Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1271/2023 24.07.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 11.914,48 manat, hesablanmış cəriməyə görə 1.620,3 manat və ödənilmiş mediasiya rüsumuna görə 200 manat olmaqla, ümumilikdə 13.734,78 manat pulun alınaraq “MKT İstehsalat Kommersiya“ MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin “MKT- Beyləqan” filialı və cavabdeh arasında bağlanmış 22 *** **** saylı 2022-ci il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən, cavabdeh 11,6 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 20.264 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilənin 2.1.4-cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Nəticədə cavabdeh tərəfindən 9049,40 kq, 7239,52 manat dəyərində xam-pambıq təhvil verilmişdir ki, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur, bununla da iddiaçıdan təhvil götürdüyü cəmi avansın dəyəri tam ödənilməmişdir. Cavabdeh avans vəsaitlərin dəyərinə görə yaranmış borcundan 1110 manat vəsaiti iddiaçıya geri qaytarmışdır. Son nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 11914,48 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xampambığın tədarükünü həyata keçirən “MKT-Beyləqan” filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.2 bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 1620,3 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında su qıtlığı ilə əlaqədar məhsuldarlığın az olduğunu, buna görə də müqavilə üzrə öhdəliyini tam şəkildə icra edə bilmədiyini, əsas borcu qəbul etdiyini və borcunu hissə-hissə ödəyəcəyini bildirdi, cərimənin azaldılmasını məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə, tərəflərin məhkəmə iclasında verdikləri izahatlarına və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı, “MKT Beyləqan” filialı (müqavilədə “Alıcı”) və Cavabdeh (müqavilədə “Satıcı”) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********* nömrəli “2022-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair” müqavilənin: 1.1-ci bəndinə əsasən, müqavilənin predmeti 2022-ci il mövsümü üzrə xam-pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotexniki (aqronom məsləhətləri və kənd təsərrüfatı texnikası ilə Satıcının sahəsində aparılan işlər) xidmətlərin Alıcı tərəfindən Satıcıya təqdim olunması və nəticədə müvafiq avans məbləğinin formalaşması, Satıcı tərəfindən istehsal olunmuş xam pambıq həcminin bütünlükdə Alıcıya təhvil verilib satılması və Alıcı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin Satıcıya ödənilməsindən ibarətdir; 2.1.2-ci bəndinə əsasən, “Satıcı” 11.60 ha torpaq sahəsində pambıq əkir və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütünlükdə kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymətlərlə “Alıcı”nın mülkiyyətinə tədarük mövsümü vaxtı, lakin 15 noyabr 2022-ci il tarixindən gec olmayaraq təhvil verir; 2.1.3-cü bəndinə əsasən, təhvil verilmiş xam pambığın növü və nəmlik göstəricisindən asılı olaraq Alıcı tərəfindən xam pambığın qurudulmasına çəkilən xərclər hazırki müqavilənin ayrılmaz hissəsini təşkil edən “Qiymətlərin razılaşdırma protokolunda” müəyyən edilmiş qaydada qarşılıqlı hesablaşmalar aparılan zaman Satıcı tərəfindən Alıcıya ödənilir; 2.1.5-ci bəndinə əsasən, Satıcı bütün aqrotexniki tədbirlərin tam və vaxtında aparılmasını öhdəsinə götürür; 4.2-ci bəndinə əsasən, “Satıcı” müqavilədə göstərilən həcmdə xam-pambıq təhvil verməsə, bunun nəticəsində yaranmış əsas borcun hər gecikdirilən gün üçün 0.1% həcmdə Alıcıya cərimə ödəyir. İş materiallarında olan İddiaçı, “MKT Beyləqan” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********* nömrəli “2022-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair” müqaviləyə əlavə olaraq, tərəflər arasında qiymətlərin razılaşdırma protokolu imzalanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 17004167 nömrəli; xx.xx.2022-ci il tarixli, 17004341 nömrəli; xx.xx.2022-ci il tarixli, 17005441 nömrəli; xx.xx.2022-ci il tarixli, 17017377 nömrəli; xx.xx.2022-ci il tarixli, 17020105 nömrəli; xx.xx.2022-ci il tarixli, 17017376 nömrəli; xx.xx.2022-ci il tarixli,17017165 nömrəli; xx.xx.2022-ci il tarixli, 17020125 nömrəli; xx.xx.2022- ci il tarixli, 17019084 nömrəli və 17019143 nömrəli; xx.xx.2022-ci il tarixli, 17017112 nömrəli iş aktları üzrə İddiaçı “MKT Beyləqan” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərinə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh sahəsinə müvafiq xidmətlər göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 347095 nömrəli, 347096 nömrəli; xx.xx.2022-ci il tarixli, 350011 nömrəli, 350012 nömrəli pambıq qəbul qəbzlərinə əsasən, Cavabdeh tərəfindən "xxxx" MMC-yə ümumilikdə 7.239,52 manat məbləğində xam pambıq təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ******* nömrəli və ******* nömrəli; xx.xx.2022-ci il tarixli, ******* nömrəli; xx.xx.2022-ci il tarixli, ******* nömrəli və ******* nömrəli; xx.xx.2022-ci il tarixli ******* nömrəli və ******* nömrəli; xx.xx.2022-ci il tarixli ******* nömrəli və ******* nömrəli; xx.xx.2022-ci il tarixli, ******* nömrəli; xx.xx.2022-ci il tarixli ******* nömrəli qaimələrə əsasən, Cavabdeh 2.174 manat məbləğində zəruri vəsaitlər verilmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 2022-ci il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsasən yaranmış borcun pretenziya alındığı vaxtdan 10 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı MMC-nin ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş materiallarında olan “elektron qaimə”nin surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının hesabına 200 manat vəsait ödəmişdir. Beləliklə işin müəyyən edilmiş hallarına əsasən aşkar olunur ki, iş üzrə tərəflər öz aralarında müqavilə bağlayaraq razılığa gəlmişlər ki, iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə müxtəlif aqrotexniki xidmətlərin göstərilməsini, həmçinin cavabdehə avans olaraq nağd pul vəsaitinin verilməsini, cavabdeh isə tədarük etdiyi xampambığın ilk olaraq iddiaçı tərəfindən göstərilmiş xidmətlərin, verilmiş malların və nağd pul vəsaitinin qaytarılması məqsədi ilə iddiaçıya verilməsini, bundan sonra tədarük ediləcək xam pambığın razılaşdırılmış qiymətə iddiaçıya satılmasını öhdələrinə götürürlər. İşdə olan görülən işlər, xidmətlər və ödənilən vəsaitlər haqqında məlumatı özündə əks etdirən cədvəldən görünür ki, iddiaçı razılaşmaya əməl edərək öz üzərinə düşən öhdəliyi tam icra etmişdir, Cavabdeh isə həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, Cavabdeh iddiaçıdan avans olaraq ümumi dəyəri 20.264 manat təşkil edən aqrotexniki xidmətləri, mal-materialı, nağd vəsaiti və s. təhvil alsa da, bunun müqabilində iddiaçıya ümumi dəyəri 7.239,52 manat təşkil edən xam-pambıq təhvil vermişdir və sonradan cavabdeh avans vəsaitlərin dəyərinə görə yaranmış borcundan 1.110 manat nağd pul vəsaitini iddiaçıya geri qaytarılmışdır. Son nəticədə cavabdehin iddiaçıya 11.914,48 manat borcu yaranmışdır. Bununla da Cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında və lazımınca icra etmədiyi aşkar olunur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh qarşı müqavilə üzrə öhdəliklərinin icrasına dair tələbi hüquqi və əsaslıdır. Məhkəmə, tərəflərin daxil olduqları hüquq münasibətinin mahiyyəti ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur və həmin müqavilə münasibətləri struktur baxımından mülki qanunvericilikdə nəzərdə tutulmuş alqı-satqı müqaviləsinə daha çox uyğun gəlir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları bu nəticəyə gəlməyə əsas verir ki,iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlərin, verilən mal-materialın və nağd pul vəsaitinin məqsədi cavabdehin ona məxsus olan sahədən daha çox məhsul əldə etməsinə və sonradan həmin məhsulun razılaşdırılmış qiymətlərlə iddiaçıya göndərilməsinə (satılmasına) nail olmaqdan ibarət olmuşdur. Bu isə son nəticədə tərəflər arasında cavabdehin istehsal etdiyi məhsulun alqı-satqısının həyata keçirilməsi barədə konsensual razılığın əldə edildiyini göstərir. Bu konteksdən yanaşdıqda məhkəmə hesab edir ki, tərəflər arasında olan razılaşma mülki qanunvericilikdə nəzərdə tutulmuş klassik mənada alqı-satqı müqaviləsi sayılmasa da (belə ki, Mülki Məcəllənin alqı-satqı müqaviləsinin leqal tərifini nəzərdə tutan 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə əsasən alıcı mülkiyyətinə qəbul etdiyi əşyanın qarşılığında xidmət, digər əşya və s. deyil, yalnız müəyyənləşdirilmiş pul məbləği ödəməyi öhdəsinə götürür), tərəflərin müqavilə münasibətlərinə daxil olarkən güddükləri hüquqi niyyət və məqsəd nəzərə alındıqda alqısatqıya oxşar müqavilə kimi qiymətləndirilməlidir. Buna görə də, hazırki işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı müqaviləsinə dair müvafiq normaları tətbiq edilməldir. Məhkəmə hesab edir ki, iddianın maddi hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı normaları təşkil edir. Mülki Məcəlləinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. İddiaçının cavabdehə verdiyi avansın qaytarılmayan hissəsinin tutulmasına dair icra tələbi həmçinin öhdəlik hüququnun ümumi normalarının tələblərindən də irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılmışdır, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək cavabdehə 20.264 manat dəyərində avans vermişdir, lakin bunun qarşılığında cavabdeh 7.239,52 manat dəyərində olan 9.049,40 kq xam-pambığı iddiaçıya təhvil vermişdir ki, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur. Sonradan cavabdeh avans vəsaitlərin dəyərinə görə yaranmış borcundan 1.110 manat nağd pul vəsaitini iddiaçıya geri qaytarılmışdır. Nəticədə cavabdehin avans vəsaitə görə iddiaçıya 11.914,48 manat borcu qalmışdır. Cavabdeh qeyd edilən məbləğdə borcunun olduğunu etiraf etmiş və borcunu hissə-hissə qaytaracağını bildirmişdir. Buna görə də həmin borc cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə, iddia tələbinin cavabdehdən müqavilə şərtlərinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etməməsinə görə cərimə tutulması hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə görə cavabdeh üzərinə götürdüyü öhdəlikdən az miqdarda xam-pambıq təhvil verərsə, onda təhvil verilməyən xam-pambığın dəyərinin 0.1% miqdarında cərimə ödəyir. Müqavilənin bu şərti həmin müqavilənin 2.1.2-ci bəndində nəzərdə tutulan cavabdehin öhdəliyinə dair şərtlə birgə şərh olunduqda görünür ki, cavabdeh 11,6 ha sahədə pambıq əkmək və hər hektardan 25 sentnerdən az olmamaqla xam pambıq istehsal edərək iddiaçıya təhvil vermək öhdəliyini pozduğu halda, təhvil verə bilmədiyi xam pambığın dəyərinin (birinci növ pambığın dəyəri ilə hesablanmaqla) 0.1% miqdarında iddiaçıya cərimə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilənin bu şərtini əsas tutaraq cavabdehdən təhvil verə bilmədiyi məhsula görə cərimə ödənilməsini tələb edir. Məhkəmə, cərimə tələbinin əsaslılığı ilə bağlı məsələyə qiymət verərkən ilk növbədə tərəflər arasında razılaşdırılmış cərimənin hüquqi təbiətinə aydınlıq gətirilməsini vacib hesab edir. Mülki qanunvericilikdə dəbbə (cərimə, penya) həm öhdəliyi icra etməməyə görə mülki məsuliyyət sanksiyası, həm də öhdəliyin lazımınca icra edilməsinin təminatı üsulu kimi nəzərdə tutulmuşdur. Birinci halda, yəni mülki məsuliyyət tədbiri kimi nəzərdə tutulan dəbbə pulu (cərimə, penya) öhdəlik münasibətinin bir tərəfinə öz üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyinə görə digər tərəfin məruz qaldığı zərərin kompensasiya edilməsi məqsədi ilə tətbiq edilən mülki hüquq sanksiyası funksiyasını, təminat üsulu kimi nəzərdə tutulan digər halda isə dəbbə pulu (cərimə, penya) öhdəliyin lazımınca icra edilməsinə borclunun kreditor qarşısında əlavə öhdəliyi funksiyasını yerinə yetirir. Mülki hüquq sanksiyası olaraq nəzərdə tutulan dəbbə pulunun tətbiq edilməsinin başlıca şərtləri, öhdəliyin lazımınca icra edilməməsi nəticəsində tələb hüququ yaranan tərəfə zərər vurulması (1-ci şərt) və öhdəliyi lazımınca icra etməyən tərəfin təqsirinin müəyyən edilməsidir (2-ci şərt). Bu iki şərtin mövcud olduğu təqdirdə mülki məsuliyyət tədbiri qismində dəbbənin (cərimə, penya) tətbiq edilməsi üçün əsas yaranır. Öhdəliyin təmin üsulu kimi nəzərdə tutulan dəbbə pulunun tətbiq edilməsi üçün isə tələb hüququ yaranan tərəfin zərərə məruz qalması mühüm şərt deyildir. Burada əsas olan borclunun öhdəliyini icra etmədiyi, lazımınca icra etmədiyi və ya icranı gecikdirməsi faktının və dəbbə pulu ödənilməsi barədə müqavilə şərtinin olmasının kreditor tərəfindən sübut edilməsidir. Dəbbə pulunun anlayışını verən Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Dəbbə puluna verilən leqal tərifdən müəyyən olunur ki, dəbbə pulunun ödənilməsi tələbi borclu tərəfindən öhdəliyin pozulması ilə yaranır. Bunun üçün əlavə olaraq kreditora zərər vurulması faktının baş verməsi tələb olunmur. Qeyd olunanları hazırki işin faktiki hallarına tətbiq etdikdə müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilədə qeyd olunan cərimə öhdəliyi, cavabdehin üzərinə götürdüyü hər hektardan 25 sentnerdən az olmamaqla 11.6 ha sahədən xam pambıq tədarük edərək iddiaçıya təhvil vermək öhdəliyinin lazımınca icra olunmasının təmin edilməsi üsulu kimi nəzərdə tutulmuşdur. Buna görə də, cərimə ödənilməsi üçün iddiaçının öhdəliyin pozulması nəticəsində zərərə məruz qalmasını sübut etmək vəzifəsi yaranmır. Lakin, məhkəmə cərimə tələbinin əsaslılığı ilə bağlı məsələnin həllində xüsusi əhəmiyyəti olan bir məsələyə də qiymət verməyi zəruri hesab edir. Bu, öhdəliyin pozulmasında cavabdehin məsuliyyətinin müəyyən edilməsinə dair xüsusatdır. Adı çəkilən xüsusatla bağlı məhkəmə qeyd edir ki, işin hallarından cavabdehin üzərinə götürdüyü öhdəliyi tam şəkildə icra etməməsində təqsirinin olması müəyyən edilmir. Belə ki, məhz cavabdehin təqsiri (qəsd və ya ehtiyatsızlıqdan) nəticəsində 11.6 ha sahənin hər hektarından ən az 25 sentner məhsul əldə edilməməsi ilə bağlı iş materiallarında sübut yoxdur. İddiaçının nümayəndəsinin də məhkəmə iclasında verdiyi izahatında müqavilə bağlanılan ildə quraqlıq olduğu, həmin il məhsuldarlığın aşağı olduğu qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş halları ilə, həmçinin iddiaçının nümayəndəsinin izahatı ilə cavabdehin ağlabatan əsaslarla (nəzərdə tutulandan az sahədə əkin aparılması, əkin aparılmış sahəyə lazımi qulluq edilməməsi, məhsulun vaxtında yığılmaması, yığılmış məhsulun başqa alıcıya satılması və s.) üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməsində təqsirli olması müəyyən edilmir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib və məhkəməyə təqdim edilən görülən işlər, xidmətlər və ödənilən vəsaitlər haqqında məlumatı özündə əks etdirən cədvəldən görünür ki, tərəflər müqavilənin qüvvədə olduğu 2022-ci ilin əvvəlindən həmin ilin dekabr ayına kimi qarşılıqlı olaraq müqavilə üzrə vəzifələrini yerinə yetirməyə davam etmişlər. Bu xüsusat da cavabdehin son ana qədər müqavilə üzrə öhdəliklərini yerinə yetirməyə cəhd etməsinə dəlalət edir. Mövsümün quraqlıq keçməsi, yağıntının az olması və bu kimi digər təbiət hadisələri isə heç bir halda cavabdehin risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi hallar kimi qəbul edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, öhdəliyin pozulması cavabdehin cavabdeh olmadığı hallardan irəli gəldiyi və cavabdehin öhdəliyin lazımınca icra edilməsində təqsiri müəyyən olunmadığına görə iddiaçının dəbbə pulunun ödənilməsi barədə tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə və 448.2-ci maddəsinin birinci cümləsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.4-cü maddsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Həmin Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Məhkəmə həmçinin iddianın 200 manat mediasiya xərcinin cavabdehdən tutulmasına dair hissəsini də əsaslı hesab edir. Belə ki, Cavabdeh müqavilədən irəli gələn vəzifələrini lazımınca icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddiaçı 125,74 manat rüsum ödəməli olduğuna, lakin həmin Qanunun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunduğuna, həmçinin iddia tələbi qismən təmin olunduğuna görə qeyd edilən dövlət rüsumu müştərək qaydada cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 11.914,48 manat məbləğində əsas borc, 200 manat ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş məbləğ olmaqla, ümumilikdə 12.114,48 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 125,74 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin və Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1271/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1271/2023
24.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver