Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-129/2023 13.03.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı – pul tələbi barədə iddiasına dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh QSC-yə qarşı – AS22/154 saylı, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 256895,6 manat əsas, 46241,21 manat ƏDV, 404 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh QSC arasında xx.xx.2022-ci il tarixində, AS22/154 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı adı, çeşidi, sayı, miqdarı, çəkisi tərəflər arasında Əlavə Razılaşma ilə müəyyən edilmiş malları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malların dəyərini müqavilə və Əlavə Razılaşma əsasında satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə kimi hazırlanmış xx.xx.2022-ci il tarixli 1 saylı Razılaşmaya əsasən satıcı katanka adlı materialdan 202,280 tonunu Əlavə Razılaşmanın 5-ci maddəsinə əsasən 1 iş günü ərzində alıcıya təhvil vermişdir. Müqavilənin 3-cü maddəsinə əsasən malların təhvil-təslimi tərəflər arasında imzalanan təhviltəslim aktı ilə həyata keçirilməlidir. Bu maddəyə əsasən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində satıcı malları alıcıya təhvil-təslim aktları əsasında təhvil vermişdir. Satıcı alıcıya müqavilə əsasında 256895,6 manat əsas və 46241,21 manat ƏDV yəni, ümumi 303136,81 manat dəyərində malları təhvil vermiş və alıcının malların təhvil verildiyi andan bu məbləği 3 gün ərzində ödəmək şərtilə pul öhdəliyi yaranmışdır. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə mövcud olan 256895,6 manat əsas və 46241,21 manat ƏDV yəni, ümumi 303136,81 manat dəyərində məbləği alıcı bugünədək ödəməmişdir. xx.xx.2022-ci il tarixində Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyası təşkil olunmuş, Cavabdeh MMC-yə bu barədə 5 gün əvvəlcədən mediasiyaya dəvət məktubu göndərilmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Borcun ödənilməsi üçün dəfələrlə şifahi, eyni zamanda yazılı müraciət edilməsinə baxmayaraq ödənişin cavabdeh tərəfindən icra edilməməsi sonuncu tərəfindən öz öhdəliklərinin kobud şəkildə pozuntusunun göstəricisi olmaqla iddiaçıya borc məbləğinin ödənilməsini tələb etmək hüququ verir. Alqı-satqı müqaviləsinə əsasən cavabdehin məbləği malların təhvil-təslim edildiyi gün ödənilməli olmasını əsas tutaraq 256895,6 manat əsas və 46241,21 manat ƏDV yəni, ümumi 303136,81 manat ödənişi tələb etmək hüquqları mövcuddur. İddiaçı iddianın həcminin artırılması barədə ərizə ilə müraciət edərək, AS22/154 saylı, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 256895,6 manat əsas və 46241.21 manat ƏDV, 38534 manat cərimə, 404 manat mediasiya xərci və 227,68 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, müqavilənin 6.3-cü maddəsində qeyd olunmuşdur ki, malların tam dəyəri əlavə razılaşma ilə müəyyən edilmiş müddətdə alıcı tərəfindən ödənilmədiyi təqdirdə, satıcı alıcıdan gecikdirmənin hər günü üçün ödənilməmiş məbləğin 0,1% həcmində cərimə ödənilməsini tələb edə bilər. Bu müqavilənin əlavəsi olaraq tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1 saylı Əlavə Razılaşmanın 7-ci bəndində də qeyd edilmişdir ki, ödənişin gecikdirilməsinə görə cərimə şərtinə uyğun olaraq gecikmə 10 gündən çox olduğu halda gecikdirmənin hər günü üçün ödənilməmiş məbləğin 0,1% həcmində cərimə hesablanır. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməyərək, məhkəmədə iddianı müdafiə etdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh QSC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyindən, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AS22/154 saylı, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı adı, çeşidi, miqdarı, çəkisi tərəflər arasında Əlavə Razılaşma ilə müəyyən edilmiş mallar (bundan sonra “mallar” adlanacaq) alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malların dəyərini bu müqavilə və Əlavə Razılaşma əsasında satıcıya ödəməyi öhdəsinə götürür. Satıcı, alıcıya üçüncü şəxslərin iddialarından və hüquqlarından azad olan malları verir. İş materiallarına əlavə olunan elektron qaimələrin surətlərindən görünür ki, “Alıcı” ilə “Satıcı” arasında bağlanmış AS22/154 saylı xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilə üzrə EBCB seriyalı, 694828 saylı, xx.xx.2022-ci il tarixli e-Qaimə ilə 159525,97 manat, EBCB seriyalı, 738513 saylı, xx.xx.2022-ci il tarixli e-Qaimə ilə 143610,84 manatlıq mal(lar) cavabdehə göndərilmişdir. İşə əlavə edilmiş təhvil-təslim aktlarının surətlərindən görünür ki, 5133 saylı, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktları ilə 106450 miqdarda “Katenka f8 Buxta”, 5148 saylı, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktları ilə 95830 miqdarda “Katenka f8” mal(lar)ı İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə təhvil verilmişdir. İşdən görünür ki, iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixdə pretenziya göndərmişdir. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqavilə(lər)si bağlanmış, cavabdeh isə müqavilə(lər) üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə(lər) əsasında iddiaçıdan mal(lar)ı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə(lər) əsasında mal(lar)ı almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı əsas borcu, ƏDV-ni və cəriməni tələb etməkdə haqlıdır. Buna görə də, iddia həmin hissələrdə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə həmçinin iddianın 404 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə eyni zamanda iddianın 227,68 manat dövlət rüsumunun cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Həmçinin məhkəmə xərcinə daxil olan, lakin iddiaçı azad olunduğundan, ödənilməyən dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 227,68 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməli, məhkəmə xərcinə daxil olan, lakin iddiaçı tərəfindən ödənilməyən 404 manat məbləğində dövlət rüsumu isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. AS22/154 nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 256895,6 manat əsas borc, 46241,21 manat ƏDV, 38534 manat cərimə, 404 manat mediasiya xərci, 227,68 manat dövlət rüsumu, cəmi 342302,49 manat məbləğində pul vəsaiti Cavabdeh QSC-dən alınaraq İddiaçı MMC-yə ödənilsin. 404 manat məbləğində dövlət rüsumu vəsaiti Cavabdeh QSC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Şirvan Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-129/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-129/2023
13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver