranmış borcundan 672 manat nağd vəsaiti iddiaçıya geri qaytarmışdır. Nəticədə cavabdehin avans vəsaitə görə iddiaçıya 2.851,42 manat borcu qalmışdır. Məhkəmə hesab edir ki, iddia tələbinin maddi hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı normaları təşkil edir. Mülki Məcəlləinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. İddiaçının cavabdehə verdiyi avansın qaytarılmayan hissəsinin tutulmasına dair icra tələbi həmçinin öhdəlik hüququnun ümumi normalarının tələblərindən də irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə, iddia tələbinin cavabdehdən müqavilə şərtlərinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etməməsinə görə cərimə tutulması hissəsinin əsassız olduğu nəticəsinə gələrək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə görə cavabdeh üzərinə götürdüyü öhdəlikdən az miqdarda xam-pambıq təhvil verərsə, onda təhvil verilməyən xam-pambığın dəyərinin 0.1% miqdarında cərimə ödəyir. Müqavilənin bu şərti həmin müqavilənin 2.1.2-ci bəndində nəzərdə tutulan cavabdehin öhdəliyinə dair şərtlə birgə şərh olunduqda görünür ki, cavabdeh 5,86 ha sahədə pambıq əkmək və hər hektardan 25 sentnerdən az olmamaqla xam pambıq istehsal edərək iddiaçıya təhvil vermək öhdəliyini pozduğu halda, təhvil verə bilmədiyi xam pambığın dəyərinin (birinci növ pambığın dəyəri ilə hesablanmaqla) 0.1% miqdarında iddiaçıya cərimə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilənin bu şərtini əsas tutaraq cavabdehdən təhvil verə bilmədiyi məhsula görə cərimə ödənilməsini tələb edir. Məhkəmə, cərimə tələbinin əsaslılığı ilə bağlı məsələyə qiymət verərkən ilk növbədə tərəflər arasında razılaşdırılmış cərimənin hüquqi təbiətinə aydınlıq gətirilməsini vacib hesab edir. Mülki qanunvericilikdə dəbbə (cərimə, penya) həm öhdəliyi icra etməməyə görə mülki məsuliyyət sanksiyası, həm də öhdəliyin lazımınca icra edilməsinin təminatı üsulu kimi nəzərdə tutulmuşdur. Birinci halda, yəni mülki məsuliyyət tədbiri kimi nəzərdə tutulan dəbbə pulu (cərimə, penya) öhdəlik münasibətinin bir tərəfinə öz üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyinə görə digər tərəfin məruz qaldığı zərərin kompensasiya edilməsi məqsədi ilə tətbiq edilən mülki hüquq sanksiyası funksiyasını, təminat üsulu kimi nəzərdə tutulan digər halda isə dəbbə pulu (cərimə, penya) öhdəliyin lazımınca icra edilməsinə borclunun kreditor qarşısında əlavə öhdəliyi funksiyasını yerinə yetirir. Mülki hüquq sanksiyası olaraq nəzərdə tutulan dəbbə pulunun tətbiq edilməsinin başlıca şərtləri, öhdəliyin lazımınca icra edilməməsi nəticəsində tələb hüququ yaranan tərəfə zərər vurulması (1-ci şərt) və öhdəliyi lazımınca icra etməyən tərəfin təqsirinin müəyyən edilməsidir (2-ci şərt). Bu iki şərtin mövcud olduğu təqdirdə mülki məsuliyyət tədbiri qismində dəbbənin (cərimə, penya) tətbiq edilməsi üçün əsas yaranır. Öhdəliyin təmin üsulu kimi nəzərdə tutulan dəbbə pulunun tətbiq edilməsi üçün isə tələb hüququ yaranan tərəfin zərərə məruz qalması mühüm şərt deyildir. Burada əsas olan borclunun öhdəliyini icra etmədiyi, lazımınca icra etmədiyi və ya icranı gecikdirməsi faktının və dəbbə pulu ödənilməsi barədə müqavilə şərtinin olmasının kreditor tərəfindən sübut edilməsidir. Dəbbə pulunun anlayışını verən Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Dəbbə puluna verilən leqal tərifdən müəyyən olunur ki, dəbbə pulunun ödənilməsi tələbi borclu tərəfindən öhdəliyin pozulması ilə yaranır. Bunun üçün əlavə olaraq kreditora zərər vurulması faktının baş verməsi tələb olunmur. Qeyd olunanları hazırki işin faktiki hallarına tətbiq etdikdə müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilədə qeyd olunan cərimə öhdəliyi, cavabdehin üzərinə götürdüyü hər hektardan 25 sentnerdən az olmamaqla 5,86 ha sahədən xam pambıq tədarük edərək iddiaçıya təhvil vermək öhdəliyinin lazımınca icra olunmasının təmin edilməsi üsulu kimi nəzərdə tutulmuşdur. Buna görə də, cərimə ödənilməsi üçün iddiaçının öhdəliyin pozulması nəticəsində zərərə məruz qalmasını sübut etmək vəzifəsi yaranmır. Lakin, məhkəmə cərimə tələbinin əsaslılığı ilə bağlı məsələnin həllində xüsusi əhəmiyyəti olan bir məsələyə də qiymət verməyi zəruri hesab edir. Bu, öhdəliyin pozulmasında cavabdehin məsuliyyətinin müəyyən edilməsinə dair xüsusatdır. Adı çəkilən xüsusatla bağlı məhkəmə qeyd edir ki, işin hallarından cavabdehin üzərinə götürdüyü öhdəliyi tam şəkildə icra etməməsində təqsirinin olması müəyyən edilmir. Belə ki, məhz cavabdehin təqsiri (qəsd və ya ehtiyatsızlıq) nəticəsində 5,86 ha sahənin hər hektarından ən az 25 sentner məhsul əldə edilməməsi ilə bağlı iş materiallarında sübut yoxdur. Məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş halları ilə, həmçinin tərəflərin məhkəmə iclaslarında verdikləri izahatları ilə cavabdehin ağlabatan əsaslarla (nəzərdə tutulandan az sahədə əkin aparılması, əkin aparılmış sahəyə lazımi qulluq edilməməsi, məhsulun vaxtında yığılmaması, yığılmış məhsulun başqa alıcıya satılması və s.) üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməsində təqsirli olması müəyyən edilmir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib və məhkəməyə təqdim edilən görülən işlər, xidmətlər və ödənilən vəsaitlər haqqında məlumatı özündə əks etdirən cədvəldən görünür ki, tərəflər müqavilənin qüvvədə olduğu 2022-ci ilin əvvəlindən həmin ilin sonuna kimi qarşılıqlı olaraq müqavilə üzrə vəzifələrini yerinə yetirməyə davam etmişlər. Bu xüsusat da, cavabdehin son ana qədər müqavilə üzrə öhdəliklərini yerinə yetirməyə cəhd etməsinə dəlalət edir. Bundan başqa cavabdeh ona məxsus sahədə apardığı əkinin hava şəraiti ilə bağlı məhsul verməməsi ilə əlaqələndirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, müqavilədə nəzərdə tutulmuş məhsuldarlıqda və miqdarda pambığın verilməsinə dair öhdəliyin lazımınca icra edilməməsində cavabdehin təqsiri müəyyən olunmadığına görə iddiaçının dəbbə pulunun ödənilməsi barədə tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Məhkəmə, iddianın 60 manat mediasiya xərcinin cavabdehdən tutulmasına dair hissəsini əsaslı hesab edir. Belə ki, Cavabdeh müqavilədən irəli gələn vəzifələrini lazımınca icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddiaçı 48,51 manat rüsum ödəməli olduğuna, lakin həmin Qanunun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunduğuna, həmçinin iddia tələbi qismən təmin olunduğuna görə qeyd edilən dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 2.851,42 manat məbləğində əsas borc, 60 manat ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş məbləğ olmaqla, ümumilikdə 2.911,42 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 48,51 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin və Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1257/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1257/2023
28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver