Məhkəmə qərarları › İş №e-2-2(121)-1279/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1279/2021

11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1279/2021 11.08.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, İddiaçı MMCnin cavabdeh X3 qarşı pul tələbi üzrə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 02.09.2015-ci il tarixli 58737 saylı müqavilə üzrə yaranmış 421,23 manat borc məbləği və 20 manat ödənilmiş dövlət rüsumu, cəmi 441,23 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 02.09.2015-ci il tarixdə İddiaçı MMC ilə X4 və "xxxx" ASC arasında 58737 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 2.3.27-ci bəndinə əsasən X4 xidmətə görə komisyon haqqı ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu X4 müqavilə üzrə nəzərdə tutulmuş öhdəlikləri icra etməmiş, nəticədə onun İddiaçı MMC-yə borcu yaranmışdır. X2 10.06.2020-ci il tarixi üçün 02.09.2015-ci il tarixli 58737 saylı Müqavilə üzrə yaranmış borcu 421.23 AZN təşkil edir. Borcluya dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilmiş və sonuncu dəfə 04.02.2020-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edilərək, borclu X1 kreditor İddiaçı MMC-nin xeyrinə 02.09.2015-ci il tarixli 58737 saylı müqavilə üzrə yaranmış 277,14 manat borc məbləğinin və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi xahiş edilmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərkən texniki xəta baş verdiyindən iddia tələbi kimi borcun məbləği 421,23 manat qeyd edilmişdir. Lakin hazırda cavabdehin İddiaçı MMC-yə ödəməli olduğu borc məbləği maliyyə arayışında və hesab fakturalarda göstərildiyi kimi 277,14 manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verdikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda qeyd olunan normaların tələbinə uyğun olaraq cavabdehə məhkəmə tərəfindən rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə etiraz təqdim edilməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC, cavabdeh X4 və "xxxx" ASC arasında bağlanmış 02.09.2015-ci il tarixli 58737 saylı xidmət müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin predmetini bank tərəfindən kartlarla aparılmış əməliyyatların məbləğinin müəssisənin bank hesabına köçürülməsi, müəssisə tərəfindən isə həmin xidmətin müqabilində haqqın ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Müqavilənin: 3.1-ci bəndinə görə bank tərəfindən müəssisədən tutulan komisyon haqqı (bank komissiyası) xarici bank və İddiaçı prosessinq mərkəzində xidmət olunmayan bankların kartları ilə aparılmış hər bir əməliyyatın məbləğindən 2 %, yerli bankların (İddiaçı prosesinq mərkəzində xidmət olunan ) kartları ilə aparılmış hər bir əməliyyatın məbləğindən 0,7%, lakin müqavilə qüvvəyə mindiyi tarixdən 1 (bir) il müddət keçdikdən sonra aylıq komissiya haqqı 10 manat təşkil edir. 3.2-ci bəndinə görə İddiaçıın komisyon haqqı kartlarla aparılmış hər əməliyyatın məbləğindən 1%+ həmin faizin ƏDV məbləği, lakin aylıq minimum 10 manat təşkil edir və İddiaçıın Müəssisəyə təqdim etdiyi hesab-faktura əsasında müəssisə tərəfindən ödənilir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş hesab-fakturadan görünür ki, cavabdeh X2 göstərilən xidmətlərə görə İddiaçı MMC-yə komisyon haqqı üzrə borcu 277,14 manat (ƏDV daxil) təşkil edir. İş materiallarında olan 11.08.2021-ci il tarixli 08-01/23 saylı maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanılmış 02.09.2015-ci il tarixli 58737 saylı müqavilə üzrə X2 borcunun ümumi məbləği 277,14 manat təşkil edir. İş materiallarında olan İddiaçı MMC tərəfindən X3 ünvanlanmış 04.02.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehdən müqavilə üzrə öhdəliklərin pozulması nəticəsində yaranmış 421 manat 23 qəpik məbləğində borcun 10 iş günü müddətində tam həcmdə ödənilməsi tələb edilmiş və borcun ödənilmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə cavabdeh X4 arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmiş, lakin cavabdeh göstərilmiş xidmət haqqını ödəməməklə müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya 277,14 manat borcu yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, işin hallarından görünür ki, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikərə əməl etməyərək yaranmış borcu ödəmədiyinə görə iddiaçının tələbi aşkardır. Həmin tələb cavabdehin mübahisə edilməyən vəzifələrinə və sadə yazılı qaydada təsdiq edilmiş əqdlərə əsaslanır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçıya 277,14 manat xidmət haqqı borcunun mövcud olduğu iş materialları ilə təsdiq edildiyindən, iddia tələbi təmin edilməlidir. Bundan başqa İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehdən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, cavabdeh X1 277,14 (iki yüz yetmiş yeddi manat, on dörd qəpik) manat məbləğində borc və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu, ümumilikdə 297,14 (iki yüz doxsan yeddi manat, on dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-5 və 284-6-cı maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X1 İddiaçı xeyrinə 277,14 (iki yüz yetmiş yeddi manat, on dörd qəpik) manat məbləğində borc və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu, ümumilikdə 297,14 (iki yüz doxsan yeddi manat, on dörd qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar