Məhkəmə qərarları › İş №e-2-2(121)-1275/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1275/2023

04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1275/2023 04.10.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı – alqı-satqı müqaviləsi üzrə yaranmış borc tələbinə dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 34.210 manat borc məbləğinin, öhdəliyin icra edilməməsinə görə illik 7% dərəcəsi ilə hesablandıqda 1 il üçün 2394 manat, 500 manat nümayəndəyə-vəkilə ödənilmiş xərcin, 205 manat ilkin mediasiya sesiyasının keçrilməsi ilə bağlı xərcin, cəmi 37.309 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin fəaliyyəti əsasən tibbi ləvazimatların, tibbi avadanlıqların, laborator avadanlıqların alqı-satqısı fəaliyyətinin həyata keçrilməsindən ibarətdir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 15 aprel 2022ci il tarixdə VMG 0422SRA №-li alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 15 aprel 2022-ci il tarixli VMG 0422SRA №-li alqısatqı müqaviləsinə əlavə şərtlər və qiymətlərin razılaşdırılmasına dair 15 aprel 2022-ci il tarixli protokol imzalanmışdır. Həmin protokol ilə satıcı İddiaçı MMC-nin direktoru X2 və Cavabdeh MMC-nin direktoru X1 alıcıya çatdırdığı malların qiyməti və dəyərinə dair razılığa gəlmişlər. Tərəflər arasında təsdiq edilmiş qiymətlərin razılaşdırılmasına dair protokol ilə təhvil verilmiş malın dəyəri 8968 manat məbləğində müəyyənləşdirilmişdir. Həmçinin, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 15 aprel 2022-ci il tarixli VMG 0422SRA №-li alqı-satqı müqaviləsinə əlavə şərtlər və qiymətlərin razılaşdırılmasına dair 19 aprel 2022-ci il tarixli protokol imzalanmışdır. Həmin protokol ilə satıcı İddiaçı MMC-nin direktoru X2 və Cavabdeh MMC-nin direktoru X1 alıcıya çatdırdığı malalrın qiyməti və dəyərinə dair razılığa gəlmişlər. Tərəflər arasında təsdiq edilmiş qiymətlərin razılaşdırılmasına dair protokol ilə təhvil verilmiş malın dəyəri 31860 manat məbləğində müəyyənləşdirilmişdir. İddiaçı MMC tərəfindən malların Cavabdeh MMC-yə təhvil-təslim edilməsi barədə xx.xx.2022-ci il tarixli 2 ədəd təhvil təslim qaiməsi, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli 2 ədəd təhvil-təslim qaimələr tərtib etməklə təhvil vermişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli EBBU seriyalı, 731704 saylı elektron qaimə əsasında cəmi ƏDV ilə birlikdə 8968 manat məbləğində 6 adda mallar satılmışdır. Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixdə “Paşa” bankda olan İddiaçı MMC-nin cari hesabına 7600 manat və xx.xx.2022-ci il tarixdə 1368 manat məbləğində pul ödənilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli EBBV seriyalı 223543 saylı elektron qaimə əsasında cəmi ƏDV ilə birlikdə 31860 manat məbləğində 2 adda, xx.xx.2022-ci il tarixli EBBX seriyalı 647500 saylı elektron qaimə əsasında cəmi ƏDV ilə birlikdə 5841 manat məbləğində 2 adda mallar satılmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə və qiymətlərin razılaşdırılması protokollarına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə elektron-qaimələr əsasında mallar satılmışdır. Aldığınız malların dəyərinin ödənilməsi barədə razılaşdığımız şərtlərə Cavabdeh MMC tərəfindən əməl edilməmişdir. Hər iki tərəfin iştirakı ilə satılmış, təhvil alınmış malların ödənilməyən məbləğinin müəyyən edilməsi məqsədi ilə araşdırma aparılmış və araşdırmanın nəticəsinə dair üzləşmə aktı tərtib edilmişdir. Müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixinə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 34.210 manat məbləğində ödənilməyən borcu vardır. Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan 34.210 manat məbləğində borcunun ödənilməsi üçün dəfələrlə danışıqlar olmasına baxmayaraq borcun ödənilməsi üçün verilmiş vədə əməl edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Həmçinin, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, kommersiya mübahisəsinə dair iş üzrə iddiaçı tərəfindən sübutlar və sənədlərin iş materiallarına əlavə edildiyini, məhkəməyə təqdim edəcək başqa bir sübutun olmayacağı nəzərə alınaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, həmin Məcəllənin 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini iş üzrə təqdim olunmuş sənədlərlə birgə tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, VMG0422SRA saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı hazırki müqavilənin ayrılmaz tərkib hissəsi sayılacaq qiymətlərin razılaşdırma protokollarında göstərilən qiymətdə, tərkibdə, həcmdə tibbi və laborator avadanlıqları, tibbi və laborator ləvazimatları, ortopedik və travmatologiya ləvazimatlarını, antiseptik materiallarını və digər malları alıcıya satır, alıcı isə öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı mallara görə satıcı tərəfindən təqdim edilmiş hesab-fakturalara/ elektron qaimə fakturalara uyğun məbləği ödəyir. Qeyd olunan müqavilənin 3.3-cü maddəsinə satıcı malların alıcıya təhvil verilməsini tərəflər arasında müvafiq qaydada imzalanacaq təhvil-təslim aktı (qaimə faktura) əsasında həyata keçirəcək. Həmin müqavilənin 4.3.1-ci maddəsinə əsasən hazırki müqavilənin şərtlərinə uyğun təchiz edilmiş malları qəbul etmək və həmin malların dəyərini müqavilə ilə müəyyən olunmuş qaydada satıcıya ödəmək alıcının öhdəliyi kimi müəyyən olunmuşdur. İş materiallarında olan tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli, VMG0422SRA saylı alqı-satqı müqaviləsinə dair tərtib edilmiş xx.xx.2022-ci il tarixli əlavə şərtlər və qiymətlərin razılaşdırılması protokolundan görünür ki, alınacaq malların ümumi dəyəri ƏDV daxil 8968 manat təşkil etmişdir. Qiymətlərin razılaşdırılması protokolu İddiaçı MMC-nin və Cavabdeh MMC-nin nümayəndələri tərəfindən imzalanaraq müəssisələrin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli, VMG0422SRA saylı alqı-satqı müqaviləsinə dair tərtib edilmiş xx.xx.2022-ci il tarixli əlavə şərtlər və qiymətlərin razılaşdırılması protokolundan görünür ki, alınacaq malların ümumi dəyəri ƏDV daxil 31.860 manat təşkil etmişdir. Qiymətlərin razılaşdırılması protokolu İddiaçı MMC-nin və Cavabdeh MMC-nin nümayəndələri tərəfindən imzalanaraq müəssisələrin möhürü ilə təsdiq edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli təhvil-təslim qaiməsindən görünür ki, 8.968 manat məbləğində tibbi avadanlıqlar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Təhvil-təslim qaiməsi tərəflərin nümayəndələri tərəfindən imzalanmış və müəssisələrin möhürü ilə təsdiq edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli təhvil-təslim qaiməsindən görünür ki, 31.860 manat məbləğində tibbi avadanlıq (Ebit50 rəngli doppler) iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Təhvil-təslim qaiməsi tərəflərin nümayəndələri tərəfindən imzalanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli təhvil-təslim qaiməsindən görünür ki, 780 manat məbləğində tibbi avadanlıqlar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Təhvil-təslim qaiməsi tərəflərin nümayəndələri tərəfindən imzalanmış və müəssisələrin möhürü ilə təsdiq edilmişdir. İşə əlavə olunan xx.xx.2022-ci il tarixli təhvil-təslim qaiməsindən görünür ki, 5.841 manat məbləğində tibbi avadanlıqlar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Təhviltəslim qaiməsi tərəflərin nümayəndələri tərəfindən imzalanmışdır. İşə əlavə olunan xx.xx.2022-ci il tarixli təhvil-təslim qaiməsindən görünür ki, 120 manat məbləğində tibbi avadanlıq iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Təhviltəslim qaiməsi tərəflərin nümayəndələri tərəfindən imzalanmışdır. İşdə olan EBBU seriyalı, 731704 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimənin əslindən görünür ki, İddiaçı MMC tərəfindən VMG0422SRA saylı müqaviləyə əsasən Cavabdeh MMC-yə 8.968 manat məbləğində tibbi avadanlıqlar təqdim edilmişdir. İşdə olan EBBV seriyalı, 223543 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimənin əslindən görünür ki, İddiaçı MMC tərəfindən VMG0422SRA saylı müqaviləyə əsasən Cavabdeh MMC-yə 31.860 manat məbləğində tibbi avadanlıqlar təqdim edilmişdir. İşdə olan EBBX seriyalı, 647500 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimənin əslindən görünür ki, İddiaçı MMC tərəfindən VMG0422SRA saylı müqaviləyə əsasən Cavabdeh MMC-yə 5.841 manat məbləğində tibbi avadanlıqlar təqdim edilmişdir. İşə əlavə olunan EBCG seriyalı, 723121 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimənin əslindən görünür ki, İddiaçı MMC tərəfindən VMG0422SRA saylı müqaviləyə əsasən Cavabdeh MMC-yə 51.464 manat məbləğində tibbi avadanlıqlar təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli üzləşmə aktından görünür ki, tərəflər arasında xx.xx.2022-ci il tarixə qarşılıqlı üzləşmə aparılaraq Cavabdeh MMC-nin qalıq borcunun 34.201 manat olması müəyyən edilmişdir. Üzləşmə aktı tərəflərin nümayəndələri tərəfindən imzalanaraq, müəssisələrin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib edilmiş maliyyə hesabatından görünür ki, ümumi dövriyyə 48.751 manat, Cavabdeh MMC-nin yekun qalıq borcu isə 34.201 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, VMG0422SRA alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, satıcı hazırki müqavilənin ayrılmaz tərkib hissəsi sayılacaq qiymətlərin razılaşdırma protokollarında göstərilən qiymətdə, tərkibdə, həcmdə tibbi və laborator avadanlıqları, tibbi və laborator ləvazimatları, ortopedik və travmatologiya ləvazimatlarını, antiseptik materiallarını və digər malları alıcıya satır, alıcı isə öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə uyğun olaraq təqdim edilmiş mallara dair təhvil-təslim qaimələri və elektron-qaimələr tərtib edilmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, iddiaçıya qeyd olunan müqavilə üzrə 34.210 manat borcu qalmışdır. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirsə də cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, mallar eyni zamanda Azərbaycan Respublikası Vergi Məcəlləsi və Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 26 saylı Qərarı ilə müəyyən olunmuş qaydalara uyğun təhvil verilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 71-1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim (tərtib) etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən elektron qaiməfaktura yalnız vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra – Portal) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən elektron qaimə-fakturanın hazırlanaraq qeydə alındığı (göndərildiyi) tarix həmin elektron qaiməfakturanın verilmə tarixi sayılır. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən elektron qaiməfaktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə mallar göndərməsəydi, cavabdeh iddiaçı tərəfindən göndərilmiş elektron qaiməni təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyildir. Bu hal isə cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Bundan əlavə, məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli üzləşmə aktı imzalanmışdır. Həmin akt İddiaçı MMC-nin qanuni nümayəndəsi Pərviz İsgəndərsoy və Cavabdeh MMC-nin qanuni nümayəndəsi Ramin Qəniyev tərəfindən imzalanmış və müəssisələrin möhürü ilə təsdiq edilmişdir. Qeyd olunan üzləşmə aktında cavabdehin iddiaçıya 06 oktyabr 2022-ci il tarixə 34.201 manat borcunun olması əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Göründüyü kimi, cavabdeh iddiaçıya olan 34.201 manat borcunu 06 oktyabr 2022-ci il tarixli üzləşmə aktını imzalayaraq etiraf etmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaya dair yazılı və əsaslandırılmış etiraz təqdim olunmamışdır. Məhkəmə yuxarıda sadalanlara əsasən hesab edir ki, cavabdeh tərəflər arasında olan müqavilə əsasında iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malların qiymətini ödəməli olmasına dair öhdəlik götürmüşdür. Cavabdeh qeyd olunan müqavilə əsasında mal almasına dair hüququndan istifadə etsə də, həmin malların dəyərini cavabdehə ödəməmişdir. Odur ki, iddiaçı ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də, iddia əsas borcun ödənilməsi hissəsində təmin edilərək, 34.210 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə, həmçinin iddia tələbinin “öhdəliyin icra edilməməsinə görə illik 7% dərəcəsi ilə hesablandıqda 1 il üçün 2.394 manatın ödənilməsi” hissəsini araşdıraraq hesab edir ki, həmin tələb qeyri-müəyyən olduğundan təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə, pul məbləğinin ödənilməsini gecikdirən borclu gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur, bir şərtlə ki, kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-nin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin məzmunundan və Konstitusiya Məhkəməsinin Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, müqavilə üzrə borc öhdəliyi gecikdirildikdə, borcun gecikdirilməsi faktının müəyyən olunması, müqavilə müddətinin bitdiyi tarixdən iddiaçının gecikdirilmiş vaxt üçün Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş illik beş faizin tutulmasına dair tələbinin məhkəmələr tərəfindən təmin olunması üçün əsasdır. Lakin, iddiaçının təqdim etdiyi sənədlərdən iddiaçının tələb etdiyi yeddi faizlik borc məbləğinin hansı qaydada hesablanması və bu zaman əsas götürülmüş müddət (günəgün hesabı ilə) konkret göstərilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının sözügedən tələbi əsassızdır və təmin oluna bilməz. Məhkəmə, həmçinin iddianın 205 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, həmçinin iddia tələbinin “hüquqi xidmətə görə ödənilmiş 500 manat pulun cavabdehdən tutulması”na dair hissəsini də araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən hüquqi xidmətə görə 500 manat məbləğində pulun vəkilə ödənilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilmədiyindən iddiaçının tələbi əsassızdır. Buna görə də həmin tələb təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehndən 34.210 manat məbləğində əsas borc və 205 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 34.415 (otuz dörd min dörd yüz on beş) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar